Səhifə 1 / 4

Gəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı Gəldiyevə tanışdı.

İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını "ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.

O, iş görmək istəyən adam üçün bu açıq, aşkar yerdə gəzinməyin, görünməyin yaxşı olmadığını xəyalına gətirdi. Sonra düşündü ki, görən olsa deyərəm: "Təmiz havaya çıxmışam! Bu yalana inanmazlar!"

Ürəyində xeyir ilə şəri dəyişdirdi. Şər deyirdi: "Hərif ilə qərəzli olduğun məlumdur. Bircə nəfər şahid çıxsa ki, filankəsi axşam tin başında gördüm, işin bitdi. Keç qapının dalında dur!" "Bəlkə evdən bayıra çıxan oldu? Deyərəm Vahidi görməyə gəlmişəm. Axşama qədər işdə, idarədə niyə görmürsən? Tez yayınar, qaçaram! Yaylı qapı açılanda səsdən biləcək, dalınca düşəcəklər: lampoçkanı burub boşaldaram!"

Şərin sözü kəsilir, Gəldiyevin tədbirləri qətiləşirdi. "Lənət şərə" deyib qapıya yanaşdı. Əllərini belində çataqladı, dalını qapıya söykəyib tamaşa edirmiş kimi durdu. Sonra kürəyi ilə güc gəldi. Ağır, yaylı qapının bir tayı ləngər ilə aralanmağa başladı. Qapı yavaş, lakin yanıqlı bir səs çıxardı. Sanki bir fəlakət olacağını demək istəyirdi. Qapı arasında çəhrayı qurşaq göründü, get-gedə enləndi. Qapı o qədər açıldı ki, bir adam içəri keçə bilərdi. Gəldiyev axırıncı dəfə anlaşılmaz bir hövl ilə küçənin sağ-soluna nəzər saldı, ilan kimi sürüşüb içəri girdi.

Qapının tayını yavaşca örtdü, çəhrayı qurşaq nazilib yox olanda, qapının səsi də kəsildi. Gəldiyev barmaqları ucunda yeriyib pilləkəni çıxdı. Məhəccərin üstünə qalxmamış, düşmək üçün əl yeri, ayaq yeri bələdlədi, dırmaşıb lampoçkanı burdu. Lampoçka barmaqlarını yandırsa da, hərəkətini yavaşıtmadı. İşıq sönəndə deyəsən göydən, naməlum köməkçi bir əl onun müdhiş çiyinlərini örtmək üçün qara və ağır bir pərdə saldı. Zülmətdə hər şey bir-birinə qovuşdu. Gəldiyev qaranlıqda özünü qınına salınmış xəncər kimi hiss etdi. Ancaq, xəncər iş görəndən sonra qınına qoyulur. Siyrilmək, bu pərdəni bir an üçün də olsa götürmək lazım gələcək.

"Yox! Bir də bu dəhliz Vahidin sağlığında işıqlanmayacaq. Mən işimi elə qınımda görəcəyəm. Qaraquşunkunu Allah yuvada yetirər. Mən hərifın üstünə getməyəcəyəm, o mənim üstümə gələcək. Hüquq ilə yanaşsan, mən heç müqəssir deyiləm; budur mən bu qaranlıq pilləkənlərdə dinc həyat sürürəm. O qapını açıb buraya soxulanda, mən necə dayanım, bəlkə məni öldürməyə gəlir, bəlkə boğmaq istəyir, qorunmalıyam, ya yox!"

Bu xəyallar Gəldiyevə həm gülünc, həm də dəhşətli görünürdü. Haçandansa əlini xəncərin dəstəsinə atmışdı. Dəstəni elə bərk sıxdı ki, az qaldı barmaqlarından qan dama.

İçəridən səs gəldi. Gəldiyev divar dibinə çəkildi. Deyəsən oxuyurdular. Qadın səsi, Qarabağ şikəstəsi.

– Odur, o! Şikəstə oxu... Bir saatdan sonra da ağı deyəcəksən...

İntiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Kürəyini buz divara söykəmişdi, ürəyi daş kimi bərkimiş, əsəbləri ağac kimi qabarmışdı. Əli xəncərin dəstəsində müntəzir dayanıb, gözlərini qapıya zilləmişdi.

Qapı açılanda xəncər Vahidin ürəyinə sancılacaq, qan fışqıracaq, isti yara Vahidin sinəsini qarpız kimi açanda, Gəldiyevin ürəyi sərinləyəcəkdi. Yox, onda yox, Rübabə, dili şikəstəli qız Vahidi bu kökdə gördüyü zaman! Hə!

"Bir quş olub kənardan baxaydım. Vahidin cənazəsi əsgi kimi düşüb qalanda... qan qapıda göl duranda... Rübabə lampoçkanı yandıracaq... İşıq olsun, ərinin ayağı ilişməsin. Baxanda, yaxın gələndə, dizinə döyüb nalə çəkəcək... O nalə mənə bəsdir... Yanğımı söndürməyə bəsdi! Onu istəyirəm, hə, onu!"

Mahnı təkrar eşidildi. İntiqam hissindən tələsdiyindənmi, vahimə duyduğundanmı, nədənsə, Gəldiyevin canına üşütmə düşdü, bədəni yarpaq kimi əsdi, əsəbləri sim kimi gizildədi, tükləri qalxdı, dişi-dişinə dəydi, "Bismillah!" deyib, bir pillə aşağı endi. Dodağını çeynədi. İkiəlli xəncərin dəstəsindən tutub, gərnəşirmiş kimi qollarını şax saxladı. Az qaldı xəncərin qayışı qopsun. Bir ayağını irəli, birini geri qoydu, bu saat Vahid daxil olacaqmış kimi hazır dayandı. Gözünü qapıya dikdi. Nəfəsini oğurladı. İçəridən bir qız uşağı çıxıb kibrit çəkdi:

– Bacı, - dedi, - bura gəl!

Kibrit yanıb qurtarmamış qız birini də çəkdi. Yenə qışqırdı:

– Bacı, tez ol!

Rübabə hay verdi:

– Dayan telefon eləyim, bu saat!

Gəldiyev yəqin etdi ki, onun hənirtisini duymuşlar: "Rübabə milisə zəng edir".

Papağını gözünün üstünə basdı, pencək boğazlığını qaldırıb götürüldü.

Rübabə şaqqıltı ilə örtülən qapının səsinə çıxanda, Gəldiyev az qala beş küçə ötmüşdü. O, dala baxmadan tövşüyə-tövşüyə Çəmbərəkəndə tərəf yüyürdü. Kənardan baxan onun şey qaçırdığını, ya gündüzdən oralarda qiymətli bir şey qoyub gəldiyini güman edərdi...

O gecənin hövlündən Gəldiyev yorğan-döşəyə düşdü. Bir həftə yatdı. Ağca xanımın əzabını artırdı. "Soyuqlamışam" deyə neçə dəfə küpə saldırdı. Bunlar hamısı təcrübəsizliyin acı nəticələri, intiqam yolunun ilk məşqləri idi.


Gəldiyev nahaq yerə qorxu, vahimə çəkir. Qapını açan, kibrit çəkən uşaq Vahidin altı yaşlı bacısı Nəzirə idi, dəhlizdən köhnə başmaqlarını götürürdü. Başmağının bir tayında cücü görmüş, çimçəşdiyi üçün Rübabəni çağırmışdı. Rübabə isə Vahid üçün idarəyə zəng edirdi.

Bu vaxtlar Rübabənin ən sevincli günləri idi. Onun ailəsinə doğan səadət günəşini gecə də görmək olardı. Moskvadan da teleqram alınmışdı. Vahidin layihəsini bəyənmişdilər.

Rübabə Vahidin planı ilə tikiləcək böyük şəhəri - bütün bir əzəmət dünyasını nəzərinə gətirirdi; göylərin bir qatına çəkilmiş, qabaq-qabağa duran, ağaclar ilə əhatə olunan yaraşıqlı binaların çiçəkli eyvanlarından aləmə musiqi yayılır.

"Mən də Vahidə deyəcəyəm sənətkarlar evində özümüzə otaq ayırsın. Eyvanda oturum, dağlar ayağımın altında qalsın, uçan təyyarələri, trolleybusları quş kimi görüm. Yox, mən bu evdən çıxmayacağam. Vahidlə ilk dəfə bu otaqda deyib-gülmüşük. Bu otaqda biz sıxılmışıq, qüssələnmişik, axırda da sevinmişik. Vahid buranı çox sevir, onun istəyi mənim üçün hər şeydir. Vahid bu gün gecə: "Rübabə, ürəyim ata-baba yerimizi istəyir!" Mən rədd etmərəm. Köçüb gedər, lap rayonda yaşayaram. O, mənəvi iş ilə çox məşğuldur. Mən onun istirahətini, əsəb sakitliyini təmin etməliyəm. Çox işləməyə qoymayacağam. Yaxşıca bir dincəlməlidir. Utancaqlığa baxmaz. İki ay ona vaxt lazımdır. İş həmişə var, can ələ düşməz..."

Rübabə bu fıkirləri ilə otaqdan-otağa keçir, bülbül yuvasını bəzəyən kimi, hər şeyi yeni bir qayda ilə düzüb qurmaq istəyirdi. Gah telefona qaçıb yar-yoldaşın təbrikinə təşəkkür deyir, gah piano çalır, gah Füzulinin divanını açıb oxuyurdu. Bu kitabı görəndə Rübabə həm sevinir, həm kədərlənir, həm rahat olur. Həm əsəbiləşir, həm inciyir, həm dincəlir, həm qayğılarını unudur, həm xiffət çəkir, həm təsəlli duyur, həm iztiraba düşür, həm ağlayır, həm gülür, həm alovlanır, həm fəxr edir, həm utanırdı. Məcnunun gəzdiyi o isti, tənha çöllər, çılpaq dağ-daş, hər şey dilə gəlir o, böyük, köməksiz aşiqin halına ağlayırdı. Sətirlərdə Leylinin "Qeys" deyə fəryadı eşidilirdi. Sözlər - şairin qələmindən tökülən odlar bütün kainatı yandırırdı. Qəlbin nə böyük tarixi, nə geniş aləmi var.

Nə üçün bu nurani kişinin önündə diz çökmürük? Nə üçün onun ziyarətinə həsrət çəkmirik? Nə üçün qızlar əl bağlayıb Leylinin qəzəllərini oxumurlar?

Vahid də bu gün xoş bir xatircəmliklə, məmnunluqla evə qayıtdı. Dünəndən bəri duyduğu ürək rahatlığı ömrü boyu çəkdiyi bütün iztirabları unutdurmuşdu. İndi daha hər şey yoluna qoyulmuşdu. Nə düşmənlər, nə üz görən dostlar, nə paxıllar, nə etinasız idarə başçıları, nə yaxşı gün aşnaları - heç kəs, heç kəs işləyənin, yaradanın əl-qolunu tuta bilmədi, yolunu kəsə bilmədi. Hamısı, daşa dəymiş kaşı kimi çilik-çilik olub getdi. Əmək və hünər, sədaqət, məhəbbət üstün gəldi.

Bu sevinc aləmində nə Vahid, nə də Rübabə ailənin aydınlığına çökmək istəyən qaranlığı seçməmişdilər. Yalnız balaca Nəzirənin çəkdiyi kibrit bu qaranlığı qaçırtmışdı...


Zahirdə ədavət guya soyumuşdu. Vahid Gəldiyev adlı bir bədxahın varlığını da unutmuşdu. İndi Gəldiyev onunla bir yerdə işləmir. Vahidin işi çox olsa da axşamlarını evdə mütaliədə, istirahətdə keçirir.

Gəldiyev onun qulluq işini bilsə də, ailəsindən xəbərsizdir. Ağca xanım onun yanına gəlib-gedən corabçı bir qadın vasitəsilə Rübabənin həyatını soruşur. Corabçı qadının ögey əmi qızısı Vahidin evində qulluqçudur. Ağca xanım ərinin maraqlandığını bildiyindən, hər dəfə corabçıdan söz alır: "Tarçı qızı necədir?"

Corabçı da həmişə Rübabədən fərəhlə danışır. Qapılarında qara maşın dayanmasından, həftəbaşı bir şənlik qurmasından, yaylaq tutmasından ağız dolusu danışır. Bu söhbətlər Ağca xanımı məngənə kimi sıxır, düşünür, bilmir acığını kimin üstünə töksün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, dördüncü fəsil

Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.Ağca xanım fəryad çəkib diz çökdü.

194116 dəq
İkinci hissə, beşinci fəsil

Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:

194116 dəq
İkinci hissə, altıncı fəsil

Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".

19413 dəq
İkinci hissə, yeddinci fəsil

Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.

19415 dəq

Başqa şairlərin şeirləri