Yanlış barmaqlar
Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Erkək ətin bozartması, soğan-sirkə, camış qatığı, sarı yağ, kəhrəba kimi buğda çörəyi. Süfrənin ortasında qızıl minarə kimi yüksələn bir çetverlik Kaxet çaxırı. Çay stəkanları dolur, şüşə get-gedə ağarır, süfrənin nizamı pozulur, çəngəl, bıçaq bir-birinə qarışır. Süfrə başındakıların qəhqəhəsi ucalır. Bayatı, şikəstə, musiqi, mahnı, "sağ olaq, mən ölüm" səsləri bir-birinə dəydikcə qabların içinə tökülüb, çilik-çilik olur. Çox keçmir, bu balaca otaq özünə gəlir. Doymuş qarınlar stola yapışır, sərxoş başlar söykənəcək axtarır. Yuxu, gecənin hakim komandanı, bir ilıq duman olub gözlərə dolur. Gözlər xumarlanır, kirpiklər süzülür, otaqda hərəkət kəsilir. Kimi üfürür, kimi xoruldayır, kimi də keçinmək üzrə olan xəstələr kimi, əl-qolu sallanmış, boyun əyilmiş halda xoruldayır. Bir sözlə, hər şey sərxoş və qeydsizdir. Pəncərədən baxan ay bu dostlara gülüb ötür.
Muradlı saat 11-da gözlərini açan kimi, dərs yadına düşdü. Tələsik özünü yığışdırdı, papağım başına basıb qaçdı. Məktəbə çatanda gördü ki, uşaqlar idman meydançasında atılıb oynaşırlar. Muradlı utandığından başını aşağı salıb yeyinlədi, özünü vacib bir iş və ya təsadüf üzündən gecikmiş göstərmək istəyərək ciddiləşdi. Uşaqlar onu görən kimi, toplanmağa başladılar.
– Müəllim, toqqanız sallanır!
– Müəllim, papirosunuz düşdü!
O, tələbələrin bu qeydindən utandısa da, mimikasını dəyişmədi.
– Eybi yoxdur, - deyə əzilmiş, bükülmüş papirosu alıb, şalvar cibinə soxdu.
– Gəlin, uşaqlar, onsuz da gecdir! Dərsə!
Uşaqlar sinfə doldular. Muradlı müəllim otağından jurnalı götürüb, dərsə girmək istədikdə gözü pəncərədən yamaca köç yoluna sataşdı. Bir portfelli oğlan gördü. Yarılğandan enib, düz məktəbə tərəf gəlirdi. Muradlı onun nabələdliyindən anladı ki, bu, yeni inspektordur. Təşvişə düşdü. “Bu nə bədbəxtlikdir... gəlib dərsə girəcək... Mən nə danışacağam?.." Tələsik sinfə girib, uşaqların diqqətini topladı:
– Görürsünüz, balam, odur yamacdan aşağı düşən inspektordur. Sizi yoxlamağa gəlir. Bilməsəniz, sizə pis olacaq, mənə ayıb. Bax, belə eləyək. Müzakirə edəcəyəm. Oradan-buradan soruşacağam. Bilən-bilməyən hamınız barmaq qaldırın! Sual ağzımdan çıxmamış barmaq göydə oynasın!
– Müəllim bəs...
– Dayan, - deyə Muradlı tələbənin sözünü ağzında qoydu. - Dayan. Ancaq bilənlər sağ əlini qaldırsın, bilməyənlər sol əlini! Mən həmişə sağ əllərə söz verərəm.
Müəllim inspektorun qabağına çıxdı. O, ayağını pilləkənin son pilləsinə qoyanda Muradlı əlini uzatdı.
– Xoş gəlmişsiniz, buyurun!
– Sağ olasınız! Bura məktəbdirmi?
– Bəli, məktəb buradır. Buyura bilərsiniz. Dərs keçirik.
İnspektorun mülayim hərəkəti, tabe vəziyyəti müəllimi sevindirdi. Onun iztirabı azaldı.
Müəllim, inspektor da onun dalınca sinfə girdilər.
Müəllim qışqırdı:
– Ayağa qalxın!
Uşaqlar gurultu ilə qalxdılar. Onlara oturmaq icazəsi verəndən sonra Muradlı əlini ovuşduraraq başladı:
– Hə, yoldaşlar, dərsimiz sual-cavabdır. Köhnə dərsləri bir az yadımıza salaq.
– Salaq.
– Kim mənə deyər: Zaqafqaziyada mərkəz haradır?
Sual qurtarmamış "barmaqlar göydə oynadı". Muradlı bu vəziyyətdən razı və təvazökaranə bir surətdə inspektorun üzünə baxdı, gülümsədi. Sağ əllərə söz verməyə başladı.
– Hə, sən de görüm. Qafqazda mərkəz haradır?
– Yevlax.
Bu cavab müəllimə qəribə gəldi. Tələbənin üzünə də baxmadan ötdü.
– Sən de görüm?
– Xəzər dənizi!
– Xəzər dənizinin harası? - deyə, müəllim başqasmdan soruşdu:
– Xəzər dənizinin ortası!
Müəllim başilə "Yooox!.." işarəsi edib, başqasına keçdi.
– Dibi!
– Böyrü!
Müəllim qızardı və tərlədi. İztirabını gizləmək üçün sinifdə o tərəf-bu tərəfə gedirdi. Yaylığım çıxarıb, alnını silmək istəyəndə xırda pullar yerə töküldü. İki şahılıqlar diyirlənərək sanki müəllimin başına dolanmaq istəyirdilər. Qabaqda oturan uşaqlardan biri yığıb, stolun üstünə qoydu.
Müəllim pərt olmuşdu. Uşaqlar da mat qalmışdı. Onlar müəllimin sözünü səhv başa düşmüşdülər. Bilməyənlər sağ əlini qaldırmışdı. Belə zamanlarda nədənsə vaxt da qurtarmır. Zəng iki saat çəkir. Hər dəqiqə adama bir il gəlir.
Muradlı özünü itirdi, başqa suala keçdi. Barmaqlar etimadını qırdığı üçün tanıdığı tələbəni birinci qaldırdı.
– Cəlal, sən de görüm, kənd təsərrüfatını reqonstruksiya etmişikmi?
Cəlal ayıq və ciddi tələbə idi. Mənasını anlamaq istədi.
– Müəllim, reqonstruksiya nədir?
Muradlı bir duruxdu, lakin yeri deyildi. "İnspektor adamın atasıru yandırar. Tələbəni başa salmaq lazımdır".
İki əli ilə stola söykəndi. Bir inspektora, bir də pəncərəyə baxdı.
– Bəs qəzet oxumursunuz? Orada yazılıb ki!.. Reqonstruksiya... reqonstruksiya, necə deyərlər... Dilimizdə söz yoxdur ki! Nə cür deyirsən, çıxmır. Reqonstruksiya... bilirsiniz nədir? Bunu belə demək olar ki, fabrikaya girirsən, qapıdan girirsən, fabrikaya. Görürsən, bir yanda maşınlar, bir yanda fəhlələr vurhavur işləyirlər, bir tərəfdə də əlində tüfəng qaraul durmuş. Belədə adam birtəhər olur. Adamın ürəyi şad kimi olur. Əlbəttə ki, dostun ürəyi şad olar. Elə ki, birtəhər olursan ha, ona reqonstruksiya deyirlər. Başa düşdün də, Cəlal?
Bu halda zəng çalındı. Elə bil Muradlı həbsdən qurtuldu. O, qəmgin, pozulmuş, tabe halda inspektorun qoluna girib, irişə-irişə danışırdı:
– Kənddir də, evi yıxılsın keçən müəllimlərin, bunlara bir şey öyrətməyib ki! Məcbur olmuşam, başdan başlamağa... zənnimcə... nəzərə...
İnspektor portfeli götürüb çıxmaq istədi və soruşdu:
– Kənd sovetinin idarəsi haradadır?
Müəllimin dizləri titrədi. "Bu insafsız oğlu birdən-birə akt bağlamaq istəyir. Mən nə eləmişəm ki? Bu nə idi mən düşdüm? Nə yaman adam imiş. Suyun lal axanı...".
İnspektor balkona çıxdı, bir də soruşdu:
– Kənd soveti harada olur?
Uşaqlardan biri irəli yeriyib barmağilə göstərdi:
– Odur, çardaxlı damın qabağında. Daş evdə.
İnspektor cibindən bir kağız çıxarıb Muradlıya uzatdı. Muradlı qorxu və həyəcanla oxudu:
"Həsən Qasımov yoldaş Qumlu kənd sovetinə katiblik vəzifəsinə təyin olunur."
Muradlıda sevincqarışıq bir təəccüb doğdu. Gözünü kağızdan ayıra bilmirdi.
İnspektor əlavə etdi:
– Kənd sovetinə katib gəlmişəm, yoldaş müəllim.
Muradlı onun üzünə baxıb, qeyri-adi halda qaqqıldadı:
– Bay sənin, ay kişi, atan-anan yarımasın, hey!
Həsən Qasımov da məsələni anladı, pilləkənlərdən düşüb gedəndə gülə-gülə Muradlıya dedi:
– Nahaq çaşdın, müəllim, mən inspektor-zad deyiləm, amma reqonstruksiyanı düz demədin, öz aramızdır, incimə...
Muradlı gülümsədisə də ürəyində ehtiyat elədi:
– Bu söz maarif şöbəsinin qulağına çatmaya...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-yanlis-barmaqlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.
EhtiramAğsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.
Heykəl uçulandaMənəm-mənəm deyənlərin inanma çox da qovluna!*M.Ə.Sabir*
Ay İsmayıl, başa sal!Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?
Başqa şairlərin şeirləri
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
Can alanBu nə gündü, günü qara düşübsən,Əvvəllərdə işvə-nazı can alan.