İkinci hissə, doqquzuncu fəsil
Səhifə 2 / 4 · 25%
Corabçıdan eşitdiklərini, bir az da alt-üst ilə Gəldiyevə danışır. Gəldiyev içini yeyir, əlacsız qalıb çımxırır:
– Di qoymazsan bir tikə dincələk? Çox xoş xəbər gətirmisən!
Ağca xanım diksinib çəkilir.
– Özün deyirdin ki!..
Ağca xanım düşmən ilə maraqlandığına peşman olurdu.
Unutmaq istəyir, bacarmırdı. Ona elə gəlirdi ki, bütün bu uca binalarda, tül pərdələrin dalında Rübabə yaşayır, piano səsləri onun barmaqlarından, mahnılar onun dodaqlarından qopur; küçələrdə süzən maşınlar, hamısı, hamısı onlar üçündür...
Bunları düşündükcə Gəldiyevin də vücudu od tutub yanır, sinəsindən qopan ahlar az qala dil-dodağını yandırırdı. Ocağa düşınüş ilan kimi qıvrılır, durur-oturur, oturur-durur, uzanır-qalxır, axırda əllərini peysərində çataqlayır, sanki "yeni bir şey çıxsın" deyə başını bərk-bərk sıxır, yastığa söykənir, gözlərini səqfdən ayırmadan plan tökür, tədbir axtarırdı. Bir zamanlar o, mütərəddid idi, bu sualın cavabı ilə uğraşırdı: "Etməlimi?"
– Özüm qələt elədim atamla!..
Vahidin işləri onun tərəddüdlərinə son qoydu. O, güman etmişdi ki, Vahid ictimai bir ləkə tapandan, vəzifəsindən uzaqlaşmalı olandan sonra Rübabə peşmanlayacaq, taleyini beləsinə bağladığına əfsuslar deyəcək, baisə lənətlər oxuyacaq, Rübabənin bu günündə Gəldiyev yanaşacaq, ondan üz döndərmədiyini bildirəcək, Rübabə Vahiddən əl çəkəcək, Gəldiyevdən dördəlli yapışacaq...
Vahidin işi günü-gündən rəvac tapırdı. İş yerində, mühəndislər içində böyük, kiçik hamı onu tanıyır, yada salırdı. Rübabənin də ona məhəbbəti birə-min artırdı. Corabçının deməyinə görə, "Rübabə Vahidsiz bir tikə çörək yemir, onsuz bir məclisə ayaq basmır, hətta onun başını da özü darayır, qalstukunu da özü bağlayır, üst-başını şotkalamamış bayıra buraxmır".
Bu gün inşaatçılar ittifaqı binasında onu təbrik edənlər, başına yığılan qəzetçilər, fotoqrafçıları görəndən sonra bəlkə on dəfə ürəyində təkrarladı: "Etməli".
İndi corabçıdan bir söz eşidən kimi sualı xatırlayır, bu cavab qulaqlarında qətiyyətlə səslənir:
"Mütləq etməli!!!"
Bu cavabından yeni bir sual doğmuşdu: "Nə etməli?"
Həmin bu xoş yay axşamında, demək olar ki, Gəldiyev son sualın cavabını da tapmışdı. Bu, son cavab olacaqdır. Mübahisə kəsiləcək, cavanlıq aləmindəki münaqişələrinin hökmü veriləcəkdi.
Gəldiyev bu iştaha ilə Vahidin qapısına gəlmişdi.
Rübabə gündüzdən getmişdir. Qulluqçu istirahətdədir, gec gələcək.
Deməli Vahid təkdir, əsil iş görməli gecədir!
Geldiyev əvvəl küçə qapısını sanballadı, açıq olduğunu görüb sevindi. İlk səfərdə etdiyi kimi, tədriclə qapını açıb, özünü dəhlizə saldı. Bu yerlər ona o qədər məhrəm gəldi ki... işığı keçirmədi, cəsarətlə pilləkənləri çıxdı, dayanıb qulaq asdı. Qabaqkı otaqda səs-səmir yox idi. Qapıya təkan verəndə bağlı olduğunu bildi. Açar yerinə diqqət elədi, əlcəkdən tutub gücünü yoxlayırmış kimi, bir bərk silkələdi. Çəkilib qulaq asdı. Sükutdan ürəyi arxayınlaşdı. Qayıdıb küçə qapısını yavaşca açdı, arasına kərpic itələdi, qaranlıqda yox oldu. Yarım saat çəkmədi ki, cibində bir dəstə açar gəldi. Qapının açar yerini qurdaladı. Açarları bir-bir salıb çıxardı. Dördüncü açar, deyəsən, elə bu qapı üçün qayırılmışdı. Yağ kimi hərləndi, iki dəfə buranda qapı aralandı. İçəridən isti hava gəldi. Gəldiyev sürüşüb, divar peçinin böyründə dayandı.
Eşik qapı dəhlizə açılırdı. Dəhlizdən həm döşənmiş salona, həm də Vahidin otağına yol var idi. Bu qapıların heç biri açar ilə bağlanmazdı. İndi Gəldiyev, mehriban bir xanımanı dağıtmaq üçün nəfəsini dərir, özünə ürək verir, qüvvə toplayırdı. Otaq qapılarında salınan xalçalar, sakit və səliqəli ev şəraiti, həmişə dosta açılan qapılar, yarasanı qovan kimi Gəldiyevi çaşdırdı. Gülüş səsi eşidəndə lap özünü itirdi. Bir əli xəncərin dəstəsində, bir əli də yaxasını yırtdı, salona cumulmaq istədi. Gözünün ucu ilə içəriyə baxdı. Qəribə bir hiss onun qanına yeridi. Buralar heç nalə yerinə oxşamırdı. Pis məqsəd bu evlərə uymurdu. Əyilib yuxarıya diqqət edəndə Vahidin çarpayıda uzandığını, başı üstə oturan uşaq ilə danışıb oynadığını seçdi. Yəqin ki bacısıdır; bu dəqiqə qardaşsız qalacaqdır.
– Niyə yatmırsan, bala?
– Yuxum gəlmir!
Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırmaq istəyirdi, uşaq isə Rübabəyə öyrənmişdi, onsuz yatmaq istəmirdi. Şaqqıltı duyan bala pişik kimi Nəzirə qapıya sarı döndü:
– Kimdir o, qağa?
Gəldiyevin gözləri uşağın şəhadət barmağına sataşanda xəncəri siyirib, göyə qaldırdı. Uşaq qışqrıb dəhlizə işarə edəndə Vahid dik qalxıb, qapıya tərəf getdi. Onun dik yerişi və ağır addım səsləri bir an içində Gəldiyevi çaşdırdı; o özünü pilləkənlərdən yerə atdı. Vahid qapıdan çıxanda ancaq onun dabanını görə bildi. Dalınca yüyürdüsə də hansı tərəfə qaçdığını təyin edə bilmədi. Qorxan, ağlayan uşağın yanına qayıtdı. Qapıdakı top açarlara baxıb xəyalında: "Cinayət! Cinayət!" dedi. Uşağı yanına alıb, qapıya çıxdı. Rubabə gələnə qədər içəri qayıtmadı.
Rübabənin də, Vahidin də Gəldiyevə gümanı gedirdi. Ancaq heç biri bunu dilinə gətirmədi, getdi.
Gəldiyev lap gecə yarısı, pörtmüş, dili-dodağı təpimiş halda evinə gəldi. Yetişən kimi vəsiqələrini, dəftərçələrini yığıb qoltuq cibinə qoydu və soruşdu:
– Mənim bir pastel qayışım var idi?..
Ağca xanım əlləri qoltuğunda oturub gözləmişdi:
– Neyləyirsən?
– Səfərim var.
– Nə səfər?
– Zaqatalaya göndərirlər.
Ağca xanım deməyə söz tapmadı:
– Sən də gedirsən, hə?
– Getməsəm atamı yandırarlar. Partiyniyəm. Bilet-zad alınıb, tez ol!
Ağca xanım istədi öz vəziyyətini dilə gətirsin, ərini danlasın, bunun faydasız olduğunu bilib susdu. Ürəyindən keçdi: "Görəsən, nə fəndi var". Ağca xanım tərpənməmiş Gəldiyev qayışı tapdı, çamadanı da boşaldıb, hazırladı. Öz pal-paltarlarını da gətirdi.
Bunu görən Ağca xanımın ürəyindəki boşluq genişlənir, çırpıntı artırdı:
– Neçə vaxta gedirsən?
Gəldiyev qayışı bərk çəkib bağlaya-bağlaya dedi:
– Bilmək olmaz! Nə bilirəm!
– Havaxt qayıdacaqsan?
– Asılıdır yerli təşkilatdan. Həmişəliyə saxlasalar, əlbəttə qayıda bilməyəcəyəm. Yox, müvəqqəti olsa, görək də...
Gəldiyevin tələsdiyini, gözünü qapıdan kəsmədiyini görən Ağca xanım şübhəyə düşdü:
– Sənə nə olub, belə hövldəsən?
– Hövldə olmayım neyləyim, vaxta az var. Sonra mənə kim təzədən bilet tapacaq. Səfər özü tələsikdir. Bu saat çağırıb əmr veriblər əlimə ki, gərək çıxasan.
Gəldiyev zənn edirdi ki, Ağca xanım özü haqqında bir şey deyəcək, ya getmək istədiyini bildirəcək, ya mane olacaq. Ağca xanımın bu barədə heç danışmaması ona qəribə gəldi: "Yəqin hərif razıdır, məni o yana ötürüb, özü şəhərdə əl-qol açacaq. Ev xəlvət, uşaq-muşaq da yox, çoxdandır axı sərbəstlik görmür. Yəqin xəyal edir ki, ərim rayonda eşşək kimi işləyəcək, pul göndərəcək, mən də həmin pul ilə aşnalara məclis quracağam. Hay-hay! Axmaq qızı daha demir ki, sabah ayağımı rayona qoyan kimi kəbin kağızını göndərəcəyəm..."
Qadının əlləri qoltuğunda dümdüz dayanıb səfərə gedən kişisinə tamaşa elədiyini, bu gedişin aqibətini duymuş kimi, məzlum və naçar baxdığını görəndə Gəldiyevin ürəyi köyrələn kirai oldu. Ancaq məna vermədi.
– Hər halda vəziyyəti sənə yazacağam, hələlik!
Doğrudur, Ağca xanım onun səfər xəbərini çox məyusluqla qarşılamışdı, lakin dediklərini eşitmirdi. Ürəyində öz dərdləri ilə məşğul idi.
Gəldiyev onun qapısından çıxan birinci kişi deyildi. Çoxları gəlib- getmişdi. Həvəslə, eşqlə, gülər üz, şirin dillə gəlmiş, rəsmi soyuq xudahafızlə getmişdilər.
Ağca xanım gəncliyindən qalma qürur, tələbkarlıq hisslərini çox vaxt boğmağa, Gəldiyevlə barışıb yaşamağa səy etmişdi, ancaq görürdü ki, mümkün olmayacaqdır.
Gəldiyev getdi, özü görünməz, ayaq səsləri də daha eşidilməz oldu. Ağca xanım içəri döndü, evə çökən sükut və tənhalığı dinlədi, qırmızı döşəmədən göy səqfə qədər şəkilli divarlara, rəngi getmiş qapıya, dolu və boş boçkaya qədər hər şeyə baxdı. Deyəsən, onlar bir sirri soruşurdular.
Ağca xanım səs eşitmiş kimi döyükdü, ətrafına boylandı. Qulağının cingiltisini, ürək döyüntüsünü, ağırlaşan nəfəsini dinlədi. Deyəsən, Təbarəkdən bu yana gələn və qucağında qızışıb gedənlərin sonuncusu, həm də ən amansızı həmin bu Gəldiyev idi. Gəldiyev onun sinəsindəki az-çox hərarəti, ümid işığını tamam söndürüb getdi.
Xəyalət onun nəzərini küçəyə, cərgə ilə düzülən və pəncərəsindən kənara işıqlar saçan otaqlara çəkdi. Bu evlərdə yüzlərlə ailələr olur; qadınlar, kişilər, qızlar, gəlinlər, balalar, körpələr məsud yaşayırlar. Səhər açılan kimi qalxıb gedirlər, günün bir hissəsini iş deyilən ailə həyatından uzaq bir aləmdə keçirirlər. Axşamüstü oradan evə sevinc, səadət, şirin söhbət, əyləncə, həyat ləzzəti gətirirlər.
– Bunları birləşdirən nədir? Nə üçün mənim tifaqıma əsən küləklər bunlara əsmir? Nə üçün o kişilər məni tapmır? Nə üçün bu səadət mənə yaraşmır...
Ağca xanımın ürəyindən qopan həsrətli bir səs pıçıldaşırdı: "Mən də hökumət idarəsində oturaydım, qolu çirməkli görünəydim; mənim də cərgələrdə yerim, dəftərlərdə adım, işlərdə payım olaydı; mən də işləyəydim, yorulaydım, çalışaydım, həftəm, ayım, cüməm, məzuniyyətim olaydı. Danlanaydım, mənə də ərk olunaydı; ağır-yüngül sözlər deyiləydi; mən də bu minlərin biri olaydım..."
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-ikinci-hisse-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.Ağca xanım fəryad çəkib diz çökdü.
İkinci hissə, beşinci fəsilXəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:
İkinci hissə, altıncı fəsilNəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".
İkinci hissə, yeddinci fəsilBeşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Bu şahi-pürkərəm, sahibnəzərdirBu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
اگر بختم دهد باری که یارم همنشین باشدزهی مقبل که من باشم زهی دولت که این باشد
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,