Gəldiyev sağ-salamat gəlib, Vartaşenə çıxdı. Onun məqsədi burada qalmaq deyildi. Köhnə və sadiq dostu İsmiyevi görəcək, onun vasitəsilə Rusiya darülfünunlarından birinə ezamiyyət alacaq, yayınacaqdı. Əlbəttə, İsmiyev mühəndis olmuş dostunu asanlıqla buraxmayacaqdı: "Bəsdir oxudun, - deyəcəkdi, - qurtardın, gəl indi xalqa xeyir ver!"

Amma Gəldiyev onu başa salacaqdı: "Hələ yarımçığam, Bakıda lazımi professorlar olmadığından dastatoçni bilik almadım. Moskvada oxumasam, özümə inciner demərəm. Təvəqqe edirəm boynuma qoyduğunuz haqq-sayı axıracan aparın. Mən də duz-çörək itirən oğul deyiləm, özün tanıyırsan!.." Gəldiyev axşam çıraqlar yananda rayona çatmışdı. Birbaşa dostunun evinə getmək, əziyyət vermək istəmirdi. Mehmanxanaya gəldi, orada ortayaşlı çopur bir kişi işləyirdi. Gəldiyevə bir köhnə çarpayı verdi. Gəldiyev ondan əhval soruşdu:

– Deyəsən burada təzə işləyirsən, hə?

– Olar bir iki il yarım!..

– Necə yerdir? Xoşuna gəlir?

– Niyə, görmürsən, yazı cənnət kimi... Əbəs yerə Vartaşen deməyiblər ha. Vartaşen, yəni gül kənd!

– Adamları necədir?

– Adamları deyəndə, qardaş, sən qəribə söz soruşursan. Beş barmağın beşi də birdir? Pisi də var, yaxşısı da. Bir de mənə təfavüt eləməz, nəyim şəriklidir? Başımı salıb qulluğumu eləyirəm.

– İspalkomu-zadı deyirəm ey!

– Niyə, sağ olsun, canyandıran adamdır.

Gəldiyevin qoltuğu qarpızlandı:

– Dostumdur. Canlara dəyən kişidir.

– Onun nəyine kişi deyirsən, qardaş, cavanca oğlandır ki!

– Necə cavan, 45-dən yuxarı yaşı var.

Çopur kişi bir az fıkirləşəndən sonra dedi:

– Sən deyəsən axı İsmiyevi deyirsən.

– Bəs sən kimi?

– Daha ispalkom İsmiyev deyil. Müslümzadədir. Köhnəni qovdular.

Gəldiyevə təəccüb gəldi:

– Necə qovdular?

– Bəli, burdan qovdular Yevlağa, orda da tutdular.

Gəldiyev qaşlarını çatdı:

– Tutdular? Necə yəni tutdular?

– Bəli!

– Niyə tutdular?

Çopur kişi söhbətin uzanacağını görüb, qutusunu çıxartdı, papiros bükdü:

– Günahı çoxdur, qardaşoğlu, onun. Doğrudan dostundur?

– Zarafat eləyirəm, əşi. Dalaşmışdım onunla.

– Çox idi günahı. Adamları var imiş. Pay bölüşdürürlərmiş. Rayonu yeyiblər, üstü açılıb.

– Havaxt açılıb?

– Mən gələndən bir altı-yeddi ay sonra.

– Əşi, yoxsa sən açmısan üstünü?

– Mənim nə xəbərim var. Mərkəzdən adam gəlmişdi, raykomu da dəyişdilər.

– Axı mən eşitdim, İsmiyevə dəyməyiblər.

– Əvvəl dəyə bilmirdilər, dişi bərk idi, sonra ona da dəydilər.

Gəldiyev İskəndəri xəbər aldı. Çopur kişi onun üzünə baxıb dinmədi. Sonra papirosunun kötüyünü sorub dedi:

– Qardaş... Sən elə adamları soruşursan ki... İskəndər ələ keçsə, dərisinə saman təpərlər. Əmanət kassasının otuz üç min manatını götürüb yox oldu. Balaca bir oğlan uşağı pişik kimi qapını açdı, qaça-qaça gəlib, çopur kişinin dizleri arasına girdi. Əlindəki tor zənbili sinəsinə basdı:

– Anam dedi, çörək alsın!

Gəldiyev uşağı tanıdı. Birinci arvaddan olan oğlu idi. Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi. Parlaq gözləri hər şeyi görmək istərmiş kimi oynayırdı. Bu tanışlıqdan Gəldiyev pozuldu, üzünü yana çevirdi: "Bu uşaqlar məndən nə istəyirlər..."

Çopur kişi uşağın qolundan tutub, qapıya çıxdı. Gəldiyevə döndü:

– Hələ ki, buradasınız, qardaş?

Gəldiyev o tərəfə dönmədən cavab verdi:

– Arxayın ol, buradayam!

Onlar küçənin o tayındakı kooperativə girdilər. Gəldiyev şüşəbənddən baxırdı. Çopur kişi bir bütün təndir çörəyi, bir torba qənd alıb, tor zənbilə qoydu. Uşaq bir əlindəki konfeti gəmirir, o biri əli ilə də şeyləri döşünə basıb, bərk-bərk tuturdu. Onlar küçə fənərinin altında dayanıb, nə isə danışdılar, sanki fənər onların mehribanlığını görüb, başlarına nur yağdırırdı. Çopur kişi uşağı at-fayton, maşın yolundan addadıb, evə yola saldı, özü mehmanxanaya qayıtdı. Gəldiyev xəbər aldı:

– Deyəsən evlisiniz?

– Bəli. Gələndən sonra burada evlənmişəm.

– Bəs uşaq sizin deyil?

– Atası yaman çıxıb, uşaqlı arvadı boşayıb, Bakıda bir lotuya uyub.

Mənim ürəyim götürməz. Oğlumdan artıq baxıram. Niyə ki, uşaqdır, böyüməlidir, bəslənməlidir. Sağ olsun, hökumət də az kömək eləmir.

Bağçası-zadı müftədir. Sabah-biri gün də qoyacağam oxusun.

Gəldiyev heç nə demədi. Durub çıxmaq istədi. Çopur kişi soruşdu:

– Pasportunuzu, ya kinişkanızı verəydiniz, dəftərə salaydım, sonra yoxlayarlar.

– Çamadandadır, bir azdan açaram...

Gəldiyevin uzaq şəhərlərdən gətirdiyi qorxu və intizar bu kişinin qabağında xiffətə çevrildi; könlünün qaraldığını gizlətmək, tənhalıqda kədərlənmək üçün qalxıb otaqdan getdi.

Gəldiyev ay işığında nizamsız, adda-budda tikilmiş kənd evlərinin arasında, zəif elektrik çırağı işıldayan küçədən keçdi. Fındıqlı deyilən balaca dərəni addayıb, meşəyə çıxmaq istədi. Suyun səsi onda atəş oyatdı. Arxın qabağında çömbəlib ovuclarını doldurdu, sərin dağ suyundan içdi. Kolluqlarla başlayan, get-gedə sıxlaşan meşəyə dikləndi. Gəldiyevə elə gəldi ki, bu ağacların yalnız torpaqda deyil, havada da kökləri var. Onlar yarpaqlı, puçurlu budaqları ilə fəzaya bağlanmışlar. Yer də, göy də onları bəsləyir. Onlar pardaqlanıb böyüdükcə fəzanı fəth edir, günəşə qovuşurlar; sısqaları, qırıntıları, vəcdən düşmüş ağacları kölgələri ilə basıb məhv edir, payız xəzəllərinə qatırlar.

Keçmişmi, gələcəkmi, xatırlamaq, yoxsa unutmaq hissimi, nəsə Gəldiyevi çəkə-çəkə bir yerə gətirdi. Burda vaxtilə bir qarağac bitmişdi. Bu ağacın yerini o çox yaxşı bələdləmişdi; onun ətrafındakı kolları da, öz əli ilə əkmiş kimi tanıyırdı. O, həndəvəri bir-birinə vurdu, alçaq, qol-budaqlı, sıx kölgəli ağac yoxa çıxmışdı; deyəsən göyə uçmuşdu. Onun yeri adi bir açıqlıq idi. Açıqlıqdan, buraya düşməyə imkan tapan günəşdən otlar qidalanmış, boy atmışdı. Cavan bir nar ağacı bitmişdi. Gəldiyev otları aralayanda ayağı böyük bir şeyə ilişdi. Kəsilmiş qarağacın quru kötüyünün üstündə oturdu.

Neçə il bundan əvvəl Zoya ilə burda görüşmüşdü... Əlini cavan nar ağacının yarpaqlı budaqlarına toxundurdu. Elektrik işığında dayanıb, çopur kişini dinləyən uşaq gəlib Gəldiyevin qabağında bitdi. Nar ağacını göstərib, nə isə demək istədi, ağac isə susurdu, meşə də, otlar, çiçəklər, sular, küləklər, ulduzlu səma da susurdu. Hamı, hər şey uşağın boyuna tamaşa edir, sözünü eşitmək istəyirdi. Uşaq da susurdu...

Gəldiyev çox oturdu, nəfəsini qısıb meşənin sükutuna qarışdı. Heç kəsdən, heç yerdən səs eşidə bilmədi. Başını aşağı salıb, kötüyə baxdı. Dodaqları tərpəndi; üzülmüş həyatından, həsrətinin dərinliklərindən, quyudan gələn kimi, zəif, hüznlü bir səs eşidildi:

– Bir də göyərsəydim!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Marksın dostu

Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.

19316 dəq
Almas gəldi

– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:

19314 dəq
Azad qız

Qara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.

19325 dəq
Sağlam yollarda

Bahar balalarını, yaz çiçəklərini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsinizmi nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağıdan yaşıllıqlarda və bağlarda başlanmışdır. O, ana qoynundan yenicə çıxmış balaca əllərini bağbanlıqda böyütmüşdür.

19325 dəq

Başqa şairlərin şeirləri