Hakim Mürsəli Nazilə ilə barışdırmaq istəyirdi:

– Nə üçün boşanırsınız?

– Xasiyyətimiz tutmur.

– Səkkiz il tutdu, birdən-birə niyə tutmadı?

– Daha tutmur.

– Bəlkə barışasınız?

– Dünyasında yaşamaram onunla, vəssalam!

Hakim Nazilənin rəyini soruşdu:

– Bəlkə siz yoldaşınız ilə dil tapasınız, ailə qurmaq asan olmur.

– Xeyr, möhtərəm hakimlər, mən onunla yaşamayacağam. Vəssalam! Bizi ayırın, heç bir iddiam da yoxdur!

Hakimlər məsləhətləşib uşağın rəyini öyrənmək istədilər. Nazilə çağırmamış katib qız qapını açdı, yeddiyaşlı, qıvrımsaç, yumrusifət, qaragöz bir oğlan uşağı içəri gəldi. Yaşma yaraşmayan bir təmkin ilə salam verib, əllərini yanına saldı, ədəblə dayandı.

Hakim soruşdu:

– Oğlum, adın nədir?

– Tofiq!

– Bağçaya gedirsənmi?

– Bəli!

– Ananı çox istəyirsən, atanı?

Tofiq bu sualı gözləməyirmiş kimi, çevrilib əvvəl atasına, sonra anasına baxdı, hakimə cavab verdi:

– Anamı da, atamı da!

– Hansı ilə getmək istəyirsən?

– Hara?

– Evinizə!

– Üçümüz!

Hakim bir istədi sualı dayandırıb mürafiəni istədiyi kimi həll eləsin. Bir də fikrinə gəldi ki, Tofiq arxalanmalı uşaqdır. Sualında davam etdi:

– Atan istəyir səni anandan ayırsın, razısanmı?

– Ayrılmıram.

– Anan istəyir səni atandan ayırsın!

– Ayrılmıram.

Hakim bir an susdu, ayrılmağa gələnlərin üzünə baxdı, öz övladına nəsihət edən kimi, Tofiqi mülayim səslə dindirdi:

– Tofiq, oğul, sənin atan ayrı evdə qalacaq, anan da ayrı evdə. İndi sən...

Hakim sözünü qurtarmamış Tofiq gözünün yaşını töküb yalvardı:

– Sudya əmi, qoymayın! Yalvarıram, qoymayın atam dalaşsın. Mən ayrılmayacağam. Yalvarıram, qoymayın atam dalaşsın. Mən ayrılmayacağam, yalvarıram, sudya əmi, yox, yox!

Tofiq bunu fəryad kimi ucadan deyir, qara uzun kirpiklərindən inci kimi yaşlar tökür, kiçik əllərilə həm atasının, həm anasının qolundan asılıb buraxmırdı:

– Yalvarıram, sudya əmi! Yox, yox!..

Hakim susur, mənalı-mənalı gənc valideynlərin üzünə baxırdı. Ata da, ana da Tofiqin əlindən necə qurtarmağı düşünürdülər.

Hakimin riqqətli səsi eşidildi:

– Görürsünüz! O balaca qəlbin böyük məhəbbətini bir yaxşı düşünün!

Hakim üzünü Tofiqə çevirib, təsəlli verdi:

– Ağlama, oğlum! Heç kəs səni ayırmayacaq, ağlama! Atan və ananla bu saat evinizə dönəcəksən.

Tofiq altdan yuxarı əvvəl anasına, sonra atasına baxıb balaca qollarını açdı, hər ikisinin boynundan asılıb öpdü:

– Sudya əmi, sağ olun! Çox sağ olun, sudya əmi! Atamla anam bir də dalaşmayacaqlar!

Hakim ayaq üstə, mat-məəttəl dayanan ər-arvadın üzünə baxır, sanki soruşurdu:

– Niyə dayanmısınız?

Mürsəl əyilib oğlunun üzündən öpmək istəyirdi ki, Nazilə onu qabaqladı. Hər ikisi mütəəssir bir halda uşağı öpüb əlindən tutdu. Tofiq isə onları evə tərəf çəkib aparmaq istəyirdi:

– Sudya əmi, sağ olun!

Hakim ona xeyir-dua verib, valideynlərinə tapşırdı:

– Gedin, Tofiqin sözündən çıxmayın! Sizi ona, onu da sizə tapşırıram.

Bu hadisədən sonra evdə doğrudan da dava-mərəkə kəsilmişdi. Ana əsəbiləşib səsini ucaldanda Mürsəl onun yadına salırdı:

– Sus, uşaq eşidər!

Atanın hirsi tutanda Nazilə töhmətləyirdi:

– Səs salma, Tofiqin ürəyi qısılar!

Tofiqin hökmü qanunlardan güclü və kəsərli idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, yeddinci fəsil

Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.

19415 dəq
İkinci hissə, səkkizinci fəsil

Vahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.

19411 dəq
İkinci hissə, doqquzuncu fəsil

Gəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.

194125 dəq
İkinci hissə, onuncu fəsil

Gəldiyev sağ-salamat gəlib, Vartaşenə çıxdı. Onun məqsədi burada qalmaq deyildi. Köhnə və sadiq dostu İsmiyevi görəcək, onun vasitəsilə Rusiya darülfünunlarından birinə ezamiyyət alacaq, yayınacaqdı. Əlbəttə, İsmiyev mühəndis olmuş dostunu asanlıqla buraxmayacaqdı: "Bəsdir oxudun, - deyəcəkdi, - qurtardın, gəl indi xalqa xeyir ver!"Amma Gəldiyev onu başa salacaqdı: "Hələ yarımçığam, Bakıda lazımi professorlar olmadığından dastatoçni bilik almadım. Moskvada oxumasam, özümə inciner demərəm. Təvəqqe edirəm boynuma qoyduğunuz haqq-sayı axıracan aparın. Mən də duz-çörək itirən oğul deyiləm, özün tanıyırsan!.." Gəldiyev axşam çıraqlar yananda rayona çatmışdı. Birbaşa dostunun evinə getmək, əziyyət vermək istəmirdi. Mehmanxanaya gəldi, orada ortayaşlı çopur bir kişi işləyirdi. Gəldiyevə bir köhnə çarpayı verdi. Gəldiyev ondan əhval soruşdu:

19415 dəq

Başqa şairlərin şeirləri