Səhifə 1 / 2

Bizlərdə ərəb deyildimi, çoxlarının təsəvvürünə qapqara, çalmalı, saqqallı, əbalı, ayaqyalın adam gəlir...

Bəlkə Ərəbistan haqqındakı dini təfsir və nağılların, "Min bir gecələrin, "Yüz bir gündüz"lərin, müqəddəs kitab və bəzəmə səyahətnamələrin təsiridir ki, zehinlərdə ilişib qalıb.

Hər halda bu səhv təsir var. Kimidə az, kimidə çox.

Ərəb qardaşla tanışlığın ilk günündə bu köhnə təsir, pəncərəsi açılan otağın papiros tüstüsü kimi dağılıb getdi.

Ərəb qardaş sarıyanız, qıvrımsaç, ucaboy, cəld hərəkətli, iti baxışlı, nəzakətli, yaraşıqlı bir oğlan idi.

Az danışan, müsahibini diqqətlə dinləmək istəyən bu gəncin, Bakıya səfərindən məqsədini bilmək nə qədər maraqlı olsa da, soruşmağı münasib bilmədim.

Güman edirdim ki, bu, səfarətxana işçisi, yaxud hansı xətləsə ezamiyyətə gəlmiş bir xarici mütəxəssisdir.

Şəhərimizin görkəmli yerləri ilə maraqlanan ərəb qardaş üçün mən iki-üç günlüyə bələdçi olmuşdum.

Cavan ərəbin bizim şəhəri yaxşı tanıması üçün əlimdən gələni əsirgəmirdim. Bu, mənim rəsmi vəzifəm, həm də vicdan borcum idi.

Ərəb qardaş da çox utancaq idi. Bir şey soruşmurdu, ancaq böyük bir həsrət və maraqla adamın üzünə baxır, eşitdiklərini isə tez dəftərinə yazırdı:

"Bakı, əslində bir neçə şəhərə bölünür: Ağşəhər, Qaraşəhər, İçərişəhər, Bayırşəhər... Bu köhnə adların əvəzinə indi böyük adamların adını daşıyan abad rayonlar yaranıb: Lenin rayonu, 26 Bakı komissarı adına rayon, Nərimanov rayonu... Ən sürətlə artan yuxarı hissəyə camaat Tə-zəşəhər deyir. Təzəşəhər respublikada gündən-günə inkişaf edən Mingəçevir, Sumqayıt, Daşkəsən kimi sənaye ocaqları ilə yarışır. Vaxt gəlmişdir ki, respublikamızın paytaxtı - Böyük Bakı, Kiçik Bakı kimi müəyyən edilsin..."

Ərəb qardaş əlini gözünün üstünə qoyub uzaq üfüqlərə, mavi sularda üzüb gedən gəmilərə, dənizdə qüdrət simvolu kimi yüksələn polad sütunlara baxırdı. Bunların arxasında da şəhər, nəhəng daş binalar, maşınlar, kanallar, qurğular, sıralanmış buruqlar görünürdü:

– Mən Qafqazda belə əzəmətli şəhər olduğunu təsəvvür etmirdim. Bizim coğrafiya müəllimləri də bunu öyrətməmişdilər.

Xaricdə bizim coğrafiyadan, sovet respublikalarından söhbət gedəndə bəzi filmlərin nə qədər miskin, bəzi kitabların nə qədər kiçik, bəzi natiqlərin nə qədər xəsis olduğunu mən gözümlə görmüşdüm.

Ərəb qardaşın Bakı üfüqlərinə baxaraq heyrətlə belə deməsi mənə bir qədər ağır gəldi:

– Əziz qonağımıza məlum olmamış deyil ki, Bakı Sovet İttifaqının cənubunda, Yaxın Şərqin şimalında milyon əhalisi olan, izdihamlı, bir sənaye, mədəniyyət şəhəridir. Geniş prospektləri, uca və yaraşıqlı binaları, cavan bağları, sahil və daxil bulvarları, tamaşa yerləri - teatr, kino, idman meydançaları, gurultulu küçələri, plyajları, yaylaqları, elektrik dəmiryolları ilə məşhur olan Bakının əsl siması ilk baxışda çətin görünür və bəlkə də görünmür. Müasir Şərqin məşhur şairlərindən biri demişdir:

Düşünən beyni Moskva isə ölkəmizin,

Təzə qan dağıdan qəlbidir Bakı!..

Yerin ən dərin qatlarından qara neft çıxarıb sosialist sənayesinin istifadəsinə verən qəhrəman neftçilər, ecazkar texnika burada, maşınlar aləmində gecə-gündüz yorulmadan çalışır, vətənlərinin şöhrətini artırırlar.

Sağda gördüyünüz bu böyük sahəli geniş mədənlər sovet dövrünün bəhrəsidir. Buranı yeni Bakının xilaskarı Sovet hökuməti yaratmış, adını da İliç buxtası qoymuşdur. Dayandığımız bu yer Dağüstü park, Kirov adma Mədəniyyət parkı adlanır.

Şəhərin mənzərəsi buradan daha gözəl görünür. Otuz iki il əvvəl Maksim Qorki bu yerləri gəzmiş, Bakı limanını Neapolla müqayisə etmişdir. Bu park köhnə qəbiristanlığın yerində salınıb, əslində otuz beş yaşı vardır. Dənizdən televizor qülləsinə qədər uzanan, bağı iki hissəyə bölən funikulyor isə lap cavandır: iki yaşı var! İkicə yaşı!

Gördüyünüz həmin ağır daşları keçmişdə qəbir üstünə qoyar, bəzən də nəqşə vurardılar. İndi Bakı ətrafında neçə karxanalarda müasir texnika ilə ağ daş istehsal olunur, qatar-qatar daşınır, böyük binaların, körpülərin, yolların, sədlərin, kanalların tikilməsinə sərf olunur.

Ərəb qardaş dayanıb heyran-heyran dənizə, balıq kimi şütüyən motorlu qayıqlara, ağır gövdəli gəmilərə, ara-sıra göydən suya enib üzən təyyarələrə, göy Xəzərin ayaz səmasında uçuşan sülh göyərçinlərinə baxır, düşünür, bəlkə də ürəyində doğan sualı deməyə münasib söz axtarırdı:

– Cənab filankəs, sizin bu dəniz böyük göl sayılır. Hər yandan qapalıdır. Gəmi ilə Kaspi dairəsindən kənara çıxmaq mümkün olmasın gərək?

– Əvvəl elə idi. Siz deyən kimi. İyirmi il olar ki, su yolları açılıb. İndi Xəzər dənizindən dünyanın bütün dənizlərinə - okeanlara çıxmaq olur. Xəzərin ən böyük qolu, mənbəyi Volqadır. Volqa ilə Moskva çayına, oradan da Şimal dənizinə getmək asandır. Xəzər, habelə Don çayı vasitəsilə Qara dənizlə bağlanıb, Bakıdan su yolu ilə həm şimala, həm qərbə, Avropanın mərkəz ölkələrinə getmək mümkündür.

Ərəb qardaş akademiya, universitet şəhərciyini gəzdi, 26-lar bağını görmək istədi, gül dəstəsini məşhur abidənin daş pilləkənlərinə qoyandan sonra papağı əlində ehtiramla bir neçə dəqiqə sükut içində qəhrəmanların heykəllərinə baxdı:

– Mən, - dedi, - Parisdə kommunarların xatirə lövhəsinə baxmışam. Eyni qürur və minnətdarlıq hissini burada da yaşayıram. Bəşəriyyət belə oğulları ilə həmişə fəxr edəcəkdir. Kommunarların abidəsində yazılar var, belə canlı heykəllər, təəssüf ki, yoxdur.

Ərəb qardaş Bakı pioner evinin, kitabxana binasının başındakı heykəllər haqqında da çoxlu suallar verdi. Neft fəhlələrinə hələ inqilabın ilk illərində qoyulan abidənin şəklini çəkdi, müəllifini soruşdu:

– Qız qalasına getmək olarmı?

– Olar!

– Lap minarəyə çıxmaq mümkündürmü?

– Yorulmasanız mümkündür. Çox uca binadır.

– Yorulmarıq, gedək!

Qız qalasına çıxandan, əfsanə qəhrəmanlarının adını soruşub yazandan, şəhəri bir də seyr edəndən sonra sanki bir şey xatırlamış kimi, soruşdu:

– Bakıda bir oğlanın xatirəsinə tikilən abidə bina var, məşhur bina, çox istərdim görüm?!

'Oğlanın xatirəsinə bina../' Nəsə bu mənə qəribə və təəccüblü gəldi.

– Xatirəsi əziz tutulan oğlan sənətkar, ya ictimai xadimdir?

– Xeyr, bir atanın əziz və yeganə oğlu, vərəm xəstəliyinə tutulduğuna, nakam öldüyünə görə ata onun adına bina tikdirib, gözəl bir abidə qoydurub. Belə eşitmişəm, çox istərdim görüm!

Müsafirin sualı da, hansı abidədən söhbət saldığı da mənə aydın oldu. Ancaq təəccübüm azalmadı, çoxaldı. Oğlanın abidəsinin tarixçəsi kitablarda yazılmır, yerlilərdən də çox az adama məlumdur. Bu əhvalatı qocalar bilir. Müsafirin işarə etdiyi heykəl də indi yoxdur. O binanın adı da dəyişilib. Ərəbin bu barədə məlumatı və marağı məni düşündürdü.

"Haradan bilir, nə üçün maraqlanır?.. Bəlkə memardır, ya ədibdir?!"

– Siz yəqin İsmailiyyəni deyirsiniz.

– Bəli, bəli, İsmailiyyə, İsmailiyyə!..

Cavabımın belə maraq və sevinc doğurması məni daha da şübhəyə saldı. Kürəklərimin arasından bir gizilti keçdi, deyəsən, məni soyuq tər basdı.

"Haradan bilir, nə üçün maraqlanır?.. Bəlkə memardır, ya ədibdir?!"

Başqa bir şübhə də mənim ürəyimi gəmirdi: "Sonra bu, nə bilim, ayrı cür adam olar ha!"

Özüm də şəhərimizi, nəhəng bir sənaye mərkəzini, addım-addım gəzib hər şeyi təfsilatı ilə danışıram, şəkil çəkməyinə mane olmuram, bədniyyət adama rast gəlmiş olsam, görən mənə nə deyər?

"Ay kor yapalaq, xaricdən gələnlərə yamanca qaynayıb-qarışmı-san, fikrin haradadır, sənə nə olub?.."

Ancaq soruşa bilməsəm də, nəzakətsizlik görünsə də, suallı baxışlarımı bir müddət qonağın üzündən yayındırmadım.

İnsan şüuru çoxcəhətli və çox da mütəhərrikdi. Bir saat bundan əvvəl, məlum sualları verənə qədər mən müsahibimə əziz qonaq, ehtiramı vacib bir dost kimi baxır, bütün xahişlərinə əməl etməyə çalışırdım. İndi, qəlbimdə şübhələr doğandan sonra bu "xatalı" vücuddan tez yaxa qurtarmağa, bunun əsl məqsədini öyrənib bilməyə cəhd edirdim. Necə oldu ki, nazirlikdən bunu mənə qoşanda rədd etmədim. Necə oldu ki, bunun kim olduğunu soruşmadım, necə oldu ki, bunun qaradinməz, həmişə fikirli, həmişə qapalı siması məni maraqlandırmadı. Mənim fikrim harada idi? Heç məndən çıxan iş deyil...

Ərəb qardaş indi mənə sadə bir səyyahdan çox, təlim almış kəşfiyyatçı kimi görünməyə başladı. Buna ərəb qardaş demək də xatalıdır. Ən azı buna naməlum səyyah demək gərək.

Ərəb qardaş da, sualının təəccüb doğurduğunu hiss etmişdi. Ona görə bir qədər əlavə etməyi lazım bildi:

– İsmailiyyə haqqında mən az-maz bilirəm, sonra sizə danışacağam! Oranı görmək istərdim.

Mən əvvəl zəng vurdum, xahiş elədim. Sonra qonağı həmin binaya gətirdim və buranın indiki məziyyətlərindən danışdım.

– İnqilabdan əvvəl bu binanı bir varlı, nakam gənc oğlunun xatirəsinə tikdirib. Sonradan bura cəmiyyəti-xeyriyyə binası, indi isə Elmlər Akademiyası olub, şəhərin elm, sənət, mədəniyyət məclislərinin, dövlət tədbirlərinin çoxu burada keçirilir. İsmailiyyə adı köhnəlib, onu ancaq mənim kimi qocalar bilər. Siz yaşda gənclərin binanı belə adlandırdığını birinci dəfə eşidirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri