Göz
Səhifə 1 / 4
1
– Yəhya Kamal! Böyük məscidə yolunuz düşsə, ayələrdən çox, bu adı oxuyarsınız. Qoca çinar ağacları gövdəsində, yağ tutmuş, kirli, naxışlı qapılarda, kəci qopan divarlarda iti xətlə, səliqəsiz yazılmışdır:
– Yəhya Kamal!
Yayda yeri cızar, qışda qarı sulayar, hər yerdən əlacı kəsiləndə dırnağını yalayıb yazardı:
– Yəhya Kamal!
Siz maraqlanıb, bu "möhür" sahibini tanımaq istəyəcəksiniz. Siz onu çoxdan tanıyırsınız. Az-çox ictimai yerlərdə əlaqəniz varsa, mərasimə, mitinqə, iclasa, kluba yolunuz düşərsə, onu gündə bir neçə dəfə görə bilərsiniz. Qoltuğunda qəzet, əlində işıldayan ağac, qolunda qırmızı, yazdırsa - döşündə bir çiçək, nə isə mızıldaya-mızıldaya yanınızdan ötəcəkdir.
Sizi maraqlandıran möhürün sahibi haman bu gödəcik, axsaq, yaraşıqsız adamdır.
Mərasimlərdə rəsmi adam olar. Qılçasını sürüyərək, tribunaya çıxar. Musiqidən qabaq salama durar, hamıdan sonra əlini salar.
Pioner bayramında özünü çox sərbəst hiss edirdi. Əlillərin nümayəndəsi bilib, ona tribunada yer vermişdilər. Günlüyü əzilmiş papağını günorta yerinə yeritdi, əlini gözü üstünə qoyub bir şüar da söyləmək istədi:
– Yaş...
Bir pionerin bulaq suyu kimi, duru və təmiz səsi Yəhya Kamalın şüarını ağzında qoydu. Pionerin salamı ilə bütün nümayiş dilə gəldi. Yəhya Kamal küsdü. Getdi. Evə gəldi. Dərdlərini unutmaq üçün güzgünün qabağına keçib, sifətinə baxdı. Bu gün bir qat da artıq qocalmışdı. Qırılıb tökülən çör-çöp palçıqlı yerdə nə qədər iz buraxırsa, onun qəlbinə dəyən bir şey üzündə eləcə qırışıq yaradırdı. Rəngi tutqun, gözləri dumanlı idi. Yaylığını çıxartdı. Dili ilə isladıb üzünü sürtdü. Sürtdükcə sifəti qızarırdı. Bunu təkrarladıqca, özünü on səkkiz yaşında bir gənc kimi görür, sevinir, bu rəngin tez dəyişdiyinə təəssüf edirdi. Adəti üzrə, başındakı ağ tükləri yolmağa başladı. Bu halda çox rəhmsiz olurdu. Səliqəli dirrikçi kimi, başının alağını tərtəmiz vurmaq, onu vaxtından əvvəl qocaltmaq istəyən "zəhrimarların" kökünü kəsmək istəyirdi. Birdən bir şey yadına düşdü. Durdu. Toz basmış mürəkkəbqabını yaxına qoydu, tərcümeyi-halına aşağıdakı parçanı əlavə etdi:
"Ta çocuqkən anamı qeyb etdiyimdən dolayı yetimliklə olmaması qeyri-qabildir. Ac durmaq, pis gündə oturmaq, təzyiqdən başqa bir şey deyildir. Mənimlə vəzihəml olan əsgər fərzəndanın xətti haşa-kəlla peyda olmamışdır. İştə, bu həqirin pərəstarı olmadığından, ona görə də şəbablığım qiyudat təhtində qərq olmaqda hənuz baqidir..."
Özündən razı halda evdən çıxdı. Gödəkcəsinin ətəklərini bir-birinin üstünə qoyub, bərk çəkdi. Əllərini çataqlayıb, yola düşdü. Başıaşağı gedirdi, fikirləşirdi. Gələcəkdə, əsrlər keçdikdən sonra tərcümeyi-halının məktəblərdə keçiriləcəyini təsəvvür edirdi. "Yəhya Kamal çox korluq çəkməyinə baxmayaraq, zəmanəsinin böyük müxbiri, düşüncəli adamı olmuşdur."
Hacı Əlinin evi yanına çatmamışdı ki, şırp dayandı. Yağı tükənmiş traktor kimi, donub qaldı. Mühüm bir səhv etmişdi:
– Ey dili-qafil, o nə idi mən yazdım: "Qiyudat təhtində qərq olmaqda hənuz baqidir."
– "Hənuz baqidir!"
Bu parçanı bir neçə dəfə təkrar edib, geri qayıtdı.
Yəhya Kamalı hərarət götürdü, tər basdı, ürəyi çırpındı. Tələsik evə gedirdi. Tez çatmaq, kibrit çəkib stolun üzərindəki "səhv" olan kağızı yandırmaq istədi. "Yandırmaq da yaxşı deyil. Baxan, görən olar. Yaxşısı budur ki, qara çemil ilə üstünü yaxşıca poz! Yox, onda bütün tərcümeyi-halımdan şübhələnərlər. Deyərlər, görəsən, nəyi var imiş, hərif qorxmuşdur. Kağızı ağzıma alıb çeynəməli, sonra çaya, bulanıq suya atıb axıtmalıyam..."
Yəhya Kamal evə çatanda, qonşusu Məşədi Səkinə xala onun evini süpürüb çıxmışdı. Məşədi Səkinə xala dul arvad idi. Yəhya Kamal onun kirayənişini idi. Onun evsizliyinə, şikəstliyinə yazığı gəlir, hərdən evini yır-yığış edirdi. Davud adlı bir komsomolçu oğlu da vardı. Yəhya Kamal evin süpürüldüyünü görüb təşvişə düşdü. Kağızın ələ keçdiyinə şübhələndi. Qapını tappıltı ilə divara çırpıb içəri girdi. Tərcümeyi-hal yerində, mürəkkəbqabının yanında idi. Lakin üstündəki təzəcə yazılmış vərəqə yox idi.
– Ay Məşədi Səkinə xala, burada bir kağız gördünmü?
– Yox, a bala, bir şey görməmişəm.
– Uzun kağızdır.
– Yerdə xırım-xırda kağızlar vardı. Süpürüb atdım.
– Bəs ha tərəfə atdın?
– Odur, zibil yeşiyində.
Yəhya Kamal bir həftəlik zibili alt-üst etdi. Yerkökü, dəri parçası, papiros kötüyü, kartof qabığı, çörək xırdası, ərik çərdəyi, öküz aşığı, cındır tapdı, ancaq "söz səhvindən" əsər görmədi. Canına lərzə düşdü. Həyəti başdan-ayağa dolandı. Darvazaya baxdı, küləkdən şübhələnib on addım da küçəni axtardı: yoxdu ki, yoxdu!
– Məşədi Səkinə xala, Davud evdə idi?
– Hə, gəlmişdi. Bilmədim nə işi vardı. Gəldi, tez də qayıtdı, getdi.
Bu söz Məşədi Səkinə xalanın ağzından çıxmamışdı ki, Yəhya Kamalın dizi qurudu, rəngi zəfərana döndü. Dili tutuldu. O saat xəyalına gəldi ki, "materiyal gəlib." "Özüdür ki, var! Mərdimazar oğlu yəqin götürüb, kəndimizi, əsil-kökümü xəbər veriblər. Qulaq balası filan yazıblar... Davud da axtardığını tapıb."
İçəri girdi. Otuzillik tərcümeyi-halını bürmələyib cibinə basdı. Dinməz-söyləməz həyətdən çıxdı.
Köçəmirli kəndi yaylaqların yaylağıdır. Dəmiryoldan səksən kilometr uzaqdı, təpəsindən qar əskik olmayan dağların ətəyində xəlvət bir dərəyə sərilmişdir. Yəhya Kamal dərd yoldaşı Diləni deyib gəlmişdi.
Vaxtilə komsomolların əlindən dilə-dişə düşən Dilən kənddən-kəndə köçmüş, nəhayət, Köçəmirlidə bənd olub qalmışdı. Kolxoz sədası buralara gəlib çıxanda, o, kooperativi buraxıb qabağa düşdü:
– Gəlin, ay camaat, hökumətimiz dediyi yola! Birinci kolxoza mən yazılıram!
Yəhya Kamal ondan-bundan soraqlaşıb. Dilənin mənzilinə gəldi. Dilən onun boynunu qucaqladı, çox da sevindi. Xəlvətlik idi. Dilən dil açdı:
Ey vətəndən gələn el aşması!
Şadlıqmıdır gətirdiyin payamın?
Yəhya Kamal da şair kimi cavab verdi:
Yoxsa, o yerləri düşmənlər almış,
Sən deyənlər dönüb xərabə qalmış...
Arxayın olmaq üçün Dilən pəncərəni açdı. Çölə çıxdı. Qapını eşikdən qıfıllayıb, pəncərədən içəri girdi. Dostlar "cırıldayan taxta" yastıqlanıb, çox yavaşdan, lakin şirin-şirin dərdləşirdilər. Yəhya Kamal çox təzə xəbərlər gətirmişdi:
– Səndən sonra Hüseynqulu uşağını yaman günə qoydular. Şükürü öldürənlərin işi açıldı. Girmança Qulunun gədəsi ilana dönmüşdü. Bir günün içində hökuməti kəndə tökdü. Mən gecə bağların içindən cırdım...
Yəhya Kamal dedikcə ah çəkirdi. Dilən eşitdikcə ürəyinin yağı əriyirdi. Öz qəlbində bu işlərin axırı necə olacağını düşünürdü. Bir müddət evi sükut basdı. Eşikdə səs-səmir kəsildi. Gecə keçdiyini hiss etdilər. Dilən ona təsəlli verdi:
– Hələ, ay eloğlu, buralar pis deyil, dinclikdir. Adamlarından da mən o qədər qorxmuram. Var ha! İçində vələdüzzinası çoxdur. Ancaq ki, məni tanımırlar. İşi elə salmışam ki, "niçevo!" Sən ayıq ol. Özünü bir tanıtsan. Ümid Allahadır ki, sovular. Ondan sonra da nə işimiz var, şəhərdə-zadda, arığın nə işi qoruqda ki, qıçını sındırsınlar! Burada kimdir səni-məni itirib-axtaran, ay rəhmətlik oğlu!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-goz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Adam, xüsusən indi cəmiyyət adamı bunlarsız keçinə bilmir.Mən özüm müəlliməm, xalqın uşaqlarını oxuduram. Çalışıram ki, cavanlar müasir elmin, mədəniyyətin əsaslarını yaxşı öyrənsinlər. Gənclərə diplom verib həyata, xalq təsərrüfatında işə göndərəndə getdiyi idarənin işi sahmanda olsun, həm gəncin alnıaçıq, üzüağ, sənəti sayalı olsun, həm də müəllimin zəhməti hədər getməsin, sevincinə əsas olsun.
Anamın sevinciBurada hansı sevincdən söhbət gedir? Bizim anaya gətirdiyimiz sevincdən, yoxsa ananın bizə gətirdiyindən?Doğrudur, biz anamızı çox istəyirik, mən də, bacım da. Onun, az qala, başına dolanırıq. Həmişə istəyirik ki, onu sevindirək, güldürək, ürəyini açaq, xoş xəbərlə salamlayaq.
Məhəbbətə zor yoxdur– Nisa, ay Nisa!Nisa qayıdıb səs gələn tərəfə baxdı, dinmədi.
Ticarət lirikasıMəhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
Başqa şairlərin şeirləri
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,