Vətən yaraları
Səhifə 1 / 2
Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox olurlar.
Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdıram.
Ürəyimdə bir şadlıq var: dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra, hardansa məni bir düşüncə yaxaladı. Haraya qayıdıram? 15 il ömür keçirdiyim, doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim, sevindiyim həyata qayıdıram! Orada hələ görmədiyim nələr var?
Bunu nə kitabda oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Onu möhkəm addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyalar aparır. Bu xəyallar bəlkə də sağlamlıq zamanında adamın başına yol tapmır. Həyatın keşməkeşləri onlara növbə, yol, imkan vermir. İndi isə əl-qolunu boş qoyub, yatağa uzanmış bədən tamamamilə onların, qanadlı düşüncələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata azğın bir maraq üçün qayıtmıram, oynamağa gəlmirəm. Dolu süfrələr başında oturub yeməyə, qədəh sındırmağa, tərif deyib, tərif eşitməyə gəlmirəm. Məxmər stol dalında tabelərimin üstünə qışqırmağa, əmrlərə, fərmanlara qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm. Nə qızlar, nə qayıq gəzintiləri, nə məzhəkədən qabaq başlayan, sonra da bitməyən qəhqəhələr...
Məndə qəribə bir arzu dinlənir: iki ömür istəyirəm. İstəyirəm ki, ilk ömrüm - təcrübə dərsi olsun; bu mürəkkəb dünyanı, qapalı adamları öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum, anamın, o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum. Atamın sərin torpaq astanasında iməkləyim. Səsim gəlsin. Yıxıla-dura yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik günləri başlasın...
O günlər... məgər xəyal onları gətirib yetirə bilərmi?.. Qapımızdan keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi...
Hanı mənim tay-tuşum? Aşıq atan, top oynayan, gizlənqaç yoldaşlarım? Vuruşub-barışdığım, atıb-tutduğum, ayrılıb-birləşdiyim yaşıdlarım?
Bax, bunlardan doymamışam.
Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağmda yaşamışam. Doymamışam.
Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları...
Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əsgər onları arxada qoyub gəlmişdir. Onları qorumağa, onları hədələyən təhlükəni yox etməyə gəlmişdir.
Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib, yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Biri mənim yaşıdım, məktəb yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, tələbəlikdən çağırmışdılar. Onu görəndə həmişə məktəbli uşaqların kitab çantası yadıma düşür. Nəsrəddinin belə yaraşıqlı bir çantası var idi. Özü də qayişla belinə bağlardı. Bəzən onun çantasından tutub çəkişdirərdik, ha dönmək istərdi ki, görsün kimdir, bacarmazdı. İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir sirrini ona deyir, bərk yerlərə onu özü ilə aparır.
İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu Lətifdir. Atası çoxdan ölüb. Anası kənddə nümayəndə idi. Qadınlar yığıncaqlarında onu stol başında, ayaq üstə durub, açarı mürəkkəbqabına döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi.
Lətif anasına oxşamır. Başıaşağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu, çörəyimizi də hazırlar? Yürüşlərdə, gecə istirahət əmri veriləndə, bir də görərdin Lətif çəkməsinin dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç adam üçün "yataq" düzəldərdi. Əleyhqazlarımızı başımızın altına qoyub tirtap düşərdik.
Bunlar mənim yanıma həm görüşə, həm sifarişə gəlmişlər. Mənim nə danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi. Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa yalnız bir şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri şəfqət bacısı buraxmır. Bəzilərini qaytarır, bəzilərinə də yalan satır ki, "xəstə yuxudadır". Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin üzünü gördüm. Dərhal bacının səsi gəldi:
– Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm. Mən dözmədim:
– Oyanmışam, - dedim, - bacı, burax gəlsin.
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz kimi, balışa yapışıb qaldı.
Yoldaşlar bir üzü xətir, bir üzü zor-güc özlərini mənim yanıma saldılar. Bacı onlara yalvarırdı:
– Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin! Nəsrəddin ona təsəlli verdi:
– Tez, arxayın ol, tez gedəcəyik. Lətif dedi:
– İki-üç dəqiqə, artıq yox.
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü eşidirdi. Mənim alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı kimi, həsrətlə söhbətə başlamışdı...
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər:
– Güllə yarası əti bişirir, tez sağalır. Anan dua eləyir, yaxşı ötüşmüşsən, on-on beş günə duracaqsan.
Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi:
– İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Qoca ağacların gövdəsini yarıb içində ocaq qalayırsan, halına təfavüt eləmir. Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi mükəmməldir, əsl həyatdır. Sən belə gənclərdənsən. Ancaq onu da bil ki, bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş, bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələcəksən, həm də ki...
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi:
– Həm də ki, vətənə gedəcəksən.
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar on illərə bərabər olan bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq istəyirdilər.
Bacı Nəsrəddinin qarşısında dayanıb, xahiş edirdi. Nəsrəddin isə gözünü məndən ayırmırdı:
– Səndən, - deyirdi, - heç nə istəmirəm. Bizim evə get, mənim yazı stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub gəldiyim kimidirmi? Gör mənə kağız-zad yazan, itirib-axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o yan-bu yana keç, anamın sözünü-sorğusunu qulağında yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam... Univərsitetə, bilirəm gedəcəksən. Uşaqlara bir-bir salam de.
Mənim əvəzimdə bir lektoriyada sükut içində otur. Bu gördüyün gurultuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur, onu bir al, bax gör kitabxanaçı deyirmi ki: "Bu oğlan niyə kitab götürmür?".
Lətif Nəsrəddinə macal vermədi:
– Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək.
Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy. Gör Ədil müəllim oradadırmı? Gör yenə dərslər qaydasındadırmı? Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim adresimi direktora, Ədil müəllimə ver, bəlkə məktub yazan oldu.
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu:
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-veten-yaralari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.
Yaratmaq sevinciinsan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.
Bağa getmişdimYayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.
Bizim quşlarİnsan istər ki, özünün müəyyən nailiyyətini dostu, əzizi ilə bölüşdürsün. Bağban tanımıram ki, məhsulunu tək yesin, xanəndə tanımıram ki, tək otaqda oxusun. İnsanın insanlığı insanlar arasında, el içindədir. Cəmiyyətdən kənar insan olmaq qeyri-mümkündür.Ovçu dostum bir gün halla-halla ilə qapıdan girdi. Uzun, yaşıl qəfəsdə mənə bir cüt quş hədiyyə gətirmişdi:
Başqa şairlərin şeirləri
Məqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Anbardara xitabXuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi