Tənqidçi Həpəndov arvadı ilə dərdləşirdi:

– İndi də deyirdi, başlayıb ki, yaza bilməyənlər ittifaqdan çıxsın. Qoymayacaqlar girlənək. Gözləri də hamıdan qabaq məni görür, guya ki, yaza bilməyən bir mənəm.

Arvad ağzındakı qoz ləpəsini çeynəyə-çeynəyə ərinə məsləhət verirdi:

– Min dəfə sənə deyirəm, maymaq, böyükləri əldə saxla, adamın olsun, yaman gündə dayağın olsun.

Həpəndovun acığı tutdu:

– Mən köpəkoğlu, bəyəm, az böyüyün başmağını silmişəm, neçə dəfə gəlib pilovumu yeyiblər. Neçə dəfə qəzetdə tərif yazıram, yenə işim irəli getmir, çörək tutsun, görüm elə ədibi də, şairi də. Hər yerdə yaxşını qovub, yamanı danışırlar.

Arvad onun kürəyinə bir dürtmə vurdu. Həpəndov öskürdü:

– Nə qayırırsan, ürəyim ağzıma gəldi, görmürsən xəstəyəm?

– Xəstəsən, öl! İşini bilməyən kişi, ölsə yaxşıdır. Ay binəva, təriflə deyil, yazdığında gərək bir mətləb ola axı. Mən özüm görürəm, bərk tənqidləri camaat oxuyur da, bəyənir də. Sən böyüklərə ha yaltaqlan, hələ bilirsən, xalq görmür?

Həpəndov bir az duruxdu:

– Nə demək istəyirsən, indi də gedək birinə sataşaq? Qoymazsan oturaq yerimizdə.

– Niyə eləsinə sataşırsan. Gücün çatandan yapış, xırdalardan birinin kitabını götür, ələk-vələk elə, çək eninə, uzununa. Xalq davalı iş axtarır. O cür məqaləni oxuyan çox olar, sən də məşhurlaşarsan.

Bu söz Həpəndovun beyninə batdı. Doğrudur, o, tənqid fəaliyyətində arvad sözünə fikir verməzdi, ancaq süfrəsinin başında əyləşənlərin dediyini edərdi. Son zamanlar özünü itirmişdi. Görürdü ki, süfrə başındakılar yeyirlər, küçəyə çıxanda da qızıl-qırmızı deyirlər: "Aşna səndən tənqidçi çıxmaz, yaxşı qonaqcıl dəllal çıxar". Odur ki, indi onun yeganə yaradıcılıq metodu, arvadının bəyəndiyi metoddur.

Həpəndov kitab şkafının yanına keçdi. Göz gəzdirib xırda gördüyü şairlərdən birinin kitabını gətirdi. Masanın üstünə qoyub düşdü üstünə. Oxudu, cızdı, cızdı, oxudu, birdən fikrinə nə gəldisə, qalxıb arvadından soruşdu:

– Ay Səkinə, nə deyirsən, Mehralı necə şairdir? İstəyirəm onun barəsində...

Səkinə onun sözünü kəsdi:

– İttifaqda nəçidir?

– Heç nəçi əşi, eləcə şairdir.

– Haralıdır?

– Yox, bilirəm, nə deyirsən. O, yerlərdən deyil.

– Xasiyyəti necədir. Sonra dava-zad qoparar, ha...

– Uşaq deyilsən ki, a qız. Dava qopardan ilə mənim nə işim. Fağır, məzlumun birisi olmasa, heç əl qataram?! O barədə arxayın ol.

Arvad da razı oldu:

– Eləsə daha nəyə durmusan. Əsl müstəhəqdir.

Arvadın cavabı Həpəndova ruh verdi.

Qalxıb şkafın başından istifadə üçün seçdiyi rus qəzetlərini də aşağı tökdü. Məqaləsinə münasib yerləri tərcümə elədi. Başladı quraşdırmağa.

Həpəndovun yaradıcılığındakı mühüm xüsusiyyətlərdən biri də bu idi. O, həmişə məqalənin imzasını düşünər, sonra da sərlövhə fikirləşərdi. İmza məsələsi bu gün də onu çox məşğul etdi. Bilmirdi açıqca Həpəndov yazsın, yoxsa gizli qol yazsın. Ancaq yazmağa qorxurdu: "Bəlkə məqaləni bəyəndilər, niyə m əşhurlaşm ayım ". Haqq-hesabına baxdıqda, şairdən arxayın olduğu üçün imzanı açıq yazdı. Keçdi sərlövhəyə.

Həpəndovun ən çətin yazdığı şey sərlövhədir. Bu çətinliyi olmasa, gündə on-on iki məqalə düzəldərdi. Məqaləyə nə var, rusca qəzetdən, jurnaldan qəşəng cümlələri seç, tərcümə et, baş-ayaq sal, içinə də tələbəlik dəftərlərindəki sitatlardan sal, vəssalam. Nə təhər şeydirsə, rusca sərlövhələr o qədər konkret, o qədər məsələ ilə bağlı yazılır ki, oğurlamaq mümkün olmayır. Gərək sərlövhə ilə bərabər məqaləni də oğurlayasan. Onda da ki, camaat ayıq düşüb tapır, adamı lağa qoyurlar.

Həpəndov çox düşündü, çox daşındı, gah başını əlləri arasına alıb sıxırdı ki, içindən bir fikir çıxsın, gah da jurnalların mündəricatma, sərlövhələr siyahısına baxır, on-on beş sərlövhəni ad-dəyişik qoyub bir şey çıxarmaq istəyirdi, ancaq olmurdu ki, olmurdu. Axırda yorğun, əzgin bir vəziyyətdə qalxıb naharını yedi, dincələndən sonra başına sərlövhə gələcəyi ümidiylə yıxılıb yatdı.


Klassiklər Həpəndovun yuxusuna girib ona sərlövhə vermişdilər. Kişi yuxudan dik atıldı, başı alovlu yazı stoluna sarı qaçdı. İti və iri xətlə kağızda yazdı:

"Xalturaçı şair."

Həpəndov bu sərlövhə altında qələmini oynadıb nə bacarırdısa, yazdı. Seçdiyi materialları yerbəyer eləyəndən sonra ürəyinə bir şey gəldi: "Ədə, bu kitabın redaktoru da var axı, görüm bu necə adamdır..." Tez varaqlayıb redaktorun imzasına baxdı. Doğrudan da bu, hörmətli bir yazıçı idi. Həpəndov çaşbaş qaldı: "Görəsən, redaktor mənə təpinməz ki?"

– Əlbət ki, təpinər. Bəs necə olsun?

Bir istədi yazsın ki, kitab pis olsa da, gözəl redaktə olunub", buna ürək eləmədi. Redaksiya bu ziddiyyəti seçər, yazımı çap eləməz." Axırda Həpəndov kitabı qırağa qoyub redaktoru adsız və naməşhur adam olan kitablardan birini gətirdi. Məqaləsinin harasında bayaqkı kitabın adı çəkilirdisə, dəyişdi.

Səhərisi məqaləni redaksiyaya verdi və qürurla evə qayıtdı. Bu axşam şair Məlik Həpəndova qonaq idi. Həpəndov öz məqaləsindən söhbət açdı. Məlik soruşdu:

– Kimin barəsində dedin?

– Qabilzadənin kitabı barəsində.

– Qabilzadə?

– Bəli, şair Qabilzadə.

Məlik az qaldı əlini Həpəndovun gözünə soxa:

– Qabilzadəni Azərnəşrə şöbə müdiri təyin etdilər.

– Nə danışırsan, əşi?

– Bəli, bəli, Qabilzadə bədii ədəbiyyat şöbəsinin rəhbəridir.

– Mən ölüm, zarafat eləmə!

– Sən öləsən, təyin ediblər, bugündən işləyir.

Həpəndov Məlikin son sözlərini eşitmədi. Bilinmədi ki, havaxt papağını başına qoydu, havaxt paltosunu geyindi və havaxt pilləkənləri düşüb redaksiyaya yüyürdü.

Redaksiyada məqalənin yığıldığını, səhifələndiyini dedilər. Həpəndov katibə yalvardı.

– Xeyr, elə bir təshih yoxdur, kəlmə və hərf xətalarına baxacağam.

– Elə səhvləri müsəhhih düzəldib.

– Xeyr, mənim yadımda olan bir kəlmə var, onun yazılışı məna səhvi verə bilər. Çox xahiş edirəm...

Həpəndov katibin yaxasından əl çəkmədi. Katib onu müsəhhihlər otağına apardı, məqaləsini gətirdi.

– Bax, cümlə silmək, ya bir sətir artırmaq olmayacaq ha. Səhifələr pozular.

Həpəndov iki əlini qaldırıb katibi arxayın saldı:

– Xeyr, xeyr, bircə dəqiqənin işidir, hərfin yerini dəyişmək asan işdir. Bu saat, nə bir hərf artar, nə biri əskilər.

O, qələmi alıb ayaqlistdə məqaləsini düzəltdi. Başda "xalturaçı" sözünü pozub "xalqçı" yazdı. Məqalənin sərlövhəsi belə oldu: "Xalqçı şair." Mətndə də bəzi feillərə "m ə" hecası əlavə etdi, bəzi feillərdən isə həmin hecanı atdı. "Şair qolçomağın hiyləsini, kolxozun qüvvəsini, köhnə dünyanın mənhus olmasını, yeni dünyanın məsud olmasını göstərə bilməmişdir." Bu cümlənin son sözündən götürdüyü "m ə" hecasını aşağıdakı cümlənin son sözünə əlavə etdi: "Şair kolxoz qüvvəsini, qolçomağm hiyləsini, köhnəliyin çirkinliyini, yeniliyin gözəlliyini göstərməkdə trafaretə, şablona yol verməmişdir".

Katib bu düzəlişə baxanda tənqidçinin məharətinə heyran qaldı.

Həmin məqalə çıxan günün səhəri Həpəndov bədii ədəbiyyat şöbəsində müdirin yanını kəsmişdi:

– Keyfin-zadm necədir?

– Demə müdirəm, bir yaradıcı olaraq sizə valehəm. Məqaləmi oxudun, ya yox.

Həpəndovun verdiyi suallara şöbə müdiri dedi:

– Yaltaqlanmağa adam tap. Məndən çörək çıxmaz.

Həpəndov tərləmiş, qızarmış, pərt bir halda evə qayıtdı. Arvadı soruşdu:

– Hə, nə var, nə yox?

Həpəndov başını tovladı:

– Yenə işimiz düzəlmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri