Təzə toyun nəzakət qaydaları
Səhifə 1 / 2
Qardaşlığım kooperativdə işləyirdi. Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi, görüşə bilmirdik. Bu axşam ona rast gəldim.
– Soyuq! Etibarsız! - deyə məni çox danladı. Bərk tapşırdı ki, sabah Bəhlulun toyudur, gələrsən.
Mən boyun qaçırtdım:
– Vacib işim olacaqdır, - dedim.
– İstirahət günüdür, - dedi, - kimə yalan satırsan? İş-zad bilmirəm, gələcəksən, vəssalam!
Mən ona bibi deyirdim.
– Sözün açığı, bibi, mən təzə toy-zad görməmişəm. Qaydasını da bilmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur. Bibi barmaqları ilə ağzımı yumdu:
– Kiri, kiri! Dünya gör-götürdür. Gəl otur, öyrən. Bəhlul da kənd uşağı deyilmi? O da sənin kimi utancaq, mağmunun biri idi. Getdi, gəldi, girdi, çıxdı. Maşallah olsun, indi nitq deyir. Belə bir gün sənin üçün də var. Sabah-biri gün, allah qoysa, sən də bir halal süd əmmiş tapıb evlənəcəksən. Xeyir işin olmayacaqmı, tifil!
Bibimin sözündən çıxmağa qorxurdum. Səhər qalxıb, şalvarı döşəyimin altından çəkdim, geyindim. Məktəb yoldaşımın saroçkasını aldım. Gümüş zaponka axtardım. Uşaqlar toya getdiyimi bildilər. "Bəxtəvər", - deyə hərəsi bir tərəfdən köməkləşib, məni yar-yaraşığa salmağa çalışdılar. Tamam-kamal toy adamı kimi yola düşdüm.
Saat yeddidə qardaşlığımgilə çatdım. Vurhavurnan hazırlıq gedirdi. Qazan altına odun qoyan kim, daşıyan kim, düyü arıdan, toyuq yolan, taqhataq qənd doğrayan kim... Bibi məni öz otağına çağırdı. Bəy hamamdan qayıtmamışdı. Onun üçün təzə çay dəmləmək istəyirdilər, kim isə limon doğrayırdı. Bibi dedi:
– Sağdış, soldışla gələcək! Bibinin xoşuna gəlmədim. Bəhlulun boyun şallarından birini boynuma elə asdı ki, saçaqları at yalı kimi döşümü örtdü. Çəkməmi çəkib ayağımdan çıxartdı. Bir cüt haşiyəli ipək corab geyindirdi. Belimə sümüklü toqqa bağladı. Bir dəmir qarmaqlı qələm gətirib, döş cibimə keçirtdi, üçbucaq şəklində bükülmüş ipək dəsmalı elə qoydu ki, bir küncü göründü. Şalımın saçaqlarını daradı, yaylığın yanlarından salladı. Güzgüyə baxanda mənə elə gəldi ki, bir boyalı qadın tellərini ayırıb, döşümdə oturmuşdur. Bunları gördükcə mən heyrətimdənmi, xəcalətimdənmi dinmirdim. "Adımı oxumuş qoymuşam, bibi məndən çox bilir", - deyə düşündüm. Bibi bununla kifayətlənmədi. Hamı eşiyə çıxandan sonra yammda oturdu. Zərli balınclara söykənib dedi:
– Tifil, yazıq bala, nə görmüsən dünyada! Kitablar ağzının dadını aparıb. Quruyub, saqqıza dönmüsən. Buna görə deyirəm ki, gəl, get!
Bizdə kefin açılar...
Bibim hər cümləni başlayanda dirsəyimə, bitirəndə dizimə vururdu.
– Di qulaq as! Hə, indi toydur. Beş adam içinə çıxacaqsan. Təzə toydur. Başa düş necədir! - O təzə toyun nəzakət qaydalarını bir-bir saydı: birinci - əsnəmək, hıçqırmaq, öskürmək, asqırmaq, gərnəşmək qadağandır; ikinci - ədəbli otur, çay içəndə marçıldatma, xörəyin yağı dodağında işıldamasın, gül, amma qaqqıldama, yumşaqca irişdin, bəsdir, danış, ancaq qışqırma, dodaqaltı mızıldandın, kifayətdir, elə danış ki, hamıya, hər şeyə, hər vaxta aid olsun; üçüncü - hamı ilə görüş, tanış ol, öpüşmək də olar, o da üzdən yox, dodaqdan; dördüncü - stəkanı nəlbəkiyə yavaş qoy, rumkanı iki barmağınla tut, qaşığı ehmallı tərpət; beşinci - qabını siyirmə, süfrəni batırma, stulu cırıldatma, burnuna əl vurma, qaşınma, qurcuxma; altıncı - yaxanı bağla, başını aç!..
Bibinin sözünü yarımçıq qoyub qalxdım. Boyun şalımı açıb, qayıtmaq istədim:
– Hələ ki, xudahafız! Qolumdan tutdu:
– Dayan bir, hara durursan?
– Bibi, sən oğlunun əziz canı, sən vicdanın, məni burax! Mən bacarmayacağam. Razı olma ki... yuxum da gəlir. Sabaha dərsim var.
Qoy gedim. Yemişcə varam. Mübarək olsun! Neçə belə toylar...
Səsimə o biri evdən gəldilər. Qollarımdan dartıb oturtdular. Mən qorxu, iztirabla təzə toyun başlanmasını gözləyirdim. Yalvardım ki:
– Camaat yığılmamış məni zala apar. Adamlar gələndən sonra nə lazım, utanıram...
– Bala, yoxsulluğun üzü qara olsun! Xanımnənəgilin zalını bu günlüyə borc almışıq. Kişilər hələ çaylarını yığışdırmayıblar. Bir az da dur. Səni içəri aparmaq, bax, bibinin bu boynuna!
Bəy hamamdan qayıtdı. Pörtmüşdü, üzünün əti sallanmışdı. Qaş-qabağı yernən gedirdi. Ömründə gülüşlə işıqlanmamış kimi görünən tutqun sifəti bir az da enlənmişdi. Şəkil kimi susub dururdu. Sağdışı, soldışı ona baxıb, guya göz qırpımından nə dediyini anlayır və anladırdılar.
Onlara çay verdilər. Bəy üst dodağını balıq əti kimi nəlbəkiyə saldı, çayı isti-isti hortuldatdı. Bibinin qulağına pıçıldadım:
– Deyəsən, Bəhlul da bilmir.
O mənə cavab vermədi.
Mən təkrar etdim:
– Qaydaları deyirəm ey... Bəhlul dodağını marçıldadır, ona göz elə!
– Balası, - dedi, bura toy deyil ki! Öz aramızda eybi yoxdur.
Mən çox utanırdım: bir küncdə oturmuşdum. Qonaqlar bir-bir gəlirdilər. Addım səsi eşidən kimi ürəyim döyünürdü. Təzə toyun nəzakət qaydalarını yadıma salırdım. Elə bil bibim qabağımda və ya çiynimdə oturub, qulağıma pıçıldayırdı: "Belə otur, elə otur!"
Qonaqlar içəri girməmiş mən əllərimi görüşməyə, salamlaşmağa hazırladım. Bibimdən öyrəndiklərimi ürəyimdə əzbərlədim.
Qonaqlar zaldakılarla görüşüb əyləşdilər. Uşaq, dəlləkdən qorxan kimi mən də qonaqlardan çəkinirdim. Onlar mənə tərəf gələndə mən də öz-özümə: "Gözlə ki, nəzakət qaydaları pozulmasın", - deyirdim. Ancaq görüşəndə ayağa qalxıb-qalxmamağın mənasını bilmirdim. Bibim mənə öyrətməmişdi. Başqalarına baxırdım: qalxan da olurdu, oturduğu yerdə əlini uzadıb görüşən də olurdu. Quşbaxışı bu adamları müqayisə etdim. Mənə elə gəldi ki, ayağa qalxıb görüşənlər daha mötəbər adama oxşayırlar. Onları təqlid edib qalxdım. Bir xanımın yumşaq, üzüklü və ağ əlini ovcuma alıb sıxdım.
– Çox xoş gördük! Təbiət sizdən razı olsun! - dedim.
Bəy içəri girdi. Adamlar bir-birinə dəydi. Yuxarı başda üç nəfərlik yer hazırlamaq istəyirdilər. Bibim kəlağayısını yellədərək gəldi, onları geri çağırdı:
– Mən nə vaxt desəm, onda!..
Hazırlanan yerlərdə çalğıçılar oturdular. Dəm tutdular, nə tutdular! Sarı, buxara papaqlı birisi tarı bağrına basıb, özündən getdi. Qaval yox idi. Başıaçıq, boynu şallı, pencəyi çox gödək, qulaqları dik bir oğlan şaxsey dəfıni dizləri arasına alıb mal döyəcləyən kimi döyürdü. Birisi də klarnet üfürürdü. Onun nəfəs almadan iki saat üfürməsinə hamı mat qalmışdı. Müğənni özündən getmişdi. Pəncərələrdən küçəyə segah tökülürdü. "Can, ay atam balası, can!" - deyən səslər ucalırdı. "Atam balası" elə bərk döyürdü ki, adamın dümbəyə rəhmi gəlirdi.
Stolun yanları adamla doldu. Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim. Nəzakət qaydalarından qorxduğum üçün yanımdakıları dindirməyə də cəsarət etmirdim. Bir də gördüm bəy iri addımlarla otağı ölçüb, yuxarı başa keçdi. Keçdi, nə keçdi! Üç nəfər ayağa qalxdı. Sağdışa, soldışa da yer elədilər. Bəy yenicə oturmuşdu ki:
– Xankişi! - deyə səsləndi:
Tədarük otağından oğru pişik kimi ağzını təmizləyə-təmizləyə başıaçıq, uzunçənə kişi gəldi (toyda başıaçıq adam bir o idi, bir də mən). Bəy ona əmr ilə tapşırdı:
– Yoldaşlar məclisi sənə həvalə edirlər. İşə başla!
– Baş üstə, ay bəy! Mənim kor gözüm üstə! - deyən Xankişi əllərini ətəyinə silib, ətrafa göz gəzdirdi. - Hə... niyə danışmırsınız? Yoldaşlar, domino oynayan var, desin. Kart kimin meyli çəkir? Muşqulat eləyək. Təvəqqe eləyirəm, çalanlar yorulanda qrammofonu oxudasınız.
Bibim o biri evdən dilləndi:
– Oynamaq olsun, Xankişi! Oynat!
Adamlar güldülər.
Xankişi irişə-irişə cavab verdi:
– Nə deyirik! Sahibkar deyir, gərək ola da! Başlayaq oynamağa!
Bəy əlini stula vurub, Xankişiyə acıqlandı:
– Bu nə mövhumatdı eləyirsiniz? Niyə bəs arvadlar bir yanda oturub, kişilər o biri yanda? Bu saat qatma-qarışıq lazımdır. Məhv olsun köhnə qaydalar!
Bəyin sözünü şarpaşarp alqışladılar. Xankişi stullara əl gəzdirməyə başladı. Hamını növbə ilə: bir arvad, bir kişi düzdülər. Elə arvad var idi ki, ərsiz, elə kişi var idi ki, arvadsız gəlmişdi. Bunlar nəzərə alındı. Utancaqlığından tək qalan mən oldum. Xankişi düzdüyü adamlara baxıb, əlini əlinə çırpır, nəşələnirdi:
– Bax, belə ha! Mədəni budur ha!
Onun gözü güldü, məni işarə ilə hamıya göstərdi.
– Binəvaya baxın! Yazıq tək-tənha qalıb!..
Adamlar gülüşdülər. Mən tərlədim. Bibim içəridən səsləndi:
– Onun yanında özüm oturacağam!
Məclis bayram mağazası kimi bəzənmişdi. Allı-güllü zərif paltar geymiş qadınların qulağında sırğalar, par-par parıldayırdı. Sanki onlar satılmaq üçün düzülmüşdü.
Kişilərin burnu, qadınların barmaqları işıldayırdı. Qadınların üzü, kişilərin dişi ağarırdı. Qadınların dodağı, kişilərin boynu qızarırdı... Otağın havasını sorub, klarnetə doldurmaq istəyən adam da rəngbə-rəng insanların əlvan paltarına bəstələnmiş havalar səpirdi. Özündən gedən müğənnidən gözlənilmədən "Xoruz mahnısı" yüksəldi:
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-teze-toyun-nezaket-qaydalari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.
Liman oğluLalə, bənövşə, gülxətmi, qazayağı, quşəppəyi, quzuqulağı, ayıdöşəyi, çobangülü... Dağların, dərələrin saysız-hesabsız bitkilərinə qısa, münasib, uyğun adları görəsən kim verir?Hansı bir qüdrətli qələmdir ki, yetirən məxluqun hərəsinə daimi bir möhür vurur, biz də ona baxıb hər şeyi adı ilə çağırırıq, mahnılara salır, kitablara yazır, dillərə tərcümə edirik?
AbadlıqBütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.
Yaratmaq sevinciinsan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.