İlk hədiyyə
Səhifə 1 / 2
1
Qəşəm kişi küsənərək deyirdi:
– Dünyada nə xoşbəxt adamlar var!
Əliəşrəf maraqlandı:
– Nədən sarı deyirsən, Qəşəm?
– Var, doğrudan elə xoşbəxtlər var. Biri bax, bizim bu revkom Qasım.
– Əə, nə xoşbəxtliyindən deyirsən, tüfəng, qatar çiynində, günü axşama, gecəni səhərəcən kəndlərdə qaçaq qovalayır, doyunca yuxusu da yoxdur, ev-eşiyə həsrətdi, onun nəyinə küsənirsən sən?..
Qəşəm kiçik, lakin parıldayan gözlərilə Əliəşrəfin üzünə dik-dik baxdı, bərk əlini ələm kimi göyə qalxızıb silkələdi və eşitdiyi xəbəri ucadan dedi:
– Revkom Qasım Moskvaya gedir ey! Leninin yanına!
Əliəşrəf inanmadı:
– Leninin yanına?
– Bə nə, lap Leninin hüzuruna!
Əliəşrəf mühüm bir xəbər eşidəndə dinməz-söyləməz dayanar, sanki zehnində götür-qoy eləyərdi.
– Torpaq məsələsindən ötrü?
– Bilmirəm, nədən ötrü, amma yəqin gedir.
– Tək gedir?
– Bütün mahallardan adam gedir, bizim qəzadan da Qasım!
Əliəşrəf gördü ki, Qəşəm haqlıdır. Bir adam ki, Leninin hüzuruna gedə, böyük bir qəzadan nümayəndə gedə, həm də bütün mahalların nümayəndəsi ilə gedə, əlbəttə ki, bu xoşbəxtlik hər kəsə qismət olmaz. Bu böyük səadətdir!
Qasım indi Əliəşrəfin gözündə böyüdü, yekəldi, inqilab rəhbərlərinin görüşünə gedən Qasım indi daha Əliəşrəf ilə hər gün yoxsullar komitəsində söhbət edən, deyib-gülən adama oxşamırdı. İndi onun danışığı, yerişi, duruşu, oturuşu kişiyə tamam ayrı cür gəlirdi.
– Yəqin, özü çağırıb.
– Çağırsa da, çağırmasa da, kişi gedir.
Əliəşrəf fikirləşib gördü ki, Qasımın belə bir səfərə haqqı var.
– O getməyəndə, a Qəşəm, kim gedəcək? Özü firqəçi, özü bu böyüklükdə qəzanın revkomu, özü oxumuş, qəzetdən-məzetdən başı çıxandı, həm də füqərayi-kasibə. Lenin yoldaş özü yaxşı bilir ki, kimi çağırsın...
Qəşəm isə revkomun səadətindən ağızdolusu deyib dururdu:
– Kişinin nə bəxti gətirib? Moskov kimi bir yer, Leninin idarəsində rəhbəri görmək, rubəru danışmaq, yanında oturmaq, dərdini demək!..
– Revkom öz dərdindən qabaq biz füqərayi-kasibənin dərdini gərək desin. Lenin özü soruşacaq.
– Qasım onu da deyər, bunu da deyər, Qasım deyəndir! Rusca da çisti danışır.
– Eh, Lenin hər dili bilir! Təki haqq söz de! Tükü tükdən seçir!
– Revkom hökumətdi, hökumət işlərindən danışacaq. Biz kəndli lərin sözünü də böyük rəhbərə gərək əlavə çatdırsın.
– Əlbəttə ki, gərək çatdırsın. O çatdırmayanda, bəs kim çatdıracaq!..
– Çatdırsın ki, biz, bax, budur müsəlman kəndliləri, illərdi əkən, becərən də biz, vədə başında lüt qalan da biz, yaz əkinçi, qış dilənçi. Qasımın borcudur rəhbərə çatdırsın ki, bu nədi, bəyin, xanın, qazının, koxanın qapazını müsəlman kəndlilərin başından bilmərrə yox eləsin. Əliqabarlılara ağ gün gətirən Lenin, qoy bizim də harayımıza çatsın!
...Torpağı ki böldük, düşmənin əhdi kəsiləcək. Darıxma, buna şura hökuməti deyərlər, darıxma!
– Qoyur böləsən! Görmürsən mollalar minbərdə haray salıb ki, haramdı! Özgənin yerində əkin haramdı, tikin haramdı, filan, beşməkan... Qasım gərək rəhbərə bunları desin, gərək bu hiylələri bildirsin rəhbərə!..
Bir şey yadına düşübmüş kimi, Qəşəm müsahibinin qolundan tutdu və kənara çəkdi:
– Əliəşrəf, nə məsləhətdi, mən deyirəm Qasım əliboş getməsin axı: Moskovdu, rəhbərin yanına gedir, seçmə almalardan bir az, isbatlı yeşikdə sovqat göndərək! Necə olar?
– Göndərək, amma qorxuram heç götürməyə, başı qarışıq olacaq. Dünyanın hər yerindən dilqatlar gələcək, Qasım tək bilməz neyləsin, karıxar, iclasa gedir axı!
– Elə demə, Qasım zirəkdi, Qasım iş biləndi. Qoy aparsın, iclasdan sonra fürsət tapıb rəhbərə (bir balaca ağız şirinliyi kimi), o babətdən ağız şirinliyi deyər.
– Qoy Lenin yoldaş qubalıların işlərindən xəbərdar olsun, təsərrüfatımızı bilsin!
– Əqlə batan sözdür, gedək revkoma! Görək nə deyirlər?
– Üst-başım sahmanda deyil, sən yeri, mən bu saat gəlirəm.
Qəşəm ilə Əliəşrəfin dedikləri o gün ağızlarda fərəhli bir söhbət oldu. Revkomda da bu fikri bəyəndilər. Moskvaya, rəhbərin hüzuruna ləyaqətli sovqat göndərmək üçün kimi seçmə növlərdən: sinabi, qəndili, tabaq alması, ətirli, ağ alma, anton təklif edir, kimi üstündə xüsusi namə yazdırmağa, kimi qəşəng toxuma səbətlər hazırlamağa, kimi lumu kağızı tapmağa tələsirdi. Kəndlilərdən eləsi də var idi ki, bu hədiyyənin Leninə layiq olmadığını ürəyində, öz aləmində düşünür, yoxlayırdı: "Görəsən, bəyənər, bəyənməz, götürər, götürməz?"
İlk baxışda sadə və şübhəsiz görünən bu təklifin təfsilatını görəndə Qasım Bakıya zəng vurdu. Rəhbər yoldaşlardan soruşanda bəyəndilər: "Qubanın alması Moskva üçün ləyaqətli hədiyyə olar. Kəndlilərin xahişinə səs vermək lazımdır!"
Qasım 8-ci Sovetlər qurultayına gedən 15 nəfər nümayəndənin biri idi. Yolboyu hərə bir söhbət salır, kimi torpaqdan, kimi ərzaq qıtlığından, kimi fəhlə komitələrinin işindən, qəzetlərdəki mübahisələrdən, cənub cəbhəsindən danışırdı. Qasım isə hər saat öz qəzasının ehtiyaclarını, kəndlilərin rəhbərə yetirməli tapşırıqlarını düşünür, dəftərində yazıb-pozurdu. Düşünürdü ki, görəsən, aya, inqilabın rəhbəri yoldaş Lenin ilə görüşmək, onun üzünü görmək, səsini eşitmək, əlini sıxmaq, nəfəsini duymaq, heç olmasa, salamlaşmaq Qasıma müyəssər olacaqmı?
Qış qatarının uzun yollardakı ağır, yeknəsəq təkər səsləri sanki, Qasımın həyatındakı ən sevincli, ən yüksək, ən əlamətdar saatların yaxınlaşdığını xəbər verir, hər dəqiqə bu narahat sərnişindən mənalı-mənalı soruşurdu: "Hazırsanmı?"
Qasım isə düşünürdü: "Mən Lenini, əlbəttə, nə iclasda, nə də ki, kabinetində görə bilmərəm, onun vaxtı nə gəzir! Mən iclas arası, tənəffüsdə gərək yanaşam, ərzimi o kişiyə yetirəm... İşdi, əgər soruşsa ki, "Bəs haradan gəlmisən?", o saat almaları təqdim edib deyərəm ki, Quba qəzasının zəhmətkeşləri sizə çoxlu-çoxlu salam göndərirlər! Bir də soruşsa ki: "Bəs mətləbin nədir?", onda mən də camaatın tapşırığını yetirərəm, necə ki var, dilcavabı deyərəm. Rəhbər özü bilər, nə məsləhət desə, o da onun öz işidir!.."
Yüz dəfə bunları fikirləşən, hər dəfə yenidən ölçüb-biçən, yeni-yeni sözlər tapıb düşünən, yoldaşları ilə hər sözü başqa bir ahəng ilə məsləhətləşən, öz aləmində xəyalən icra edib nəticəsini yoxlayan Qasım, görüşünü zehnində müəyyən şəklə sala bildiyinə sevindi, əlini əlinə çalıb ayağa qalxdı, vaqonun pəncərəsindən kənara, böyük Rusiyanın ayaz altında süd kimi ağaran qarlı, sakit, ucsuz-bucaqsız çöllərinə xeyli baxdı, yaxınlaşırıq", - deyə kupedəki şeylərini, paltarlarını yır-yığış eləməyə başladı.
Yuxarıda üst-üstə qoyduğu, nazik kağız ilə örtdüyü hədiyyəni ehtiyatla aşağıya endirib qatarın dayanmağını gözlədi. "Bunları özüm gərək yanımda aparam, özüm də əmanəti sahibinə yetirəm, ehtiyatla!.."
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-ilk-hediyye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bizim analar qızlarına ad verəndə gülləri, çiçəkləri unutmurlar: bənövşə, qərənfil, yasəmən, lalə, nərgiz, sünbül, süsən və habelə.Bu adları eşidəndə sevinirsən. Sahibini görməsən, tanımasan da sevinirsən, bağ-bağata, gülzara, laləzara düşmüş kimi, bahar havası duyursan.
XəcalətAla-bəzək geyimli cavan bir oğlan əlində kağız bükümü, gilas yeyə-yeyə, ətrafına baxa-baxa şəhər bağından ötürdü. Axşamdan xeyli keçmişdi, xiyaban o qədər sakitlik idi ki, ağır, ahəngdar addımlardan, döşəməyə düşən tumların səsindən başqa heç nə eşidilmirdi, cavan oğlan hər gün buralardan keçsə də, nadir hallarda belə sükut görərdi.Səhər buradan işə gedəndə xiyabanı şüşə kimi tərtəmiz gördü. Sanki kimsə hamıdan tez durub xiyabanları silib-süpürmüşdü ki, adamlara xoş olsun.
Sancaq fabrikindəDirektor:– Xoş gəlmisiniz! Kitab xadimləri nə əcəb bizi yada salıblar!
Qocaların uşaq söhbəti1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.
Başqa şairlərin şeirləri
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Təqrir ilə, təlaqətü nitq bəyan iləTəqrir ilo, təlaqotü nitq bəyan ilə,Mənbərdə şeyx nərm eyləyir səngi-xarəni,
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.