Məzmun
  1. 1
  2. 2
  3. 3

Səhifə 1 / 2

1

Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

Atam da, anam da Zahidi görmüşdü. Mənim məktəb yoldaşım, məlumatlı, mərifətli bir oğlan olduğunu, yaxşıca kamança çaldığını bilirdilər.

Mən ailəmin rəyini soruşmamışdımsa da, onların bu işə razı olacaqlarına şübhə etmirdim. Ona görə məsələni cəsarətlə anama açdım:

– Ay ana, Zahid məndən əl çəkmir, nə deyirsiniz?

Anam dik-dik baxdı:

– Nə danışırsan, a qız! - dedi. - Özbaşınasan, nədir?

Mən hər nə qədər azad hərəkət etsəm, sərbəst olsam da, hər işdə ata-anamın ehtiramını şaxlar, onlardan izin alardım.

– Özbaşına olmadığım üçün, - dedim, - sizdən soruşuram, yoxsa bəziləri kimi, heç sizə deməzdim.

Anam üstümə çığırdı:

– Kişi dünyanı dağıdar. Zəhmət çəkib, qız böyütmüşük. Sənin nə haqqın var, alışıb-verişəsən, ay ərkansız!

– Məni satmaq üçünmü böyütmüşsünüz, ana?

Anam dinmədi. Krantı açıb, əl-üzünü yumağa başladı. Mən evə girdim. Pəncərənin qabağında məyus-məyus dayandım.

Dalandan anamın səsi gəldi:

– Haralıdır, ay qız?

"Görünür, o, bu barədə danışıq aparmağa razıdır", - deyə düşündüm və cavab verməkdə bir az gecikdim.

Qapını açıb çağırdı:

– Bura gəl, görüm!

O, sanki xəlvət bir şey soruşur, heç kəs bilməsin deyə, ətrafına baxıb döyükürdü:

– Haralıdır o gədə, hayandandır?

– Qarabağdan.

Bir müddət anam dinmədi. Yəqin, cavabımdan razı qalmışdı. Yenə soruşdu:

– Atası-anası varmı?

– Bir qoca atası var, anası çoxdan ölüb.

– Qardaşdan, bacıdan nəyi var?

– Ərdə bir bacısı var.

Anam daha kiridi. Mən bildim ki, o, Zahidin qohum-qardaşı haqqındakı cavablardan razı qaldı. Çünki "oğlanın anası yoxdur." Demək, qızı qayınana qeydi çəkməyəcək, evdə dedi-qodu olmayacaqdır. Anam, görünür, buna çox məna verirdi.

Mən anamın susmasını fürsət bilib, şərti kəsmək istədim:

– Razısanmı, ana? Daha bir sualın, sözün varmı?

O gülümsündü və dedi:

– Mən heç bir şey bilmirəm, atandan soruş! - o, özünü ciddiləşdirdi və səsini dəyişdirdi:

– İndiki oğlanlara nə etibar! Sabah elə olmadı, belə oldu.

– Necə oldu? Mən atama söz deyə bilmərəm.

Atam çox zaman işdə olurdu. İşıq idarəsində montyor idi. Sənətinə çox həvəsi var idi. İş paltarını əynindən çıxarmaq istəməzdi. Xatirini da istərdilər, ona etibar edərdilər. Çətin işdə, avariya vaxtlarında bir də görərdin, qapıda maşın səsləndi. Atam xörəyini qabağında qoyub yüyürərdi. Hər işi qaydaya salmamış qayıtmazdı.

Anama yalvarmışdım ki, mən evdə olanda atama heç nə danışmasın!

Bu gün dərsdən qayıdanda atamı istirahət eləyən gördüm. Evdə özgə adam yox idi. Söhbətin açılmış olduğunu yəqin etdim. Atamın üzünə baxa bilməsəm də, kefi açıq olduğunu hiss edirdim. Xəyalımdan keçdi: "Atam, deyəsən, razıdır."

Anam mətbəxdə qurdalanırdı. Yanlayıb qulağına əyildim və:

– Nə deyir? - deyə soruşdum. - Anam eşitmədi, ya özünü eşitməməzliyə qoydu, bir də soruşdum: - Nə dedi?

Anam gözlərini mətbəx stolundan ayırmadı, ahəstə cavab verdi.

– Danışmamışam. İndicə gəlib.

Sən demə, o məndən gizlədirmiş. Bir də gördüm, atam məni çağırdı. Stul çəkib əyləşdirdi, kefimi soruşdu.

O məni çox istəyirdi. Lakin indiki ehtiramında mən yeni bir istilik, səsində xüsusi bir nəvaziş duyurdum.

Qapını örtdü, yanımda oturdu. Üzümə yox, vərəqlədiyi kitabın cildinə baxa-baxa başladı:

– Qızım, Sitarə, bilirsən ki, biz, - ata-anan səni necə istəyirik. Mənim fikrim-zikrim sənsən. Gözümün, necə deyərlər, ağı-qarası, görübgörəcəyim, oğlum da, qızım da sənsən. Tay-tuşların içində başıuca olmağını, həmişə xoş gün keçirməyini, ürəyinə zərrə qədər xiffət gətirməməyini istəmişəm. Bunun üçün əlimdən gələni eləmişəm, eləyəcəyəm də. Anan da bu cür. Bizim böyük arzumuz var, gərək sənin xeyir işin, ömrümüz boyu çəkdiyimiz qəm-qüssənin hamısını yuyub aparsın. Ancaq, qızım, sənə bir ata məsləhətim var!

Atamın hər şeydən xəbərdar olduğunu bilib, qıpqırmızı qızardım, başımı aşağı salıb, dözmək istədim. Lakin atamın sözləri, indiyə qədər eşitmədiyim və bəlkə bir daha eşitməyəcəyim təsirli sözlər qüvvətli bir təlqin kimi məni aldı. Atam mənim toyumdan, köçməyimdən, cehizimdən xəbər verirdi. Deməli, mən bu evdən, böyüyüb bəsləndiyim ana qucağından, ata yurdundan ayrılacağam. Bu mümkündürmü? Uşaqlıq, gənclik həyatımın əziz, qayğısız günlərini, xoşbəxt dəqiqələrini bu evdə töküb gedə bilərəmmi? Yox, yox! Mənim sevgilim də, ailəm də, gələcəyim də buradadır. Anamın, o mehriban anamın munis qucağı nə tez soyudu, nə tez mənə yad oldu!

Gözlənilməz və kədərli bir duyğu məni aldı. Əvvəllər, icazə almaq arzusunda olduğum zaman atamı köhnə həyat qaydalarından silkinməmiş, sevgidən, məhəbbətdən uzaqlaşmış, sevdalı qəlbin mahnılarına yad bir adam kimi təsəvvür edirdim. İndi isə atam qarşımda böyük və həssas bir qəlb sahibi kimi dururdu. Sanki onun birdəqiqəlik müqəddiməsi mənə kitablar qədər mənalı idi.

Hər şey: keçmişim, gələcəyim, şən və acı dəqiqələrim, arzularım, həsrətli çağlarım, könül yoldaşlarım - hamısı, hamısı gəlib, gözümün önündə dayandı. Gözlərimdən axan səssiz damlaların yanaqlarımı islatdığını duyanda başımı daha da aşağı saldım, yaylıqla üzümü örtdüm. Atam məni sakit elədi.

Atamın sözləri məni sanki daxili həyəcandan ayıltdı, qəlbimə su səpdi. İndi o məni öyrədib, oxudub mübarizə meydanına yola salan, öz ixtiyarıma, öz bacarığıma tapşıran bir müəllim kimi görünürdü. Mən müəllimin dediklərini ürəyimdə təkrarlayır, azmamaq üçün, onu şad etmək və özümü pis təsadüfdən qorumaq üçün düşünürdüm. Düşünürdüm ki, doğrudan da Zahidin şirin söhbətləri, zahirən mülayim xasiyyəti mənim üçün ideal ola bilməz. Mən onun bir insan olaraq, cəmiyyətdə, həyatda, xalq yanında nə qədər faydalı olduğunu yoxlamaq istəyirdim. Onu bərkə-boşa salıb, imtahandan çıxarmaq üçün fürsət, vasitə axtarırdım. Onun, atam dediyi kimi, daha nəyi sevdiyini və nəyə nifrət etdiyini bilməliydim. Mən bilməliydim ki, qoltuğunda gəzdirdiyi qalın kitabların nəyini sevir, nə üçün sevir. Bəlkə bu bir görkəmdir. Zahidin bütün xasiyyətlərini təsəvvürümə gətirir, bir-bir mühakimə edirdim. Onun yoldaşları ilə olan bir söhbəti yadıma düşdü və məni sevindirdi.

O, tibb institutunu qurtarandan sonra kəndə göndəriləcəyinə təəssüf edən bir yoldaşına deyirdi:

98 “Mən bu məktəbə daxil olan gündən bilirəm ki, kəndə gedəcəyəm.

Pis həkim olduğum üçün yox, kəndə yaxşı həkim lazım olduğu üçün gedəcəyəm. Mən axı komsomolçuyam. Mən kənddə çalışmalıyam. Getdiyim yerdə qızdırmanın kökünü kəsincəyə qədər qalacağam. Kəndlilərin uşaqlı-böyüklü sapsağlam olduğunu, yanaqlardan qan damdığını, "qızdırma" sözünün ancaq nağıl kimi, söhbətlərdə deyildiyini görəndən sonra, bəlkə kənddən çıxam, bəlkə uzaq və kiçik kəndlərin birində bəzi adamların qanında gizlənib qalan qızdırma mikrobları ilə son mübarizə də mənə qismət oldu. Mən bununla xalqa bacardığım xidməti etmiş olaram."

Mən bir il də Zahidi ləngitdim. Etiraf edim ki, onu çox incitdim də. Ona inanmamağa heç bir əsas tapa bilmədim. Yanılmadığıma sevindim. Səhər evdən çıxanda atama əl boyda bir məktub qoydum:

"Əziz atam, sizin tanıdığınız oğlana "hə" dedim. Siz çox evlərə, çox qaranlıq yerlərə işıq çəkirsiniz. İki gəncin könül otağında yenicə parlayan məhəbbət işığının sönməsinə yəqin ki, razı olmazsınız!.."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri