– Öldür məni, cəllad!

Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.

Heyhat, unutmaq - nə böyük nemət, nə yüksək istedad imiş! Tale məni bundan məhrum etmişdir.

Bu saat da gözümün qabağındadır. Ayaqlanmış göy otları, uca şam ağacının qabıqlamış gövdəsini, xəyal kimi tərpənən ala kölgəni hər zaman, hər yerdə görürəm. Hər dəfə o qız mənə daha dəhşətli görünür. Qanrılıb ağaca bağlanmış ağ, nəcib qolları duaya qalxmış kimi məsum görünür. Çalın-çarpaz iplər onu möhkəmcə kəməndləmişdir. Qara və pərişan saçları fəlakət kimi, onun çöhrəsini örtmüşdür. O, aslan və qəhrəman olsa da, vəhşət önündə acizdir. Onun hər şeyini əlindən almışlar. Yalnız susmayan dili, odlu gözləri, faciəli sifəti vardır. Qız indi bu silahlarla vuruşur. Yaralı şir kimi başını silkələyir, pərişan saçları arasından görünən gözləri alovlu məşəli andırır...

Bu yeri, çox güman ki, çoxunuz görmüsünüz. Krımın məşhur yaylaqlarından birinə doğru enən şose yolu sıx və səfalı ağaclıqdan keçir. Səliqəli, əməksevər, ab-havanın ləzzətini bilən kəndlilər, lap meşənin içərilərinə qədər məskən salmışlar. Yay mövsümündə, isti yerlərdən tökülüşüb gələn yaylaqçıların çoxu şəhərə, kəndə getmirlər. Basəfa yer seçib buralarda, meşə cığırlarına oxşar yollarda düşürlər. Belə bir təsadüf mənə də müyəssər olmuşdur.

Burada, Aqafonov adlı bir furqonçunun evində mənzil kirayə elədim. Aqafonovun ailəsi - kişinin anası Polina Aleksandrovnadan, qızı Arminadan, bir də gözdən şikəst qardaşı Matveydən ibarət idi. Kasıbca bir ailə idi. Qarı ilə şikəstin əlindən iş gəlmirdi. Armina traktorçuluq öyrənir, evdə atlara qulluq edirdi. Aqafonov kolxozdan, kurort idarəsindən kirə götürüb yaylağa və arana şey daşıyırdı. Yayda iki otaqdan birini yaxşıca döşəyib üç-dörd yüz manata kirayə verər, özləri çardaq altında ötüşərdilər.

Bu ailənin dincliyi, sakitliyi mənim xoşuma gəlirdi. Bəlkə, deyirdim, ana qarımışdır, qardaş şikəstdir, ona görə bunlar istər-istəməz mülayim olmuşlar.

Bu fikrimi kişiyə deyəndə gülümsədi.

– Qalmaqal, - dedi, - nəsillikcə bizlərdə olmaz. Bir yox, beş şikəst qardaşım ola, anam altmış yox, yüz altmış yaşında ola, yenə mənim borcum qulluq etməkdir. Odur, canları sağ olsun atlarımın!

Kişi axurda yem yeyən atlarını göstərib, fəxr edirdi. Görürdüm ki, Aqafonov onları, doğrudan da, qardaş kimi sevir. Atlar da, deyəsən, sahiblərinin iftixarına bais olduqlarını duymuşdular. Sanki, onun işarəsinə görə başlarını yemdən qaldırıb, ətrafa baxındılar. Aqafonovun qızı da qohumları kimi sakit və üzüyola idi. Səhər tezdən kursa gedir, axşama yaxın qayıdırdı. Evlərində bir saat-saat yarım nahar edib dincəldikdən sonra, əlində dəftər-kitab həyətə çıxırdı. Yaşıl yerdə, ağac kölgəsində oturub dərsinə məşğul olurdu.

Mənim ağlım şəhər qızlarına getmişdi. Arminanın mütləq mənim lə maraqlanacağını, yanaşıb tanış olacağını güman edirdim, heç də belə olmadı. Orada qaldığım on beş gün ərzində Arminadan quru salamdan başqa heç nə eşitmədim. Axırda mən bu sadə kənd qızının önündə qürurumu əskiltməli oldum. Armina öz təmkinində davam edirdi. Onun arzusu, atasının və müəlliminin tapşırdığı işi başa vermək idi.

– Qoy, – deyirdi, – kursu qurtarım, imtahanımı verim, sağlıq olsun, yoldaşlarıma qonaqlıq vəd eləmişəm.

Traktor kursu avqustda bağlanası idi.

– Armina, – dedim, – o zaman mən vətəndə olacağam, sizinlə bir məclisdə əyləşmək səadəti mənə müyəssər olmayacaqdır.

Armina öz qələbəsinə əmin bir təmkin, arxayın bir təbəssümlə dedi:

– Gözləyərsiniz, mənim məclisimi gözləyərsiniz!

Arminanın sözünə heç bir cavab tapmadım, nə qədər vacib işim olsa da, bu qızın çağırışına hazır idim.

Ancaq qəza elə gətirdi ki, bu söhbət olan günün axşamı yola düşdüm. Nə müddətə getdiyimi özüm də yaxşı bilmədiyimdən, Armina ilə layiqincə vidalaşmadım. Sabah, ya birisi gün mənzilimə gələcəyimi zənlə tez əlimi sıxdı. "Tez qayıt!" dedi.

Bir də üç ay sonra, hissələrimiz Krımın bəzi şəhərlərindən çəkiləndə yolum Aqafonovun evinə düşdü. İndi mən düşmən arxasında işləyən bir dəstədə idim. Gündüzləri meşədə, dərə-təpədə keçirir, gecələr komandanlığın əmrini yerinə yetirirdik. Başıma gələn hadisələr, şahidi olduğum müdhiş döyüşlər Arminanı mənim yadımdan çıxarmamışdı. Nədənsə səngərdə də, ağac başında da, kol dibində də, düşmən maşınlarını qəflətən yaxalayıb dağıtdığımız, ya eşalonla gecə basqınına getdiyimiz zamanda da bu kəndli qızının xəyalı məndən ayrılmırdı. Güman edirdim ki, indicə utana-utana gələcək, məni qonaqlığa çağıracaqdır. Bu hisslə də mən, düşmənlər əlinə keçmiş kənddə Aqafonovun halını yoxlamağı özümə borc bildim. Komandirimizdən izin aldım, gecəyarı meşədən, kəsmə yolla həmin yaşıllığa (indi buralar meydan kimi tapdalanmışdı) endim. Bu zaman, bəlli idi ki, Aqafonov mənim üzümə qapı açmazdı. Qət etmişdim ki, evin ətrafına baxaram, xəlvətilik olsa, qapıdan Arminanı səslərəm. Qızın adı mənim üçün inam kağızı olacaqdır. Nemeslərə rast gəlsəm, əl bombalarımı təqdim edərəm. Zülmət, dumanlı və seyrək yağışlı bir gecədə damarlarıma qədər islanmış halda Aqafonovun qapısında durdum. Nə həyətdə, nə evdə işıq və hənirti əlamətləri var idi. Deyərdin, buralar yüz il əvvəldən xarabalıqdır, insanın izi-tozu da yoxdur. Əvvəlcə qapı-bacaya diqqət etdim. At, soldat, qoşun əlaməti axtardım. Kişinin havaxtdansa qırılıb işdən düşmüş, rəngsiz arabası divar dibində dururdu. Bir az o yanda görünən dairə təkər idi. Həyətin o başında heç nə görünmürdü. Aqafonovun atları yadıma düşdü. Tövləyə yanaşıb, qapının açıq olduğunu gördükdə öz-özümə dedim: “Faşistlər burada at qoyar!"

Qapını döyüb küy saldım, ovcumun içilə pəncərənin dəmirini tərpətdim. Bir tərpətdim, iki tərpətdim, gələn olmadı. Ev qapısını tıqqıldatdım, yavaş səslə qızı çağırdım. Səs-səda yox idi. Ürəyimə gəldi ki, "adamları da qabaqlarına salıb aparıblar." Qapını bərk itələdim. Daldan bağlı olduğunu bilib sevindim.

– Armina, Armina! - deyə pıçıldadım.

İçəridən küskün, pərişan bir cavab gəldi:

– Sən kimsən, o adı çəkirsən?

Qarının dillənməsinə sevindim:

– Nənə, - dedim, - aç qapını, mənəm, qafqazlı qonağınız!

Qarı qapını açdı, mənim ilk sözüm bu oldu:

– Armina yatırmı?

Qarı dinmədi.

– Dayı haradadır, necəsiniz?

Qarı suallarımın heç birinə cavab vermədi, astanada oturub qaldı. Cib fənəri ilə onun üzünə baxanda ağladığını, ancaq səsini gizlətdiyini gördüm. Müharibə fəlakətinin quduz və amansız zərbəsi bu davamsız ailəyə də dəymişdi. İntizar məni boğurdu, içəri otağa keçib, yatanları yoxlamaq istədim. Nə çarpayı, nə yataq, nə yatan gördüm. Sanki, üstümə su ələndi. Həmişə şənlik və səadət içində gördüyüm otaq qaranlıq bir zindan kimi görünürdü. Ev başıma dolandı, özümü itirdim. Qarının üstünə yüyürdüm:

– Hanı Armina? Hanı oğlun? Adamlar haradadırlar? Məndən niyə gizlədirsən?

Qarı ağır-ağır ayağa qalxdı. Yük altından nə isə çıxarıb gətirdi:

– Paltarını dəyiş, - dedi, - görən, bilən olar.

Mən kəndli cildinə düşdüm. Ancaq silahlarımı əldən vermədim. Qarı paltarımı gizlətdi. Mən onun danışmasına müntəzir idim.

– Niyə məndən gizlədirsən, mən külfətlə görüşməyə, sizə köməyə gəlmişəm.

Handan-hana qarı dilə gəldi:

– Görüşəcəksən, ancaq köməyin dəyməyəcək! Gecə vaxtı mənə yazığın gəlsin!

Mən onların harada isə gizləndiyini, gecə vaxtı getməyin çətin olduğunu düşündüm. Bir tərəfdə oturub, səhərin açılmasını gözləməkdən başqa çarəm qalmadı:

– Niyə mənimlə danışmırsan, niyə? Ehtiyat yaxşı şeydir, amma bu qədər yox. Mən indi partizanam, məni buraya göndərən var, Aqafonova deyəsi sözüm də var!

Nənənin ürəyi daha da köyrəldi:

– Xoş gəlmisən, - dedi, - bala! Ancaq indi sənə nə deyim. Səhər özün görəcəksən!

Qadının inadında bir sirr, bir məna, kim bilir, bəlkə də, vacib məqsəd var, - deyə israr etmədim. Ancaq bu intizarla heç bir kəs yata bilməzdi. Gözlərimi pəncərəyə dikib oturdum. Səhəri diri gözlə açdım. Təki bu səhər açılmayaydı. Gözü yaşlı qarı məni armud ağacının dibinə, yan-yana düzülmüş, torpağı hələ ot bitirməmiş qəbirlərin yanına gətirdi.

– Başımıza gələni qoy bunlar danışsın.

Bunu deyib qadın hönkürdü. Daha mən heç bir şey soruşmadım. Nə dilim, nə taqətim, nə hissim oldu.

Məni şadlıq məclisinə çağıran Armina saralan payız yarpaqlarının, seyrələn kölgələrin altında, atası və əmisi ilə bərabər yatırdı.

Faşistlər qızı ağaca sarıyıb işgəncə vermiş, almanlarla atışan atasının intiqamını ondan almaq istəmişdilər. Arminanın əsir, həm də qəhraman siması mənim gözümdə canlanırdı. O, vətəni, namusu yolunda ölümü təmkin və vüqarla qarşılayırdı. Faşist zabitinin önündə əzəmətin heykəli kimi dayanıb, fədakar ölümü gözləyirdi. Zabit, vətən qızının mətanətindən quduran zabit dil-dodağını çeynəyir, Arminanın zəif vücuduna yaralar vururdu.

– Öldür məni, cəllad! - Arminanın bu sözləri hökm kimi səslənir, sərt sillə kimi zabitin üzünə dəyirdi. Şikəst kişi özünü qızının üstünə atmışdı...

Düşmən, qarını öldürməmişdi. Onu göz dağımı qoymuşdu? Yox! Təmiz və günahsız ailənin müsibətini çəkmək üçün qarını əlamət kimi qoyub getmişdilər.

Arminanın, Aqafonovlar ailəsinin dərdini yalnız qarı çəkmir. Qarının özünün də qayğısına qalan, dərdini çəkən var. Bu ailənin intiqamı böyük bir xalqın öhdəsinə düşür. Sovet xalqı, bu xalqın hər bir nəfəri, Arminanın, ailəsinin qatillərini haqq-hesaba çağıracaq, məhşər ayağına çəkəcəkdir. O gün vətən qurbanlarına ən yaxşı xatirə günü olacaqdır. Arminanın ruhu əzablardan, həsrətlərdən qurtaracaqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri