Qara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.

Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.

Payızın açıq, mülayim günlərindən biri idi. Əmi gəldi, nənə özündən çıxdı. Çimnazı danlağa tutdular. Onun işığa, elmə, biliyə doğru olan yollarını bağlamaq istədilər. Qız bulud kimi tutuldu, hirsindən ağladı.

Hər şey onu sıxırdı. Başındakı çadra əl-qolunu bağlamışdı, mənəvi yük bir dağ kimi üzərinə çökmüşdü. Bütün aləm ona qaranlıq görünürdü.

Çimnaz bu əsirlik həyatına baxmayaraq, əzilmək, məhv olmaq istəmirdi. Bu ağırlığın tezliklə götürüləcəyinə inanırdı. Elə də oldu.

Böyük Oktyabr Sosialist Revolyusiyası milyonlarla əməkçi xalqı əbədi olaraq əsirlikdən qurtardığı kimi, gənc Çimnazın da əlindən tutdu. Onu çadradan, danlaqdan, qəm-qüssədən xilas etdi.

O, ilk dəfə çadrasız çölə çıxanda günəşə qovuşduğunu, qaranlıqdan sıxılmış qəlbinin genişləndiyini, işıqla dolduğunu hiss etdi. Qaynayan bir fərəhlə uçduqca uçdu.

Çimnaz Aslanovanın - Bakı əməkçilərinin sevib-əzizlədiyi bu qəhrəman qızın inkişaf yolu böyük revolyusiyamızın, Lenin-Stalin partiyasının azad etdiyi minlərlə əməkçi Azərbaycan qızları üçün nümunədir.

Hələ 1924-cü ildə iyirmiyaşlı Çimnaz ibtidai məktəbi yenicə bitirmişdi. Qadın pedaqogiya məktəbinə girdi.

– Sizin bu məktəbə girməyiniz təsadüfi idimi? O zaman azərbaycanlı qızlar texniki məktəblərə getmədiyi üçünrnü belə etdiniz?

– Yox.

Çimnaz müəllimlik, mürəbbelik işini sevib getmişdi. Onun birinci arzusu oxumaq idisə, ikinci arzusu müəllim olmaqdı. Revolyusiya bütün əməkçilərin arzusunu həqiqətə çevirdi. Çimnaz da arzusuna çatmışdı. O, müəllimlik işinə Azərbaycan qadınlarının ilk ictimai tərbiyə ocağı olan Əli Bayramov klubunda həvəskar Azərbaycan qadınlarına dərs deməklə başladı. Çox çəkmədi, onun müvəffəqiyyətini hamı gördü, o, 48- ci məktəbə müəllim təyin olundu. Uşaqlıqdan bəri bəslədiyi arzularına çatan Çimnaz bir əsgər eşqi ilə sovet balalarının təhsil və tərbiyəsinə girişdi. Məktəbliləri sevdi. Məktəblilər, ata-analar onu tanıyıb əzizlədi. Məktəbdə bu gənc müəllimin əli ilə ictimai iş tərbiyə işi qaynadı. Maarif orqanlarına cəlb olundu. Hamı, zahirdə sakit və adi görünən qızın iş və mübarizə ehtirasına heyrət etdi. Çimnazın adı dillərə düşdü.

Çimnaz sosializm vətənimizin yeni nəslinə tərbiyə vermək işinin nə qədər şərəfli, həm də məsuliyyətli olduğunu dərk etmişdi. Təhsilini artırmaq üçün Azərbaycan Ali Pedaqoji İnstitutuna girdi, müəllimlik işindən ayrılmadan oxudu, 1932-ci ildə oranı bitirdi.

Sosializm yarışı Çimnazın metodu olmuşdu. O, tədris işinin ən xırda cəhətlərinə böyük məna verir, yoldaşları ilə yarışırdı. Birinci sinifdən oxutduğu uşaqların təhsilini öhdəsinə alıb, son sinfə, məktəbi bitirincəyə qədər onu aparırdı. Onun hər şagirdi kimi, bütün sinif də əlaçı idi.

Bakı əməkçilərinin Çimnaza olan etimadı boş yerə deyildi.

Çimnaz öz arzularını yerinə yetirməyə adət etmişdir. Şagirdlərin bir sinifdə iki il qalmasını yox etməyə söz vermişdi, sözünü yerinə yetirdi, bir staxanovçu ailəsini savadlandırmağa söz vermişdi, savadlandırdı, direktoru olduğu 11-ci məktəbi şəhərin qabaqcıl məktəbi eləməyi öhdəsinə götürmüşdü, elədi də! Ay dolandı, il gəldi, Çimnaz fövqəladə VIII Sovetlər qurultayına deleqat seçildi.

Bu hadisə Çimnazın qəlbinə parlaq bir şüar kimi yazıldı. İnanmağı gəlmirdi. İnana bilmirdi ki, ömrünün ən böyük arzusu - Stalin yoldaşla görüşmək arzusu bu qədər tez həqiqət ola biləcəymiş?

Küçəyə çıxmaq, bu xoşbəxtlik müjdəsini aləmə bildirmək istədi. Müəllimlik portfelini sallaya-sallaya ildırım kimi yeridi, tez evlərinə çatmaq, anasını muştuluqlamaq istəyirdi.

Qəlbində qaynayıb daşan sevincini saxlaya bilmədi, küçə qapısından qışqırdı:

– Ay ana, muştuluğumu ver!

Qoca arvad özünü balkona atdı.

Çimnaz tövşüyə-tövşüyə uca səslə dedi:

– Moskvaya gedirəm! Rəhbərlə görüşəcəyəm, ay bacılar!

Bütün həyətdəkilər eşitdi. Çimnazın yar-yoldaşı tökülüb gəldi. Evdə böyük bir bayram şənliyi başladı. Çimnazı təbrik edir, kimi onun yaxasından tutub rəhbərə salam göndərir, kimi də yol tədarükünü görürdü.

Çimnaz o günü - ömrünün ən şad, ən parlaq gününü unuda bilormi?

İclasa üç saat qalmışdı. Lakin o dözmürdü. Yoldaşı Bəsti ilə Kremlin böyük iclas salonunda oturub gözləyirdi. Dəqiqələri, saniyələri sayırdı.

– Budur!

– Ay qız, gəldilər!

Böyük dahi öz silahdaşları ilə içəri girəndə Çimnazın ürəyi döyündü.

O sevinclə Stalin yoldaşa baxırdı, elə zənn edirdi ki, bütün dünya onun sevincinə şərikdir. Sanki Kremlin pəncərələri aləmə işıq salıb, hər şey günəşə tutulub, bütün əməkçi bəşəriyyət ayağa qalxıb kommunizmin dahisinə gurultulu alqışlar yağdırır.

Bu təntənə, bu bayram şənliyində Çimnazın nazik, bulaq suyu kimi duru səsi eşidildi. O, Bakı müəllimlərinin, azad Azərbaycan qadınlarının salamını rəhbərə yetirdi.

O, gözlərini ayırmadan rəhbərə və onun silahdaşlarına baxırdı. Ona elə gəlirdi ki, bu xoşbəxt dəqiqələr uzun sürməyəcək, bu saat iclas bağlanacaqdır, ona görə də gözlərini prezidiumdan ayırmır, ətrafdakıları görmür, heç kəsi eşitmirdi, rəhbərin hər sözü qızıl xətt ilə Çimnazın qəlbinə yazılırdı.

Hələ onu Stalin Konstitusiyasının redaksiya komissiyasına seçəndə aşıb-daşan sevincinin həddi-hesabı yox idi. O, tarixin ən böyük sənədini redaktə edən komissiyaya üzvdür. Lenin -Stalin partiyası, Fövqəladə Sovetlər Qurultayı görün Çimnaza nə böyük etimad bəsləyir!

Çimnaz bunu yaxşıca bilir.

– Bütün ömrümü, - deyir, - partiyamızın və xalqımızın etimadını doğrultmaq üçün sərf edəcəyəm. Tərbiyə etdiyim, oxutduğum uşaqlardan Çkalov, Bayduqov kimi qəhrəmanlar yetişdirəcəyəm. Düşmən üstümüzə əl qaldırsa, qələmi silahla əvəz edəcəyəm. Son damla qanıma qədər xalqımı, vətənimi və sosializm nailiyyətlərimizi alçaq düşmənlərdən qoruyacağam.

Keçən il Çimnazı natamam orta məktəbə direktor qoydular. 11-ci məktəbdə qeyri-adi bir hərəkət başladı. Müəllimlər özlərini səfərbər hiss etdi, uşaqlar sevindi. Çimnaz xalq müəlliminə layiq bir eşqlə hər bir şagirdin həyatı və tərbiyəsi üçün çalışdı.

6 ay çəkmədi məktəbdə böyük bir irəliləyiş göründü. Əlaçıların sayı 88 prosentə çatdı. Şagirlərdə nədənsə öyrənmək, hər bir şeyi bilmək həvəsi artdı. Kimi dərsdənkənar əl işinə, kimi şeirə, bəzisi də musiqi öyrənməyə qurşandı. Uşaqlara pianino alındı. Ata-analar arasında ictimai iş canlandı. Analar Çimnazdan danışanda, deyəsən, öz bacılarından, öz qabaqcıl yoldaşlarından danışırdılar.

Seçkiyə hazırlıq günlərində dəstə-dəstə evdar qadınlar Çimnazın məktəbinə gəlir, SSRİ Baş Sovetinə Seçkilərə dair əsasnaməni öyrənirdilər.

İndi Çimnaz Aslanova yeni bir xoşbəxtliklə qarşılanır. Oktyabr rayonunun fəhlə və əməkçiləri, intellektləri onu Baş Sovetə seçilmək üçün kandidat göstərirdilər. Seçkiqabağı iclaslarda seçicilər Çimnazın kandidatlığını alqışla qarşılayırlar. Budur, qızıl əsgərlərin ümumi iclasında Çernov yoldaş öz kandidatına olan etimadını bildirir:

– Biz Çimnazı Azərbaycan qadınlarının əsarətdən və cəhalətdən qurtarması uğrunda çarpışan aktiv mübariz kimi tanıyırıq. O, sosializm vətənimizin ən yaxşı patriotlarındandır. Biz səsimizi Çimnaza verəcəyik.

Çernov yoldaşın sözü Çimnaza etimad bəsləyən minlərlə əməkçilərin sözü idi.

Onu, o iti gözlü, girdə və gülərüzlü müəllimi kim tanımır, kim əzizləmir?

O, şübhəsiz, xalqın etimadını axıra qədər şərəflə doğrulda-caqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri