Sağlam yollarda
Bahar balalarını, yaz çiçəklərini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsinizmi nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?
Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağıdan yaşıllıqlarda və bağlarda başlanmışdır. O, ana qoynundan yenicə çıxmış balaca əllərini bağbanlıqda böyütmüşdür.
O zaman 14-15 yaşı vardı. Sağlam və turp kimi qırmızı yanaqlarının günəş qarşısında qabıq qoyması və inci kimi tər tökən sinəsinin qaralıb, təndir qapağına dönməsi onun üçün heç bir təəssüf, hüzn və ruhsuzluq gətirə bilmədi.
– Qızım, namərdə möhtac olmamaq üçün əlacımız işləməkdir. Başını sal aşağı, çalış!
Doğrudan da Ruqiyyənin gözləri əmək səhnəsində açıldı. O, nə uşaqlıq, nə də gənclik gördü. Ailəni məngənə kimi sıxan və əzib əridən "həyat" və "dolanmaq" dərdi onun gözlərindən od tökürdü. Ruqiyyə hələ 12 yaşında ikən ən ağır çöl işlərini balaca və davamsız çiynində daşırnağa məcbur oldu.
O, kor deyildi. O, becərdiyi bağlara sahib olan ailənin güzəranını görür və oradakı uşaqların şən yaşayışını seyr edirdi.
Açıq-açığına ruqiyyələrin qan-təri ilə bəslənən bu uşaqlar da işləyirdimi?
Əsla! Onlar qarpız ağaclarının böyüklüyü və qoz ağacının balacalığı haqqında biri-birinə sual verirlər. Əməkdən xəbərsiz, nərmənazik bəslənirlər. Onlara ərzaq daşıyan və xidmət edən Ruqiyyənin başına qab çırpılsa, ayağına qamçı vurulsa belə, "dinməməli", cavab verməməlidir. Bu nə qaydadır, bunu kim qoymuşdur? Bu suallara cavab toplayan Ruqiyyəyə anası öyüd verərdi:
– Qızım, onlar ağadır, xanımdır. Biz onların kəniziyik. Nə etsələr, dözməliyik. Biz yoxsuluq. Borcumuz səbir etməkdir.
Ruqiyyə nəhayət bu günlərə də həsrət qalmalı oldu. Dünya müharibəsi dəhşətləri içərisində onun ailəsi fəlakətə uğradı. O, ümidi gələn hər bir şeyini itirdi. Aclıq, həyat qayğısı onu hörmət bəslədiyi bağçalar, tarlalar, su səsləri və sakit ulduzlu gecələrdən də ayırdı. 14-16- cı illərin dəhşəti, 17-18-ci ilin milli qırğınları, ağaların quduz hücumları onu çiçək bəsləməyə qoymadı, kəndi tərk etdi.
İnqilaba qədər Ruqiyyənin həyatı belə olmuşdu.
Klub ağzına qədər dolmuşdur. Otağın hərarətindən tərləməyən yoxdur. Rəngbərəng əl dəsmalları xəfif yaz küləyindən oynayan badam yarpağı kimi tərpənir. Qadınlar tərini soyudur.
Qırmızı masanın dalında bir neçə qadın vardır. Bunlar iclasın heyətidir. Ortada özək katibi oturmuşdur. O, karandaşını stola vurduqda, salon kiriyir. Maraqlı bir məsələnin müzakirəsini gözləyir. Məruzəçi isə uzaqdan, böyük yerlərdən gəlməmişdir. O, həmin salonda oturan işçi qadınların sırasından çıxmışdır. Onlardan birisidir, lakin onlardan fərqli xüsusiyyətləri çoxdur.
Özək katibi daha gözləməyir, gözləməyin mənası yoxdur. Hamı gəlmişdir.
– Yoldaşlar, 4 nömrəli tikiş fabriki ümumi işçilərinin yığıncağını açırıq. Bilirsiniz ki, yoldaş Ruqiyyə yaxşı zərbəçiliyinə mükafat olaraq, Moskva və Leninqrada gəzməyə getmişdi. O, qayıtmışdır...
Alqışlar onun sözünü ağzında qoydu. Salonu ağzına almış gurultular arasında Ruqiyyə kafedranın dalına keçdi:
– Yoldaşlar! Biz getdik Moskvaya, toxucu fabrikinə. Almaniyadan işçi qadınlar da gəlmişdi. Bizi görüb mat qaldılar. Türk qadını hara, belə işlər hara?
Ruqiyyə ədəbi, kitab dili ilə danışmırdı. O, adi və asan ifadələrlə zərbəçilərin səyahətini təsvir edir. Şuralar İttifaqı mərkəzlərində gördüyü yenilik və quruluş nəhənglərindən çox maraqla danışırdı. O, sözünün kəskinliyi və cümlələrin qətiliyi ilə salondakıların nəzər-diqqətini cəlb edə bilmişdi. Onun səsi get-gedə ucalır, nəzəri hamını əhatə edir, diqqətləri yığırdı.
– İndi, yoldaşlar, sözün qurtaranı, mən yuxumda da elə yerləri görə bilməzdim. Yaşasın sosializm, fabrikimiz! Yaşasın azad türk qadınının azad əməyi!..
Ruqiyyəni fabrik daxilində tanımayan və sevməyən işçi qadın yoxdur. Vaxtilə, 5 il əvvəl, o, tikiş fabrikinə gələndə hələ simasında kənd cizgiləri, mövhumata inanmaq, təvəkkülçülük və biliksizlik vardı. Fabrikə girəndə ehtiyatlanır, yığıncaqlardan hürkür, dəzgaha qorxa-qorxa yanaşırdı. Onda Ruqiyyənin 32 yaşı vardı. 4 uşaq anası, ömrünün ikinci yarısı başlanırkən tikiş dəzgahının dalına keçmişdi.
Fabrik elə bil Ruqiyyəni yüksəltməyə, gəncləşdirməyə çağırırmış. Hər şeydən əvvəl, Əli Bayramov adına qadınlar klubunda savad aldı. Dəzgah isə ona əyin paltarı kimi tanış və sevincli oldu.
29-cu ildə sosyarış dalğaları fabriki qucağına alarkən Ruqiyyənin müqaviləsi ən əvvəl və qiymətli çıxdı. O yarış sürətinə malik olmağı Bakı neft qəhrəmanlarından öyrəndi. Dəzgah dalında oturanda əlini görmək olmayırdı. O, işinin ürəyinə girdi, incəliklərə məna verdi. Hər şeyi 76 plana tabe tutdu. Nəhayət, fabrikin odlu zərbəçiləri sırasına düşdü. Ruqiyyə Lenin firqəsi sırasına keçəndən sonra üzərindəki məsuliyyət kimi iş bacarığı və siyasi biliyini də artırdı. İndi Ruqiyyə hər şeydən əvvəl bolşevik firqəsinin məqsədlərini daşıyır, qərarlarını icra edir. Onun hər addımda özək katibinə müraciəti təsadüfi deyil.
– Yoldaş Nurməhəmmədov, özək nə fikirdədir, buna sən nə deyirsən, səhv etmərəm ki, istəyirəm sexdə bir sual-cavab yığıncağı aparam?
O, bu yolda arzu etdiyi səngərləri zəbt edərək, çətinlikləri aşaraq irəli gedir, 585 normaya qarşı gündə 700 tikiş verirdi. 4 dəfə mükafatlandırılmışdı. Bu boş yerə və yaxud bir təsadüfə görə deyildi. Ruqiyyənin hər mükafatı bir-birini geridə qoyan bolşevik tempi iş nümunələrinin meyvəsi idi. Keçən ilin yanvarında fabrikdə bir çoxlarının süründüyü və qara lövhədə yatdığı zaman o, planı 119 faiz ödədi. Bu ilin yayında işçilər kurorta göndərildikdən Ruqiyyə:
– Fabrikdə kəsir var. Hara qoyub gedə bilərəm. Mənə eyib olar. Bu il məzuniyyətə çıxmayacağam, - dedi və getmədi. Ruqiyyə də 25 zərbəçiyə qoşularaq işlədi. Zərbəçi qadınlar fabrikadakı kəsri kökündən baltaladı.
Ruqiyyənin ciddiyyəti sevməkliyi və sönməz həvəsi fabrikin firqə təşkilatına çoxdan bəllidir. Əbəs yerə onu 3-cü smenada sex özək katibliyinə seçməmişdilər. O, rəhbərlik postunu öz bacarıq və işi ilə qazanmışdır. Fabrikin ictimai işlərinin bir qolu həmişə onun çiynindədir. Az HİŞ-sı üzvü, Bakı Şurası üzvü, məsul sığorta nümayəndəsi... təşkilatçısı... rəhbəri, o üzərindəki işin, daşıdığı vəzifənin adını da öz adı kimi təmiz və saf saxlamış və saxlamaqdadır.
Fabrikdəki beşillik mübarizə həyatı ona bolşeviklik, zərbəçilik, bacarıq, bilik və təşkilatçılıq vermişdir. Böyük inqilabın qanadı altında böyüyən və göz açan Ruqiyyə Abasovanın bu qələbələri fabrik işçilərinin hamısına tanış və aydındır. Hamı onu sevir, hamı onu tanıyır.
Sosializm istehsalatında ruqiyyələr minlərcədir.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-saglam-yollarda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aprelimiz münasibətilə*Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqdı,
Anamın vəsiyyətiSaralırkən 60 yıllık niyaran gözləri,Həyatdan tok qözlərini yukarı.
MüxbirƏlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.
Parisdə görüşTəyyarəmiz axşamüstü saat 5-də (yerli vaxtla 3-də) Parisdə Burje təyyarə meydanında yerə endi. Mayın on biri, ilin, həm də Fransanın yaxşı vaxtı idi. Xiyabanlar yaşıllaşmış, fransızların çox sevdikləri palıd ağacları çiçəklənmişdi. Soyuqdan ehtiyat edən yoldaşlarımız palto götürdüklərinə heyifsilənirdilər.Bizi Brevan mehmanxanasına aparan avtobusda bələdçimiz gödəkcəli, zirək bir qadın idi. O, keçdiyimiz yollar haqqında məlumat verirdi. Hələ Fransa mərkəzinin həvalisində, adətən, böyük şəhərlərin çoxunda olan kənar, dar, birmərtəbə evlər, seyrək ağaclarla əhatə olunmuş küçələrdən keçirdik. Deyilənlərə görə, Parisin 20 rayonu, altı "darvazası" (portu) var ki, müxtəlif cəhətlərdən gələn yolları birləşdirir. Ara-sıra qaranlıq, köhnə tunellər ilə də gedirdik. Böyük, əzəmətli binalarla yanaşı, bu şəhərin adma yaraşmayan alçaq, köhnə, kiçik pəncərəli evləri hər addımda görmək olurdu. Geniş meydanlara çıxanda mənzərə dəyişirdi.
Başqa şairlərin şeirləri
Əcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Möhnətindən daima halım pərişandır, fələkMöhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!