insan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.

İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.

– Yaradıcılıqda ən sevimli dəqiqələr hansıdır?

Cavanların hərəsi bir cür düşünürdü və açıq danışırdı:

– Yaxşı bir mövzu düşəndə, ilhama gələndə mən özümü xoşbəxt sayır və çox sevinirəm. Qırğı kimi oluram. Yorulmadan işləmək istəyirəm.

– Hə, iş vaxtında daha çox düşünürəm, yazıram, pozuram, bəzən də pərt oluram. Belə yerdə sevincim olmur. Şeirimin çapdan çıxdığını görəndə daha çox sevinirəm, sinəm qabarır.

– Mən nə masa başında, nə də nəşriyyatda sevinirəm. Əsərim çapdan çıxanda lap nigaran oluram. Elə ki, əsər haqqında mətbuatda, tribunada, məclislərdə tərif eşitdim, sevinirəm, qanadlanıram.

– Açığını deyim, cibim boş olanda sevinməyi bacarmıram. Ancaq yazdığıma qonorar alanda çox sevinirəm. O saat özümü verirəm restorana.

Biri yazısının çapdan çıxan gününü, bir başqası çox dillərə tərcümə olunmağını, mükafatlanmağını özü üçün xoşbəxtlik sayırdı.

Dərnək rəhbəri cavanların bu açıq və səmimi söhbətini diqqətlə dinləyəndən sonra üzünü məclisə tutub danışdı, sanki bir çox mübahisələrə yekun vuran bir nəticə dedi:

– Uşaqlar, yaradıcılıq sevincinin hüdudu yoxdur. Harada başlandığı və harada bitdiyini söyləmək də çətindir.

Ən dərin bir həsrət, ən dərin bir atəşlə sərin bulaq suyunu içəndə, ürək rahatlığı duyanda necə təmin olunursansa, yaratmaq məqamında axtarışlar aparanda, düşünəndə, yazı masasının arxasında yazıb-pozanda da elə sevinirsən. Oradakı zəhmət və əziyyətin özü də insana xoşdur və sevincdir.

Ancaq insan daha çox sevinir, o zaman ki, əməyinin bəhrəsini əllərdə, oxucuların əlində görür. Adamların əynində libası, qolunda saatı, ayağında çəkməni, qabaqlarında cürbəcür nemətləri görürsən. Bunların hamısını yaradan, zəhmətini çəkən var. Hamısı iftixara layiqdir. Sən də öz əsərini bu adi, mənəvi nemətlər cərgəsində görəndə ürəyin dağa dönür, özünü böyük vətənin fəxri vətəndaşı sanırsan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri