Leyla
Səhifə 1 / 2
Gözləyən qızlarımız, gəlinlərimiz,
bacılarımız, analarımıza hədiyyə
1
Bir müddət onun ayağı tramvaydan kəsilmədi. Şəhərə yaxın düşərgələrin birində əsgəri hissədə vuruşmaq öyrənən sevgili əri Mir Əlinin görüşünə gedər, əlinə düşəndə hədiyyə aparardı. Axırıncı dəfə vidalaşandan, Mir Əli cəbhəyə yola düşəndən sonra da gəlini yollarda görmək olardı. Sevgilisindən xəbər almayanda səbri tükənər, darıxardı; heç bir şeydən təsəlli tapmayanda baş alıb çölə, Mir Əlini yola saldığı yerlərə gedər, sanki hər addımda bir xatirə axtarardı. Orada, əsgərlərin keçmiş düşərgəsində indi küləklər əsirdi. Məşq üçün qazılan səngərdən, basdırılan nişan ağaclarından, dar cığırlardan, sökülmüş çadır yerlərindən, sökük ağaclardan, konserv qutularından başqa heç nə qalmamışdı.
İntizarlı gəlin kənarda dayanıb, ziyarətinə gəldiyi yerin hər tərəfinə diqqətlə tamaşa edərdi. Mir Əli ilə görüşdüyü səmtdə durar, uzanıb gedən nəhayətsiz qoşa dəmirlərə baxar, baxar, ahəstə səslənərdi:
– Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm!..
Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli sükut içində əriyərdi. Tənha yerlərin sükutu müdhiş olur. Ağaclar yenə küləyin səmtinə əyilir, quşlar günəşin, havanın feyzindən faydalanmağa can atır, dəniz həmişəki ahəngi ilə çağlayıb durur, torpaq, oxunmuş, lakin hələ layiqincə anlaşılmamış kitablar kimi görünürdü...
İndi, soyuq payız axşamında Leyla yenə səfərə, həmin yerlərin ziyarətinə hazırlaşır. Yüz dəfələrlə axtarıb tapmadığı, arayıb görmədiyi Mir Əlinin getmiş olduğuna hələ də inanmaq istəmir. Onsuz heç nə boğazından keçmir, zehnən bir dəqiqə də ondan ayrılmır, ayrıla bilmir. Həmişə dolu aparıb dolu qaytardığı hədiyyə dəsmalını yenə xüsusi sahmanda hazırlayır, yenə bacısı Zibaya belə deməkdən həzz alır.
– Mir Əlinin yanına gedirəm, ev-eşikdən muğayat ol!
Bu zahiri sevinclərin arxasında bir səhra kimi dayanan ümidsizlik onun yaralı qəlbini gəmirir, sanki ona gülürlər, öz-özünü aldadan bu arvadın ağlına şübhə edirlər. Sanki bir səs, bütün gücü ilə onun qulaqlarına qışqırır ki: "Haraya gedirsən?" Quru çöldə Mir Əli nə gəzir, yorulmadınmı?"
Leyla daxili çırpıntılar içində özünü unudub dayanmışkən, poçtalyon qapıdan bir zərf atıb ötdü.
Leyla quş kimi qapıya atıldı. Zərfi açıb, bərkdən oxudu:
"Hörmətli bacım, Ziba! Salamlar olsun. Tanımadığınız bir əsgərin sizə kağız yazmağından təəccüblənməyin. Mən Mir Əlinin cəbhə yoldaşıyam. Onun söhbətindən sizi tanımışam. Bu saat Tbilisidə 8 nömrəli xəstəxanada yatıram. Sizə deməli vacib sözüm var. Mümkün etsəniz, buraya zəhmət çəkmənizi xahiş edirəm. Ayaqdan salamat olsaydım bu zəhməti verməzdim. Bacınıza və qohumlarınıza Mir Əlinin və mənim dilimdən salam! Mürsəl Babayev".
Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı, ancaq ilk sətirdəcə səsini və sürətini dayandırıb, düşüncəyə daldı. "Mürsəl kimdir? Ziba hara, o hara? Mir Əlinin yoldaşı bəs Mir Əlidən niyə yaramasın?.."
Leyla Zibanın məktəbdən qayıtmasını gözləyə bilmədi. Qonşusu Səriyyənin qızını çağırıb dalınca göndərdi:
– Zibaya deyinən bu saat evdə olsun! Deyinən vacib iş var, bacın səni gözləyir.
Qız o yana getdi. Leyla məktubu başdan-ayağa ayaqdan-başa təkrar-təkrar oxudu. Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı. Zənnini bir yerə qərarlaşdıra bilmədi:
"Bəlkə məndən gizlədir, qızın əlaqəsi varmış! Yox, gizli əlaqə saxlayana belə aşkar yazmazlar. Bəlkə bu adamın qıza meyli qonub, gözü düşüb, görüşə çağırır. Yox, yaralının belə şeylərlə uğraşmasına macalı hanı. Elə vicdansız əsgər olarmı ki, bacı dediyi qıza əyri gözlə baxsın. Bəlkə bu tamam ayrı Zibadır, kağızı səhv gətiriblər?.. Yox! Adres - filan yerli yerindədir. Üstəlik Mir Əlinin də dostu...
Yaxşı, tutaq ki, bu yazılanların hamısı doğrudur, bu adam bizi Mir Əli vasitəsilə cəbhədən tanıyır. Bəs elə isə nə üçün Zibaya müraciət etsin? Nə üçün dost saydığı Mir Əlinin arvadına bir kəlmə xoş xəbər deməsin?! Buna nə ad qoymaq olar?"
Yarım saat çəkmədi ki, Ziba kitablar qoltuğunda, təngnəfəs, pörtmüş, qızarmış özünü evə saldı.
– Nə var, ay bacı, xeyir ola? Yeznəmdən xəbərin var?
Leyla onun sözünü kəsdi:
– Ay qız, sənin Mürsəl adlı tanışın varmı?
– Mürsəl?
– Mürsəl Babayev!
– Yox!
– Yaxşı fikirləş!
Ziba bacısının simasındakı ciddiyyəti görüb, fikrə getdi:
– Mürsəl, Mürsəl, biri var, bizim yeddinci sinifdə. Elə belə məktəbdən tanıyıram.
– 7-ci sinif yox ey, əsgər!
– Mən Mürsəl adlı əsgər tanımıram.
– Babayev! Yaxşı fikirləş, tanımasan sənə kağız yazmaz. Bəlkə bir vaxt olub, sonra yadından çıxıb?
Leyla bunu deyib, zərfi Zibaya verdi. Ziba bacısının son sözündən daha da təsirlənib qızardı. Kağızı oxuyub dodağını büzdü:
– Bu adı birinci dəfədir eşidirəm. Mürsəl kimdir, zad kimdir? Bu necə işdir?
Leyla kağızı onun əlindən aldı. Sanki xəlvət bir söz demək üçün içəri otağa keçdi və Zibanı da çağırdı:
– Bura gəl, söz deyirəm.
Ziba bu işdən bir şey başa düşə bilmədiyindən və bacısının şübhəsindən o qədər qüssələnmiş, tutulmuşdu ki, çırtıq vursan qanı çıxardı. Leyla isə məktubun əsil mənasını anlamışdı. Ona görə də sanki əli hər şeydən üzülüb, əlacsız qalmışdı.
İçəri otaqda ayaq üstə dura bilməyib, diz çökdü:
– Bacım, - dedi, - bu kağız yaxşı kağıza oxşamır. Bilmirəm fələk başımda nə oyunlar oynayır. Evi, uşağı sənə tapşırıb gedirəm.
Leyla Zibanın səsindən və ahəngindən anladı ki, bacısı Mir Əlidən nigarandır. Salamat adam haqqında belə danışmazlar. İllah da ki, dost ola!..
Leyla yarımca saatın içində, yasa batmış kimi, qapqara qaralmışdı. O, aldığı məktuba belə məna verirdi:
"Kağız yazan Mir Əlinin yoldaşıdır. Yəqin, yaman bir xəbərlə gəlib, məndən gizlədir. Zibanı çağırıb, ona demək istəyir..."
Leyla bu zənnini həqiqətə yaxın sayırdısa da ürəkdən inanmaq istəmirdi. Düşüncələrinin belə dəhşətli bir ehtimalla nəticələndiyini görüb bütün vücudu ilə alışıb-yanırdı. Çalışırdı düşünsün ki, bu düzəltmə məktubdur. Çalışırdı inansın ki, bəzəmə xəbərdir. Yaxud da bu Ziba ayrı Zibadır. Mir Əli ayrı Mir Əlidir...
İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı.
– Bacım, - dedi, gedirəm. Gedim, görüm, bəlkə bədbəxtin başında, dilim-ağzım qurusun, bir iş var...
Bacılar qüssələrini bölüşdürəndə, balaca, iki yaşlı Tofiq də yuxudan durmuş, dinməz-söyləməz səs gələn otağa keçmişdi. Pişik balası kimi qapı ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxır, ahəngini dəyişmiş, qəhərli səsinə qulaq asırdı.
– ...Bəlkə bədbəxtin başında bir iş var!..
Bu söz ağzından çıxar-çıxmaz Leylanın gözü Tofiqin gözlərinə sataşdı. Özünü güclə saxladı, uşağın başını sığalladı.
Leyla xəstəxana xidmətçisinə deyəndə ki:
– Mürsəl Babayev!
Xidmətçi soruşdu:
– Qılçası kəsilənimi deyirsən?
Leyla duruxdu:
– Babayev Mürsəli zəhmət çək, çağır!
Xidmətçi öz qəbahətini anlamış kimi, heç bir söz demədən içəri getdi. Beş deqiqə çəkmədi ki, qoltuq ağacı ilə yeriyən uzun, qalınsaç bir oğlan palatadan çıxıb, qapıya göz gəzdirdi. Bir baş Leyla tərəfə yeridi:
– Bağışlayın, Babayevi axtaran sizsiniz?
– Bağışlayın, Mürsəl sizsiniz?
– Mənəm!!! Siz yəqin ki, Ziba xanımsınız!
– Bəli!
– Xoş gəlmişsiniz! - Bunu deyib Mürsəl gorüşmək üçün əlini Leylaya tərəf uzatdı. Leyla da ona əl verdi.
Mürsəl Leylanı palatadan bağçaya baxan pəncərələrinə tərəf apardı. Skamyalardan birini göstərdi.
– Buyurun, əyləşin, - dedi.
Leyla oturan kimi əlindəki sovqat bağlamasını yaralının qabağına qoydu:
– Bağışlayın, - dedi, - xəstə yanına gəlməyə adam xəcalət çəkir.
Bir-iki dənə fətir gətirmişəm. Layiq olmasa da...
Mürsəl başını aşağı salmış halda:
– Var olun, - dedi, - burada bizə hər şey verirlər. Ehtiyacımız yoxdur, zəhmət çəkməyin!
Deyəsən Mürsəl gəlinin uzaq yol gəldiyindən və sifətindəki iztirabdan həyəcan çəkdiyini duymuşdu. Dərhal mətləbə keçdi:
– Ziba xanım, - dedi, - yəqin ki, məktubu almısınız. Mən onu qəsdən sizə yazdım. - Mürsəl başını aşağı saldı. İri və uzunbarmaqlı əllərini bir-birinə çataqladı, sanki əsəblərini ələ almaq üçün daha nəsə düşündü. Bir qədər sükutdan sonra ifadəsinə başqa ahəng verdi: -Dünyada heç dostun, yaxşı dostun olmasın! Bu bir dərd deyil! Dərd odur ki, beləsi ola! Ünsiyyət bağlayasan, sonra da... Ziba xanım görürsünüz, sağ qıçımı itirmişəm. Bir dəfə kəsiblər, bəlkə yenə kəsdilər.
Buna mən dözərəm, iş igid başına gələr. Amma Mir Əli, yox! O gündən elə bilirəm bir tərəfimi çapıblar. Ziba xanım, Mir Əli ayrı oğlan idi. Onun üçün biz nə qədər qəm çəksək, azdır. Sizdən xahişim budur ki, Leyla xanım bilməsin. Mən onların məhəbbətinə bələdəm, qızı da, uşağı da bədbəxt edərsiniz, bu sirri heç olmasa dava bitənə qədər saxlayın! Deyin ki, bir xəbər yoxdur, qabaq xətdədir!..
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-leyla
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.
Qəbul imtahanıDövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.
Neçə cür salam var?Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!
O dünyadaDayı malı şirin olur; çünki hazır, müftə! Yer qazıb, tər töküb qazanmamısan, daş atıb qolunu yormamısan. "Müftə sirkə baldan şirindir."Amma müftə mal zəhrimar özü də sirkə kimi bir şeydir. Onun da düşər-düşməzi olur. Elə adam var, bütün ömrünü havayı gəlir ilə yaşayır, ortada yeyib, düzdə gəzir, özünə də güldən ağır söz deyən olmur. Əksinə, hara getsən görürsən hərifi ağızdolusu tərifləyirlər: "Filankəs çox ağıllı adamdır, işini biləndir."