Üç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:

– Marat niyə yoxdur?

– Gəlməyib.

– Niyə gəlməyib?

– Bəlkə naxoşdur?

– Yox, dədəsinin yanındadır.

Müəllimə Maratın sıra yoldaşının cavabından hiss etdi ki, uşağın ailəsində nəsə var.

Dərsdən sonra Almaz xanım Maratgilin evinə getdi. Yaraşıqlı yaşıllıqlı kənd həyətində Maratgilin qapısı qıfıllı idi. Həyətdəki kölgəlikdə bir neçə qadın əyləşmişdi. Gələn qonağı görüb söhbətlərini kəsdilər. Müəllimə hovuzun kənarında əyləşən bir ağbirçəkdən nəzakətlə soruşdu:

– Bacı, bağışlayın, bu evin sahibi harda olar?

– Onu ayıq görməzsiniz.

– Harda tapa bilərəm?

– Mağazada.

Almaz xanım binanın qabağındakı balaca mağazaya gəldi. Maratı da orada gördü. Marat pilləkən ağzında oturub adamlara baxırdı. Atası təkərli boçkanın qabağında dayanıb tünd-qara çaxırla dolu stəkanı başına çəkirdi. Almaz xanım əvvəl uşağa yanaşdı:

– Marat, dərsə niyə gəlmirsən?

Uşaq ayağa qalxdı, utana-utana müəllimənin üzünə baxdı, başını aşağı salıb dinmədi.

– Üç gündür sənə qayıb yazırlar. Niyə? Bala, dərsdən qaçmaq niyə? Şükür, xəstə deyilsən, yoldaşlarının hamısı soruşur, niyə gəlmirsən?

Uşaq günahkarcasına başını qaldırdı, yalvarıcı nəzərlə müəlliməyə dedi:

– Atam yanında işlədir.

– Atan bilmir ki, uşağı məktəbdən ayırmaq olmaz?!

Uşaq qızardı, bir müəlliməyə, bir atasına baxdı:

– Yazıqdır.

– Özünü yazıq günə qoyur. – O, uşağın məsum gözlərin baxdı, əlini uşağın başına çəkdi, bir söz demədi. Müəllimə uşağın atasına yanaşdı: – Sən uşağı küçəyə atıb kef-damaqla içirsən hələ?

Kefli kefini pozmadan:

– Mənim puluma sən heyifsilənirsən?

Müəllimə hirsləndi. "Pulun başına dəysin!" Bunu deməkdən özünii güclə saxladı. Üzünü içkisatana tutdu:

– Bu zəhrimarı verib adamları niyə pis günə qoyursunuz? Görmürsünüz, bu atadır, küçədə qalan, dərsdən, tərbiyədən məhrum olan uşağa yazığınız gəlmir?

– Baxanından soruşun, xanım!

Almaz xanım stəkanı götürüb kranta tutdu:

– Bir stəkan tök!

Satıcı sevinclə stəkanı çaxırla doldurdu. Almaz xanım bir üçlük ahb stəkanı götürdü, iki addım irəliyə yeriyib kolun dibinə tökdü. İçki satan təəccüblə:

– Təmiz çaxırdır, altıillikdir! – dedi.

Müəllimə stəkanı verdi:

– Tök! Bir də tök!

Müəllim çaxırla dolu stəkanları bir-bir yerə boşaldır, təkrar tələb edirdi:

– Tök! Tök!

– Canım heyifdir, niyə zay eləyirsən?

– Sən pulunu al!

– Baxan deyər, görəsən, nə var. Vallah, gül kimi çaxırdır, altı illik! Vicdanım haqqı, bir damcı su qatmamışam, bizdə elə şey olmaz, halal mala haram qatmaq kişilikdən deyil, xanım!

– Kişi, sən vicdandan danışırsan, vicdanı olan adam, körpə, anasız uşağın atasını bu kökə salmaz! İki manat qazanmaq üçün ana uşağını ömürlük "bədbəxt" eləməz!

– Məndə nə günah var?!

– Sən gərək başa düşəsən, ataya bir kəlmə məsləhətli söz desən, nə olar? Vicdan, vicdan!

Müəllimə başını tovlayaraq, uşağın əlindən tutdu, məktəbə tərəf çəkdi:

– Gəl, bala, sənə özüm analıq edəcəyəm, gəl!

Adamlar sükutla, mat-məbhut, gedənlərin arxasınca baxa-baxa qaldılar. Çox çəkmədi ki, məktəb həyətində şagirdlərin səsi ucaldı:

– Marat gəldi!

– Yoldaşım gəldi, gəl, Marat, gəl!

– Marat, Marat!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 dəq
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 dəq
Qoltuq radiosu

– Hərif gəldi!– Lap bizə tərəf gəlir.

19693 dəq
Yaxşı nədir, pis nədir

Bir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!

19693 dəq

Başqa şairlərin şeirləri