Məzmun
  1. 1
  2. 2
  3. 3

Bizim analar qızlarına ad verəndə gülləri, çiçəkləri unutmurlar: bənövşə, qərənfil, yasəmən, lalə, nərgiz, sünbül, süsən və habelə.

Bu adları eşidəndə sevinirsən. Sahibini görməsən, tanımasan da sevinirsən, bağ-bağata, gülzara, laləzara düşmüş kimi, bahar havası duyursan.

Ancaq bu səadət mənə qismət olmadı. Süsənin adım görəndə sevinmək əvəzinə həyəcan keçirtdim və çox məyus oldum.

Deyəcəksiniz, adı görməzlər, eşidərlər. Mən Süsən adını ilk dəfə, doğrudan da, eşitmişəm və bunun yüngülcə bir tarixçəsi var ki, başıağrısı olmasın, sizə danışmaq istəyirəm.

1

Böyük Vətən müharibəsi təzəcə qurtarmışdı. Bütün xalq səfərbər bir əsgər kimi ağır günlərin dərin yaralarını sağaltmağa çalışırdı. Vuruşma cəbhəsi bağlanmış, əmək cəbhəsi açılmışdı. Mən də hərbi libası soyunandan, istehkamçı yoldaşlarımla vidalaşandan sonra Şimali Qafqaza, böyük bir körpünün bərpasına göndərilmişdim. Burada iş nə qədər çox, ağır, qüvvə nə qədər az olsa da, fərəhli idi, çünki göydən bomba tökülmürdü, düşmən təhlükəsi getmişdi. Hərbi şərait yox idi. Ailələrimizi də gətirmişdik. Məktəb, klub, teatr, stadion, hər şey qaydasına düşmüşdü.

Hər səhər tezdən, işdən qabaq, zənbili əlimə alıb bazara qaçır, bu yerlərin bol və ucuz meyvələrindən alıb gətirirdim.

Həmin bu bahar günlərində bizim təzəcə düzəldib sahmana saldığımız bu balaca otağımızda yeni bir "qonaq" gözlənirdi. Bu intizarlı sevinci deməklə başa gəlməz: dörd il sərasər bir-birindən ayrı düşən günü, dava meydanlarında keçən, ilk balasını itirən gənc ata-ananın, yenidən ağ günə çıxan bir ailənin belə "qonaq" gözləməsi nə fərəhli bir aləmdir! Bunu deməsəm də, sizə aydındır.

Xəyalımda qoymuşdum ki, həmin bu təzə gələn "qonağı" ləyaqətli bir hədiyyə ilə qarşılayaq. Belə hədiyyə nə ola bilərdi?

Uşaq çarpayısı, kolyaska, körpə paltarı, gəlincik...

O zaman indiki kimi bolluq deyildi. Sənaye malı, xüsusən məişətə dair çox az şey istehsal olunur, olan da böyük şəhər mağazalarında, yaz qarı kimi görünür, dərhal əriyirdi, buralara gəlib çıxmırdı.

Yoldaşımı min bir intizar, ehtiyatla xəstəxanaya qoyub gəlmişdim. Ərzaq tədarükündə idim. Bir qadının əlində balaca bir stəkanaltı gördüm. "Qonağa hədiyyə!" Nə isə, deyəsən, uşağın anası xəstəxanadan, sıralanmış çarpayıların arxasından əl edir, tapşırırdı: "Al! Uşağa hədiyyəni unutma!.."

Qulağımda bu səs, addımlarımı yeyinlədib qadını dindirdim. Yaşlı, nimdaş geyimli abırlı bir qadın idi. İsti şal örtmüşdü. Əvvəl ermənicə danışdı. Bilmədiyimi görüb, rusca dedi. Sanki mənim marağımı duymuşdu. "Daha evdə uşaq yoxdur, başqa ehtiyacım üçün satıram", - deyirdi. Yüz iyirmi manat istəyirdi. Bu, gümüş, bir az da minalı, ürək şəklində düzəldilmiş göyçək bir stəkanaltı idi. Yüz manat təklif etdim. Qadın bənd olmadı: "Balanızın sağlığına qismət!" - deyə verdi.

İnsan təzə aldığı şeyə, nədənsə, çox diqqət yetirmək istəyir. Təc rübəli adamlar pul verməzdən əvvəl, təcrübəsizlər isə alandan sonra baxırlar. Mən axşam işdən sonra pəncərə qabağından stəkanaltını götürüb o yan-bu yanına diqqətlə baxırdım. Buna münasib balaca bir stəkan axtarırdım. Usta bunu çox məharətlə yonub düzəltmişdi. Qulpu olmasa, doğrudan da, bir ürək şəkli idi. Aşağıdan yuxarı şaquli cızılan, həm də dairələnən naxışları var idi. cızıqlar elə incə, səliqəli, hamar idi ki, bunun insan əli ilə edildiyini yox, nəsə maşından, qəlibdən çıxma bir şey olduğunu güman edirdim.

Qabın altına, nəlbəkiyə qoyulan yerinə baxanda gözümə təzə bir şey dəydi. Sən demə, burada yazı varmış, bu yazı elə nazik, elə xırda, xəlvəti bir yerdə idi ki, bunu hələm-hələm göz görə bilməzdi. Yazı zərif və aydın idi: "Atasından Süsənə, 1930." Bir də oxudum. 15 il əvvəl Süsən adlı bir qıza hədiyyə verilən bu qab indi mənim gözümdə ayrı cür görünməyə, bütün niyyət və sevinclərimi alt-üst eləmyə başladı: "Ey dili-qafil, bu bir yetim, kimsəsizin malı imiş! Necə olub görəsən?"

Süsən!

Görəsən bu kimdir, kimin uşağıdır, başına nələr gəlib? Qanlı vuruşmalar görən, əldən-ələ düşən, təxribata uğrayan bu şəhərlərin dəhşətli günlərindən sonra bu yazıq körpə salamatdırmı?

Salamat olsaydı, onun bu əziz əyləncəsi əllərdə, satışda nə gəzirdi?.. "Atasından Süsənə, 1930."

Bu yazı müharibədən on il qabağın, yəqin ki, qızın xoşbəxt günlərinin yadigarı idi. Kim bilir, bəlkə, satan qadın uşağın anasıdır, ağır vəziyyətdə, ehtiyacdadır? Bəlkə də uşaq yaşamır, bəlkə valideyn, bəlkə... bəlkə...

Süsən və onunla əlaqədar düşüncələr məni o qədər məşğul etdi ki, stəkanaltını sirli bir şey kimi əlimdən yerə qoymur, müttəsil baxır, baxdıqca daha çox təsirlənir, fikrə gedirdim. Düşünürdüm ki: "Aya, bir ailənin, bir uşağın bədbəxtliyi üzündən satışa gedən və bizim evimizə gəlib çıxan hədiyyə mənim övladımın, dünyaya yenicə göz açan balamın sevinc əyləncəsi ola bilər, ya yox?"

Bu, bir sual deyildi. Bu, dəhşətli bir xitab idi!

"Necə oldu ki, mən baxmamış, yoxlamamış belə bir şeyi əlimə aldim? Uşaq gözü dalınca qalan bir yadigarı mən uşağıma hədiyyə gətirmişəm? Dəhşət! Bəlkə də Süsənin atası müharibədə, bizim gəzib səfa sürdüyümüz bu yerləri düşməndən qoruyanda həlak olmuş bir qəhrəmandır? Mən isə onun yetim balasını himayə etmək, şəhid qızına atalıq etmək əvəzinə... kəmfürsətlik edirəm. Bu da bir qarət kimi şey deyilmi?"

Ötüb-keçən qayğılı adamlar, şəhid qanı ilə islanmış torpaqlar, taskülahlı qəbirlər, yaralı binalar, qanadı qırılmış ağaclar, növrağı pozulmuş bağlar, bağçalar, barıt qoxusundan yenicə təmizlənən üfüqlər, təranəyə gələn quşlar - hamısı, hamısı sanki mənə nifrət yağdırırdı.

Bu müdhiş duyğular, sanki mənim müharibə illərində keçirdiyim mənəvi iztirabların qəlbimdə bərkiyən, ağırlaşan təcəssümü idi, üzə çıxmağa çoxdan yol axtarırdı. Gümüş qabın altında incə bir qəlbə həkk olunmuş yazı bu yolu açmışdı. Şahdamardan qan fışqıran kimi, bu yanıqlı duyğular axıb gəlməkdə, məni böyük bir peşmançılıq gölündə boğmaqda idi. "Süsən, ay Süsən! Nisgilli bala, sən indi haradasan?.." Haqqında heç bir şey bilmədiyim, tanımadığım bu xəyali məxluq ilə qiyabi olaraq, ünsiyyət bağlamağa, dinməyə, dindirməyə başlamışdım, nəfəsini, səsini duyub eşitməkdə, mənə dik və iti baxan gözlərini görməkdə idim.

İndi o böyümüş, 16-17 yaşlarında gənc bir məktəblidir. Bəlkə də hansı tikintidə, zavodda, dəmiryolunda, tarlada çalışır...

Onun zəif dodaqları tərpənir, həzin və riqqətli səslə dediyi sözlər qulağıma gəlirdi: "Əsgər balasına beləmi hörmət!..", "Yetimlərlə bu rəftar!..", "Nifrət!.."

Bu səslər məni dəhşətə gətirirdi. İndi bu, kimsəsiz bir uşaq səsi deyil, milyonlarla vətəndaşın şərəf, vicdan səsi kimi məni titrədir, cavab istəyirdi. Mən özümü insanlar, insanlıq qarşısında, böyük bir ölkə vətəndaşlarının mühakiməsində müqəssir kürsüsündə görürdüm. Tanıdığım, tanımadığım bütün insanlar: döyüşçülər, atalar, analar, qocalar, uşaqlar mənə suallı nifrətlə baxır, sanki deyirdilər: "Buna, bu alçağa bir baxın!.."

Milyonlarla qəzəbli nəzərlərə hədəf olmuşdum. "Yox, mən bu hədiyyəni saxlaya bilmərəm! Süsəni tapmalıyam! Harada olsa, tapmalıyam!"

Gözləyə bilməzdim. Axşam vaxtı qabı götürüb düz həmin yerə, şallı qadına rast gəldiyim yerə, bazar ayağına getdim. İzdihamlı meydanda süpürgəçidən və yük maşınlarından başqa kimsəni görmədim. Evə qayıtdım. Xəstəxanaya zəng vurub soruşdum. Təcili çağırdılar.

Gözlənilən "qonaq" gəlib çıxmışdı. Gül kimi bir qızım olmuşdu. Xəstəxanada içəriyə adam buraxmırdılar. Mən yoldaşımı təbrik edəndən sonra bilmirəm hansı bir əmrin, hansı hissin təsiriləsə belə bir sual yazdım: "Süsən necədir?" cavab gəldi ki: "Süsənin kefi sazdır!"

2

Səhərisi gün tezdən xəstəyə ərzaq verib yola düzəldim. Bazarı birbirinə vurdum, şallı qadını tapa bilmədim. Stəkanaltı əlimdə idi. Gümanım gəldiyi qadınlara göstərib deyirdim: "Tapmışam, bəlkə, sahibini tanıyasınız?"

Əlbəttə ki, buna sahib çıxan çox ola bilərdi. Ancaq şallı qadın haqqında söhbət salanda ötüb gedirdilər.

– Kimdir buralarda ev şeyləri satan?

– Necə yəni?

– Nəvəsinin əyləncələrini satan qadın?

– Tanımıram.

Əlim hər yerdən üzüldü. Şallı qadını görəcəyimə ümidim yox oldu. Mat-məəttəl qalmışdım. Məyus-məyus küçələri dolaşırdım. Haraya, nə üçün getdiyimi özüm də bilmirdim. Bir yandan yenicə tapdığım Süsənin sevinci məni çağırırdı, o biri yandan itirdiyim qızın intizarı məni üzürdü.

Qulağıma bir səs gəldi. Deyəsən, pıçıldadılar.

Üzüaşağı, asfalt xiyaban ilə dəmir körpüdən o yandakı şəhər mağazalarına doğru yönəldim. Addımlarımı yeyinlətdim. Elə gedirdim, yerə dəysəydim, yəqin ki, parça-parça olardım. Görənlər dayanıb, arxamca baxıb deyirdilər:

– Bu yazığa nəsə olub...

– Mətləbsiz deyil.

– Əqlini azıb.

– Haradasa itkisi var.

– Bilmək olmaz!

Qan-tər içində idim. Zərgər bazarına çatanda çıraqlar yanır, mağazalar bağlanırdı. Tez özümü qapıdan içəri salıb gümüş qabı göstərdim:

– Belə bir şey sifariş verə bilərəmmi?

– Qabaqdakı mağazaya buyurun! Ustaya göstərin! Usta çeşməyini taxıb gümüş qaba diqqətlə baxıb dedi:

– Siz lap bundan istəyirsiniz?

– Bundan.

– Mümkündür.

– Bəlkə bu sizin işinizdir?

– Çoxdankıdır.

– Necə çoxdan?

Usta qabın altına baxıb, mənə verdi:

– On beş il!

– Bəlkə bu ad sahibini tanıyasınız?

– Sifariş çox olur, yadda qalmaz.

– Bunun sahibi Süsən mənə çox lazımdır.

– Nə çoxdur Süsən!..

– Siz bunu vitrinə qoyun, tapıldığını elan edin. Bəlkə sahibi gəldi. Zərgər gülümsəyib razılaşdı:

– Nə eybi var.

Bir gün, iki gün, üç gün...

İndi daha "qonaq" evimizdə idi. Zərgər yanına xəlvəti gəlib-gedir, yoldaşıma bildirmirdim. Zərgər də çeşmək altından hər dəfə başını yırğalayır, vitrində dayanan gümüşü qaba işarə edirdi:

– Bir şey yoxdur.

Səkkizinci gün usta məni görən kimi gülümsədi:

– Gələn var!

Sevincimin həddi-hesabı yox idi:

– Nə danışırsınız?

Zərgər sakit, səbirli adam idi. Az dinib-danışırdı. Görünür, mənim vəziyyətimə biganə deyildi. Güldü, dodaqları qaçanda, topa, çal, yaraşıqlı bığları aralananda qoşa iri qızıl dişləri göründü, sifəti daha xoş bir görkəm aldı:

– Süsən gəlib!

– Zarafat eləyirsiniz?

– Həqiqət gəlib!

3

Süsən uşaq nə gəzir, yar-yaraşıqlı bir həkimdir. Bunu biləndə ürəyim qəfəsdən qurtulan quş kimi qanadlandı. Süsənin səadəti mənim səadətim idi. Keçən il tibb texnikumunu qurtarıb mədən sularında, xəstəxanada işləyir. Şallı qadın onun nənəsidir. Köçüb nəvəsinin yanına gedir. Ev-eşiyin xırda şeylərini satıb yola hazırlanır.

Bazar günü qız özü komsomol uçotundan çıxmaq üçün buraya gəlməli idi. Zərgər bizi görüşdürməyi boynuna götürdü.

Səhər tezdən zərgərin yaraşıqlı həyətində, tənəklə örtülü çardağın altında mən Süsənlə görüşdüm. Doğrudan da, təsvir etdiyim, kimi iti baxışlı, cəld bir qız idi. Nənəsi əhvalatı ona danışmışdı. Çay süfrəsində stəkanaltım qıza verdim. Üzr istədim.

Süsən gümüş qaba baxdı, çəkdiyim intizara güldü. Ustadan xahiş etdi ki, buradakı yazıya bir əlavə etsin. Usta, otağındakı balaca çarxı işə salıb, xırıltı ilə yazdı. Gümüş qabın altında həmin incə xəttin dalısını belə yazdı: "Süsəndən Süsənə, 1945." Süsən dünya görmüş təcrübəli adamlara məxsus bir dil ilə məni təbrik etdi.

– Qoy, - dedi, - məndən balaca Süsənə yadigar olsun.

İki saat qədər oturduq. Dost olduq, bir-birimizə taleyimizi danışdıq, ünvan verdik, əhd elədik. Qatarın vaxtı çatmışdı, şallı qadın maşını ilə bizim dalımızca gəlmişdi. Vağzala getməli olduq. Süsəngili elektrik qatarına oturana qədər qayıtmadıq. Vaqon yola düşəndə qız və nənəsi pəncərədən baxır, vidalaşırdılar. Mən də yenicə yazılmış gümüş qab ilə işarə edir, ürəyimdə bu sözləri deyirdim: "Atasından Süsənə, Süsəndən də Süsənə."

Düşünürdüm ki, səmimi yazılar ürəkdə necə artdı, necə böyüdü, nəticədə nəsildən-nəsilə keçdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 dəq
Tarla mənzərələri

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.

6 dəq
Qızıl oktyabr

Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.

1 dəq
Dənizin cinayəti

Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən

2 dəq

Başqa şairlərin şeirləri