Xəbər ətərsiz
Səhifə 1 / 2
Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.
Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:
– Bacı, uşaq qucağınızda, siz niyə növbə gözləyirsiniz, gəlsəniz!
Komissarın belə mehriban rəftarı Səkinəyə cürət verdi. O, kəlağayısını alnına tərəf çəkib, irəliyə yeridi:
– Yoldaş komissar... - dedi.
Komissar onun üzündə utancaq, məsum Azərbaycan qızının şikayətini oxuduqda, tez soruşdu:
– Buyur, bacı, nə sözün var? Təqaüdünüz vaxtında çatırmı?
Səkinə başını aşağı saldı:
– Çatır, bəli, çox sağ olun. Ayrı barədə gəlmişəm, üç aydır xəbər yoxdur. - O, bu sözdən doluxsundu, dalısını deyə bilmədi.
Komissar stol başına keçib, əyləşmək üçün ona yer göstərdi, qələmi alıb bloknotu vərəqlədi və soruşdu:
– Familiyası nədir?
Səkinə qoynundan çıxartdığı dörd bükülmüş bir ağ zərfi komissarın stolu üstünə qoydu və dedi:
– Cavadov Fətulla.
Komissar Fətullanın ünvanını yazıb götürdü. Səkinəyə təsəlli verdi:
– Arxayın olun, mən ştaba yazaram, tezliklə yoldaşınızdan xəbər alarsınız.
Səkinənin ürəyi sakit olmadı:
– Yoldaş komissar, - dedi, - neçə gün çəkər?
– On-on beş gün çəkər, ancaq darıxmayın. Kağız gəlməsə, mən lap təcili teleqram vurub, tələb edərəm. Siz heç narahat olmayın.
Səkinə komissarın yanından qayıdandan sonra saatları, günləri saymağa başladı. 12 gün keçmişdi, 13-cü gün axşam Səkinəgilin qapısını döydülər, göy bir zərf verib, qol çəkdirdilər.
Biz istərdik ki, qürbətdə, səfərdə, ya cəbhədə adamı olan evlərin hamısı məktub alsın. Ancaq heç bir evə belə xəbər gəlməsin. Səkinə məktubu almasına hədsiz dərəcədə sevindisə də, oxuyandan sonra elə bil, dünyanı, yerləri, göyləri hərləyib, onun başına çırpdılar. O cavan gəlinin, o gənc ananın ümid və arzu dolu ürəyi parçalandı... Yazıq durduğu yerdə diz çökdü, özünü itirdi. Dili tutuldu, dodağı titrədi, bütün vücudu kibrit kimi alışıb-yandı. Səkinə varlığını qovuran müsibətin ağırlığından elə fəryad çəkib ağladı ki, yaxın qonşuların hamısı bir dəhşət duymuş kimi, evə töküldülər.
Komissarın sualına cavab gəlmişdi ki, siz axtaran adam, kiçik-leytenant Fətulla Cavadov Poltava uğrunda gedən vuruşmalar zamanı itkin düşmüşdür, haqqında heç bir məlumat yoxdur...
Komissar şad bir xəbər alsa, yəqin ki, Səkinəni çağırtdıracaq, sevindirəcəkdi. Ancaq bütün hissləri və həyatı ilə ərinə bağlı olan Səkinə kimi bir azərbaycanlı qadına belə xəbər söyləməyə cəsarət etməmişdi. İtkin düşməyin ölüm demək olmadığını Səkinəyə anlatmaq, inandırmaq da asan deyildi. Bütün bunlara görə, məktubu onun evinə göndərmişdi.
Biz burada Səkinənin müsibətlərini dilə gətirmirik. Qoy bir kəlmə söz oxuyub, dincəlmək istəyənlərin ürəyi xarab olmasın. İstəyirik ki, oxucu, bir ailənin başçısını - cəbhədə xəbər-ətərsiz itən gənc Fətullanı tanısın, onun macərasını bilsin.
Fətulla Vətən müharibəsi meydanlarına gedən milyonlardan biri idi. Ancaq milyonlar içərisində Fətulla kimiləri ilk baxışda seçilirlər. O, ləyaqətli, igid bir əsgər olduğu qədər vəfalı bir yoldaş idi. Həftə olmazdı ki, sevgilisinə məktub yazmasın, halını bilməsin, əhval soruşmasın. Bəzən onun məktubları papiros qutusundan çıxarılmış karton kağızdan, bəzən konserv bankasından soyulmuş şəkildən ibarət olurdu. İttifaq düşürdü, görürdün, Fətulla altı sətirlik məktubunu üç gündə yaza bilmişdir, hər sətir arasında qızışan döyüş günlərlə uzanırdı, sükut komandası alan kimi, hərəni bir işdə, Fətullanı isə məktubunu davam etdirməkdə görərdin. Səkinəsinə və körpə oğluna olan məhəbbətini köyrəltməzdi. Əksinə, ailə ona müqəddəs bir xaniman, əbədi bir arxa görünərdi. Oğlunun beşikdə istirahət dəqiqələrini düşünərək, bütün əzablarını, Səkinənin təmin olunduğunu, gələcək qələbədən sonra vətənə dönmək, xoşbəxt görüş saatını düşünərək, bütün həsrətləri unudardı. Evdən mək tub aldıqda, elə bil, ailəsini görüb söhbət edər, arxayın olar, döyüşə toy-bayram həvəsi ilə gedərdi. Cəbhədə ikən oğlunun və Səkinənin şəklini istəyib almışdı.
Belə bir oğlanın aylarla məktub yazmaması əbəs yerə deyildi. Səkinənin də darıxmağa haqqı vardı. Poltava davasında Fətullanın topçu dəstəsi üç düşmən təyyarəsini vurduğunu, top xarab olanda isə alman piyadaları ilə əlbəyaxa vuruşduğunu cəbhədən gələnlər danışırdılar. Həmin axşamdan sonra Fətullanın nə dirisini, nə ölüsünü görən olmuşdu. Söz buraya çatanda hamı başını aşağı salıb susurdu. O zaman o qarlı-çovğunlu payız gecəsində Fətullanın başına nələr gəldiyini biz də bilmirik.
Sevgilisindən əl üzəndən sonra Səkinə qoparılmış gül yarpağı kimi, solub getməkdə idi. Ev-eşik gözündən düşmüş, həyat ona xəstə yatağı kimi, işgəncə görünmüşdü. Yoldaşları onu məşğul edib, əyləndirə bilmirdilər. Payız səması kimi tutulmuşdu. Gündüzlər bulud kimi qaralır, gecələr ağlayırdı.
O, qüssələrini uşaqdan, körpədən gizlətməyə çalışırdısa da, bacarmırdı. Nə sirr idisə, uşaq həmişə agah olurdu. Balaca barmaqları ilə anasının gözünə işarə edib, sanki, "ağlama" deyirdi. Oyuncaq şeylərini götürüb anasının qabağına tökür, sanki, onun tənhalığını pozmaq, qüssəsini unutdurmaq istəyirdi. Səkinə onun üzünə baxır, "atasız balam!" deyib, daha da şiddətlə ağlayırdı.
Anaların belə günü az olsun!
Keçən ilin yayında Səkinə Buzovnadan, bibisi evindən qayıdırdı. Vaqonlarda basabas idi. Uşaq istiyə düşməsin deyə, Səkinə vağzalda gözləməli, arxayın bir vaqona oturmalı oldu. Gecə saat onda gəlib şəhərə çıxdı.
Adəti üzrə, Səkinə bir yerə gedəndə evin açarını qonşuya - Güllər xalaya verərdi. Davadan əvvəl belə edərdi ki, Fətulla gəlsə, gözləməsin, evdə oturub dincəlsin. İndi isə Fətulla yox idi. Ancaq yenə açarı aparmırdı. O istəmirdi ki, Güllər xalanın ürəyinə bir şey gəlsin, "inanmır" desin. Əslində, Fətullanın evdə olduğu zamanlardan qalan bir bu adət Səkinəyə çox xoş gəlirdi. Açarı qoyub getməklə sanki o, Fətullanın gələcəyinə şirin bir ümid bəsləyirdi. Hər dəfə açarı özü gəlib alanda bir ah çəkir, sevgilisinin bir daha bu qapını açmayacağını düşünüb kədərlənirdi.
Bu axşam gec, həm də yorğun qayıtmışdı. Həyətə girən kimi səsləndi:
– Güllər xala, açarı gətir, uşaq qucağımda yatıb.
Diqqətlə baxanda Güllər xalanın qapısını bağlı gördü. Belə hallarda açarın məlum yeri var idi. Su quyusunun başında köhnə bir kərpicin altına qoyardı.
Səkinə kərpicin altına baxdı, açar orada yox idi. "Bəlkə, qıfılı birtəhər açmaq olar", - deyə düşündü və qapıya yaxınlaşdı.
– Bu ki açıqdır. Ay Güllər xala! - deyə səsləndi.
Qapı açıq, içəri qaranlıq, həyətdə kimsə yox idi. Səkinəni vahimə basdı. Bir də səsləndi:
– Güllər xala!
– Ay qız, Səkinə, haradasan bəs?
Evdən gələn bu səs Səkinənin bütün vücuduna, qanına işlədi. Lampa yandı, Fətulla köynəkcək həyətə qaçıb, onu qucaqladı:
– Bəs haradasan, ay Səkinə, demirsən ki, evə gələn olar?
Səkinə yarım saata qədər ayaq üstə quruyub qaldı. Sevincdənmi, özünü itirdiyindənmi çaşmışdı, danışmaq istəyirdi, amma dili tutulurdu. Dəqiqələrlə Fətullanın boynunu qucaqlayıb durur, sonra geri çəkilir, sanki gördüyünün yuxu deyil, aşkar həqiqət olduğunu bilmək üçün onun üzünə bir də baxır, təkrar qucaqlayırdı.
Sonra onlar içəri girdilər. Fətulla gah əyilib çarpayının üstünə atılan yuxulu uşağın üz-gözündən öpür, gah da zarafata salıb, Səkinədən gileylənirdi:
– Gecə yarısınacan gəzməyə gedirsən, demirsən bir evə gələn olar?..
Səkinə yavaş-yavaş toxdayırdı:
– Həmişə, - deyirdi, - sən gələsən, ay Fətulla! Mən gözlərimə inanmıram. Bilirsənmi, diliyanmışlar səndən nələr danışırdılar!
– Mənim kimi komandir babadan nə danışacaqlar, yoxsa deyiblər qız dalınca gəzir?
– Yox, ayrı şey deyirlər. Dilim-ağzım qurusun. Altı aydır yasda yam. Əynimdə qaranı görmürsənmi? Ağlamaqdan gözümün qarası gedib. Yazıq körpə də mənə baxıb qüssələnir.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-xeber-etersiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hakim Mürsəli Nazilə ilə barışdırmaq istəyirdi:– Nə üçün boşanırsınız?
Mən də bakılıyam– Nə əcəb?– Bu, nə sayaq olub?
Ərəb qızıLeyli!Leyli - ərəbcə gecə deməkdir. Ata-anası bəlkə də qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər.
NaxışYəqin ki, siz də ikimərtəbəli daş binanın dəhlizindən ötür, izdihamlı hərəkəti görür, uca səqfin hər tərəfindən uğuldayan sərin küləyin yeknəsəq səsini eşidirsiniz.Kənarda asqıların qabağında bir əlini qartal caynağı kimi məhəccərə söykəmiş, bir əli göy xalatımn cibində hazır dayanıb adamları qarşılayan, yola salan, paltarları, papaqları ehmalca "yallah" deyib təqdim edən arıq, ortaboylu, qarayamz, nimdaş libaslı qadını tanıyırsınız.