Bir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?

Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...

Ay namərd dünya! Mənə etibarsız deyirdilər, gör indi hər qamçısında on addım sıçradığım süvarilər halımı soruşur ki, kəhər necə oldu, harada qaldı?..

Kəhərin ürəyindən keçən həsrətləri, deyəsən, sovxoz müdiri eşitmişdi. Tülkülük fermasının təsərrüfatçısını çağırdı:

– Tülkülərə sabah nə verəcəksən?

– Srağagün şəhərdən iki yaralı at gətirmişdim, yeyib qurtarıblar.

– Kəhər də işdən düşüb, qoşulmağa taqəti qalmayıb.

– O, tülkülərin naharını görər.

– Apar doğra, qoy yesinlər!

Səhərisi kəhərin hər parçası, hər sümüyü bir tülkünün dişlərində çeynənirdi. Kəhərin hər parçasından bu şikayətlər səslənirdi:

– Rüstəmi Rüstəm eləyən mən, Suvorovu Karpatlardan keçirən mən, Koroğlunun silahdaşı olan mən, Napoleonu yer üzündə gəzdirən mən, tülkülərə yem olan da mən!.. Ay namərd dünya!

Tülkülər bu şikayəti eşidirdimi, eşitmirdimi, o məlum deyil. Məlum olan budur ki, kəhərin ətini çox iştahla yeyir, sümükləri tərtəmiz eləməmiş əl çəkmirdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri