Səhifə 3 / 4 · 50%

Səhər-səhər iş paltarında tramvaya minən, nahar vaxtı qayıdan qadınların, kişilərin həyatı ona ideal göründü:

"Azadlıq deyilən bir leysan yağışı onların həyatını yuyub ağartmışdır. Qanun deyilən bir əl onların üzünə ismət deyilən bir pərdə çəkmişdir. Qanun... Məni də qanunla doğub, qanunla bələdilər. Qanunla adaxladılar, Quran ayəsi, təkbir səsi ilk siğəm oldu. Axund yola salanda başımı qucaqlayıb, gözlərimin içinə baxırdı. O mənim bəbəklərimdə gələcək günahlarımı görməkmi, yoxsa təlqin etmək, hidayətdə saxlamaqmı istəyirdi?.. Həmin qanunlar mənə üç şey verdi: təbarəld, işrət məclislərini, tənhalığı! Həmin qanunlar məndən üç şey aldı: ismətimi, gəncliyimi, oğlumu..."

Ağca xanımın gözünə yuxu getmirdi. Ömrünün əziz günlərini keçirdiyi, həmişə deyib-güldüyü evdə indi şaxta, qış soyuqluğu duyulurdu. Hər şey ona düşmən görünürdü. Gözü İzzətin yatağına sataşanda ürəyi alışıb- yanırdı. Balaca yorğan, çəkili balınc, döşəkağı, çarpayı örtüsü səs-səsə verib çağırırdılar: "İzzət, İzzət!"

Ağca xanım səsini onların sesinə qatıb, uşağını haraylayırdı: "İzzət, körpəm, əzizim, haradasan, gəl yat!"

Birdən yadına düşdü ki, İzzət çoxdan yatmışdır. Yaş torpaqlar üstündə, qaranlıq məzarda, sal daşlar altında həmişəlik yatmışdır!

Qadın bu təsəvvürə inana bilmədi, ayağa qalxdı. İki əli ilə başına vurub saçlarını yoldu. Çəngə ilə əlinə gələn tükləri yaylıq kimi gözlərinə basıb nalə çəkdi. Üzü üstə döşəməyə düşüb hönkür-hönkür ağladı...

...Gözəl bir yay səhəridir. Uşaq bağçasında bayram keçirirlər. Şənlik qurtarmışdı. Hədiyyə paylanır, qırmızı sap ilə bağlanmış təzə qutularda çoxlu şeylər var. Hər kəs aldıqca "sağ ol" deyib, anasına qoşulur, oynaya- oynaya evlərinə gedir.

İzzət uçuq bir divara söykənib durur. Mürəbbiyə ona hədiyyə vermək istəyir. İzzət gəlmir. Yoldaşları deyir: "Müəllim, anasından qorxur", Ağca xanım bu yandan qışqırır: "İzzət, İzzət, get al. Qorxma, sən də al!"

İzzət eşitmir. Ağca xanım çəpərdən hoppanıb, uşağın əllərindən tutmaq istəyir. Bağça, mürəbbiyə, hədiyyələr, sahildən ayrılan gəmi kimi uzaqlaşır. Analar uşaqlarını aparırlar. Deyəsən divar da gedir. Ağca xanım yeridikcə divar qaçır, uşağı aparır. Divarın kölgəsi qatılaşır, uzanır, uzandıqca Ağca xanımdan uzaqlaşır. O, "Oğul, oğul!" deyir. İzzət eşitmir. Ancaq uşaqlar gedən tərəfə baxır. Səs düşür, uşaqlar quş olub dəstə ilə uçurlar. Oxuya-oxuya uçuq divarın üstündən ötürlər. İzzət də qollarını açır, yoldaşları onu çağırır. İzzət ha can atır, qalxa bilmir, dönüb anasına baxır:

"Ana, bəs mənim qanadlarım hanı?.."

Ağca xanım özünə gələndə vücudunun sanki yanıb külə döndüyünü, ona görə də yüngül olduğunu güman etdi. Bu saat xəfif bir külək əsəcək, onu göyə sovuracaq, hər şey bitəcəkdi. Əlini üzünə vuranda yaş duydu. Bu tər deyildi. Su tökmüşdülər, yanmışı da bir həyata qaytarmaq, əzablarla daha bərk yandırmaq istəyirdilər. Əllərini yerə verib qalxmaq, divar dibində İzzəti görmək istədi.

Üfüq seçilirdi. Gecənin nə vaxtıdırsa, səs-səmir kəsilmişdi. Bu görünən damlar, ağaclar, qulaq kəsilib Ağca xanımın nalələrini dinləyirdi. Bəs işığı kim söndürmüşdü?

– Yadıma düşdü: "Uşaq rahat yatsın" deyə özüm söndürmüşəm.

Ağca xanım qalxıb, stolüstü çırağı yandırdı, dönüb çarpayıya baxdı. Orada davam edib duran, sanki, qiyamətəcən duracaq olan boşluq, vay xəbəri kimi onu oxladı; diz çökdü, qəlbindən yanıqlı bir "uf" qopdu; göz qapaqları ağırlaşdı, kirpiklərindən daş asılmış kimi oldu; gözü qaraldı, xəyalı uçurumlarda yox oldu. Qorxunc təsəvvürlərdən ayrılmaq üçün özünə güc verib gözlərini açdı. Budur, həmişəki məhrəm isti ev öz qaydasındadır. İçi rəngbərəng qablarla dolu bufet, qablarda nə xörək çəkilməmişdir, nə qonaqlar qarşılanmamışdır... Ağır açılıb-örtülən komodun gözlərində paltarın sayımı var? Ağca xanım bu libasları geyinib, yenə süzə bilməzmi? Üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar, ətəklilər, mirvarilər...

Ağca xanım evinin bəzənmiş ziyafət süfrəsini açıb, özünü qonaqlar arasında zənn etdi; qalxıb qulluq etmək istədi.

Onlar hanı? Komodun üst gözünü çəkib, böyük albomu çıxartdı. İllər uzunu qapısının, süfrəsinin, vücudunun məhrəmi olan adamlar buradadırlar; onlar Ağca xanımı görən kimi hamısı birdən dilə gəldilər: "Əyləş dizim üstə!", "İç bu badəni! Mənim xatırıma", "Həyatım qədər sevdiyim", "Məni səndən ancaq ölüm ayıra bilər", "Nə gözəl şairanə bir xilqət".

Bu sözlər Ağca xanıma salam və xudahafız kimi idi. Ancaq o bu sözlərin sahibini axtarırdı:

– Hanı? Haradasınız? Heç olmasa biriniz? Tək biriniz?

Ağca xanım şəkillərin üstünə qışqırır, heç bir cavab almırdı. Albomu peçə atıb kibrit çəkdi. Alov vərəqlərə yayıldıqca şəkillər tüstü içində görünməz oldu.

Ağca xanımın ağ günləri də beləcə, his kimi qaralmış, puç olub getmişdi:

– Nə gözəl uyğunluq!

İntiqam almış kimi bir yüngüllük duydu. Komodun gözünü açdı, ipək, qumaş paltarları, zər-zivəri hərrac kimi evin ortasına, bir-birinin üstünə qaladı: evi naftalin iyi götürdü. Hər köynəyə baxdıqca yaxasını açan əlləri, hər üzüyü gördükcə, əlini öpən soyuq dodaqları, hər sırğa parıldadıqca, hiyləli sözləri, hər saat əlinə gəldikcə, keçirdiyi dəqiqələri, hər çəkmə gözünə dəydikcə, xəlvət gəzdiyi yerləri xatırladı...

Bütün bu pal-paltar, vücuduna daraşan ilan kimi göründü. Zinətlər əfı dərisindəki pullar kimi parlayırdı. Bu ilan onu tilsimə, kəməndə salıb boğmuş, qaraltmış, üzmüş, qurutmuşdu; onu balasından məhrum etmiş, həyat çırağını söndürmüşdü. Ağca xanım atadan qalma, ağır və şax sallanan pərdələrə əl atdı, bərk-bərk tutub çəkdi, dəmir halqalar o yan-bu yana sürüşür, dəstəyi buraxmırdılar. Ağca xanım evində həmişə ata mirası deyib əzizlədiyi piləkli məxmərə altdan-yuxarı qəzəblə baxdı. Qucaqlayıb var gücü ilə çəkdi, ağac qırıldı; pərdələri bulud kimi bükdü; pəncərələri açdı. Eşikdən gələn sərinlikdən qadın titrədi. Başı əzilmiş ilan kimi büküm- büküm olan paltarları ağac ilə çəngələyib çölə atdı; sandıq şeylərini də həyətə tökdü, bundan bir rahətlik duyub, təkrar evin sükutunu dinlədi.

Lakin nə şəkillər, məktublar, nə də zinətlər onu mal kimi satın alan, top kimi atıb oynadan kişiləri uzaqlaşdırırdı. Sanki onlar indi də görünməz bir yol ilə onun boynuna sarılırlar. Əllərini yaxasına atdı, çəkib koftasını cırdı.

Meyvəsi yoluşdurulmuş ağac kimi pozulmuş, qurumuş taxta sinə-sinə baxdı. Saralmış *bənizinə nəzər saldı. Bütün vücudundan bir pərişanlıq yağırdı. Dolu sifəti çəyirdək kimi qurumuşdu.

Bəli, hər şey bu daş kitabda - bu aynada yazılmışdır. Hamısı, hamısı burada həkk olunmuşdur. Bunlar əsrlərcə oxunacaqdır.

Ağca xanımın əlinə keçən həvəngdəstə güzgünün ortasına dəyəndə daş ayna yaz səması kimi birdən şaqqıldadı, ay kimi parçalandı. Bundan da Ağcanın ürəyinə bir sərinlik çökdü.

Yenə İzzət gözünə göründü. O, səsəmi gəldi? Torpaqlar altından baş qaldırıb, şikayətmi edir?

Ağcanın canına bir əsmə gəldi. Bədəni ağac kimi silkələndi. Qol- qanadında həyat adına nə qalmışdısa xəzəl kimi ələndi. Əlini atıb, ət bıçağını götürdü, bir istədi küləklər və boranlar oylağı olan ürəyini parçalasın; sinəsindən çal-çarpaz dağ çəkib, dərdini yazsın, bala busəsinə büzülməyən dodaqlarını doğrasın. Biləklərini sıxdılar, damarlarında qan dayandı, bütün bəndləri boşaldı. Yerə düşən bıçağı ayaqladı.

Nə hiss iləsə qapını çırpıb, özünü çölə atdı. Sanki gözü bunları, ömrünün əziz və zəlil günlərini danışan şeyləri, gəncliyinin taleyini xəbər verən ev əmlakını görməsə dincələcəkdi, gecə qaranlıqları onun əsəblərini su kimi oxşayacaqdır.

Bir kölgə kimi yeridi, eyvandan ötüb qonşu dama çıxdı, dalda bir yer tapdı; üzünü aşağılara, döş-döşə verib yatan uca və alçaq binalara, muncuq kimi düzülən işıqlara, qır gölü kimi görünən dənizə, sahilin qızıl sütunlarını parçalayan dalğalara tutdu. Göydən yerə qədər bütün aləmdə bir məmnunluq, müəyyənlik duyulurdu. Görünən, görünməyən adamların, hamının yeri, vəzifəsi, işi, əhəmiyyəti var idi. Hamı rahat-farağat və razı idi. Bu böyük, mürəkkəb aləmdə heç bir şey artıq deyildi.

Bax, o dənizin içərilərinə soxulan qara burun, o təpəcik də lazımdır. Kənarlarını dalğalar döyəcləyən körpü sütunları, sınıq qayıqlar, suyu sıxışdırıb içərilərə qovan daş, çınqıl, tar-taxta, dəmir... hamısı, tramvay, asfalt yolla süzülüb gedən maşın, sularda ağaran yelkən, qılınc kimi göyləri yaran təyyarələr... Hamısı lazımdır, hamısı bir məqsəd üçündür. İşıqlar tel- telə verib, yolçuların qədəmlərinə nur səpir; milislər nizam gözləyir, keşikçilər qoruyur; tramvaylar adamları mənzilinə aparır...

Budur, bir ailə görüşdən gəlir. Bir başqası görüşə gedir. Kimi nişan aparır. Biri gəzməyə çıxır, o birisi gəzintidən qayıdır. Bir ayrısı eyvanda oturub əylənir, biri oxuyur, biri çalır, biri qəh-qəh çəkir. Məsud, xoş bir ahəng...

Yox! Bunların hamısı zahirən belədir. Hamı üzünü dağlıq hissəyə çevirib qır dama, bu damda daş kimi dayanan qartala baxır... Möhtəşəm binalar, küçələr, sallanan fənərlər, gəzənlər, dayananlar... Hamı Ağca xanıma tamaşaya durmuşdur; sanki bu damın indicə yıxılacağını, kimə isə zərər vuracağını gözləyirlər. Baxışlar tənəlidir, istehza edirlər, hamı ağız-ağıza verib, ucadan və hiddətlə deyir: "Sən artıqsan! Sən nəyə lazımsan!.."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, dördüncü fəsil

Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.Ağca xanım fəryad çəkib diz çökdü.

194116 dəq
İkinci hissə, beşinci fəsil

Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:

194116 dəq
İkinci hissə, altıncı fəsil

Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda qaldı".Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb elədi: "O hara, bura hara? Onu kim çağırıb?".

19413 dəq
İkinci hissə, yeddinci fəsil

Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:– Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.

19415 dəq

Başqa şairlərin şeirləri