İkinci hissə, yeddinci fəsil
Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:
– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
Gəldiyev tez iki zərfi sədrin qabağına qoydu:
– Yoxdur, - dedi - qazanmayanları, niyə açıb avtoru utandıraq. Poladov göy zərfi cəsarətlə cırıb, iki qatlanmış kağızı əlinə aldı, oxudu. Hamı diqqətlə dinləyirdi. "Ürək" adlı proyekti mən Gəldiyev Kərim Abbas oğlu çəkmişəm. Bu mənim əsərimdir". Verdiyev ayağa qalxıb, Gəldiyevi qucaqladı:
– Bərəkallah əlinin qabiliyyətinə! İndi daha ölsəm də arzum qalmadı; yoldaş Poladov, gördünüz, yaxşı proyekti yenə də institutumuzun yetirməsi çəkdi.
Oturanlar da Gəldiyevi təbrik etdilər. Gəldiyev sevincindən qızarınış, pörtmüş halda gözünü sədrin əlinə dikmişdi. Nədənsə sədrdə bir soyuqluq görürdü. Poladov ikinci zərfi açdı. "Salam" layihəsinin müəllifı Kirovabad pambıq zavodu inşaatında işləyən qocaman bir mühəndis idi. Sədr nə demək istəyirdisə, Vəzirbəyli soruşdu:
"Ürək" layihəsinə mən də baxmışam. Bu necə şeydir? Təəccüblüdür!
Gəldiyev tez dedi:
– Professor, bu ayrısıdır, sən deyən "Ürək" deyil. Bizdə iki "Ürək" vardı: biri elə, biri belə!
Vəzirbəyli dinmədi. Xəyalına nə gəldisə, üzünü məclisə tutdu:
– Yoldaşlar, cavan bir mühəndis var, tanınmamış olmazsınız. Vahid! Onun layihəsinə kim baxıb?
Gəldiyev dilləndi:
– Onu nə bilmək olar? Proyektlərə ad yazılmayıb ha!
– Yox, o elə iş olmasın gərək! Çox qabiliyyətli mühəndisdir.
Gərək ki, iştirak eləyir, işləyirdi. İştirak eləyir, yaxşı da fıkirləri, planları var, neçə dəfə mənim yanıma məsləhətə gəlib.
Verdiyev dedi:
– Professor, Gəldiyevin proyektində də təzə fikir az deyil.
– A Ola bilər. Tanışdırlar. Gəldiyev bizə danışan kimi, ona da danışıb da!
Vəzirbəyli alnını qaşıdı, çeşməyini gözündən alıb sildi və yenə də taxdı:
– Güman eləmirəm. Vahid məğrur adamdır. Kim oxuyub onun layihəsini?
Heç kəs cavab vermədi. Poladov Gəldiyevdən soruşdu:
– Resenziyaya verilməmiş əsər varmı?
Bu danışıqlar Gəldiyevin canına elə üşütmə salmışdı ki, az qalırdı, dişi bir-birinə dəyib şaqqıldasın.
– Bağlı konvertdir, nə bilim kimindir? On yeddi proyekt gəlib, hamısına baxılıb.
Vəzirbəyli dedi:
– Bu məsələ, Bayıl, Zığ məsələsi, yaşıllaşma, metro planı... Bunlar daha hansı layihələrdə var.
Verdiyev hirsləndi:
– Canım, bunları çox adam yazıb, deyib, ancaq layihə çəkə bilməyiblər. Vahid olanda göydən-zaddan gəlməyib ki...
Vəzirbəyli ayağa qalxdı:
– Mən görürəm ki, Vahidin proyekti aralıqda yoxdur. Bəlkə kişinin əməyi itib. Niyə axtarmayaq? İki dəqiqə mənə möhlət verin.
Vəzirbəyli telefona yaxın gələndə Gəldiyevin ürəyi tıp-tıp ilə köksünü dəlmək istədi:
– Görünür yoldaş Vəzirbəylinin gizli imzalardan xəbəri var!
Gəldiyev bunu deməklə Vəzirbəylinin hiylə işlətdiyinə işarə vururdu. Professor isə səmimi anladı:
– İmzadan yox, yaxşı əsərlərdən xəbərim var! Çəkənlərin çoxunu tanıyıram. Vahidin özünə üç dəfə məsləhət vermişəm, o əsərin taleyi məni maraqlandırmasın?
Poladov tələb etdi:
– Soruşun özündən görək?
Vəzirbəyli zəng elədi, Vahid tapılmadı. Evinə telefon elədi:
– İndi harda olar o? Plan idarəsindən danışırlar...
Vəzirbəyli məyus olub telefonun dəstəyini yerinə qoydu.
– O işə çox ümid bəsləyirdim: məəttəl qalmışam, bəlkə çatdıra bilməyib. Axı o, gecə-gündüz çalışırdı.
Verdiyev professorun dediklərinə məna verdi.
– Qorxuram bizim belə müzakirəmiz bütün jürinin işini hörmətdən sala. Necə yəni, olan əsərlər buradadır. Resenziyalar da burada, fıkirlər məlum! Mükafat da təyin olunub, qurtarıb. Daha durub təzədən əsər axtarmağa nə ad qoyaq?
Verdiyevin dedikləri Vəzirbəylini qəzəbləndirdi.
– Yoldaş İslam Verdiyev, üzdə olmayan əsərlərlə də maraqlanmaq bizim vəzifəmizdir. Çoxları istərdi ki, Vahidin özü də üzdə olmasın.
Professorun bu işarəsindən Gəldiyev güllə dəymiş kimi, yerində hərəkətsiz qaldı. Verdiyev söz tapa bilmədi. Vəzirbəyli sədrə döndü:
– Tələbəmdir, eləsi hər il yetişmir, hər adamdan çıxmır. Onun işini mən görmək istəyirəm. Mən baxdıqlarımın heç biri Vahidin qələminə oxşamır. Professorun hərarətli və etimadlı danışığı hamının diqqətini cəlb etmişdi. Bu halda qapıçı gəldi.
– Bir oğlan gəlib, yoldaş Poladov.
Vəzirbəyli əl elədi:
– Nayıbov deyil?
– Bəli, Nayıbov Vahid.
– Gəlsin!
Vahid əlində dəsmal, təngnəfəs içəri girdi. Poladov soruşdu:
– Siz müsabiqəyə əsər hazırlayırdınızmı?
– Bəli, hazırlamışam.
– Bəs hanı!
– Sizdə!
– Əsərinin adı nə idi?
– "Açıq kitab".
Vəzirbəyli heyrət edən bir tövrlə qollarını açdı:
– Mənə rast gəlməyib.
Üzvlərdən biri də şərik oldu:
– Mən də oxumamışam.
Vəzirbəyli Verdiyevdən soruşdu:
– Bəlkə sizin əlinizə keçib!
– Xeyr. O adda əsər görməmişəm.
Vahidin rəngi qaçdı:
– Təxminən bir ay olar ki, mən gətirib qeyd elətdirmişəm. İtsə, bilmirəm daha mən nə edecəyəm.
Vəzirbəyli Verdiyevə eşitdirdi:
– Gördünüz, yoldaş Verdiyev, mən bir şey hiss etməsəm demərəm. Nəsə qaranlıq gəlir.
Sədr Gəldiyevdən soruşdu:
– Bu nə işdir?
Gəldiyev özünü ağır tutdu:
– Gələn əsərlərin hamısı resenziyaya verilib. Onun cavabı Poladovu lap şübhəyə saldı. Vahiddən soruşdu:
– Əsərini görsən tanıyarsanmı?
– Ana övladını tanıyan kimi!
Poladov zəngi basıb, texniki katibi çağırdı:
– Gətir bura işlərin hamısını.
Verdiyev razı olmadı:
– Yoldaşlar, - dedi, - bu cəncəl məsələdir. İclas işi deyil. Tapşıraq katibə yoxlasın, sonra müzakirə edərik.
Vəzirbəyli qoymadı:
– Yox, yox, bu saat həll edəcəyik.
Vahid lülələnmiş, cürbəcür kağızları bir-bir nəzərdən keçirib ötürdü:
– Yox, bu deyil, bu mənim xəttim deyil... Başa çıxanda sədr Gəldiyevin üzünə baxdı:
– Hanı bəs?
– Olan budur ki, var!
Vəzirbəyli dedi:
– Mən görürəm ki, Vahidin işi ortalıqda yoxdur. - Üzünü Gəldiyevə tutdu: - Bir zəhmət çək, öz proyektini bura ver!
Gəldiyev onun nə demək istədiyini anladı və ağardı:
– Professor, bu lap hörmətsizlik oldu ha.
– Baxmaq istəyirəm, niyə ayrı rəng verirsən?
– Yoldaş Poladov, xahiş edirəm nəzərə alınsın ki, mənim mükafat almış əsərimi şübhə altına salmaq istəyirlər.
Verdiyev də şərik oldu:
– Professor, sizdən gözləməzdim. Çox qəribədir.
Poladov danışığı kəsmək istədi:
– Yoldaş jüri üzvləri, gəlin siz bu məsələni mənə etibar edin, arxayınlıqla məşğul olarıq.
Bu təklif Verdiyevin də ürəyindən idi:
– Bizim institut işçilərinin də başı qarışıqdır, məruzəmiz-zadımız var, xahiş edirəm bu müzakirəni, sədr demiş, arxayın vaxta qoyaq...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-ikinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
"Ölərsəm, görmədən Darçın xanımda eşqimə istək,*Yazılsın səngi-qəbrimdə: ürək məhzun, can məhzun".*
QaymaqMehbalı kişinin Məşədi Möhsünlə haqq-salamı vardı. Onu zəmanənin təmiz və doğru adamlarından sayardı. Mehbalı kişi bir inəyinin məhsulunu ancaq ona satardı.Qış gecəsinin ayazında donmuş və qalınlaşmış qaymağı mis kasaya tökər, kasanın ağzını dəsmalla örtər, ovcuna alıb vağzala, Məşədi Möhsünün dükanına yollanardı.
SaraMəmmədhüseyn əhvalatı eşitmişdi. Darvazadan girəndə gözündən od tökülürdü. Xəkəndaz əlinə keçdi, ucadan bağırdı:– Səni mənə calayamn atası tünbətün olsun!
“Kim”in andıHavaxtdandır ki, Bəhramgildə bir bahar şənliyi var. Zivər çiçək kimi açılmış, Lalə xala isə onun başına dolanır. Ev, ailə böyük yubiley qarşısında imiş kimi, hazırlıq görürlər. Lalə xala süpürür, yuyur, çırpır, təmizləyir. Zivər isə sakitcə əyləşərək tikir, gül vurur, olduqca maraqlı əl işi tikdiyi üçün kefi gəlir. Hərdən özü-özünə gülür. Gələn, gedən - hamı bu sevincə şərik olur. Zivərə kömək edib, onu əyləndirirlər.Bəhram isə hay-küy ilə fabrikdən gəlir:
Başqa şairlərin şeirləri
Ərəsət günüdür, qoç igidlərim,Düşmənlər əlində daş oynatmasın.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Bundan sənə nəAləmi palçıqdan yaradıb, yapdm,Yapıb da neylərsən, bundan sənə nə?
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər