Səviyyə
– Ə, səviyyəni hardan alırlar, necə alırlar? Səviyyə lazımdır.
– Nə lazımdır?
– Səviyyə.
– O nə deməkdir?
– Eşitməmisən?
– Eşitmişəm, amma bilmirəm ki, onu hardan alırlar, necə alırlar? Səriyyə eşitmişəm. Səkinə, səhiyyə də eşitmişəm, səviyyəni isə indi eşidirəm.
– Eşit, səviyyə yaxşı şeydir. Səviyyə hər kəsə, xüsusən sizin kimi cavan mütəxəssisə çox lazımdır!
– Nə lazımdır?
– Səviyyə lazımdır. Yəni tutduğun mövqeyə münasib səviyyə!
– Yəni, belə çıxır ki, sən deyən məndə yoxdur? Bəlkə pul deyirsən? Bəzək-düzək deyirsən? Bunu öz adı ilə desən nə olar? Deməli, bizim öz yerimizdə möhkəm-möhkəm oturub qalmağımız üçün vacib olan o şey nədir?
– Şey yox, səviyyə!
– Sən adını nə qoyursan-qoy, mən başa düşürəm ki, bu yeri elə belə ələ keçirmək olmur. Gərək can qoyasan. Hələ ki, şükür, ələ keçirmişik, sonrasına da baxarıq. Səviyyə deyirsən, nə deyirsən, onu da əlimizə keçirərik.
– Təki elə olsun! Sizi o səviyyədə görsəm, bir qonaqlıq verərəm!
– Görərsən, sağlıq olsun, görərsən. Qonaqlığın bizə gərək deyil!
– Səviyyə qazanmaq asan olmur, qabıqdan çıxasan gərək.
– Sən yolunu öyrətmə, uşaq deyilik!
– Nə deyirəm!
– Deməli, söz də yoxdur. Nəyi deyirsən o da olar!
– Kor nə istər, iki göz, biri əyri, biri düz.
– Lap iki göz olacaq, ikisi də düz, əyri yox. Doğrudur ki, siz bilən adamsınız, amma biz də avam deyilik. Çörəyi qulağımıza deyil, ağzımıza yeyirik.
Məhər bunları dedi, ancaq hərifə eşitdirmək üçün dedi, əslində, özünün hünərinə bələd idi. Bilirdi ki, hərifin qabağına bir hünərlə çıxmaq olmaz. Çıxmaq bir tərəfə, heç hədələmək də lazım deyildir.
Bu fikirləri xəyalında dolandıranda, o yan-bu yan eliyəndə görürdü ki, danışığı tamam boş, məzmunsuzdur, heç bu söhbətlərin yeri deyildir. Çaşdığı, ağzına gəldiyi üçün bu sözləri demişdi.
Məhər aşkar görürdü ki, səviyyə məsələsini bir onun naziri, nazirliyi yox, hamı deyir. Onu da görürdü ki, indi daha ayrı zəmanədir, dünən, srağagün deyil. İndi hər işin əslini axtarırlar. Götür-qoy edirlər. Öz yerinə layiq olmayanlar dərhal uçulub gedir, otura bilmirlər...
Məhərə elə gəlirdi ki, onun yerinə göz dikən var. Belə mərdimazar adam olanda, əlbəttə ki, hərə bir bəhanə axtaracaq. Keçinin su bulandırması kimi bir şey düzəldəcəklər. Yəqin ki, indi dilə-dişə düşən səviyyə məsələsi də elə şeydir.
"Səviyyə lazımdır!" Məhər bunu onu deyənin ifadəsi, ədası ilə dedi, lağa qoydu. Ancaq dərhal hərəkətinə peşman olmuş kimi, nəzərini sağa-sola gəzdirdi. Nə dinləyən, nə eşidən olmadığım görüb ürəkləndi: "Sənin, səviyyə deyirsən, nə deyirsən ha, sağlıq olsun, ona da baxarıq..." Məhər fikir-xəyal içində dayanmışdı, bayaqkı hərifin baxışına fikir verirdi. Hərif onun daş-tərəzisini, səliqə-sahmanını, ticarətini nəzərdən keçirirdi. İstədi ondan soruşsun: "Əmioğlu, nə istəyirsən?"
Bu sual zehnindən keçməmişdi ki, dayanan oğlan dilləndi:
– Sən mənə bir kilo yağ satmısan, yüz qramını əskik vermisən, yağın da dörddən biri kağızdır, bıçaq ilə qarışdırmısan, hələ üst-başından da çirk yağır. Şikayət dəftərini bəri ver görüm!
Məhər şikayət dəftərini eşidəndə ayılan kimi oldu.
– Dəftəri neyləyirsən, bacıoğlu?
– Elə-belə, tanış olmaq istəyirəm.
– Dəftəri idarəyə, cildləməyə vermişik!
Cavan oğlanı od götürdü.
– Bilirik nəyə vermisiniz, nə üçün gizlətmisiniz, belə mağazanın xəlvəti də dəftəri olar. Zəhmət çək mənə idarənizin nömrəsini, ünvanını de!
Məhər gördü ki, bu oğlan adi müştəriyə, yoldan ötənə oxşamır, onun işlərini kökdən yoxlamaq qəsdindədir. Tələsik qabağa keçib səsini alçaltdı. Oğlanın qılığına girmək istədi.
– Bacıoğlu, yağda-zadda əskik çəkilibsə, canın sağ olsun, nə çatmırsa, verim. Qaldı, dəftərə, inandırıram, onu nə oxuyan, nə də baxan var. Günü sabah özüm gətirib burdan asaram, nə qədər istəyirsən gəl yaz, oxu. Bu səliqə-sahman da...
Oğlan səsini ucaltdı:
– A dayı, – dedi, – bura şəhər mağazasıdır, vətəndaşlar buradan ərzaq alırlar. Bu mənzərəni heç kənd yerində də görmək olmaz. Siz niyə əfəl-tənbəl tərpənirsiniz. Bacarmırsınız, qoyun bir bacarıqlı, mədəni adam çağırsınlar. Bu səviyyədə işçini indi heç uzaq kənd mağazasına da qoymazlar. Satdığın da əskik, zibilli, qarışıq, nə bilim nə!
Məhəri fikir götürmüşdü. Yenə "səviyyə" deyirdilər. Düşünürdü ki, bu səviyyə nədirsə, heç əl çəkmir. Bu adamı da deyəsən o göndərib...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-seviyye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Nağıl kimi)*Yamacda, qara torpaqda kotan sürən bir kişinin başında mübahisə düşdü.
HavapərəstlərHəkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.
Kəhərin son günləriBir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...
Gözəl barəsindəMüasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,