Birinci hissə, yeddinci fəsil
Səhifə 3 / 3 · 67%
Səttarzadə əsasını yerə döydü.
– Bildim! Sən deyəndə ki, Rübabə qapısına gedib, bildim kimi deyirsən. Özü də deyirlər burada, bu dikdə olur.
– Deyəsən, orada olur.
– Tacir arvadı alıb.
– Yaxşı tanıdın.
– Niyə tanımıram. O, əclafdır, o, xuliqandır. Arvadı da özünün tayı. Körpə uşağın başına gətirdiklərini siz gərək eşidəydiniz. Nə əcəb eləsi bu institutda iş sahibidir. Yoldaş partkom, görürsünüz mənim qızım kimlər ilə üz-üzə gəlməyə məcbur olur?! Siz də deyirsiniz uşağı qoruma. Gəldiyevlər canavardan da qorxuludur.
Səttarzadə bunları dedi, heç bir cavab eşitməmək üçün, daha doğrusu buna qarşı heç bir cavab ilə təmin olunmayacağını bildirmək üçün düz çıxdı. Gəldiyev qələminin ucunu bir neçə dəfə stola döydü, ancaq danışmadı.
Səttarzadə gedən kimi Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. "Bu kaftarın cavabını vermək lazımdır!"
Səttarzadənin işini müzakirəyə qoymaqdan Gəldiyevin bir məqsədi vardı. Ancaq iş elə gətirirdi ki, bir neçə mətləb ayrılırdı, hamısı da Gəldiyevin xeyrinə.
Gənclərin tərbiyəsi, "ailələrdə kapitalizm qalıqları haqqında" gurultu qoparmaqla bir tərəfdən Gəldiyev özünü sayıq tanıdırdı, ikinci tərəfdən Vahidin canına üşütmə salmaq istəyirdi ki, "gör hansı ailə ilə yaxınlaşırsan. Özün də komsomolda heçə bənd!" Üçüncü və əsas cəhət üzünə nələr-nələr deyən Səttarzadədən intiqam almaq, abırdan salmaq fikrində idi. Rübabə heç vaxt buna dözməyəcək. Gəldiyevə təvəqqeyə gələcəkdi. Gəldiyev də Vahiddən uzaqlaşmağı tələb edəcəkdi. Məsələnin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. Komsomol özəyində Muxtar yenə işə qarışıb o yan-bu yan eləmək istərsə, onun özünü də təqsirləndirınək asandır.
Qəzetlər hər gün kapitalizm qalıqları ilə amansız mübarizə şüarı altında səhifələr verirdilər. Rayonlarda xurafat və köhnə adət təsirindən qurtulmayan işçiləri biabır edirdilər. Kiminin rüşvətxorluğu, qohumbazlığı, kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Elə sovet işçiləri var idi ki, "qəzetlərin kampaniyasını" xorlayırdı: "Canım, birdən-birə olmaz ha! Nə qədər ki, dünyada inqilab eləməmişik, elə şeylər olacaq. Xaricdə kapitalizm zəhrimar taxtabiti kimi gecədə yüz əllisini balalayır..."
Səttarzadə qızının məktəbdən eşitdiyi xəbərləri, müxbirlərin qəzetlərdə yazdığını nəzərə alır, Gəldiyev kimi bir böhtançının vasitəsilə öz adının bu ləkəli siyahıya düşə biləcəyini böyük bir dəhşətlə xəyalına gətirirdi.
Rübabə atasından soruşdu:
– Sən partkoma nə demisən?
– Nə deyəcəyəm, o hərifdən şikayət eləmişəm. Qoy burnunu ovsunlar.
– Kim ilə danışdın?
– Katibin özü ilə, hələ mənlə mübahisə başlamışdı.
– Axı katib burada deyil.
– Necə burada deyil. Kabinetində idi. Gödərək, sarıyanız...
– Ata, bizdə sarıyanız katib yoxdur.
– Bəs o kim idi məni qəbul elədi? Partkom otağında... katib idi.
– Ata, səni qəbul eləyən Gəldiyevdir.
Səttarzadə inanmadı:
– Necə Gəldiyev, a qız! Mən Gəldiyevdən ona bir Quran söz danışmışam.
– Özüdür! Odur!
– O olsa açıb deyərdi, söydüm, biabır elədim axı!
– O deməli yeri yaxşı bilir. Hay salıb ki: "Səttarzadə qızını ictimai yerlərə buraxmır. Özü də gəlib partkom ilə mübahisə aparır".
Səttarzadə qaşlarını düydü:
– Hara hay salıb?
– Məktəbə. Danışıb-eləyirlər.
– Nə demişəm danışalar?
– Çox nanəcib adamdır. Nahaq onunla danışmısan?
– Nə bilim, deyirəm partkomun katibidir, günü sabah gedib komissara deyəcəyəm.
– Komissara nə dəxli. O, katibin yerində oturur. Qəbul eləməyə haqqı var. Gərək öz sözünü özünə deməyəydin. Adamı ki, bir az xam tanıdı...
– Nə bacarır eləsin! Aşkar deyirəm: onun kimisi iş başına keçməməlidir, heç oxumamalıdır da!
Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də ürəkdən rahat deyildi.
Gəldiyev həmin günün səhərisi partiya bürosunda birinci, Həbəşistan hərbzədələrinə kömək məsələsini qoydu, sonra cari məsələyə keçdi:
– Yoldaşlar, - dedi, - cari məsələmizin özü birinci məsələ ilə sıx surətdə əlaqədardır. - Ayağa qalxdı, kəmərindən pırtlayıb çıxan köynəyinin ətəyini çəkdi. Boğazını andıb "ustanovka" verdi.
– Orada həbəş zəhmətkeşləri yadları qovmaq üçün vuruşur. Onlara kömək əli uzadırıq. Unutmaq lazım deyil ki, biz ölkəmizdə kapitalizmi yıxımışıqsa da, hələ cəmdəyini sürüyüb aradan çıxara bilməmişik, qalıqlarını təmizləməmişik. Bir var ki, kənddə mübarizə aparasan, avam, qara camaat içində. Bunun ayrı işi var. Amma biz heç burnumuzun ucunu görmürük. Öz institutumuzda bu qalıqlar toxum salır, göyərir, əl-ayağa dolaşır, xəbər tutmuruq... sayıqlıq!
"İnstitutumuzda" deyəndə hamının diqqəti Gəldiyevin nitqinə cəlb olundu. Hamı müntəzir dayandı ki, görəsən kimin haqqında danışır. Gəldiyev təkrar sinəsini antladı:
– Yoldaşlar, söhbət ikinci kursun tələbələrindən biri haqqındadır.
Özü də bakılı, şəhərli! Onların evlərində ölən olub. Ölünün üstünə molla gətirmək, Allahın əmri, peyğəmbərin şəriəti ilə, filan... özü də komsomol üzvü. Bunlar bir yana dursun, mən məlumat alan kimi onu çağırtdırdım. Dedilər dərsə də gəlmir, evlərinin nömrəsini tapdım. Gör kimin evində telefon var! Zəng elədim. Atası, yəni xanəndə Səttarzadə. - Gəldiyev "yəni" sözünü çox mənalı dedi və adamların üzünə baxdı: - Səttarzadə telefona gəldi. Mən belə lap kulturnu onunla danışdım, qəti surətdə qızını ictimai yerlərə buraxmayacağını söylədi.
Kim idisə dilləndi:
– Elə şey olmaz!
– Rübabə dərsə gəlir!
Gəldiyev qəzəblə əlini qaldırdı:
– Dayan!.. Buraxmayacağını söylədi. Mən çalışdım başa salam ki, yaxşı iş deyil, ziyalısan, buna sənin ixtiyarın da yoxdur. Sovet gənci, komsomolçu, yeni həyat... Bu da heç...
Srağagün oturub işləyirdim. Daklada-filana baxırdım. Bir də gördüm arıq, başı çallaşmış bir kişi, əlində əsa budur gəlir. Səttarzadə mənim sözümdən hirslənib, partkoma şikayətə gəlib. Mən də açmadım. Oturdu bir saat mənə Gəldiyevin "yaramazlıqlarından" danışdı. - Gəldiyev bu sözü deyəndə qəhqəhə çəkib güldü, başqalarının da güləcəyini gözləyirdi, ancaq ona qoşulan olmadığını görüb, ciddiliyinə qayıtdı: başladı ki, siz mənim qızımı oğlanlara təhvil verirsiniz. Bu necə məktəbdir, filan... Yoldaşlar, aydındır ki, mən Səttarzadə ilə çənə-boğaza durmazdım. Xanəndə olsa da qoca, mövhumatçı kişidir. On beş ildir Sovet hökuməti onu başa sala bilmir. Mən on beş dəqiqədə onu necə başa salım. Üzümə söydü də, cavab vermədim. Eybi yoxdur, deyərlər də. Səbrimiz çatar. Eşitdiyimə görə, Mərkəzi İcraiyyə Komitəsinin üzvüdür. Bunu nəzərə alaraq məsələni burada qoydum ki, özünüz bu barədə nə məsləhət bilirsiniz, eləyəsiniz. Ölçü götürəsiniz! - Gəldiyev sözünü qurtarıb oturmaq istəyində yadına nə düşdüsə təzədən başladı: - Bağışlayın, unutdum. Səttarzadənin qızını danışdırmışam. Atası, görünür, onu çoxdan sıxışdırırmış. Qız qorxudan açıb deməsə də məlumdur ki, atasının himayəsində oxuyub başa çatmayacaq. Səttarzadə guya indidən "ayrı instituta dəyişmək" bəhanəsilə qızı institutdan aparmaq, ərə vermək istəyir. Bilirik, Nayıbovun "institutuna" verəcək. Bəllidir. Biz bu hadisənin qabağını almasaq, bütün biabır olacağıq...
Gəldiyev adamları hazırlamışdı. Danışanlardan hərə bir rəy söylədi. Biri deyirdi: "Səttarzadə bizim işçimiz deyil, heç bir qərar çıxara bilmərik, gücümüz ancaq qızıba çatar". Biri deyirdi: "Rübabəni mütləq məktəbdə saxlamaq və hətta evlərindən ayırıb yataqxanaya düzəltmək vacibdir. Kişinin məsələsini Mərkəzi İcraiyyə Komitəsinə, surətini də qəzetə yazmalıyıq".
Verdiyev etiraz elədi:
– Yazmağın adı yoxdur. Sabah-biri gün təzə seçki olacaq. Səttarzadə- məttarzadə gedəcək öz işinə.
Gəldiyev mane oldu:
– Yox, bizim borcumuz yazmaqdır. Qoy bilsinlər, sonra məsuliyyətli olar.
Verdiyev məsuliyyət sözünü eşidib, şərik oldu:
– Sözümü geri götürürəm. Yazaq, qoy bir siqnal da bu olsun.
Komsomol komitəsinin katibi Muxtar durdu. Məsələni bu qədər şişirtməyin institut üçün, təşkilat üçün nöqsan olduğunu, bu barədə əvvəlki fıkrində qaldığını dedi, fikrinin protokola yazılmasını tələb etdi:
Gəldiyev acıqlandı:
– Yoldaş Muxtar, bura sənin üçün komsomol iclası-zadı deyil ha
Nə böyük adam olmusan ki, sənin fikrin üçün dəftər açaq? Otur, qulaq as, əksəriyyət nə deyər, sən də tabe olmalısan, vəssalam!
Muxtar papağını götürüb çıxdı:
– Yaxşısı budur mən gedim öz komsomolluğuma, sən istədiyin qərarı çıxart. Ya sənə verən, ya bizə!
Axırda Gəldiyev fikrini yeritdi. Səttarzadənin "əhvali-ruhiyyəsi" haqqında Mərkəzi İcraiyyə Komitəsinə yazdılar. Qız ilə xüsusilikdə danışıb, onu "təzyiq" şəraitindən ayırmaq məsələsini həll etməyi Gəldiyevə tapşırdılar. İclası bağlayanda Verdiyev Gəldiyevə yanaşdı.
– Amma yaxşı olmayacaq, gərək Muxtarın iştirakı ola idi.
Gəldiyev hirsli dedi:
– Qoy hara gedir, getsin! Dünənki malçişkə mənə ağıl öyrətmək istəyir. Onu seçməkdə biz çox pis iş görmüşük!
İnşaat institutunun açılışı bayramı üçün hazırlıq gedəndə Vahid güman etmişdi ki, dərs ilinin başlanmasını qeyd eləmək istəyirlər. Biletlər çap olunur, müsamirə üçün hazırlıq gedir, qonaqlar çağırıhr, sənədlər seçilirdi, institutun həftəlik qəzeti bu gün çıxmışdı. Direktorun məqaləsini oxuyanda Vahidi heyrət götürdü: "Azərbaycanda birinci dəfə mühəndislik institutu təşkil edirik..." Bu tarixi səhvə görə Vahid redaksiya işçilərinə qızdı:
– Mühəndislik institutu bizdə on il bundan qabaq var. Tarixi niyə danırlar?
Vahid direktorun yanına gəldi. Qəzetin əllərdə gəzdiyini gördü. Verdiyev utana-utana gələn və nə isə bir şey demək istəyən Vahidə döndü:
– Nə var, bala?
Vahid qəzeti göstərdi:
Müəllim bunu siz yazmışsınız, bu məqaləni?
Verdiyevin gözləri iftixar hissi ilə işıqlandı:
– Bəyəm imzası yoxdur?
Var imzası, amma...
Verdiyev onu sözlü adama oxşatdı:
"Amma" nədir? Yoxsa sən də Qurdoğlu Qədir kimi təbrikə gəlmisən? Vahid ürəyində dedi: "Təbrikə yox üzünüzə tüpürməyə gəlmişəm?". Sonra özünü saxladı:
Bu cümləni oxuyun görək.
Verdiyev qəzeti əlinə aldı: "Bu gi Azərbbaycanda birinci dəfə olaraq mühəndislik məktəbi açılır. Bu gün kulturamızın..."
Verdiyev Vahidin üzünə baxdı:
– Bunda səhv axtarırsan?
– Bəlkə birisi iyirmi üçüncü ilin qəzetlərinə baxdı, onda nə deyər? Direktor dodağını büzdü:
– İyirmi üçüncü ilin nə dəxli var məsələyə?
– Axı iyirmi üçüncü ildə Azərbaycanda Polülitexnik İnstitutu kimi bir məktəbdə vurhavur dərs gedirdi. İndi də yazırıq "birinci dəfə". - Vahid əsəbiləşdi. - Axı tarixi qaralamaq olmaz.
Verdiyev tutuldu. Ancaq hiss etdirməmək üçün katibinə baxdı.
– Bu nə deyir, əyə, sərsəm gətirib, nədir?
Katib ağzını-gözünü əydi. Vahidi halaladı:
– O zamankı qarmaqarışıq bir şey idi.
– Hər halda bizim institutdan qarmaqarışıq deyildi.
Verdiyev Vahidi istehzaya qoydu:
– Özü də ali məktəbdə oxuyur. Ayıbdır, yoldaş tələbə! Bərpa dövrünün məktəbini bizə müvəffəqiyyət hesab eyləyirsən?
Vahid dedi:
– Məsələ bərpa dövründə deyil, tarixi yenidən başlamaq iştahındadır. Yubiley lazımdırsa, on illik, on iki illik edilsin.
– Bilirik o zaman kimlər at oynadırdı politexnik institutunda... Vahid gülümsədi:
– Deməli, institutun yox, sizin yubileyinizi elyləyirik...
– Demoqoqluq lazım deyil. Bunu hükumət edir, sənin kimisindən soruşmurlar.
Vahidin səbri tükəndi:
– Sabah, - dedi, - yoldaş direktor, sabah xalq bizim üzümüzə nə deyər?
Verdiyev əsim-əsim əsdi, katibə tapşırdı ki, Vahidin dediyini "bir yerə" yazıb saxlasın. Özü ayaq üstə dayana bilməyib, halsızca kresloya oturdu.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-birinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Mirzəİki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!