Səhifə 2 / 2 · 50%

Sara çox razılıq etdi, belə olursa, Cəmilin daha tez və yaxşı oxuyacağını bilirdi.

O gündən sonra Cəmil pansionun öhdəsinə keçdi.


Bərk isti idi. Yalnız kölgələr uzanıb, hər yeri örtdükdən sonra bir az nəfəs almaq olurdu. Açıqlıq və su qırağı olduğundan körpü üstündə külək vardı. Qonşu qadınlar buraya toplaşmış, qiybət qırır, gəlib-gedəni gözdən itənə qədər süzür, "təhlil" edirdilər.

Səriyyə qaça-qaça ovcunun içində nə isə gətirdi. Əvvəlcə Saraya göstərəcəkdi. Açanda qəzet olduğunu gördülər. Saranın gözü qəzetin ortasındakı şəkillərə sataşdı: diqqətlə baxanda, hamını tanıdı.

– Budur ha! Sənsən. Nə açıq düşmüsən, a bəxtəvər! Nə vaxt çəkdirdin, a qız?

Qadınlar komalaşdılar. Hamı barmağı ilə göstərib deyirdi:

– Bu da Seyidxanımdır.

– Sitarə lap matişgə sayağıdır.

– Arsız gör nə də baxır!

– Çəkil, görək, a qız, qıraqdakı kimdir?.. Zeynəb xanıma oxşayır.

Zeynəb xanım bundan incidi:

– Oxşasın canuva! Mənim elə yerlərdə nə itim azıb?

– Dayan görüm, əşi!

Savad kursuna davam edən qadınların şəkli ilə hər kəs maraqlanırdı. Lakin Seyidxanım ətrafı yoxladıqdan sonra yavaşcadan dedi: "Kişilər bilməsin, yaxşı deyil." Ancaq o bilmirdi ki, Şümür Məmmədhüseyn Sovet hökumətinə qarşı dava xəbərini axtardığı qəzetdə şəkillər gözünə sataşmışdı, hətta zəmanəyə tüpürmüşdü də.

Qadınlar qəzeti o qədər dartışdırdılar ki, bir qulağı cırıldı. Hamısı heyifsiləndi. Səriyyə dinmədi. Sara cırılan yeri yapışdırmaq üçün yapışqan dalınca uşaq göndərdi. Kim idisə, təsəlli verdi:

– Mən bu qəzetdən aldıraram, adam var, gətirər...


Sara Məcid müəllimin diqqətini cəlb etmişdi. Hamıdan əvvəl gəlir, hamıdan tez gedirdi. Hər zaman dal sırada otururdu. Tənəffüslərdə belə bəzən başını kitabdan qaldırmır, dinmir, danışmır, sual vermir, lakin maraqla dinləyirdi. Sual verildikdə isə pul kimi qızarır, utanır, çətin eşidilə biləcək bir səslə və qırıq cümlələrlə, lakin doğru cavab verirdi.

Bu isə Məcidə kifayətdi. O, belə bir mətbəx qadınının birdən-birə Səriyyə kimi aktivləşə bilməyəcəyini bilirdi.

Sara Məmmədhüseyndən gizli, Səriyyənin köməyilə savad kursuna müntəzəm davam edirdi. Onun indi oğlundan - Cəmil tərəfindən heç bir intizarı yoxdu. Bir qorxusu varsa, o da Məmmədhüseyndən və onun kurs məsələsini eşidəcəyindəndi. Buna görə də Sara kursdan tez qayıtmağa məcbur olurdu. O, Cəmilin getməsindən, ərinin işdən gec gəlməsindən istifadə edərək dərsinə davam edirdi. Ərinə və ya başqa soruşanlara - "evdə tək otura bilmədiyimdən axşamlar bacılığımgilə gedirəm", - deyirdi.

Məmmədhüseynin isə son zamanlarda başı çox qatışıqdı. Cəmilin hökumət pansionuna keçməsi münasibətilə öz adının "dəftərə düşməsindən" ehtiyatlanırdı. O biri tərəfdən hamamın bərəkəti qaçmışdı. Adamlar hökümət hamamlarına gedirdilər, xüsusilə də gələn çox az idi. Az qala, odunun, suyun pulunu çıxarmaq olmurdu.

Məmmədhüseyn səhər tezdən siftə eləməmiş, cibindən bir abbası çıxarıb, bir rus, bir Azərbaycan qəzeti alırdı. Qış gecələrində qəzeti qonşu uşaqlara avaz ilə oxutdurar, "həriflərin işi yaxşı deyil" - deyə əllərini ovuşdururdu.

Qəzeti büküb cibinə qoyduqdan sonra dünya işlərindən danışardı. Hərçənd savadı yox idi, amma özünü dünyanın ən böyük "diplomatlarından" hesab edirdi. Ona elə gəlirdi ki, gəlib-keçəcəyini ovcunun içi kimi bilir. Yolda musiqi çalan və "məşq" eləyən uşaqları, qırmızı qalstuklu pionerləri gördükcə uzun bığlarını sığallayaraq öskürər və ürəyində deyərdi:

– Ay şeytan əməlinə uyan yazıqlar! Dünyadan xəbəriniz yoxdur.

Uşaqlar isə onu uzaqdan görən kimi, "Şümür Məmmədhüseyn gəlir" deyərdilər. Məmmədhüseyn dəfələrlə nəzir-niyaz vermişdi ki, şümürlüyü üstündən götürülsün, amma başa gəlmədi. Uşaqlar bir yanda dursun, beş manat verib dua etdirəndə, axund onu "Məşədi Ağa Məmmədhüseyn" adlandırırdı. Elə ki, minbərdən yerə düşürdü: "Hə... Şümür Məmmədhüseyn hara getdi?" - deyirdi.

Bunlara görə idi ki, Şümür Məmmədhüseyn Sara ilə çox əlləşə bilmir, onun gündüzlər və ya axşamlar harada olması ilə maraqlanmırdı.

Sara isə ara-sıra qadınlar klubuna gedir, nitqlər eşidir, yeni adamlar görür, yeni şeylər öyrənirdi. Sara indi artıq azad yaşamaq istəyənlərin öz məqsədlərinə nail olduqlarına inanmağa başlamışdı.

O, kursa davam etdikdən sonra açılmışdı. İndi Məcidin suallarına cəsarətlə və düzgün cavab verirdi. Hər yeni hərfi bildikcə, bir xeyli böyüdüyünə inanır, bütün əlifbanı qurtarmağa tələsirdi. Sinfə girən kimi, çadranı açıb bir kənara qoyur, başıaçıq dərsə qulaq açırdı. O, həmişə Səriyyə ilə otururdu. Səriyyənin də Saraya çox köməyi dəyirdi.

Bir gün Sara dərsdən qayıdırdı. Məmmədhüseyn onu gördü. Sara kitabların gizlətmək istədisə də, mümkün olmadı. Məmmədhüseyn dərhal onun üstünü aldı. Çirməkli qollarını aça-aça mənalı və yavaş addımla irəli yeridi:

– Haradan gəlirsən belə?

Sara dinmədi, kitabları pəncərəyə qoydu. Çadrasını açdı.

– Sənə deyirəm, harada idin? - deyə kişi səsini ucaltdı.

Sara bilirdi ki, Məmmədhüseyn işi duymuşdur. Əl çəkməyəcəkdi, indiyə qədər etdiyi kimi, yumşaqlıq və itaət göstərsə, qol-qanadı qırılacaqdır. Haray salıb dost, düşməni buraya yığmağın da mənası yoxdur. Cəsarətlə cavab verdi:

– Dərsdən gəlirəm!

Bu gözlənilməz cavab Məmmədhüseynə bir güllə kimi dəydi. O, siğəsindən savayı dörd arvad yola salmışdı. Heç birindən belə cavab görməmişdi. Bayaqdan o güman edirdi ki, Sara həya edərək dinməyəcəkdir, təpiklər və yumruqlar altında "qələt eləmişəm" deyəcəkdir və yalvaracaqdır.

"Dərsdən gəlirəm!" Bu cavab Məmmədhüseynə məlum olmayan şeydən xəbər verirdi. Ona görə də kişinin dizləri titrədi, dodağı əsdi. Bir az duruxdu. Sonra Saranın üstünə cumdu, Sara özünü pəncərədən həyətə atdı. Lakin qaçmadı. Belin sapı əlinə keçdi.

Sara Məmmədhüseynin gözündə böyüdü. İndi ərin əlinə baxan, kötəyində əzilən qadına deyil, bir aslana bənzəyirdi. Onun qəti hərəkəti illərcə toplanıb qalan, sızıltılarla paslanan, lakin parlamağa qadir olan qüvvət və bacarığın bir qığılcımı idi. Bu qığılcım bir ox kimi Məmmədhüseynin gözünə batdı.

– Köpəyin qızı... Bəs belə?!

O, qolu ilə başını qoruyaraq "eşqiya şəbihi" kimi qadına hücum etdi. Məmmədhüseynin dirsəyinə çırpılan ağac, quru oduna vurulmuş balta kimi səsləndi. Məmmədhüseyn Saranı yerə çırpmaq və boğmaq fikrində idi. O, ilk həmlədə zəifliyini hiss etdi. Sara onun xirtdəyindən yapışıb, başını geriyə əydi və yerə vurmaq istədi. Özünü belə aciz görən Məmmədhüseyn əvvəl içində təəssüfləndi. Özündə daha şümürlükdən bir əsər qalmadığına inandı. Saranın saçını çəngələyərək vəhşicəsinə yoldu. Sara buraxmadı. Məmmədhüseynin arxası yerə dəyəndə çox yemiş ayı kimi, zıqqıldadı və qışqırdı. Qonşular çoxdan tökülmüşdülər. Saranı evə apardılar. Su verdilər. Həyəcandan, ya əsəbilikdənmi o, ağlayırdı. Məmmədhüseyn isə həyətdə tövşüyə-tövşüyə meydan oxuyurdu:

– Qoya idilər, görəydin səni parça-parça eləyirdim, ya yox!


O gündən sonra Sara Məmmədhüseynin üzündən qurtardı. Əməlli-başlı savadlandığını görüb, onu katiblik kursuna qəbul etdilər. Xalq məhkəməsində qulluq etdi. Sonra iclasçı seçildi. O, xüsusən qadın azadlığı cəlladlarına qarşı amansızdı. Məhkəmə sədri Babayev iclaslarda Saranın fikri ilə hesablaşırdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bayrağı bərk saxla

"Komsomol" məktəbi keçici bayrağı asanlıqla almadı. Rəhbərlik dəyişdi, məktəb kökündən silkələndi, komsomolçu Rəşid müdirliyə keçdi. Müəllimlər heyəti özünü topladı, atalar tərpəndi, uşaqlar dərs ətrafında arı kimi uyuşdu.Budur, iki ay yay tətilində uşaqların becərdiyi bağça! Ataların köməyilə qurulan radio aparatı, səhərlər ağzını aləmə tutaraq deyir:

19313 dəq
Volqanın qucağında

Bu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.

19313 dəq
Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 dəq
Marksın dostu

Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.

19316 dəq

Başqa şairlərin şeirləri