Axtaran tapar
Axtaran!
Bunu nə cürə başa düşmək olar? Kim axtarır, nə axtarır, niyə axtarır?
Bu suallara cavab vermək üçün gərək bir qədər başdan başlayaq.
Axtaran adam Matan xaladır. Həmişə onu küçələrin kölgəli tərəfində, başında çadra, ayağında başmaq, xəyallı, ya yuxulu kimi sürünən, yeriyən görərsən.
Axtarır, nə axtarır?
İndi axtaran çoxdur. Biri təzə libas, biri xarici mebel, biri qazandı qulluq, biri yaraşıqlı otaq axtarır. Biri gözəl qız axtarır. Matan xala bunların heç birindən deyil. Amma Matan xala da axtarır. O, başqalarından fərqli olaraq yer axtarır, ağlamağa yer axtarır. Hərənin bir xasiyyəti olar. Bu adamın da xasiyyəti matəm yeri, yas yeri axtarmaqdır. Qəribədir, yeməsin, içməsin, gəzməsin, danışmasın, ancaq ağlasın. Ağlamaq mərasiminin bütün qaydalarını beş barmağı kimi bilir və lazım gələndə yerinə yetirir. Bunu məsciddə öyrədiblər. Məhərrəmlik mərasimini axıracan izləyən, əməl edən, şəhərdə rəhmətə gedənləri hamıdan tez bilən Matan xala olur.
Ölü harada basdırılır, üçü, yeddisi, qırxı haçandır?
Ölü yiyəsi kiriyəndə Matan arvad ağlayır, oxşayıb ağlayır. Elə yanıqlı sözlər qoşub ağı deyir ki, ev sahibinin ürəyi tab gətirmir.
Matanın dərdi nədir, niyə belə yanıqlı ağlayır? Heç kim bilmir. Ancaq Matan öz işindən qalmır. Ölü sahibi sakit olsa da, o kirimir. Oxşayıb ağlayır.
Onun səsim Qələndər kəsdi. Günün birində evə gələndə şivən gördü, arvadından soruşdu:
– Nə olub, Gövhər, bu nə şivəndir?
– Matan xala gəlib.
– Niyə gəlib, bu nə qışqırıq-qiyamətdir?
– Ağlamaq istəyir.
– Mənim evimdə şivən salmasın, bu nədir? Ay arvad, səsini kəs, dur çıx bayıra!
– Dayan bir!
– Dayanmalı sənsən, bəsdir. Utanmırsan, evlərə vay gətirirsən?
– Rəhmətliklər...
– Rəhmətliklərə lənət oxudan sənsən! İşin-peşən yox, sənətin ağlamaqdır, səni bu yola salan kim olubsa, qələt eləyib.
– Mən yadıma salıram...
– Xalq iş görür, plan doldurur, sən də göz yaşı tökür, vay-şivən gətirirsən, bəsdir! Bir də sənin səsini bu tərəflərdə eşitsəm, milisə verəcəyəm, bəsdir.
Matan xala Qələndərin qorxusundan ağlamağı tərgitdi. Bekar oturmaqdan o qədər yoruldu ki, rəngli ip alıb özünə jaket toxumağa başladı. Dindirəndə hamıya deyir:
– Allah Qələndərin atasına rəhmət eləsin, məni ayıltdı, çox kömək elədi! İş adamın cövhəri imiş.
Bekarçılıq adamı bədbəxt eləyirmiş!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-axtaran-tapar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dədə-babadan görmüşük ki, insan bir dəfə doğular, bir dəfə də ölər. Şah olsun, hambal olsun. Varlı, ya kasıb olsun. Adam bir dəfə doğular.Amma indi görürsən ki, bir dəfə nədir, elə adamlar var ki, iki dəfə, ya bir neçə dəfə doğulurlar. Özü də beləsi bir deyil, iki deyil, çoxdur. Uzağa getməyək, lap bizim qapıbir qonşumuz montyor Qələndər!
Qəm qəmi gətirər, dəm dəmi!Divar nəm yıxar, igidi qəm!*El sözü*
EvləndilərHərə bir cür düşünür. Biri deyir, oğul gərək atanın dalınca getsin. Biri də deyir, yox, ata gərək oğulu izləsin, müasir mətləblərdə oğula qulaq assm.Mənimki də belə oldu. Tofiqi - oğlumu lap uşaq vaxtından izləmişəm, başına buraxmamışam. Hər yerə özüm aparmışam, hər işə özüm qoymuşam, baş çəkmişəm, yoxlamışam, göstəriş vermişəm, arxayın olmuşam. Həmişə belə olub. Oğlum da rahat olub, mən də!
Yalan qiymətMən dostluğa sadiq adamam. Birisi ilə haqq-salamım oldumu, axıracan gedəcək. Dostumun xoş gününə də, bəd gününə də şərikəm.Dostluq böyük nemətdir, hər adam onun qədrini bilməz. Dostun səfasım gördüyün kimi, gərək cəfasını da çəkməyi bacarasan. Doğrudur, ata-babadan adət olub ki, adamın ən yaxın sirdaşı qohum-qardaş olar. Amma yaxşı dost qohum-əqrəbadan da artıqdır. Xüsusən indiki xoş bir dövranda, tərəqqi zamanında heç kəs dostsuz olmasın...