Səhifə 3 / 3 · 67%

– Gərək mübarizəni öyrənsin də!

Munisov simasına ciddiyyət verərək gəlişinin məqsədini demək istədi:

– "Pravda"nı oxumusanmı?

– Oxumuşam. "Müəssisəni idarə haqqında"kı məqaləni deyirsinizsə, oxumuşam.

– Biz də bacararıq, bacararıq ki, idarə işi daha gözəl qurulsun, özü də az xərc götürsün.

Stepnoy dayanıb yenə barmaqları ilə saymağa başladı:

– Munis, bunu mənə demə, mən çox adam ilə az iş yox, az adam ilə çox iş görənəm. Mən qoymaram bir saat zəhmət vaxtı hədər getsin. İki normaçının birini istədiniz, göndərdim. Sentyabrda yadındadır, bir briqada verdim. Daş mədəninə göndərdiniz. Mən işimi onlarsız da aşırıram.

Munisov "Pravda"nı çıxarıb barmağı ilə işarə etdiyi yeri Fedyanın gözü qabağına tutdu. Stepnoy qalın komandir səsilə ucadan oxudu: "Kiçik sexə olan - təqsimat burosu lazım deyil, bir təqsimatçı usta bəsdir, texniki büro lazım deyil, bir texnoloq bəsdir. Zəhmət və maaş bürosu lazım deyil, bir nəfər norma qoyan bəsdir...".

Fedya özündən əlavə etdi:

– Əlbət ki, bəsdir!

Munisov soruşdu:

– Necədir?

– Gözəldir.

Munisov qəzeti alıb qatladı:

– Mətləb budur, Fedya, Moskvadan tapşırıq var. Yanvarın birindən "nəhəngin" (inşaatçılar truba zavodunu çox zaman belə adlandırırlar) yanında iki zavod da tikiləsidir: beton zavodu, sement zavodu. Vaxt az, tələb çoxdur. Trest bu işin öhdəsindən gəlməsə, hamımız biabır olarıq. Özümüz layihə vermişik, işimizin xatirinə xahiş etmişik, o kişilər də təsdiq ediblər. Şəhərləri gəzib ləvazimat axtarmaqdansa... Təsəvvür et, bir tikintiyə ki gündə 400-500 vaqon ləvazimat gələ, satın almaqla, idarələrin qapısına düşməklə öhdəsindən gəlməkmi olar? Öz inşaat bazamız möhkəm olsa, yaxşı deyilmi?

– Gərək möhkəm olsun!

– Ay sağ ol! Bu da bizdən tələb olunur.

Munisov səsinə daha səmimi və mehribanlıq ahəngi verərək teztez danışdı:

– Dünən adam üçün güman gələn yerləri saymışıq. Əmək ehtiyatları idarəsi, komsomol səfərbərliyi... Fazilov kəndə, sovxoza getdi. Sənin adını da hamıdan qabaq özü çəkdi. Çəkdi və dedi: "Mənim dilimdən xahiş eləyin. Heç olmasa 10-15 nəfər verər. Götürsün, işə az təsir eləyən yerlərdən götürsün. Onun adamları hazır, ixtisaslı inşaat fəhləsidir. Stepnoyun on fəhləsi 50 təzə fəhlənin işini görər.

Stepnoy dedi:

– Mənim zavodumu siz, deyəsən, təcrübə sexinə çevirəcəksiniz!

– Yaxın yerdən umarlar, Fedya!

Müsahiblər gedib kontorun qabağına çatmışdılar. Stepnoyu qapıda gözləyənlər var idi. Ancaq heç kəs yaxın gəlmirdi. Kənardakılar onların söhbətindəki ciddiyyəti seçməmiş deyildilər. Stepnoy Munisova bir cavab vermədi. Sanki bu sözlərin kifayət olmadığını güman edib mabədini gözləyirdi. Bir şey xatırlamış kimi başını qaldırdı:

– Gəl içəri görək!

Onlar otağa girdilər. Stepnoy qapıdakıları yola salıb imzalanmalı kağızları aldı. Qol çəkib bir-bir qaytardı. Munisov divardakı cədvəllərə, diaqramlara baxırdı. Fedya təklif etdi:

– Əyləşin!

Onlar üz-üzə oturanda Munisov sanki söhbətinin davamına münasib şərait tapdı.

– İşçi qüvvəsi üçün üç yerə adam gedib. Şərtləşmişik ki, heç kəs boş qayıtmasın. Mənə fəhlə verdin, - vermisən, vermədin - gedəsi deyiləm, çörəyimi sənin boynuna salmalı olacağam. Kefinə bax!

Stepnoy güldü:

– Görürəm axı, ayda-ildə bir yolun düşür, bir stəkan çayımızı da dadmırsan!..

Stepnoy sifətini ciddiləşdirib qələmi əlinə aldı:

– Ancaq, - dedi, - bir yerə gümanım gəlir. Səkkiz nəfərlik təmirmexaniki briqadam var, harada bir ilişmə oldu göndərirəm. Gecələr də onlardan növbətçi qoyuram. Əlacım ona qalır ki, həmin briqadanı sizə təslim eliyəm. Növbəni də özüm çəkəm, maşınları mən ayrı adama etibar eləyə bilmərəm!

Munisov razı olmadı.

– Sənin işin ağır olar.

Stepnoy əli ilə arxayınlıq işarəsi verdi:

– Mən elə işləri çox aşırmışam!

– Bəlkə bir-iki nəfərini saxlayasınız.

– Yox, o briqadanı bütünlüklə verirəm. İşi görürsən, qoy iş olsun. Ona siz arxayın bir qüvvə kimi baxa bilərsiniz. Cəbhədə belə dəstəyə "zərbəçi" qrup deyirdilər. Onlar ilə təzə zavodlarını qurarsan... Elə ki işin yoluna düşdü, xahiş eləyirəm adamlarımı özümə qaytarasan! Stansiyanı böyütmək fikrim var. 7-8 nəfər də fəhlə verə bilərəm. Sən mənə bir on gün möhlət ver. Bir yaxşı təklif elədin axı! Tuneli açdırsam fəhləni azaldacağam. Gələn ay bəlkə 10 nəfər də verə bildim.

Munisov razılıq etdi. Ancaq Stepnoyun öhdəsindəki işləri təsəvvürünə gətirmək istəyirdi ki, direktor özü barmaqlarını qatlayıb saydı:

– Həm direktoram, həm mexanik, həm elektrostansiya naçalniki, indi də biri artdı: təmir-mexaniki briqada!

– Fedya, xahiş edirəm sən məni bu dəfə idarə müdiri kimi yox, bir kommunist kimi qəbul edəsən... Mən səninlə məsləhətə gəlmişəm. Əgər bu adamların getməyi sənin işini ləngidəcəksə, sən inciyəcəksənsə, onda nə faydası!?

Munisov qəsdən sözü bu yerə gətirdi. Ona görə gətirmədi ki, Stepnoydan plan barəsində əlavə əmniyyət alsın. Yox! Ona görə bu sözü dedi ki, Stepnoyun məsələyə olan əlaqəsini üzə vursun, onu danışdırsın. Çünki Stepnoy bu tədbiri işçilərə də deməli idi. Stepnoy isə bugünkü xahişinə əməl olunduğuna görə razı qalan rəis müavinini ürəyində, ehtimal ki, zavod planının ödənməsi haqqında bir nigarançılıq törəyə bi196 lər gümanı ilə təsirləndi. Ona elə gəldi ki, arada olan danışıqlar

Munisova belə bir ehtimal üçün əsas verdi. Qələmini yerə qoydu. Təyyarə hissəsindən düzəltdiyi yazı cihazının hissələrini əlinə alıb bərk və əsəbi bir şəkildə sıxaraq səsini ucaltdı:

– Yoldaş müavin, - dedi, - arxayın ol. Mən cavabdeh olmuşam, olacağam! Bilmirsən...

O, əsəbiləşən kimi ayağa qalxardı.

– Munis, yoxsa məni tanımamısan?

Stepnoy şəhadət barmağını boğazına çəkdi:

– Fyodor Markoviç Stepnoy, - dedi, - vəzifə başında baş verməyə hazır olub və olacaqdır. Mənim üçün birdir, o cəbhə, bu cəbhə, qorxursan mən borclu qalam?

Munisov da ayağa qalxdı:

– Fedya, - dedi, - sən mənim sözümü kənara yozma! Sənə arxayın olmasam yanına gəlməzdim. Mən sənin özün üçün, işin ağırlığını deyirdim. Gəl!

Munisov keçib Fedyanın qolundan yapışdı:

– Gəl, - dedi, - mən bu gün sizə getməli oldum!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ölümdən betər

Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.

19426 dəq
Axşam səfəri

IÜç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...

194312 dəq
Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 dəq
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 dəq

Başqa şairlərin şeirləri