İki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.

– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!

Mirzə bu kiçik uşağı diri-diri yemək istəyirdi. Turşumuş xamıra oxşayan qırışıq üzü çuğundur kimi qızarmışdı:

– Allah, balam, ya sizi öldürsün, ya məni, yaxam qurtarsın! Əziz ömrü-günümüzü puç elədiniz! Ananız sizi doğunca bir daş doğaydı!

Əllərini şalvarın cibinə qoyub, sinifdə gəzə-gəzə quduz kimi hayqırıb, ürəyini boşaldırdı. Sallaqxana qatırı kimi dodağını sallamışdı. Papiros tüstüsündən saralıb samana dönən bığları ağzına dolurdu. Çəkməsinin ağarmış burnu əyilmiş və uzun şalvan yer süpürürdü. Boğazlığı tazı xaltası kimi laxlamış, qalstuku hər tərəfə hərlənirdi. Gün istisindən qızarıb qabıq qoyan boynu incəlmişdi. O, boğazını arıdaraq davam etdi:

– Sizdə günah yoxdur, günah sizi mal dalından yığıb məktəbə gətirəndədir. Naxırçı hara, məktəb hara! Sizə yaraşıb tövlə kürümək, mal yemləmək... Adamın gərək zatında bir şey olsun, zor ilə iş olmaz. Gorun çatlasın, Sədi!

"Pdrtövi-nikan nagirad har ki, bünyadaş badast,

Tarbiyat na ahlra çün girdakan bargihıbadast..."

Mirzə Şəfi burada üzünü turşutdu. Köhnə arvadına lənət oxuduğu və qızdığı dəqiqələr yadına düşdü. Əl-qolunu ölçərək ifadəsini şiddətləndirdi:

– Döyürsən - olmur, döymürsən - olmur... Eh!..

Bu, birinci dəfə deyildi. Sıralarda oturan sakit, top kimi sağlam kənd uşaqları müəllimlərinin xasiyyətinə öyrəşmişdilər. Ona görə də çox zaman ehmallı gəlib, ehmallıca gedərdilər. Müəllimin qabağında dinməzdilər. Bəzilərinin atası demişdi: "Oğul, ətin mollanındır, sümüyün mənim". Ancaq Mirzə Şəfini pərt eləyən, ovqatına soğan doğrayan, daha doğrusu, içgiçilik, uşaq döymək, səhlənkarlıq kimi "xırda-mırda" işlərinin üstünü açan komsomollar onun canını boğazına yığmışdılar. Ən nəhayət, divar qəzetində buraxılan karikaturada Mirzənin xirtdəyə qədər çaxır çəlləyinə girdiyi və ağzından ayə töküldüyü göstərilirdi.


Gecə idi. Alçacıq dağın ətəyində yerləşən Söyüdlü kəndi tozlu küçələri, qazma damları, çardaqlar altında yemdən doyaraq qaşınmağa və yalaşmağa başlayan mal-qarası ilə yatır kimi idi. Bu, adi gecələrə bənzəmirdi. Nə rayona məhsul aparan və ya mal gətirən arabaların, nə şəhərdən qayıdarkən gecikmiş adamların şirin söhbət və salamlaşmaları, nə meşə qaraulunun fit səsi eşidilirdi, yalnız uzaq dağların arxasında, sudan çimib çıxan ay qıpqırmızı qızaran mis kürəsi kimi görünürdü.

Evlərdə işıldayan lampaların qabağından uzuntuman kənd qadınlarının ötüb-keçmələri, axşam yeməyinə tədarük görüldüyünü anladırdı. At-araba, kotan səsləri kəsilmişdi. Yaxındakı dərə sularında quruldayan qurbağaların səsinə bəzən köpəklər hürüşürdü.

Mirzə Şəfi ağzındakı tikənin yekəliyindən nəfəs ala bilmirdi. Dirsəyini qaldırıb böyründəki ağ və üzü tikməli balışa söykəndi, udqundu. Gəc ilə suvanmış bəzəkli evin sanki dirəkləri də süfrəyə tamahsılanırdı. Pərizad xala bayırda mal-qaraya baş çəkir, gahdan bir pəncərədən içəri baxırdı. Bişirdiyi yeməyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əl suyu verməklə aş bişirməkdə ustadır. "Nazbarı" deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın!

– Bu qədəhi Mirzə Şəfinin, on iki ildən bəri kəndin ölüsünə-dirisinə yiyə duran, uşaqlarımızı elmləndirən Mirzənin sağlığına!

Qədəhlər bir-birinə toxunduruldu:

– Sağ ol, Mirzə Şəfi. Yaşa!

– Mirzə, sən mənə də dərs vermisən, qadan alım!

– Öpürəm səni! Dərdimiz, dediyim adamların ürəyinə!

– Sağ ol, Mirzə Şəfi! Dünya durduqca...

Ağızdan eşidilən sözlərə yekun vuran Mirzə, bığlarını tumarlaya-tumarlaya cavab verirdi:

– Qardaşlarım, sağ olaq, var olaq, yeyək, içək, bülbül olaq, qəfəsdə olmayaq... Qəfəs çox köpək oğlu şeydir.

İkinci qədəhlər ləbaləb dolu idi. Söz Mirzənindi. O, bir parça soğan çeynəyərək dəvə kimi dizi üstə oturdu. Onun bədəni buğlanır, ağzından tüstü çıxırdı. Qonaqlar dinləyirdi. Mirzə bir az tarixdən dedi:

– Bu gün buraya yığılanlar kəndin başbilənləridir. Ağalar, əminəm ki, aramızda günortadan sonra kişi olanlar yoxdur. Hacı Ağakişi, Məşədi Qurban, Cahan bəy, Məhəmməd koxa... Bizlər elə əvvəldən də, şükür Allaha, korluq çəkməmişik. Sözbir, əlbir olandan sonra yenə də çəkmərik. Mən İrandan gələndə... - Mirzə burada Hacı Ağakişiyə işarə ilə təbəssüm etdi və dedi:

– Mən İrandan bir əba, bir qəba ilə gəlmişdim. Allahın dövlətindən sizin kimi kişilər sayəsində güzəran sahibi oldum. Burada da sözüm yox. Bir neçə kəlmə gəldi-gedərdən danışmaq istəyirəm. Məni bir bu kənd yox, hamı tanıyır. Necə dərs verirəm, necə uşaqları başa salıram, necə xeyirə-şərə qarışıram, bunda da sözüm yox. Gələk mətləb üstünə. İspalkom mənim ilə bəd başlayıb. Üç-dörd nəfər komsomol oxuyur. Sizə də bəllidir ki, onların əxlaqı! Dolaşmamış adam qoymamışlar.

Hacı Ağakişi yerindən dilləndi:

– Lüt Kərimin oğlu, Abdal Balaxanımın nəvəsi.

– Ay Allah onları borcuna çıxsın.

Mirzə davam etdi:

– O gün divar qəzetində məni bihörmət ediblər. Çıxıb qovlamışam. İspalkom və özək katibi o yandan gəliblər ki, sənin ixtiyarın yoxdur. Qanun belə gəldi, özünütənqid elə getdi... Mən on elə ispalkomları, katibləri suya susuz aparıb, susuz gətirərəm. Doğrudur, indi elə adamların işi xoddur, amma mənə də Cüggü Mirzə deyərlər. Tənqid hər kəsə olsa da, müəllimə xilaf işdir. Müəllimin ki, əzrail zəhmi uşağın gözündə olmadı, götür, yığışdır. İndi uşaq ata-ananın sözünə də qulaq asmır.

Hamı birdən:

– Ay tovba! Atanı adam yerinə qoyan kimdir? Ətbala sərçə kimi dünənki tüksüz sığırçınlar bu gün qomsomol olub müəllimə dolaşırlar.

Mirzə bir az da ürəkləndi.

– Mən neçə dəfə onların barəsində "yerinə" yazmışam. Ancaq yazığım gəlir, bərkə salmıram. Mən bilirəm nə edərəm! Komsomolsan, get komsomolluğuna, məktəbə nə təəllüqün var? Məni buraya komsomol qoymayıb ki, o da işimə qarışa! Qoy ağsaqqallar desinlər mənim barəmdə. Mən içdim sənə nə, içmədim sənə nə? Qaldı ki, uşaq döymək məsələsi, çağırılmış bayatıdır ki, xam öküzü kotana qoşanda nə qədər soncuqlar. Başını boş buraxsan öyrətməkmi olar? Gərək döyəsən, qulağını çəkəsən. Birdən-birə adam usta olmaz. Mənim özümü neçə dəfə falaqqaya salıblar. Yoxsa mən elm sahibi ola bilərdimmi? Mən kəndin müəllimi deyiləm, atasıyam.

Cahan bəy qara çaxır ilə dolu stəkanı yerə qoyub, Mirzənin sözünü kəsdi:

– Düzdür! Mirzə Şəfi başımızın yiyəsidir. Onsuz bir günümüz olmasın!

Mirzə bir az da ürəkləndi və burada öz fəaliyyətindən neçə "qələm" xərcə verməyi lazım bildi:

– Özgə kəndlərdə klublar açıblar. Çadrasını atmayan qız qalmadı. Şəriət əldən gedir. Abır-həyanı saxlamaq üçün mən buranı birtəhər yola vermişəm. Bunu deməkdən məqsədim - sağ olsun o kişilər ki, Mirzəni uşaq-muşağa satmazlar və Mirzə də onların yolunda can qoyub və qoyacaq. Sağ olsun namuslu kişilər, qədirbilən simalar!

Qədəhlər boşaldı. Süfrə qırağında oturanların boynu büküldü. Mirzə Şəfi qırmızı və xumarlanan gözlərini gah bir açıb, yumur, ölü yerində quran oxuyurmuş kimi, irəli-geri yırğalanır, yaralı səsi ilə oxuyurdu: "Gözün qurbaniyəm, saqiii..."


Bu əhvalatdan bir ay sonra Mirzə Şəfi ilə maarif müdiri arasında belə bir danışıq oldu:

– Məni Söyüdlü kəndindən götürmüşsünüz?

– Bəli!

– Bəs hara təyin etmişsiniz?

– Evinizə.

– Axı mən səkkiz ildir müəlliməm, işləyirəm.

– Odur ki, sizə dincəlmək lazımdır. Bəsinizdir, çox işləmişsiniz.

– Ayrı məktəbə qoya bilməzsiniz?

– Yox!

Maarif şöbəsinə müxtəlif iş üçün dəstə-dəstə müəllim, tələbə girib çıxırdı. Hamı divarın dibində kötük kimi dayanan, hərəkət etməyən Mirzə Şəfinin üzünə baxıb ötürdü. Mirzənin sifəti qızarmışdı. Üzünün qırışıqları dərinləşmişdi. Kirpikləri tökülmüş və çuxura düşmüş gözləri muncuq kimi işıldayırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səviyyə

– Ə, səviyyəni hardan alırlar, necə alırlar? Səviyyə lazımdır.– Nə lazımdır?

3 dəq
Yas məsələsi

Ailə möhkəm olmalıdır. Cəmiyyətin ilk isti, səmimi ocağı, mən deyərdim, müqəddəs ocağı ailədir. Ailəsini sevməyən heç kəsi sevə bilməz. Ailəsində xoşbəxt olmayan heç yerdə xoşbəxt ola bilməz!Buna görə də mən həmişə ailə həyatına diqqətli, ehtiyatlı, həssas olmuşam. Duyduğum ixtilafları dərhal yerindəcə söndürmüşəm. Atalar demiş, alov üstünə nöyüt yox, su səpmişəm.

19783 dəq
Tut kampaniyası

Mən çox gəzən adamam. Keyf-ləzzət üçün yox, işim, vəzifəmlə əlaqədar çox yerdə, ölkəmizin böyük şəhərlərində tez-tez oluram. Bu dəfə Leninqrad şəhərinə getmişdim.Səhhətimdən şikayətlənəndə yoldaşım məni qocaman bir həkimin yanma apardı. Kabinetində, ağ xələtdə əyləşib yazı-pozu ilə, cürbəcür dərman nüsxələrilə məşğul olan qoca, ağsaç həkim bizi çoxdankı tanışı, yaxın adamı kimi hörmətlə qəbul elədi, kürsü çəkib yer göstərdi, gəlişimizin məqsədini biləndə müayinəyə başladı.

19785 dəq
Peşmançılıq

IKolxoz sədri Səfər, şəhərdən yenicə gəlmişdi. Alı kişinin evində qalırdı. Səhər hamıdan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına alıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusi bir eşqi var idi. Günün çıxmasını və batmasını seyr etməyi sevərdi. Səhər açılanda su daşının üstünə çıxar, oyanan kəndin qarışıq həyat səslərini dinlərdi. Dağların arxasından boylanan mis məcməyi kimi qızaran günəşə baxar, baxdıqca ürəyi açılardı.

197817 dəq

Başqa şairlərin şeirləri