Səhifə 2 / 2 · 50%

Şah bir-iki qədəh içəndən sonra qəmi dağıldı, kefi açıldı, üzünü ev sahibinə tutub dedi:

– Ey mənim qızıl eyvanlı, qonaqcıl Sərkərdəm! Sarayın genişdir və yeri çox xoşdur. Lakin, de görüm, göylərin bir qatına qalxan bu eyvana necə çıxıb-düşə bilirsən? Sənin ki yaşın altmışı keçmişdir.

Sərkərdə dedi:

– Şahın ömrü uzun olsun, mənim çıxıb-düşməyim təəccüblü deyildir. Mən kişiyəm, bu pillələrdə yorulmuram. Təəccüblü mənim ay üzlü qızımdır ki, özü qumaş kimi zərif və incə ola-ola, hər gün dağ boyda bir öküzü başına götürüb yemləmək üçün bu eyvana çıxarır. Öküz nə öküz, fil kimi! And içə bilərəm ki, bu qoşundan heç kəs onu birnəfəsə yerdən qaldıra bilməz. Qız isə bu altmış pilləni yaydan qurtarmış ox kimi çıxır, pillələrin birində də dayanıb nəfəsini dərmir. Əsl təəccüblü iş budur!

Şah sərkərdədən tələb etdi ki, dediyini isbat eləsin. Sərkərdə aşağı enib əhvalatı Fitnəyə söylədi.

Sərkərdənin sözündən şah heyrətə gəldi:

– Bu necə ola bilər, gözümlə görməsəm buna inanmaram.

Ay üzlü qız fürsətdən istifadə edib, qabaqcadan hazırlanmışdı. Çinli qızlara məxsus bəzək-düzəyini taxdı, üzünə sevqəl verdi, gözünə sürmə çəkdi, mişk iyli tellərini ay üzünə haşiyə çəkdi, sərv boyuna qırmızı don geydi, lalə kimi göründü, ay kimi gümüş gərdəninə dürrdən boyunbağı taxdı. Xoş bir vəziyyət aldı, dodaqlarında təbəssüm oynatdı, sədəf dişləri göründü. Ənbər saçlarını çiyninə tökdü, zənci rəngli saçı hindi xalı ilə sanki vuruşmaq üçün qarşı-qarşıya dayandı. Fitnənin xurma dodağının üstündəki qara xal gözəlliyini bir qat daha artırırdı. Başındakı daş-qaş ulduz kimi parıldayırdı. Qulağının gövhər sırğası aşiqlər bazarının ən qiymətli matahı idi. Ay üzünü yasəmən arasındakı gül kimi ağ örtüdə gizlətdi. Yeddi bəzəklə yaraşığını tamamlayandan sonra, nazla hərəkət edərək öküzə doğru getdi. Başını əyib öküzü boynuna götürdü. Fitnə ildırım kimi pillələri çıxdı. Bəhram şahın taxtı qarşısına yeridi, ayaq üstə ədəblə dayandı.

Bəhram şah öküzü görüb heyrətindən ayağa qalxdı. O, öz kənizini tanımadı. Fitnə öküzü boynundan yerə qoydu və dedi:

– Mən sənin və bütün məclisinin hüzurunda bu hünəri göstərdim. Əgər bacarırsınızsa dünyada bir güclü igid tapın ki, bu öküzü eyvandan aşağıya apara bilsin.

Şah dedi:

– Bu sənin güclü olduğunu göstərmir, əvvəldən adət etdiyin üçün bacarırsan. Bu bir hünər deyil, uzun illər yavaş-yavaş vərdiş etmisən, odur ki, bir əziyyət görmürsən.

Ay üzlü, gümüş bədənli Fitnə baş əyib şaha dua oxudu və dedi:

– Çox qəribədir ki, öküz adət ilə olur, ceyran isə hünər ilə. Nədəndir mənim öküz götürməyim adət sayılır, şahın ceyran vurmağına adət deyənlər cəzalanırlar?

Şah kinayəli sözündən Fitnəni tanıdı. Qızın yanına gəldi, rübəndi açdı, onun gül camalına baxdı, qucaqlayıb ağladı. Göz yaşları ay üzünə mirvari təki səpildi. Şah qızdan üzr istədi, Fitnə isə nərgiz gözlərindən gülab yağdırdı. Şah evi xəlvət edib gözəl pərisinə gileylənirdi:

– Səni zindana saldırmağıma min dəfə üzr istəyirəm. Bağışla məni, ağılsızlıq edib yandırdığım odda özüm qovruldum. Sən isə şükür ki, salamatsan.

Şah Fitnəni öz yanında əyləşdirib qolunu boynuna saldı, Fitnə də ürəyinin sözünü dedi:

– Sevimli şahım, ey məni ayrılığı ilə öldürən, mehribanlığı ilə dirildən sirdaşım, ayrılıq məni şam kimi əritdi. Qəm, dağı yerindən qoparar. Sənə olan məhəbbətim sayəsində az qaldı həyatım getsin. Sən ovlaqda ceyranın dırnağını qulağına tikəndə hünərinə yerlər deyil, göylər də afərin dedi. Mən şahı tərifləməkdə qəsdən gecikdim, səbir elədim. Bədnəzəri şahdan uzaqlaşdırmaq üçün tərifə dil açmadım. Tərifli şeyə hər zaman bədnəzərin gözü dəyə bilər. Lakin nə edim ki, fələk məhəbbətim əvəzində mənə əziyyət və töhmət qismət elədi.

Fitnənin bu sözü şaha çox xoş gəldi. Şah dedi:

– Haqqın var! Sənin vəfana inanıram. Bu hünərə sahib olan qızın dünyada əvəzi yoxdur. Sərkərdəm qorumasaydı, mənim bu gövhərimi daşlar parçalamışdı.

Şah sərkərdəni çağırıb razılıq etdi, qolunu onun boynuna salıb şaha layiq xələt və baxşışlar verdirdi, yaxşılığına birə-min əvəz elədi, onu çox əzizlədi və Rey mülkünü tamam ona bağışladı.

Şah böyük şadyanalıqla öz şəhərinə qayıdıb məclisinə şirin sözlü şairlər çağırdı. Ruhani başçılarını çağırıb Fitnənin kəbinini özünə kəsdirdi. Hər ikisi kef-ləzzətlə gün keçirməyə başladılar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İki səs

Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.

19454 dəq
Qələmdan

1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:

194515 dəq
Silah qardaşları

1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

194520 dəq
Mənim də haqqım var

Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?

19458 dəq

Başqa şairlərin şeirləri