Kupemizdə qısaboy, qarasaqqal, hörmətcil bir kişi vardı. O, Qubadan Moskvaya göndərilən alma vaqonlarının üstündə qaraul gedibmiş. Qayıdan baş üçün özünə meyvə saxlamışdı. Bizə təklif etdi:

– Buyurun, qardaşoğlu, alma yeyin!

Öz səfərindən, dəmiryoldakı istirahətsizliklərdən şirin-şirin danışırdı. Qulaq asmağımızdan olduqca şaddı. Aranı kəsmir, bir söhbətin nəticəsini o birisinin müqəddiməsinə calayaraq, davam edirdi. Özünə auditoriya tapmış pəltək natiqlər kimi, fürsətdən istifadəyə çalışır, ürəyini boşaltmaq istəyirdi.

– Bilirsən, yol işi uzun məsələdir. Bu xancalım olmasaydı ha...

O bizim vəziyyətimizlə maraqlandığından, ya yuxumuzu qaçırtmaq istəyindənmi suallar verirdi. Moskvada məktəb bitirib qayıtdığımızı eşitdikdə bizi təbrik etdi:

– Var olun! Belə şeyə sevinirəm. Müsəlman uşağısınız, Allah elə eləsin ki, "narqum" qulluğuna çatasınız.

Papirosunu tüstülədərək, bir ayağını qaldırıb, oturaq yerə qoydu, pəncərəyə bərk söykəndi, arxayınca soruşdu:

– Bəs, qardaşoğlu, onversetliyi neçə ildə qurtardınız?

– Dörd ildə.

– Dörd ildə?

– Bəli!

– Hə, onda onversetlik deyil, sizinki qurs imiş. Qurs bizim yerdə də açılır. Nə qursu idi sizinki?

Biz güldük. O, mimikasını dəyişmədən təsdiq etdi:

– Bəli, qurs imiş. Qurs üç-dörd ildə başa gəlir.

– Siz bunu haradan bilirsiniz?

– Oradan bilirəm ki, mənim, Allah sizi də saxlasın, bir bacıoğlum var. Uşaqlıqdan onun çorunu mən çəkirəm. Siz yaşdadır. Altı-yeddi ildir onversetlikdə oxuyur. Deməyinə görə, gələn il qurtaracaq. Mən də söz vermişəm ki, ayaqyalın da qalsam, dost-aşnanı yığıb, şadyanalıq edim. O, məktəbi qurtaranda, adına bir qızıl saat yazdırım. Onversetlik qurtarmaq belədir. On ilə başa gəlir. Uzun işdir, çünki zarafat deyil. Kişi elmin dibinə çatır. Ondan o yana daha bir şey yoxdur. - O, bir az duruxdu, sonra əlavə etdi: - Yox... zəhmətimə görə bacıoğlu da pis deyil. Qırğı kimidir, gecələr də yatmır. Görürsən, kömləkcək oturub yazır, pozur. On elm oxuyur. Həm doktor, həm incinar, həm müəllim, həm də aqronom olacaq. Deyirəm, qoy olsun, bizdən ki, ataya oğul olmadı. Sağ olsun Sovet hökuməti ki, uşaqları oxudur, yetirir.

– Hökumət hesabına oxuyursa, bəs sizin köməkliyiniz nədir?

Bu suala güldü, pəncərədən döndü, bizə tərəf əyilərək yavaşca cavab verdi:

– Ay sağolmuş, nə deyirsən? Doxsan manat pensiya onun papirosunu görməz. Bir də görürsən ki, gəldi. Dayı! Nə var? Bir qastyum almışam. Çıxarıb 200 manat verirəm. Dayı! Nə var? Otaq tutmuşam. Cavandır da. Biz də, heç olmasa, cahıllıq eləmişik axı. Qızlar ilə oturur, durur. Dayı! Nə var? Svidaniyaya gedirəm. Götürüb 30-40 manat cibinə qoyuram. O irəli Bakının lap seçmə qızlarından biri gədənin ətəyindən tutub ki, getmə gözümdən, gedərəm özümdən. Məni almasan, özümü dənizə atacağam.

Müsahibimizin bacısı oğlu ilə çox maraqlandım. Adres aldım. O, tibb institutu tələbələrinin ümumi yataqxanasında yaşayırmış.


Bu əhvalatdan altı ay keçmişdi. İstirahət gününün birisində yolum tibb institutuna düşdü, "bacıoğlunu" xatırladım. Ümumi yataqxanaya getdim. Komendantı tapıb, Xosrovbəylini soruşdum.

– Bizdə eləsi yoxdur, - dedi, - Pənahbəyli var. Fərzəlibəyli də var. Bəlkə, Xasayevdir. Xosrovbəyli yoxdur.

Çoxdan orada paltar yuyan tatar arvadını çağırdı. O da tanımadı. Ev dəftərini gətirib, keçən ilin siyahılarını töküşdürüb yoxladım, tapdım. "Bacıoğlu" buradan köçmüşdü. APİ-yə getmişdi.

Çox axtardım. Nəhayət, onu APİ binasında tapdım. Bir sarısaç qızın əlini ovcuna alıb, xüsusi bir nəzakətlə danışırdı. Məzə verib, məzə alırdı. Şalvarının ütüsünə, qolundakı saata baxır, qıza da göstərirdi. Məni qız ilə tanış etdisə də, qız dayanmadı. Qız getdikdən sonra qoluma girdi, havaxtdan bəri məni axtardığını, dayısının mənim haqqımda etdiyi söhbətlər nəticəsində qayibanə məni sevməklə özünü bəxtiyar sandığını söylədi.

– Mən sizi tibb institutunda arayırdım.

O, dayısı kimi, sözümü bitirməyə macal vermədi:

– Eh, - dedi, - başıma qəzavü-qədər gəldi. Hələ mən idim ki, dözmüşəm. Çeşni slova, qızlar qoymur ki, adam oxusun. Birisi dalımca düşmüşdü. Gördüm, biyabır olacağam, perevod aldım. Nə deyirsən, mən ölüm, stipendiyamı da alimentə verməyəcək idim ki...

Xosrovbəyli ilə bufetə çıxdıq. Məni buterbroda, qəhvəyə qonaq elədi, pulunu mən verdim.

Bu mənim Xosrovbəyli ilə ilk görüşüm oldu.

İkinci görüşüm 32-ci ilin avqustunda oldu. Bu dəfə o məni axtarmışdı. Kommunist küçəsində rast gəldik. Adəti üzrə qolumdan tutdu. Məxfi şeylər danışırmış kimi, qulağıma əyildi. Bir il içərisində Xosrovbəyli çox dəyişmişdi. Hər şeydən əvvəl ağzının ətrafında, burnunun qanadlarından başlayıb çənənin ucunda birləşən dairəvi cizgi əmələ gəlmişdi. Qaşları sallanmış, yanaq sümükləri çıxmış, sifəti kitab kimi bükülmüş, qol sümükləri sayılası olmuşdu. Bu nisbətdə səsi yavaşımış, gülüşləri səslənməz olmuşdu.

– Papağımı qarşıma qoyub fikirləşdim. Nə deyirsən, mən ölüm? Tutaq ki, indi mən APİ-ni qurtardım. Nə çıxacağam? Nesçasm bir müəllim! Basacaqlar Dəstəfura. Halbuki, mən studentliyim ilə ayda üç yüz manat daş-baş eləyirəm. Özü də Bakının lap ortasında, nə istəyirəm, o saat, nə deyirsən, mən ölüm? Rayon hara, mən hara. Burada yalan satıb dolanaram, lap iyrənmişdim, AMİ-də sür-sümükdən bezmişdim. Burada da adamı çolma-çocuq ustası eləyirlər. Paçti şto niyanya olasan gərək. Beşgünlük əziz ömrünü gətir çürüt ki, nə var, mən uşaq öyrədirəm. "Düz otur, yanqılıçı yat." Nə deyirsən, mən ölüm?

Mən etiraz etdim:

– İkinci kursdan məktəbi buraxmağın adı yoxdur, zəhmətin hədər gedəcəkdir, - dedim.

– Yox, aşna, - dedi, - müəllimlikdən pəs. Doqumentlərimi almışam. İşimi də düzəltmişəm. İqtisad institutuna girirəm. Paqraynimer üç il zəhmət çəksəm də, olaram bir xozaystvennik. Qarın məsələsi həyat binövrəsidir.

Xosrovbəyli ilə üçüncü görüşüm yaxın günlərdə oldu. Deməyinə görə orada stipendiyasını kəsmişlər, müəllimlər "vicdansızcasına" onunla şəxsi-qərəzlik aparmış, kişini bir "mən ölümə" qurban etmişlər.

– Hamısı cəmdəyimə duvoyqa döşəmişdir. Yəni mən o qədər də olmadım ki, şotavotça da bilmədim? Vicdansızlığa bax ki, idman dərsindən də iki!

Mən güldüm. Müəllimlərin haqlı olduğunu və bütün taxsırların dərs öyrənməyən tələbədə olduğunu göstərmək, nəsihət eləmək işlədikdə sözümü kəsdi, tələsik-tələsik doğradı-tökdü:

– Qorxma, lələşin bundan da qurtarmışdır. Onlar bicdirsə, mən onlardan da bicəm. Bir rəng vurmuşam ki, xınadan da betər.

– Nə etmisən?

– Nə edəcəyəm! Ərizəmi vermişəm universitetə, stipendiyası oradan artıq, elmi çox, adı böyük, özü də yalvarıb götürürlər. Təzədən başlayaram, zato əsaslı olar. Qaçestvo yaxşı olsun.

Xosrovbəylinin universitetə girib-girmədiyini bilmədim. Maraqlanmadım da. Lakin dünən onu tramvayda gördüm. Nə əynində ütülü şalvar, nə qolunda saatı, nə də yanında sarısaç qız vardı. Çəkməsinin burnu yırtılmış, qurbağa ağzı kimi açılmışdı. Kürəyinin təri kömləyini qaraltmış, şapkasının qulağı sallanmışdı. Üzü tüklü, siması çox kədərli idi. Məni görəndə bir təsəlli tapmış kimi gözü, yaşardı. Yanıma gəldi:

– Səndən bir şey soruşacağam, - dedi, - letun nə deyən sözdür?

– Bunu nə üçün soruşursan?

– Ona görə soruşuram ki, böyük iş var. Bunda nə hikmət varsa, doqumentlərimin üstünə letun yazıldığından universitetdən geri qaytardılar. Hansı mərdimazar oğlu mənim evimi yıxıb. Letun nə deyən sözdür?

O çatmışdı, tramvay dayanan kimi, düşəcəkdi. Ayağa qalxdı, bir də soruşdu.

– Get evə, üzünü tərtəmiz yuduqdan sonra güzgüyə bax, - dedim. Tramvaydan düşdü. Mən onun dayısının sözlərini xatırladım:

"Həm doktor, həm incinar, həm müəllim, həm də aqronom olacaq..."

Tramvay getdi. O geridə qaldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 dəq
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 dəq
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 dəq
Liman oğlu

Lalə, bənövşə, gülxətmi, qazayağı, quşəppəyi, quzuqulağı, ayıdöşəyi, çobangülü... Dağların, dərələrin saysız-hesabsız bitkilərinə qısa, münasib, uyğun adları görəsən kim verir?Hansı bir qüdrətli qələmdir ki, yetirən məxluqun hərəsinə daimi bir möhür vurur, biz də ona baxıb hər şeyi adı ilə çağırırıq, mahnılara salır, kitablara yazır, dillərə tərcümə edirik?

19665 dəq

Başqa şairlərin şeirləri