Səhifə 1 / 2

Məmmədhüseyn əhvalatı eşitmişdi. Darvazadan girəndə gözündən od tökülürdü. Xəkəndaz əlinə keçdi, ucadan bağırdı:

– Səni mənə calayamn atası tünbətün olsun!

Hirs kişini boğurdu. Sözünü bitirə bilmədi. Kəlməbaşı Saranın dizinə, başına, kürəyinə ilişdirdiyi zərbələrin taqqıltısı ilə ürəyindən tikan çıxarırdı. O vurduqca, odun yaran kimi bir "hıqqıltı" səsi çıxırdı.

– Axı... hıııı! mənim... hıııı!.. evimdə hı!.. hıı!

Qonşu arvad Giləxanım xala özünü Saranın üstünə atdı:

– Ay Məmmədhüseyn qardaş, nə qayırdığmdır? Bu candır axı! Bədbəxti öldürdün ki! Bəsdir! Sən Allahın, bəsdir!

Bir xəkəndaz zərbəsi də Giləxanımın dirsəyinə toxundu. Arvad ufuldadısa da, Saranı əldən qoymadı.

Artıq Məmmədhüseynin ağzı qayıtmışdı. Hirsinin qalanını Cəmilin üstünə tökəcəkdi.

Cəmil qışqıraraq özünü qadınların üstünə atdı. Məmmədhüseyn ilanın başını əzmək istəyirmiş kimi, bir əli ilə divara söykəndi, o biri əli ilə Cəmilə bir xəkəndaz ilişdirə bildi.

Dəfələrlə içinə mal əti qoyduğundan kirlənmiş, qan ləkəli dəsmalını çıxardıb alnının tərini sildi. Birdən bir şey yadına düşmüş kimi, ayağa qalxdı.

– Giləxanım bacı, dayanma! Şeyləri verin, yerbəyer eləsinlər.

Məsələ aydındı. Bu saat evin şeylərini gizlətmək lazımdı.

– A qız, Bilqeyisə kömək elə!

– Sara, samovarı ver, xalçanı qatla!

Şeyləri tələm-tələsik divardan Giləxanımgilə ötürdülər.

Məmmədhüseyn ayə haşiyəli xalçanı səliqə ilə büküb dəsmala bağladı. Saranın gəlinliyində hazırlanmış atlas yorğanı, ağ samovarı, hamam boxçasını, Məmmədhüseynin vəznəli çuxasını (sovet hökuməti qurulandan sonra Məmmədhüseynin ürəyi açılmadı ki, bu çuxanı əyninə taxsın, beş adam içinə çıxsın) və qeyri qiymətdən ağır şeyləri iki dəqiqənin içində yerbəyer etdilər.

Ev dönüb oldu "bir-həsir, bir-Məmmədnəsir."

Sara gözünün yaşını silərək şeyləri daşıyırdısa, Cəmil yenə də həyətin küncündə yenicə yarpaqlanmış armud ağacma söykənib içini çəkirdi.

Dünənki kimi yadındadır: Molla Tağı ilə, bığı xınalı, yekəburun, göygöz, uca və beli donqar bir kişi gəlmişdi. Yağış da yağırdı. Anası əriştəli sıyıq bişirmişdi. Çox söhbət elədilər. Cəmilin anası yük yerinin dalında üzünü tutaraq oturmuşdu. Kişilərə hərdən cavab verirdi. Ağlayırdı da.

– Eybi yoxdur! Cəmil də mənim oğlum. Onu səndən ayırmayacağıq ki! Cəmili böyütmək mənə xoşdur. O da mənim oğlum.

Uzun kişi bu sözləri deyəndə Cəmil anasının dizi üstündə uzanmış, pişik balası kimi oynayırdı. Saranın gözündən axan yaş uşağı diksindirdi. O gündən sonra uzun kişi Cəmilgildə qaldı. Anası da öyrədirdi ki:

– Ona ağa de, o sənin atandır!

Səkkiz il əvvəl olan bu əhvalatı Cəmil xatırlayırdısa da, yenə mütəəssir olmurdu. Cəmili təsirləndirən başqa bir şeydi.

Bir həftə əvvəl məktəb pioner bürosu pionerlərin evini gəzməyi, kimin necə təmiz, nizamlı yaşadığını öyrənməyi qərara almışdı. Yoxlamaq üçün Cəmilgilə gələnlər onun kitablarına, dəftərlərinə, yazılarma, yaşadığı evə, yatacağına baxmış, bəzi şeylər yazmışdılar. Təmizlik üçün gəzdiklərini demişlərsə də, nə qadınları, nə də hamam icarədarlığında ödənməmiş vergisi qalan Məmmədhüseyni inandıra bilmişdilər. Məmmədhüseynə elə gəlirdi ki, "ispextorlar" haradansa eşələyib vergi kağızını tapmışlar, pioner-filan bəhanədir. Hökumət də uşaqları göndərib ki, onun var-yoxunu siyahıya alsınlar.

Məmmədhüseyn özünü itirmişdi. Bu bədbəxtliyin başlıca səbəbini Cəmildə görürdü. Evi hökumətə tanıdan Cəmildir. Yoxsa kim nə bilir ki, hamamçı Məmmədhüseynin yurdu haradadır və nəyi vardır. Bütün bunlara görə, Məmmədhüseyn tez evə qaçıb, şeyləri gizlətmək fikrinə düşmüşdü. Cəmili düşündürən bu idi:

– Doğrudanmı ev şeylərini aparacaqlar? Doğrudanmı bu işlər mənim oxumağıma görə olur?..


Bu gün evləri qapı-qapı gəzmişlər. Hökumət deyib ki, gərək oxumayan qalmasın, Səriyyəni, Giləxanımı, Zinəti, hətta, Məşədixanımı da yazmışlar. Yazanların içində bir saçıkəsik qız da var imiş. Səriyyəyə demişdi:

– Vaxt ikən oxuyun. Bir-iki ildən sonra savadsızlar utanacaqlar. Yadınızdadırım, bir vaxt sizin uşaqları məktəblərə çağıranda, qorxub vermirdiniz. Axırda dadını bildiniz, indi özünüz kağız çıxarıb, oğlunuzu böyük məktəblərə göndərirsiniz. Bax, bu iş də elə olacaq. Hökumət kitab-dəftər verir, yaxşı müəllim verir, yer verir, həftədə bir teatr verir, kino verir. Kim oxusa, aparıbdır. Kim getməsə, özü peşman olacaq.

Saçıkəsik qızın sözləri Səriyyəyə, Leylaya xoş gəlmişdi, ancaq Maman arvad lağ eləyirdi, məktəb tərəfə ikiəlli boğma atıb ağzını büzürdü:

– Qadam onun dəftərinə də, qələminə də! Mən gedib matışqalarla baş-başa verə bilmərəm, bacı! Gündə də müəllimlər yambızımdan bir çimdik götürsünlər ki, yoldaşlıqdır. Yox, a bacı, mən qələt elərəm!

Hələ deyirlər ki, Mamanın əri Hacı Əbdüləli kişi bərk tapşırıbmış ki, elələri həyətə gələndə qapını bağlayıb, desinlər ki, "evdə adam yoxdur".

Hər kəs onların, o şeytan dostlarının əməlinə uysa, nə dünyası olar, nə axirəti...

Sara bunları eşidir, gülürdü. Ona elə gəlirdi ki, bunlar ona aid deyil, çünki onsuz da dərdi çoxdur. Heç hökumət də elə adamlara bənd olmaz, çünki ev-eşik, uşaq dərdi qoymaz ki, başına bir şey girsin. Bir də indi oxumaq Saranın nəyinə lazımdır? Vaxtı keçmiş, günü keçmiş... Kişinin töhmətindən qurtarsa, Cəmilinicə oxutsa, ona bəsdir.

Bu axşam Sara paltar yuyub yorulmuşdu. Böyük çayniki közdə qaynadıb yanına qoymuş, rəngsiz çaydan tez-tez töküb içir, yanğısını söndürmək istəyirdi. Kişi nədənsə çox gecikmişdi. Cəmili də məktəbdə müsamirəyə çağırmışdılar. Sara divardan Səriyyəni səslədi (o, savad kursundan təzəcə qayıtmışdı):

– A qız, darıxıram, təkəm, gəl, bir az otur!

Səriyyə bir işçi qız idi. Şirniçiyə ərə verilmişdi. Əri ilə inciklikləri olduğundan üç həftə idi ki, daha onun evinə qayıtmaq istəmirdi. O, indi özünü sərbəst hiss edirdi. Bu gün ikinci gün idi ki, savad kursuna davam edirdi. Kurs çox xoşuna gəlmişdi. Qayıdan kimi, Saraya tərifləməyə başladı. O, boynunu tərlədən uzun və qara hörüklərini əlinə alıb döşünə saldı. Toxunmaqdan cilalanıb mərmərə dönmüş aralıq divarın daşına dirsəklənib bir az ehtiyatlı, lakin gülərüzlə Saraya anladırdı:

– A qız, yurdda qalan elə sənnən mən imişəm! Kursda arvad istədiyin qədər... Əlinin arvadı, baldızı, Seyidxanım... nədir, o iranlıların həyətində olan arvad...

Saranı maraq götürdü:

– Necə? Ay qız, nə təhər olur? Saç kəsməkdənmi danışırlar? Nə deyirlər sizə? Çadrah qoyurlarını?

– Yox, a qız!.. Sənin saçında nə işi qalıb!.. Mən də sənin kimi bilirdim. Amma elə yaxşı imiş ki! Sinifdə oturan kimi, müəllim gəldi. A qız, bizə salam da verdi ey! Adlarımızı çağırdı. Hərəmizə kitab, cızıqlı dəftər, qırmızı qələm payladı, özü də dedi ki, iki ayda lap su kimi oxumaq öyrədəcəyəm.

Bu halda darvazanın bir tayı özünəməxsus bir şaqqıltı ilə açıldı. Gələn Şümür Məmmədhüseyn idi.

Sara:

– Vaxsey, ciyərin yansın, kişi! - deyə evə təpildi.


Məktəb həyəti uşaqlarla dolmuşdu. Qız, oğlan bir-birinə qarışmışdı. Cəmil anası ilə müdir otağının pilləkənlərində dayanmışdı. Sara ilk dəfə idi ki, oğlu ilə müdirin yanına gəlirdi. O, bu şənliyə yabançı idi. Oğlunun bu yeni həyat ulduzları arasında olduğuna sevinirdi.

Qapı açıldı. Boz kostyum və ağ köynək geyinmiş bir cavan oğlan onları çağırdı:

– Buyurun!

Müdir Sara və Cəmilə yer göstərdi. Oturduqdan sonra onların kefini soruşdu. Cəmil utandığından cavab verə bilmir, yalnız gülümsəyirdi. Sara isə müdirin iltifatından razı idi. Çox şükürlər edir, Cəmilə olan hörmət üçün xəcalət çəkdiyini və bu yaxşılıqların əvəzini verməyə imkan axtardığını bildirirdi.

Müdir dedi:

– Mən Cəmilə heç bir yaxşılıq etməmişəm. Cəmil burada gördüyünüz yüzlərcə uşaqların biri kimi Sovet hökumətinin, sovet məktəbinin oğlu, yeni nəslimizin bir nəfəridir. Doğrudur, siz Cəmilin anasısınız, ancaq Cəmilin daha böyük bir anası var, o da Sovet hökumətidir. Məktəb öz ata-analıq vəzifəsini yerinə yetirir.

Saraya elə gəldi ki, müdir ona məktəbin əhəmiyyətini başa salmaq, ayıltmaq istəyir. "Yəqin, - deyə düşündü, - müdir elə bilir ki, mən də oğlunu məktəbə buraxmayan analardanam." Az qaldı ki, kursda oxuduğuna dair kağızı müdirə göstərib desin: "Başımdakı çadraya baxma! Mən elmin qədrini bilən olmasam, Cəmilin ucundan Şümür Məmmədhüseyn kimilərin vərəmini udmazdım..."

Müdir, ehtimal, Saranı anladığı üçün əsl mətləbə keçdi:

– Sizə zəhmət verməkdən məqsədim bir məsələni danışmaqdır. Pansion məktəblərinə bizdən adam istəyirlər. Seçdik. Yaxşı bilən və yoxsul uşaqlardan altı nəfər gələn ildən hökumət xərci ilə oxuyacaq, yeyəcək, içəcək, geyəcək. Hər şeyləri hökumətdən olacaqdır. Özləri də sənət öyrənəcəklər. Gələcəkdə mühəndis olacaqlar. Ancaq eşitdiyimə görə, sizin yoldaşınız Cəmili çox incidir. Odur ki, mən belə məsləhət görürəm: Cəmil bu ildəncə texnikumun pansionuna keçsin. Hər şey verirlər. Yaxşı da yoldaşları var. Mən özüm ona nəzarət edəcəyəm. Siz də tez-tez onunla görüşə bilərsiniz. Nə deyirsiniz, razısınızmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bayrağı bərk saxla

"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:

19313 dəq
Volqanın qucağında

Bu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.

19313 dəq
Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 dəq
Marksın dostu

Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.

19316 dəq

Başqa şairlərin şeirləri