Peşmançılıq
Səhifə 1 / 4
I
Kolxoz sədri Səfər, şəhərdən yenicə gəlmişdi. Alı kişinin evində qalırdı. Səhər hamıdan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına alıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusi bir eşqi var idi. Günün çıxmasını və batmasını seyr etməyi sevərdi. Səhər açılanda su daşının üstünə çıxar, oyanan kəndin qarışıq həyat səslərini dinlərdi. Dağların arxasından boylanan mis məcməyi kimi qızaran günəşə baxar, baxdıqca ürəyi açılardı.
Bu gün, alaqaranlıqda üç nəfər qara çadralı, qoltuğu boxçalı qadının kənddən çıxıb, qarğa kimi yanlarını basa-basa getdiyini gördü. "Görəsən bu soyuqda nə vacib iş üçün gedirlər?" - deyə, fikirləşdi.
Alı kişinin arvadı çay gətirəndə yaşmağını qaldırıb, Səfərdən soruşdu:
– Qardaş, Səfər, deyirlər Şəmkirdə imam zühur eləyib.
– Necə yəni imam?
– On ikinci imam.
– Kimdir?
– Odur arvadlar ziyarətə gedirlər. Məxluq tökülüb çöllərə...
Səfər fikirləşdi ki, kolxozun düşmənləri işin bu ağır vaxtında hər şeydən faydalanmağa çalışırlar. Görəsən nə şayiədir?..
Alı kişi ilə arx üstünə gedəndə artel üzvlərindən Mahmudoğlunun işə çıxmadığını bildilər. Komsomolçulardan birisi onların ziyrətə getdiyini xəbər verdi. Səfər kəndə qayıdıb yoxlamaq istədi. Yolun yarısında salavat səsi eşitdi. Dərhal anladı ki, zəvvar var.
Nəzir şeyləri ilə dolu və üstündə adam oturmuş iki araba gəlirdi. Qabaqdakında buxara papaqlı bir kişi təkərin üstünə qalxıb "Ya Məhəmməd!" - çağırdıqca, o biriləri səs verir, salavat çəkirdilər. Səfər atını arabanın qabağına sürüb, diqqətlə baxdı. Bir neçə nəfər Günlər kəndindən idi. Çavuşluq eləyəni tanımadı.
– Hara belə?
– Ziyarətə!
Üzünü Mahmudoğluna tutdu:
– Sən qanacaqlı bir kişisən axı!?
Mahmudoğlu, Səfərin xatirini istərdi. Qızarıb qaldı:
– Yoldaş Səfər, bir mən deyiləm ha! Odur lap kolxoza yazılanlar gedir. Əkbərimi deyim, Səkinənimi deyim, çoxu!
Səfər onları inandırmağa çalışdı:
– Söz eşidin, kəndli qardaşlar! Bu bir fırıldaqdır. Mollalar, qolçomaqlar, mücavirlər sizi aldadıb işdən qoymaq, cibinizi soymaq üçün kələk qurmuşlar. Əmoğlu Əkbər də gözü üçün gedib. Qayıdın, bircə gün gözləyin: O, çəp gözünü sağaldıb gəlsə, mən də ziyarətə gedərəm. Yox, əgər kor-peşman qayıtsa, onda oturarsınız yerinizdə, işdən avara olmazsınız, nəzir pulları da cibinizdə qalar.
Bəziləri qayıtmaq istədi. Kimi Səfərin xatirinə qayıtmaq, sonra xəlvəti yoldan getmək istədi. Mahmudoğlu arabadan düşdü:
– Qayıdın! Yoldaş Səfər, sənin sözün yerə düşüncə, düşmənin gözü tökülsün, inanan qoy getsin.
Qaradağlıdan gəlmiş yeznəsi də ona baxıb qayıtdı. Səfər yol uzunu onlara nəsihət elədi. Axşam dedi, məktəbdə bu barədə məruzə olacaq, gələrsiniz.
II
Məruzə olacaq, gələrsiniz..." Bu vədəyə kəndlilər əhəmiyyət verirdimi, vermirdimi? Hələ bəlli deyildi. Lakin Səfərin özü vədəsindən o qədər razı deyildi. Bəlkə də nə iş görmək lazım olduğunu müəyyən etmədiyini yaxşı düşünüb-daşınmadığı üçün bu sözü demişdi. O, yol uzunu fikirləşirdi: məruzə, yalnız məruzə ilə kifayətlənmək olmaz. Düşmənin hiyləsini kəndliyə göstərmək lazımdır. Kəndlinin avamlığından istifadə etmək istəyən düşmənin yolunu kəsmək, maskasını yırtmaq lazımdır. Xalqı bu düşmənlərə qarşı qaldırmaq lazımdır...
Ömrü boyu gördüyü bu köhnə kəndlər bir-birinə calanıb Səfərin gözü önündə süfrə kimi açıldı: Böyük evlər, tək qılçalı çardaqlar, qır tutmuş hasarlar, kağızlar, xamırlı pəncərələr, laxlayan darvazalar, palçıqlı sürüşkən yollar, cındırlı pirlər, qarğa yuvaları, aclıq, fəlakət!.. Mülkədarların qoyub getdiyi kənd bundan ibarət idi. Baxdıqca insanın ürəyinə qaranlıq çökürdü. "Təbibləri bədgüman qoyan illər xəstəsini", tarix yolunda yaşlanıb sızlayan qoca bir dilənçini xatırlayırdı...
Köhnə kəndin kölgə kimi ağır, pərişan görkəmi - ölü təbiəti, ağır həyatı bu fikirləri Səfərin qulağına pıçıldayırdı.
Səfərin böyük arzularla çırpınan qəlbi isə başqa şey deyirdi. O, gözünü təbiətdən götürdü, ürəyindən gələn səsləri dinlədi. Ürəyinin dərinlərində işıqlanan geniş bir dünya - qüssəli sükutu pozan bir hərəkat duydu. Bu hərəkat ağır, təmkinli və yaradan insanların yürüşü idi. Onlar ahənglə yeriyirdilər. Addımların səsi eşidilirdi. Bu səs, qulaqlarda zərbə kimi səslənir, mis kimi cingildəyirdi. Bu səsin əmri və eşqilə ruhlanan Səfər kəndin tamam dəyişib yeni yola düşməsi üçün işləmək istəyirdi. Ona elə gəlirdi ki, qəlbindəki yeni yüksək və məsud həyat planları günü sabah həqiqət olacaq, günü sabah bar verəcəkdir. Həmin səs Səfərə nə deyirdi? Səfər bu səsi, könlünə yatan, ruhunu oxşayan və gözlərini güldürən ilhamını dinləmək üçün yavaş yeridi, başını aşağı dikdi: oradan, o qızıl dalğalı hərəkatın içindən qopan səslər bir-birinə qarışmışdı. Səslər sanki onun qulağına dolur, onu çətin günlərin mübarizəsinə çağırırdı. "Tələs, yolda qalarsan..." Səfər gözünü açıb özünü kənddə gördü.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-pesmanciliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
İgid oğlan1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Hilal dayıLəklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?
Başqa şairlərin şeirləri
Dağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Ayağa dürüstƏrzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.