Qaymaq
Mehbalı kişinin Məşədi Möhsünlə haqq-salamı vardı. Onu zəmanənin təmiz və doğru adamlarından sayardı. Mehbalı kişi bir inəyinin məhsulunu ancaq ona satardı.
Qış gecəsinin ayazında donmuş və qalınlaşmış qaymağı mis kasaya tökər, kasanın ağzını dəsmalla örtər, ovcuna alıb vağzala, Məşədi Möhsünün dükanına yollanardı.
Hər səhər Mehbalı kişinin vacib işi bu idi. Yolda birisi, şəhərdən gəlmiş bir qaymaq tamarzısı çıxıb desəydi ki:
– Ay Mehbalı dayı, neçə istəyirsən al, o qaymağı məndən eləmə! - Mehbalı kişi qulaq verməzdi. Kasa dolusu qızıl da versən, sözündən dönməzdi və:
– Qaymaq Məşədi Möhsünündür! - deyərdi.
Mehbalı kişi qaymağı neçəyə satardı? Məşədi Möhsünlə necə şərtləşib kəsişmişdi? Biz bunu bilmirik.
Yəqin etmək olardı ki, bunu Mehbalı kişi özü də bilmir. Onun bildiyi şey bu idi ki, Məşədi Möhsün qaymağı görən kimi gülümsəyir. İki barmağının arasında sıxdığı kəhrəba müştüyünü yerə qoyub müştərisinə əl verir, əhvallaşır, kasanı tərəzinin bir gözünə qoyur, o bir gözünə çəki daşları yığır. Daşlar çatışmadıqda, kasanın ləngəri yerdən qalxanadək soğandan, sarımsaqdan, alça qurusundan, fındıqdan, qozdan... əlinə gələni tərəziyə atır. Sonra qısa və ucu getmiş karandaşı ilə qaymağın çəkisini divara yazır. Qabı boşaldıb, Mehbalı kişiyə qaytarır və: "Xoş gəldin!" - deyir.
Mehbalı kişi nə daş-tərəziyə, nə də haqq-hesaba baxardı, çünki bundan arxayındı. Ancaq Məşədi Möhsünün qabı nə vaxt boşaldacağını gözlərdi. Məşədi Möhsün haqq-hesabı divara qeyd eləyəndə, Mehbalı kişi elə zənn edərdi ki, qaymağın pulu cırınqhacırmqla gəlib cibinə tökülür. O zaman kənddə kooperativ də yaxşı işləmirdi. Mehbalı kişi hər şeyi Məşədi Möhsündən alardı. Qaymağı təhvil verər, qayıdıb getmək istəyəndə yadına düşərdi ki, evə kibrit lazımdır, arvad zəncəfil tapşırıb... Kibrit və zəncəfili alardı, utana-utana soruşardı:
– Məşədi, indi zəhmət də verirəm, hesabımız nə sayaq oldu?
Məşədi Möhsün müştüyünü bir ağız sorar, qalın və mavi tüstüdən yumulan gözlərini qıyar, əyilib divardakı siyahıya baxar, barmaqlarını oynadar, çötkəyə vurar, cavab verərdi:
– Deməli, bir kasa da qaymaq gəlsə, əl-ələ, baş-başa çıxarıq. Eybi yoxdur, gətirərsən, baxarıq. İndi Allaha şükür, özgəsi deyilsən ki...
Mehbalı dərhal boyun olardı:
– Bir kasa demədin?
– Bəli, bir kasa.
– Baş üstə!
Bir gün iş elə düşdü ki, Mehbalı kişi obaşdan yoncalığı sulamağa gedəsi oldu. Axşamdan arvadına tapşırdı:
– Mən suda olacağam, gədə duran kimi, qaymağı ver, aparsm. Tez çatdırsın ha, kişi gözləyəcəkdir!..
Səhər arvad qaymaq kasasını dəsmala bağlayıb səkkiz yaşlı oğlu Nadirə verdi və kürəyindən vurub həvəsləndirdi:
– Di balamsan, qaç, qaç, ver! Tez qayıt gəl, çörəyini ye! Sənə süd verəcəyəm.
Nadir dəsmalı sallaya-sallaya vağzala yollandı. Qışdı, lakin gün çıxmışdı. Yollar qurumuşdu. Arxlardan bulanıq su axırdı. Yollardan fayton, araba, hərdən də bir avtomobil ötürdü. Qaymaq tökülməsin deyə, Nadir dönə-dönə qaba baxırdı. Hər baxanda tamahı artırdı, dəsmalı aralayıb, kasanın qapağını götürür, kəhrəba kimi sarı qaymağı görəndə tamah güc gətirirdi.
O, gözünü açandan mal otarmağa getmişdi. Qapılarındakı inəyin yay, qış ağır zəhmətini çəkmişdi, çəmənlərdən ot qurtarana qədər onu otarardı. Ot olmayanda ağaclara dırmaşıb ərik, tut yarpağı tökərdi. Payızda isə yemiş, qarpız qabığını ətəyinə yığıb, gətirərdi. Səliqə ilə doğrar, üstünə bir az da duz səpər, inəyin qabağına tökərdi. İnəyi əzizlər, bəslərdi.
Nə üçün?
İnəyin balası üçün, inəyin südü, qatığı üçün.
Nadir qaymaq yemişdi, onun dadını bilirdi. Lakin o, ömründə öz ixtiyarında bir kasa qaymaq görməmişdi. Nədənsə, Nadirin inəyinin qaymağı dükançı Məşədi Möhsünə çatırdı. Evdə kimsə bu qaymağa əl vurmazdı. Hər səhər Nadirin atası qaymağı sahibinə - Məşədi Möhsünə çatdırmamış rahat olmazdı.
Nadir qaymağa baxdıqca sarı inək gözündə daha da böyüyürdü. Tamah güc gətirdi. İki barmağını salıb qaymaqdan bir lay götürdü, ağzına qoydu. Dedikcə ləzzətli idi. Nadir bir şeyə məəttəl qalmışdı: "Belə ləzzətli şeyi anam mənə nə üçün vermir? Bəs atam nə üçün bunu özü yemir, nə üçün o, yavan çörəyi dişinə çəkir, bu cür ləzzətli şeyi Məşədi Möhsünə verir?"
Nadirin uşaq ağlı bu sirri aça bilmirdi. Fikir-xəyal içində vağzala çatdı. Kasanı Məşədi Möhsünün qabağına qoydu.
Məşədi Möhsünün başı qarışıqdı: şey yığışdırırdı. Nadirin heç üzünə də baxmadı. Qaymağın ağzını açıb baxdı, Nadirin qabağına itələdi:
– Götür, - dedi, - götür! Üzünü yeyib, altını mənə gətirmisən? Mən bunu kimə satım? Götür apar! İşim var, məəttəl eləmə!
Bunu deyib yenə tələsik işinə məşğul oldu.
Nadir qaymağı götürüb qayıtdı. Yəqin etdi ki, atası bilsə, onu döyəcəkdir. Atasına nə cavab verəcəyini ürək döyüntüsü ilə fikirləşirdi.
Axşam Mehbalı kişi çiynində bel, qolları dirsəyə qədər çırmalı, yorğun bir halda evə qayıtdı. Yedi, içdi, isti su ilə yuyunub rahatlandı. Birdən qaymaq yadına düşdü.
– Nadir, - dedi, - Məşədi Möhsün bir söz demədi?
Nadir cinayət işlədiyini bildirən bir tabelik və intizarla divara qısılmışdı. Yavaşca və qısa cavab verdi:
– Yox!
Nadirin cavabı atasını kifayətləndirmədi:
– Çəkdi, götürdümü? Haqq-hesabını yazanda gördünmü?
Nadir dinmədi. Anası ona kömək etdi.
– Yox, Məşədi Möhsünün dükanını heç tapa bilməyib, qaymağı qaytarıb gətirib.
Mehbalı birtəhər oldu:
– Necə yəni qaytarıb? Qaymaq hanı?
Mehbalı kişi taxçada qaymağı görəndə döyüküb qaldı. Bu işi uşağın öhdəsinə atdığına peşman oldu. Kasanın ağzını açıb baxanda işin həqiqətini anladı:
– Adə, ay it südü əmmiş, bu qaymağın başına nə gəlib?
Mehbalı bunu deyib ayağa qalxanda Nadir ağladı. Anasına sığındı, anası məsələni açdı:
– İşin olmasın, a kişi, gədə qaymağın üzünü alıb. İşin olmasın, mən o ki var döymüşəm.
Mehbalı kişi hirsini yeyə bilmədi. Ona elə gəldi ki, Məşədi Möhsünlə neçə ildən bəri saxladığı haqq-salam pozulmuşdur. Nadir bu hərəkəti ilə uzun illərin dost-aşnalığını bir saxsı qab kimi, vurub sındırmışdır. Bu gün qaymaq olmadığından Məşədi Möhsün, kim bilsin, nə qədər əsəbiləşmiş, öz dostunun dalınca necə deyinmişdi!
– Ay səni sağ yemiyəsən! Xalqın malına tamah salmasaydın, ölərdin? Mən sabah kişiyə nə cavab verim?..
Nadir fürsət tapıb dəhlizə keçdi, küçəyə qaçdı. Küçədə heç kəs yox idi. Hava qaranlıqlaşmışdı. Küçənin sonunda bir söyüd ağacı vardı. Nadir başını ağacın soyuq gövdəsinə söykəyib ağlamağa başladı.
Nadir həmin bu söyüd ağacından sarı inək üçün nə qədər yarpaq tökmüşdü! Yaz günləri onu doydurmamış, qarnını şişirməmiş evə qaytarmazdı. İnək qazan dolusu süd verərdi. Nədənsə süd qazana tökülər-tökülməz çevrilib özgənin malı olurdu. Budur, həmin inəyin qaymağı özgənin malıdır. Bir barmaq yediyi üçün Nadiri döyürlər, söyürlər...
Gördüyü işin peşmanlığından alovlanan qəlbini göz yaşları ilə söndürmək istəyirdi. Qayıdıb atasına yalvarmaq, bir də özgə malına əl vurmayacağma and içmək, günahını bağışlatmaq istəyirdi. Lakin Mehbalı kişi Məşədi Möhsünlə görüşərkən, hirsi daha da artacaq, dostunun danlağım eşidib, Nadiri yəqin ki, kötəkləyəcəkdi.
Sabahısı gün Mehbalı qaymağa xüsusi diqqət yetirdi. Bir az artıq eləməyə çalışdı. Vaxtından əvvəl götürüb Məşədi Möhsündən üzrxahlığa getdi.
Məşədi Möhsünün dükanını bağlı görüb təəccüb elədi. "Yandıram",
– deyə ətrafına baxındı. Diqqət etdi, girvənkəlik qıfılın üstündən sallanan qırmızı möhrü görüb anladı: "Kişinin dükanını möhürləyiblər!"
Bir müddət duruxdu. Sağa keçdi, sola keçdi, Məşədi Möhsünün harada olduğunu, başına nə gəldiyini öyrənmək üçün kimə yanaşdısa, doğru xəbər deyən olmadı, hərə bir cür söylədi:
– Malı əskik çəkib.
– Naloq verməyib.
– Dükanı hökumətə lazımdır.
Bu xəbərlərə qane olmadısa da, qayıtdı. Heç olmasa, qaymağı onun evinə çatdırmağı qət etdi.
Məşədi Möhsünün evi də qıfıllı idi. Qonşusu qarovulçu Pirinin deməyinə görə: "Nə əngəlli işi vardısa, gecə ikən köçüb qaçdı".
Mehbalı kişi yenə qaymağı yiyəsinə çatdıra bilmədi. Dostu Məşədi Möhsünün fəlakətini unudub qaymağın hayına qaldı. Əlindəki kasanın dərdi ağır bir yük kimi onun boynuna düşmüşdü. Həmişə asanlıqla, deyə-gülə təhvil verdiyi özgə malının sahibi yoxa çıxmışdı. İndi o, nə edə bilərdi? Qaymağı uzun müddət saxlamaq mümkün deyildi. Gün bir cida boyda qalxana qədər vağzalda, bufetin kənarında yük vaqonlarının arasında, faytonlar dayanan meydançada gəzindi. Qaymağın sahibi tapılmadı ki, tapılmadı! Çoxlu fikir-xəyaldan sonra kor-peşman evə qayıtdı.
Kasanı taxçaya qoydu, fikrə getdi. Arvadı kişini bikef görüb soruşdu:
– Nə oldu? Yenə almadı? Axı nə deyib almır, kəhrəba kimi qaymağı? Heç bir dil-ağız eləmədinmi, ay Allahın mağmunu?
Mehbalı kişi əhvalatı arvadına dedi, arvad baxdı, baxdı, dilləndi:
– Cəhənnəmə möhürləyiblər! Daha sən niyə pozulursan?
– Necə pozulmayım ki, kişinin qaymağını qaytanb gətirmişəm.
– Qaymaq kişinin hardan oldu? Daş düşsün onun başına, heç almasın!
Arvadın sözü, deyəsən, Mehbalının gözündən pərdəni götürdü. Mehbalı kişi özünü toplayıb, bir də fikirləşəndə gördü ki, həqiqətən qaymaq Məşədi Möhsünün deyil, lap onun özünün malıdır; inək onun özünündür, inəyi otaran öz oğlu, qaymağı tutan öz arvadı! İnəyin yemi də öz yoncalığından, öz kərəntisi ilə biçdiyi zümrüd kimi yonca!
Bəs nə təhər olurdu ki, indiyəcən bu qaymaq Məşədi Möhsünün dükanına daşınırdı?
Mehbalı bu sirrin mənasını anlamaqda çətinlik çəkdi. Başqa kəndlilərin işini də nəzərinə gətirəndə eyni sirri gördü. Doğrudan da, kəndlilərin bostan məhsulu, ağartısı, kotan məhsulu vaxtı ilə bu dükanlara getmirdimi? O dükançıların kəndli ilə nə ortaqlı malı vardı? Kəndli pambığını, yununu, buğdasını onların qabağına aparmağa məcbur idi?
Mehbalı kişi indi başa düşdü ki, Sovet hökuməti nə üçün alverçilərin dükanını möhürləyir, kəndliləri aldadanları cəzalandırır. Qalxdı, kasanı gətirib ortaya qoydu, səsləndi:
– Arvad, süfrə gətir! Çay tök!
Arvad süfrə açdı. Çay gətirdi. Mehbalı Nadiri yanına çağırdı. Bir qaşıq özü götürdü, birini də oğluna verdi:
– Ye, ye, oğul, ye! Bu çağa kimi avam olmuşuq!
Mehbalı yedikcə ağzı dada gəlirdi.
– Hansı səfeh oğlu bundan sonra qaymaq satar? Özüm yeyəcəyəm!
Özüm kinidən əskiyəm? — deyə Mehbalı təntənə ilə bildirdi. O, böyük bir şey kəşf etmiş kimi sevindi.
Nadir qaymaqdan götürdükcə atasının üzünə baxırdı. Təəccüb edirdi ki, kişi nə üçün hirslənmir? Nə üçün qaymağı yeməyə izin verir?
Anası zəncəfil çayının hayında idi.
– A kişi, bəs Məşədi Möhsün də yığışdırdı, zəncəfili haradan alacaqsan? - dedi.
– Zəncəfili neynirsən?
– Sancımın dərmanıdır! Necə neynirəm?
Mehbalı kişi udqunub, cavab verdi:
– Sən hər səhər bu qaymaqdan doyunca ye, havaxt sancılansan, mən cavabdeh! Qoy indi də zəncəfili Məşədi Möhsün özü yesin. Əlinə dönüm Sovet hökumətinin, onun sayəsində gözümüz açıldı. Qaymağın əsl sahibi gəlib çıxıb!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-qaymaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.
Sınaq günü1Məni məktəbə, pansiona götürdülər. Anamdan ayrıldığım gün birlikdə sevindik də, ağladıq da... Səhər açılar-açılmaz o, yataqxanaya girib, şirin yuxuda yatan uşaqlar arasından məni tapmışdı.
Ayaz1Hələlik darıxmayın, mən Əkbərin cavanlığından danışmaq istəyirəm.
Yanlış barmaqlarDostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.
Başqa şairlərin şeirləri
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
QaldıQarşı yatan qarlı dağlar,Dağlar, sendə qanm qaldı.
Mən oldumEy ağalar, rəvamıdır bu gündəYar üzünə həsrət qalan mən oldum,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.