Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!Sənsən nə gözəl gözləri məstan qaraçarqat!Dərdindən olubdur ciyərim qan, qaraçarqat!Dönüm başına zülfü pərişan, qaraçarqat!
Məclisdə sənəmlər başıdır, şahi-hümayun,Gərdən çəkibən oturu mina kimi movzun,Nimtənəsi nilufəri, pirahəni gülgun,Buxağı, zənəxdanı, qabağı dolu altun,Qılmış özünü cümlə zərəfşan qaraçarqat.
Gör necə gülab ilə qılıb zülfünü nürnəm,Durub dönəsən başına şanə kimi hər dəm,Didarı mübarək, qaşıdır qibleyi-aləm,Dünyada axır, mən dəxi çox görmüşəm adəm,Bir türfə mələkdir, deyil insan qaraçarqat.
Cəm etsən əgər yanına xubani-cahanı,Bir zərrəcə sevməm dəxi qeyrini, səvanı,Sən saxla pənahında, xudaya, bu cavanı,Yolunda payəndaz edərəm baş ilə canı,Olsaydı bizə bir gecə mehman qaraçarqat.
Şahbaz oturub, sayə salıb əncümən üstə,Salmış iki yandan ləçəyi gül bədən üstə.Bir lalədir ol san açılıbdır çəmən üstə,Qönçə kimi yaşmağı çəkibdir dəhən üstə,Vaqifdən edir üzünü pünhan qaraçarqat.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-ey-qasi-kaman-kirpiyi-peykan-qaracarqat
← → düymələri ilə keçid, R — təsadüfi şeir