Məzmun
  1. 1
  2. 2
  3. 3

1

Biz xəstəxanadan çıxdıq. Sanitar maşını bizi vağzala qoyub qayıtdı. Qaranlıq, həm də küləkli bir gecə idi. Külək uğuldayaraq aləmi ağzına almış, ağacları sağa-sola bükərək köklərinə qədər tərpədir, sanki torpağı oyatmaq istəyirdi. Biz saat yarım qatarı gözləməli idik. Mən çantamın üstündə oturub papiros çəkir, vaxtımı keçirirdim. Qapı ağzına çıxan Valeri pis bir xəbər gətirdi:

– Qatar olmayacaq.

Valeri mənə, mən də ona baxdım. Sükutla bir-birimizə deyirdik:

– Gecə burada kefimiz var!

Sifətini qulaqlı papaq altında gizlətmiş dəmiryolçu qarşımdan ötürdü.

– Yoldaş, – dedim, – bu gecə qalmağa yer taparıqmı?

Dəmiryolçu tərəddüd etmədən razılıq verdi:

– Gedək!

Valeriyə işarə etdim. Biz şeylərimizi cəld götürüb, onun dalınca düşdük. Fənər işığında ağaclaraltı, bağ-bağatla on-on beş dəqiqə getdik. Dəmiryolçu çaxçaxlı bir həyətin eyvanına çıxıb çağırdı:

– Ay uşaq, qapını açın!

Bildim ki, kişi bizi evinə gətirib.

Fərşlə döşənmiş səliqəli bir evə girdik. Ev sahibi "xoş gəldin" edib, qonşu otağa keçdi. Süd kimi ağ və güclü elektrik işığı, gözlənilməz təntənə kimi bir müddət gözümüzü qamaşdırdı. Belə kiçik stansiyada bu işığa çətin güman gələr. Bir qız uşağı su gətirdi. Yuyunub, stol başına təzəcə keçmişdik ki, qapı açıldı. İsti ev köynəyi geymiş, üzü təzəcə qırxılmış bir kişi içəri girdi. Gülə-gülə əl uzatdı:

– Gəl indi əməlli-başlı görüşək, ay filankəs, sən buralara xoş gəlmisən!..

Heyrətimdən əlini sıxıb buraxmadığım adamın sifəti, mülayim gülüşü və bu halda kiçilən gözləri uzaq xatirələri çağırdı.

Mən bir az da qorxaq səslə dedim:

– Əhməd?!

Əhməd daha da şiddətlə güldü:

– Bəli, – dedi, – Əhməd! Üstümü unlu görüb, yoxsa adımı dəyirmançı dedin. Mən səni oturuşundan-duruşundan tanıdım...

Bu mənim keçmiş məktəb yoldaşım Zülfüqarov Əhməd idi. On beş ilə yaxın idi ki, bir-birimizdən ayrılmışdıq. Əhmədin dəmiryolunda çalışdığını eşitmişdim. Burada məskən saldığım və belə dəsgahlı ev-eşik sahibi olduğunu isə bilmirdim.

Əhməd Valerini soruşdu. Onun ukraynalı bir döyüşçü olduğunu, xəstəxanada mənimlə dostlaşdığını dedim, başıma gələnləri qısaca danışdım.

Əhməd mənim təkrar cəbhəyə qayıdacağımı bilib israr etdi:

– Yaxşı əlimə düşmüsən, səni iki-üç gün buraxdı yoxdur!

Mən oturub papiros bükməkdə, Valeri isə çox maraqlandığı xəritəyə baxmaqda idi. Əhməd aralıq peçini yandırdı. Arvadı samovar gətirdi. Qız uşağı isə çirmənib, stəkan-nəlbəkini silməyə başladı.

Onu görəndə yadıma düşdü: "Axı Əhmədin gərək yetişmiş bir oğlu olsun."

– Oğul-bala necədir? Adı yadımdan çıxıb.

Əhməddən qabaq arvadı cavab verdi:

– Anası ölsün, Xəlil birinci gündən gedib.

Divarda Kamal Qasımovun və Qastellonun naşı əllə çəkilmiş şəkilləri, haşiyəsi bəzənmiş dərs cədvəli, qara qələmlə nişanlanmış xəritə var idi.

– Bunlar, – dedim, – Xəlilin işi deyil.

Əhməd qızı göstərdi:

– Şəkilləri bu çəkir. Şəhərləri Yura nişanlayır.

Əhməd bunu dedi, o biri evə baxdı.

– Yura kimdir. Yusifi demək istəyirsiniz?

Əhməd başını buladı.

– Müharibə yetimlərindəndir, – dedi və çağırdı: – Yura, gəl çay iç!

Əlində qələm, o biri otaqdan gələn sarıbaş, uzunsifət bir rus uşağı icazə istədi:

– Az qalıb, qoy yazımı qurtarım, gələrəm.

Uşaq bunu deyib, Əhmədə yox, xəritə qabağında duran Valeriyə baxdı. Valeri uşağa nəzər salan kimi, gözləri böyüdü, rəngi dəyişdi, əllərini cibindən çıxartdı və müdhiş bir şey görmüş tək, qaşlarını çatıb irəli yüyürdü:

– Smok!

Yura kişinin boynuna atıldı. Yanıqlı-yanıqlı hönkürtü çaldı. Mən oturduğum yerdə suya döndüm. Evdəkilərin çoxunu heyrətə salan bu təsadüf mənə aydın idi.

Valeri Kiyevdə tərk edib gəldiyi ailəsindən, yeganə oğlu Yurikdən, onun dərsindən, taleyindən mənə çox danışmışdı. Əhməd ayağa qalxdı. Ata, oğlunu sakit edib əyləşdirdi.

Altı ay bundan əvvəl cəbhə şəhərlərindən bir qatar uşaq gətirmişdilər. Əhməd onlardan birinə atalıq etməyi vətəndaşlıq borcu sayıb, Yuriki öz evinə almışdı. Yurik gələn gündən stansiya məktəbində III sinifdə oxuyur, axşamlar isə xəritə qabağında dayanıb, Kiyevi yoldaşlarına göstərir, orada öz evlərini axtarırdı.

Valeri oğlunun dərs otağına keçdi. Ata və balanın dərdləşməli söhbəti çox idi. Əhməd arvadına işarə ilə tapşırdı ki: Onlar olan otağa gedən olmasın, bəlkə xüsusi söhbətləri var!"

Cəbhəçi əsgərin oğlu ilə görüşü hamıdan çox ananı – Asyanı sevindirirdi. Asya öz qızına da, Yurikə də təzə paltar geyindirirdi. Əhməd bir quzu kəsdi. Kişini xərcə saldığım üçün utandım.

– Əhməd, – dedim, – belə bilsəydim gəlməzdim. Ağır zamanda nə vacib olub...

Əhməd tərs-tərs baxdı.

– Mən, – dedi, – dostluğu ayrı cür başa düşürəm. Yüngül zamanda dostluq eləməyə nə var!

Mən vaxtı bəhanə gətirdim:

– Birdən qatar gələr, xəbər tutmarıq.

Əhməd telefonu götürüb, vağzal növbətçisinə tapşırdı ki, qatarın gəlməsinə bir saat qalmış evə zəng vursun. Məndən də xahiş etdi ki, bir qonaq kimi, qonaqlığımı eləyim, ev sahibinin işinə qarışmayım.

Bu sözdən sonra mən susdum.

2

Əhməd ən çox dostluq xatirinə sevinirdisə, Asya bizim əsgərliyimizə can yandırırdı. Aşkar görürdüm ki, o, əsgər oğlunun həsrətini çəkir, bizdən utansa da, ara-sıra soruşur: "Cəbhədən bura kağız neçə günə gəlir?", "Görəsən, şey göndərmək olarmı?", "Dava haçan qurtarır?".

Mən bu sualların hamısına müsbət cavab verirdim. Görünür ki, Asya cavablarımdan xoşlanmışdı. Üzünü ərinə tutub soruşurdu:

– Ay Əhməd, bəlkə o kağızı qardaşa yazdıraq.

Vacib bir şey Əhmədin yadına düşmüş kimi, ayağa qalxdı:

– Hə, arvad, əcəb dedin! Bundan yaxşı qələm sahibi olmaz. Özü müəllim, əsgər, həm də işbilən.

Asya süfrənin ucunu qatladı. Kağız-qələm götürüb dedi:

– Sizə bir saatlıq zəhmət verəcəyik, gərək bağışlayasınız.

– Xəliləmi yazılacaq?

– Xeyr, Xəlilə uşaqlar yazar. Böyük yerə gedəcək!

Mən güman etdim ki, Əhməd kimdənsə şikayət yazacaq:

– Əhməd, – dedim, – kağız kimə yazılacaq.

Asya cəsarətlə dedi:

– Böyüyünə.

– Nə barədə yazılacaq?

Yenə Asya cavab verdi:

– Xəlilə tank versin!

Mən Əhmədin üzünə baxdım ki, görüm, o nə fikirdədir. Əhməd gülümsəyirdi.

Asya sözünü qurtarmamış Əhməd əlavə etdi:

– Canım, bu saat hər yerdə tank üçün pul verirlər, biri də biz! Asya etiraz elədi:

– Yox ey, elə olsun ki, tank Xəlilə düşsün. Yoxsa utancaq uşaqdır, zirəklər atılıb minər.

Məni gülmək tutdu.

– Tank almaq üçün pul göndərmək gözəl işdir, – dedim. – Bu barədə yaxşı bir məktub yazaq! Amma tanklar Asya bacı deyən kimi paylanmır. Qapdı-qapdı deyil ki, Xəlil yerdə qala.

Asya öz səhvini düzəltmək istədi:

– Bəlkə, işdir, çatmadı da.

– Neçə vermək istəyirsiniz?

Əhməd dedi:

– Qapımızda bir inək sağılır. Payızdan bəri qənaətlə on min yığmışıq.

Asya soruşdu:

– On minə bir tank verərlərmi?

– On min böyük köməkdir!

Məktubu başlamaq istədim. Asya irəli yeridi:

– Qardaş, – dedi, – qələmi saxla! Xahiş eləyirəm, əvvəl mənim sözlərimi yazasan, sonra da ayrı söz!

Asya ancaq indi ciddi düşünüb danışmaq ehtiyacı duymuş kimi, kürsünü çəkdi, bir qədər fikrə getdi:

– Ştaba yaz! Yaz ki, canımız, malımız Vətən yolunda qurbandır. Qənaətlə yığdığım on min manatı poçtla göndərdim. Xahişim budur ki, mənim oğlum Xəlilə tank verilsin. O, tank sürməyi bilir, özü də handa bir ali məktəbdə oxutmuşam. Nə tapşırsanız, bacaran oğuldur. Yenə qolumdan qopanı eləyəcəyəm, ərim də, mən də, uşaqlarım da Vətən davasında axıracan varıq!

– Qurtardınız?

Asya başını tərpətdi:

– Sinəm doludur, ancaq dilim tutmur.

– Mətləb mənə aydındır.

Asya dedi:

– Birbaşa ştaba yaz ha! Axırda yaz ki, Asya Murtuz qızından əsgərlərə, komandirlərə salam-dua var!

Asya nəsə deyə bilmədi, başını aşağı saldı, boğazını qəhər tutduğunu duydum.

– Asya bacı, – dedim, – hamısını yazdım, nigaran olma!

Asya şkafı açıb, havaxtdansa saxladığı ağ və astarlı gözəl bir zərf gətirdi. Məktubu qoyub, üstünü yazdım. O, uzun zamandan bəri arzuladığı bir mətləbə çatmış kimi, xüsusi bir yüngüllük duydu, qalxıb çörək gətirdi.

3

Süfrə başında oturanların hərəsinin bir şənliyi var idi. Mən yoldaşımı tapmışdım. Valeri oğlunu, Əhmədlə Asya da əziz oğulları Xəlilin ad gününü bayram edirdilər.

Mən kənarda, qapı ağzında dayanan, gah çörək, gah qab gətirən qonaqpərəst qadına – Asyaya baxdım. İstər-istəməz ürəyimdən bir arzu keçdi:

– Gün o gün olsun ki, – dedim, – bu bayramı həmin bu süfrə başında Xəlillə birlikdə keçirək!

Asyanın gözləri yaşardı. Sol tərəfdəki qapını açdı:

– Can oğul! – dedi. – Gedən gündən otağını bağlamışam, əhd eləmişəm, o gələndə bu otaqda toy dəsgahı quracağam.

Mən ayağa qalxdım. Xəlilin otağı, onun dərs kitabları, nəhayət, onun sifəti məni maraqlandırırdı. Qapıdan içəri baxanda böyük və qəhvəyi rəngli bir şəklin üzümə güldüyünü gördüm. İrəli yeridim. İxtiyarsız qışqırdım:

– Valeri, bura bax, bizim komandir burada nə gəzir.

Şəklin qabağına keçdim, cavan, lakin təmkinli, mehriban koman dirimiz, baş leytenant Allahverdiyev bizə baxıb gülümsünürdü.

– Asya bacı, bunu haradan tanıyırsınız, – deyə soruşdum:

Asya dinmədi.

Əhməd gəldi:

– Bu nə sözdür, Xəlili tanımırsan?

– Bu bizim komandirimizdir.

– Nə danışırsan!

– Allahverdiyev.

– Xəlil Allahverdiyev!

Valeri kişini qucaqladı:

– Halal olsun belə oğul atasına!

Əhməd inanmaq istəmədi:

– Bəs bayaqdan niyə ağzınıza su almısınız?

– Sən haçan Allahverdiyev dedin. Cəbhədə adamları familiyası, rütbəsi ilə tanıyırlar. Bu oğlan üç aydır bizim batalyonda handa bir nüfuzlu komandirlərdəndir.

Səhər Əhməd ağır sovqat, məktub və dönə-dönə sifarişlərlə bizi yola saldı. Biz darıxır, cəbhəyə tez getmək, sevimli komandirimizə muştuluq aparmaq istəyirdik.

Asya dönə-dönə xahiş edirdi:

– Gecəm-gündüzüm olmayacaq, təki siz özünüz Xəlildən yazmasanız!

Biz ananı arxayın edib, öz xahişimizi də unutmurduq.

Mən deyirdim:

– Məktubun nəticəsini, tank barədə alacağınız cavabı bilməmiş rahat olmayacağam!

Valeri deyirdi:

– Öldüm, heç. Qalsam, Yurikə etdiyiniz ata-analıq qayğısı ömrüm boyu məni sizə minnətdar edəcək!

Əhməd də, Asya da birağızdan deyirdilər:

– Bu nə sözdür, bizim borcumuzdur. O da bizim övladımız deyil-

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Anket Anketov

Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!

193710 dəq
Söyüd kölgəsi

Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.

19375 dəq
İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

193811 dəq
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

193813 dəq

Başqa şairlərin şeirləri