Neçə cür salam var?
Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...
Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!
Mən əvvəl belə düşünərdim. Nə qədər ki böyük qulluqda idim, belə düşünərdim, çünki bir cür salam görürdüm. Görürdüm ki, hesabdar Kərim ikiqat əyilib qabağıma yeridi:
– Əssalaməleyküm, ay filankəs, xoş gördük, kefiniz, əhvalınız necədir, uşaqlar necədir? Lap yaxşıdırlarmı? Şükür, şükür Allaha!..
Məlumdur ki, adam həmişə bir qulluqda, bir vəzifədə qalmır. Bir yerdən götürüb, o birisinə qoyurlar, gah rayona, gah şəhərə, gah ticarət, gah maarif, gah təsərrüfat sisteminə göndərirlər. Mən də çox vəzi fələrdə, çox idarələrdə işləmişəm. İşlədiyim vəzifənin dərəcəsini, əhəmiyyətini mən vəsiqəmdən, kabinetim, telefonum, ya maşınımdan yox, məhz Kərimin salammdanca başa düşərdim. Kərim ikiqat olub, sağ əlimi iki ovcunun arasında bərk-bərk sıxanda, şirin-şirin danışanda yəqin edərdim ki, görünür, mühüm qulluqdayam:
– Əssalaməleyküm, ay hörmətli filankəs, sizi çox-çox xoş gördük, keflər, əhvallar? Buyurun, qulluğunuzda olaq!
Günün birində mən Kərimi ayrı cür gördüm.
– Salam ! Tələsirəm! Hələlik!..
Bu salamın nömrəsi ayrı idi.
Kərim hara tələsə bilərdi? Hesabdar adamdır, çotkəsini qabağına qoyub, səhərdən axşamacan aşıqları irəli-geri şaqqıldatmaqdan yorulmur. Düzdür, idarə başçıları gələndə cəld ayağa qalxır, çeşməyini çıxarıb baş əyir, sonra yenə taxır, amma burada da tələsməli bir şey yoxdur. Gələn gələcək, gedən də gedəcək...
Axı Kərimi mən yaxşı tanıyıram, bu onun həmişəki salamı deyil!
Mən Kərimin bugünkü salamını götür-qoy eləyəndən sonra gördüm ki, vəzifədən bir pillə aşağı düşmüşəm, çünki kişinin salamı bunu göstərirdi. Əlbəttə ki, Kərim həmin Kərim idi, salam da həmin salam idi, mən də həmin adam idim. Amma aşkar məlum idi ki, mənim vəzifəm kiçilib. Bunu Kərim haradan, havaxt, kimdən, necə bilmişdi? Deyə bilmərəm. Nazirin mənim haqqımdakı əmri hələ imzalanmamış Kərim bunu bilmişdi və buna müvafiq salam hazırlayıb borcunu da ödəməyə tələsmişdi.
Afərin belə Kərimə! Məni də ayıq saldı, mən də başa düşdüm ki, qulluğum kiçilib.
Hələ bu harasıdır, mən Kərimin başqa bir salamını eşitməyə də şərəfyab olmuşam. Bu salam lap ayrı cür olmuşdu. Əvvəl bunu yaxşı anlamamışdım. Dayanıb üzünə baxmışdım. Görünür, Kərim məni yaxşı başa salmaq üçün salamını təkrar etmişdi:
– Hə, salam, halın necədi, birtəhər olmusan, deyəsən, hə, necədi kefin?..
Kərimin indiki salamını alandan sonra bildim ki, məni vəzifədən çıxarıblar, köhnə qulluğumdan tamam xaric eləyiblər. Hesabdar bunun müqabilində mənə yoldaşlıq, dostluq borcunu ödəməyə tələsib. Qapıda dayanıb. Vacib işi olanlar kimi dayanıb (özü də bir az dik dayanıb, deyərsən şiş udub), evdən çıxan kimi, mənə yuxarıdan aşağı dilucu bir salam verib, vəziyyətimin xoşuna gəldiyini belə bildirirdi:
– ...Necədi, hə, birtəhər olmusan, deyəsən!..
Belə tənəli salamı mən ancaq Kərimdən eşidirdim. Eşidirdim və görürdüm ki, kişi bərk sevinir, elə bil mənim böyük qulluğumu alıb ona veriblər. Elə sevinir ki, lap olmayan kimi. Bir istədim ağzımı doldurub soruşam ki, ay Kərim, mən belə salamları görməmişəm, səndən nə əcəb?.. Gördüm yox, o üz məndə olmayacaq. Gərək Kərim olasan ki, küləyin səmtinə belə rahat yatasan.
Ötüb getdim. Kərim kimisinin salamından həmişəlik qurtardığımı güman edib sevindim.
Günün birində işdən evə qayıdanda tinin başında Kərim qabağımı kəsdi. Əlindəki üzüm səbətini cəld yerə qoyub, iki əlini şəst ilə mənə tərəf uzatdı:
– Əssalamməleyküm, ay hörmətli filankəs, sizi çox-çox xoş görmüşük! Keflər, əhvallar? Əşi, buyurun qulluğunuzda olaq...
Mən yuxudan ayılan kimi oldum. Kərim nə münasibətlə belə yerişini dəyişib 180 dərəcə çevrilib? Birdən yadıma düşdü ki, srağagün məni yenə böyük bir vəzifəyə qoyublar. Əmri hərçənd, hələ almamışam, ancaq vəzifəyə başlamışam. Qazdan ayıq olan Kərim dostum da yəqin ki, hamıdan qabaq hesabını aparıb, vacib işlərini bir kənara qoyub, qapımıza qaçıb:
– ...Buyurun, qulluğunuzda olaq, biz həqir kimsələrə fəxrdir.
Kərimin vücudu indi daha mənə nə hesabdar, nə Kərim, nə insan, nə də müəyyən məxluq kimi görünürdü. Yox, o yöndəmsiz gövdə paslı bir iynə kimi gözümə girirdi.
Axı mənim günahım nədir ki, belə abad bir şəhərdə, gözəl bir havada, sağlam bir mühitdə həşərat ilə üz-üzə gəlirəm, hər dəfə də neçə litr saf qanımı qaraldıb hədər eləyirəm? Buna həkim dözməz, dərman kar eləməz!
– İtil gözümdən, rəzil, alçaq!
Bilmirəm, mənim kimi sakit, mülayim təbiətli bir adamın ağzın dan bu ağır sözlər haçan, necə çıxdı. Onu gördüm ki, Kərim üzüm səbəti ilə birlikdə səkinin bu başından o başına sarı mayallaq aşdı, qızarmış, pörtmüş halda, kəkələyə-kəkələyə nəsə deməyə çalışdı, dil-dodağını çeynədi:
– Mən... mən... necə... yox... Əstəqf... xeyr a... bəxişlə!...
Odur-budur, Kərim kimisindən, onun müxtəlif möhürlü, müxtəlif nömrəli salamlarından birdəfəlik dinc və rahatam. Dostlarıma da arzu edirəm ki, belə salam verənlərdən uzaq olsunlar, uzaq, lap uzaq!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-nece-cur-salam-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu axşamkı vuruşma Aqilin gördüyü ilk və son dəhşət idi. Buna döyüş demək düz deyil, çünki insan öz sıra yoldaşını, yaxın silahdaşını da görə bilmirdi. Dünya kəsif bir tüstüyə çevrilmişdi. Tüstü içərisində isə hələ yanmamış, əriməmiş minlərlə maddələr partlayırdı.Düşmən çayın o tayında bərkiyib qüvvə toplayır, fürsət gözləyirdi. Komandanlığımız isə atlılara körpünü keçmək, düşmən hissələri arasında vəlvələ salmaq əmri vermişdi.
Baldan əvvəl– Öldür məni, cəllad!Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.
ÇupçikUcaboy, ağbəniz, orta yaşlı bir alman səyyahı, əziz müsahibi olan Çupçiki ilə qatarda gedirmiş. Çupçik tüklü, ala, üzüyola, cəld, ayıq bir ov iti idi. Səyyah onu iki il əvvəl Yaponiyadan almış, gəzdirə-gəzdirə Avropaya gətirmişdi. Çupçikin müfəssəl pasportu var idi. 1937-ci ildə Koreyada bir tazıdan doğulmuşdu. Atası məlum deyildi. Küçük ikən anasını itirmiş, bir koreyalı balıqçının qapısında böyümüşdü. Müntəzəm təhsil, ya təlim görməmişdi. Ta kiçiklikdən sümsünməyə başlamışdı. İstedadı sayəsində bəzi faydalı vərdişlər qazanmışdı. Sahibi tor götürüb dənizə gedəndə o da sümsünə-sümsünə yortardı. Bir də görərdin, yaşıllıqdan zingilti səsi gəldi. Çupçik özünü sıx və tikanlı kollara vurardı. İki dəqiqə çəkməzdi ki, ağzında qazalax, sığırçın, ya da ki, gərginçək balası budur gəlir. Dünya müharibəsi başlanandan sonra Çupçikin başını həmişə qalmaqalda görürük. Çətin şəraitdə, şiddətli mübarizə vaxtında belə Çupçik özünü itirmir, möhkəmliyini saxlayır, həyat rejimini pozmurdu. Balıqçının imkanı olsaydı, heç gənc tazını satmazdı. Çupçiki yedirdib-içirdən, təmizləyən, rahatlayan lazım idi. Balıqçı kasıb idi. Tək olduğuna, qocalığına, kəmhövsələliyinə görə buna dözməzdi. Günün birində Çupçiki yanına salıb, bazara gətirdi, həmin bu səyyaha satdı.Doğrudur, səyyahın Nürnberqdə topdağıtmaz ev-eşiyi, ailəsi, gül kimi iki uşağı var idi. Ancaq sənəti elə idi ki, il on iki ay səfərdə olurdu. Ömrü yollarda, paraxod göyərtələrində, yumşaq vaqon kupesində, maşınlarda, "inturist" nömrələrində keçirdi. Odur ki, Çupçik səyyaha ailədən də, övladdan da yaxın idi. Bir saat ondan ayrı durmaz, onsuz gözünə yuxu getməz, ağzına bir tikə çörək qoymazdı. Çupçiki öz yatağında yatırardı. Uzun intizar və üzüntüdən sonra bir ətək qızıl töküb toy etdiyi, yenicə gərdək dalına çəkdiyi gəlin kimi bağrına basıb, şirin-şirin yatar, fani dünyanın fikir-xəyallarından silkinərdi. Səyyahın nəşələnməyə haqqı var idi, çünki Çupçik də bir Çupçik idi...
ÇəkməISimferopol alınan günün səhəri Himmler Berlində birinci olaraq İsrafil bəyi qəbul etdi:
Başqa şairlərin şeirləri
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm