Fərəh məclisi
Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.
Deyəcəksiniz, nə üzüyola dostlarınız var.
Səhv edirsiniz. Hamısından üzüyola mən özüməm. Çünki görüş üçün onların hüzuruna hər dəfə mən gedirəm və böyük məmnuniyyətlə gedirəm. Onlarla hər görüş məni qanadlandırır, həyatıma təzəlik, təravət, ruhuma ləzzət, zehnimə işıq, ürəyimə qüvvət verir.
Bu səhər qapını açıb dostlar məclisinə daxil olanda gözləmədiyim, güman etmədiyim, ömrümdə görmədiyim ayrı bir mənzərə, ayrı bir əlamət gördüm.
Məlum olduğu üzrə, mənim ən yaxşı dostlarım, müxtəlif yaşlı, müxtəlif xarakterli, müxtəlif libaslı, ancaq yeganə nikbin, xeyirxah məqsədli, məna dolu kitablar, yaraşıqlı bir otaqda hər kəs öz yerində dinc əyləşmişdir. Mən hər dəfə onların hüzuruna təzim və ehtiramla gedəndə salam verir, təbəssümləşir, görüşürük.
Bu səhər məclisə daxil olanda xalça üstündə mütəkkə qoyub üz-bəüzə əyləşən, şənliklə deyib-gülən üç böyük sima gördüm və dərhal tanıdım. Bu ağsaqqal, gülüşqabaq, nurani simaların biri XIV əsrdən gəlmiş Şeyx Sədi, biri Yasnaya Polyanada yaşayan, bütün dünya vətəndaşı Lev Tolstoy idi. Üçüncüsü isə öz yubiley təntənəsində iştirak üçün Mədəniyyət Nazirliyindən dəvət almış Mirzə Cəlil idi.
Mən çox fəlsəfə, ədəbiyyat, sənət məclisinə düşmüşəm, ancaq heç belə nagahani, gözlənməz təsadüf görməmişəm. Nadir və əziz qonaqların hər üçünü tanısam da, onlar məni tanımırdılar, görməmişdilər, kəlmə kəsməmişdilər. Necə olmuşdusa, bu səhər məni həddən artıq şərəfləndirib məclisimə təşrif gətirmişdilər. Məndən xəbərsiz gəlmişdilər, bəlkə də qəsdən belə etmişdilər. Sanki mələklər kimi göydən enmiş, ya günəş şüalarından nur kimi ələnmiş, ya da pərvanələr kimi çilçıraq işıqlarından süzülmüşdülər. Sonra bildim ki, bunlar Bakını – sürəti, vüsəti və müstəsna keyfiyyəti ilə aləmə səs və şöhrət salan Bakını, yeni əsrdə onun hamını heyran qoyan gözəlliyini seyr etmək üçün, qoca Xəzərin gəncliyinə tamaşa üçün mənim dostlar məclisimi seçmişdilər. Mən bütün varlığımla sarsılsam, xəcalət və həyəcandan tərləsəm də, özümə toxtaq verməyə çalışdım. Böyük ədiblərə xoş gəldin elədim, əl verib görüşdüm və gördüm ki, qonaqlar nəsə ciddi bir söhbətlə məşğuldurlar.
Mənə yer göstərib mükalimələrini davam etdirdilər. Sədi üzünü məslək dostlarına, qələm yoldaşlarına tutub ciddi və mənalı bir ahənglə xələflərindən danışırdı:
– Xeyr, – deyirdi, – "Gülüstan"a verilən təfsirlər, mənaların çoxu həqiqətdən uzaqdır. Şeirin təhlili dünyada ən çətin, ən məsul, həm də incə bir sənətdir. Zər qədrini zərgər bilər. Bu sənətə nadir istedad gərək. Buna görə də Xəyyam kimi ən az yazan bir şairin yazılarında yüz qat artıq təfsir var. Bunların özünü saf-çürük eləyən gərək.
Lev Tolstoy gülümsündü və dedi:
– Təəssüf ki, təfsir sahibləri müəllif ilə məsləhətləşmirlər.
– Müəllif ilə yox, heç olmasa, oxucu ilə məsləhətləşsinlər.
– Məsləhət də həmişə faydalı olmur.
– Mənim yazılarımın məğzi bir kəlamdadır: – Bəni-adəm əzayi yek digərənd!.. Heç olmasa, bunun təfsirini verib mənalandırsınlar. Oxucular bundan məmnun qalarlar, müəllif də zəhmətini hədər saymaz!
Mirzə Cəlil qəfəsədən qara, meşin cildli bir "Gülüstan" götürüb başladı oxumağa:
Əbrü badü məhü xurşidü fələk dərkarənd
To tü nail bəkəfari vd bə qəflət nə xuri!..
– Cənab şeyx, üzlülük olmasın, üzr istəyirəm. Mən bir az fars dilinə bələdəm, sizin şeirinizə xüsusi hörmət və məhəbbət bəslədiyim üçün bu sətirlərin mənasını təkrar-təkrar araşdırmışam:
Bulud, külək, ay, gün, fələk, daim işdə, hərəkətdədir ki, sən, ey Allah bəndəsi, bir parça çörək ələ gətirəsən, qəflətdə yeməyəsən.
– Belədirmi, böyük şair?
– Doğru tərcümə eləyirsiniz!
– Mən minbərlərdə müqəddəs kitablardan hədis gətirən çox axundlardan eşitmişəm ki, Şeyx Sədi burada cəmaəti ibadətə, itaətə çağırır. Guya insanları yaradana minnət qoyub tələb edir ki, yeyilən çörək halal olmaq üçün səcdəyə düşmək, dərgahdan savab istəmək, gözləmək lazımdır.
Tolstoy Mirzə Cəlilin sözlərinə diqqətlə qulaq asır, əlindəki kitabı vərəqləyirdi:
– Bunlar "Gülüstan'Yn Şərq aləmindəki bir təfsiri, din xadimlərinin təfsiri idi.
– Mən başa düşürəm və Şeyxin də bəndələrə, ya oxuculara müraciətində bir ayrı məna görürəm.
Sədi qalxıb ətəklərini ovuclarına yığdı, sıralanmış kitablara diqqətlə göz gəzdirib dedi:
– Mən insanların qəflətdə yaşamağına zidd olmuşam. "Gülüstan" da, "Bustan" da adamları işığa çağırır.
Tolstoy təkrar sıralanmış kitablara işarə elədi:
– Bunların çoxu işığa çağırır. Ancaq hər kəs bu işığı eyni yerdə görmür, biri tanrı dərgahında, ibadətdə, biri torpaqda, əkində, tikintidə, bir başqası da qanlı vuruşmalarda, qan tökməkdə görüb axtarır.
Mirzə Cəlil qəfəsədən ulduznişan bir xəritə götürdü, süfrə kimi qatını açıb filosofların qarşısına qoydu, izah etdi:
– Hörmətli ədiblərdən xahiş edirəm, diqqət yetirsinlər. Ərzin şimalında, bir neçə mühit dənizlərinin görüşdüyü, qütb ulduzlarının çıraq kimi yandığı, adamların icadlara, kəşflərə qurşandığı yerdə bəşəriyyət qəflətə üsyan bayrağı qaldırmışdır. Nəinki yerlərdə, göylərdə sirr axtarıb açmaq insan üçün gündəlik arzu və müqəddəs məqsəd olmuşdur. Bəşəriyyətin tarixi mübarizələr, axtarışlar, fərziyyələr, xoş niyyətlər, gümanlar tarixidir.
Düşünən başlar həmişə tilsim, əfsanə, qaranlıq, qəflət ilə vuruşmuşlar.
Ancaq indi, ancaq XX əsrin ortalarında Sovet ölkəsində igid bahadırlar yetişmiş, insan zehniyyətini qaraldan dini əfsanələrə qarşı hücum təşkil edilmiş, elm, həqiqi elm, bəşər zehni və zəkasının həyat silahına çevrilmişdir.
Bu halda qapı açıldı, qızıl qalstuklu bir pioner salam verib ədiblərə baş əydi, kosmos fatehlərinin şəklini böyük bir hədiyyə kimi məclisə, babalara təqdim etdi:
– Sovet kosmonavtlarınm bayramı mübarək olsun, babalar!
Ədiblər pioneri öpdülər, alqışladılar, qəhrəmanlar ilə bir-bir tanış oldular.
Mirzə Cəlilin bizim qələbə günlərimizdən vəcd ilə danışmağı, pionerin fərəhlə qonaqlara izahat verməyi qocaman filosofların heyrət və sevincinə səbəb oldu.
– Bəli, – dedim, – bizim günlərimiz kainatın min illərlə qaranlıq, əfsanə günlərini aydınlatmaq üçün elmi səfərbərliyə alan günlərdir. Zəka və zəhmətin əsarətdən xilas olduğu yerdə, sosialist ölkəsində xalqlar birliyi və qardaşlığında böyüyən, sovet məktəbində dərs alan bu gördüyünüz igid şahinlər buludları, dərin fəzaları yarıb keçmiş, ulduzları ötmüş, Aya, Marsa, Günəşə doğru sərrast yol açmışlar.
Tolstoy gülümsəyərək igidlərə baxır, başını yırğalayırdı:
– Daha əfsanəyə yer və ehtiyac qalmayacaq, insanın gözü də, əl-qolu da açılmışdır. Azad zəhmət, sağlam təfəkkür, məqsəd birliyi, məhəbbət bəşəriyyəti əbədi səadətə istiqamətləndirməkdədir.
Mirzə Cəlil xəritəyə işarə edib dedi:
– Belə bir istiqamət, xoşbəxtlikdən, məhz bizim vətənimizdə – dünyaya inqilablar, qurtuluşlar gətirən, insanları həmişə irəliyə, tərəqqiyə çağıran bir ölkədə mümkün olmuşdur. Sinəmizi qabardan bu iftixar hissidir.
Qoca Sədi də bu söhbətdən xoş bir təbəssümlə müsahiblərinə qoşulub sevinirdi:
– Mən də qəflət deyəndə insanları məscidə, minbərə, ibadətə yox, idrak fəzalarına, icad göylərinə çağırmaq niyyətində idim. Mənim şeirlərimi, əziz müsahiblərimin əsərlərini və bütün əql, idrak ustalarının çağırışlarını ancaq bu yolda təfsir etmək aydın məqsədlərə gətirə bilərdi.
– Necə ki gətirdi.
– Bəli, sovet adamları qoca dünyanın, əngin, dibsiz fəzanın, sirlərlə dolu kainatın tutqun, vahiməli, qaranlıq yollarını kəşf edirlər. Çox çəkməz ki, bənövşənin boynu düzələn kimi, insan zehni də mübhəm suallardan qurtarar, göylərə, planetlərə, ulduznişan maşınların müntəzəm hərəkət cədvəli üfüqlərdə vurular, elm və bilik təntənəsinin şənlik sədaları Ayda, Marsda gur orkestr sədaları kimi eşidilər.
Filosoflar fərəh və sevinclə kainat fatehlərinin şəkillərinə baxır, cib dəftərlərinə nə isə qeyd edirdilər.
Mən həyəcan və sevincdən nə edəcəyimi bilmirdim, əziz qonaqlar qarşısında təşəkkür deməyə söz, ifadə, vasitə axtarırdım.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-fereh-meclisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Dərsimi yaz!Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:– Necəsən, bala, indi ürəyin nə istəyir?
MöhürMöhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.
Uşağın taleyiÜç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:– Marat niyə yoxdur?
Başqa şairlərin şeirləri
Ərzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.
Şehâ saçun girihinden beşâret oldı bizeŞehâ saçun girihinden beşâret oldı bizeİrişmege tapunuza işâret oldı bize
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz