Xahiş, tələb, məsləhət
Adam, xüsusən indi cəmiyyət adamı bunlarsız keçinə bilmir.
Mən özüm müəlliməm, xalqın uşaqlarını oxuduram. Çalışıram ki, cavanlar müasir elmin, mədəniyyətin əsaslarını yaxşı öyrənsinlər. Gənclərə diplom verib həyata, xalq təsərrüfatında işə göndərəndə getdiyi idarənin işi sahmanda olsun, həm gəncin alnıaçıq, üzüağ, sənəti sayalı olsun, həm də müəllimin zəhməti hədər getməsin, sevincinə əsas olsun.
Cavanların eləsi olur ki, beş il, altı il ali məktəbdə ləyaqətlə oxuyur, qurtarır, diplom alır. İşə təyin olunanda sevinirsən, onu təbrik edib xeyir-dua verirsən. Ürəyin açılır. Sanki əzəmətli mülk tikmisən, abad bir bağ salmısan.
Eləsi də olur ki, hıqqana-hıqqana dərsini başa vuranacan daş çatlayır, semestr olmur ki, onun kəsiri çıxmasın, valideyn xahişə gəlməsin, müəllimlərə ağız açıb xahiş eləməsin. Belə tələbələrin işi müsibətdir. Heç kəsə qismət olmasın, ömür çürüdən şeydir... Belələrindən biri keçən il mənə rast gəlmişdi. Sonra məlum oldu ki, dostumun oğludur. Atasının da xatirini istəyirəm, haqq-salamımız var. Kişi özü də həyalı adamdır. Utana-utana mənə ağız açdı:
– Ay filankəs, – dedi, – övladdır, dərsi, iııkişafilə maraqlanırsan, istəyirsən ki, yar-yoldaş arasında axsamasın. Ona görə də ərk eləyib yanınıza gəlmişəm. Oxumayan uşaq olsa, heç sənə zəhmət vermərəm. Oxuyandır, amma di gəl ki, bədbəxt oğlu, kütdür, hərdəm görürsən, deyiləni yaxşı mənimsəyir, hərdəm də yox. Müəllimlər yanında adam utanır, neyləyim, əlacımız yoxdur. İndi burada sizdən çox yox, yüngülcə bir xahişim var. Bir nömrə, ancaq bir nömrə güzəşt elə! İkiyə bilir, üç ver, üçə bilir, dörd ver! Bircə nömrə ona güzəşt kifayətdir. Güman edirəm ki, siz onun haqqında bir nömrəni əsirgəməzsiniz! Lap mənim xatirimə! Çörək kəsmişik, bir-birimizə yeri gələndə xətir-hörmət eləmişik. Bunları nəzərə alın...
Doğrudur, mən dostumun xahişinə ürəkdən razılıq vermədim, onu açıq da rədd eləmədim. Bir nömrə elə çətin, böyük xahiş deyil ki, dostumun sözünü yerə salaydım, narazı gedəydi.
– Baxarıq, – dedim, – arxayın salma, qoy ciddi oxusun, hazırlaşsın, baxarıq!..
Gün o gün oldu ki, həmin oğlan imtahana gəldi. Gəldi, özü də bir növ ƏDA ilə gəldi. Filan qrupun tələbəsi, filan dərsin kəsirlisi kimi yox, məhz FİLANKƏSİN oğlu kimi gəldi.
– Yoldaş müəllim, sizin dərsdən mənim imtahanım qalır. Atam da sizinlə danışıb, xahiş edirəm, mənim imtahanımı götürəsiniz!
Hərif bunu bir əmr kimi ucadan dedi, qoltuq cibindən çıxardığı kitabçanı da üstümə atdı.
– Bu da zaçotkam!
Atasının xahişini təkrar yadıma saldı:
– Atam da sizinlə danışıb. Mən çoxdan gəlməli idim, bir həftə xəstə oldum, üstünüzə sağlıq!
– İndi gəlmisən?
– Bəli, indi gəlmişəm!
– Dərsə hazırsan?
Tələbə bir az dayandı, gözlənilməz bir sual eşitmiş kimi, üzümə dik bağdı, cavab verdi:
– Hazıram!
– Keç əyləş!
Müəllimlər bilirlər, müəllim olmayanlar da düşünə bilər ki, asan dərsi öyrənməyib imtahana gəlmək, özü də atasının xahişi ilə gəlmək, müəllimə necə ağır olar. Axı müəllim yazıq bu dərsi tələbələrə demək üçün nə qədər kitab vərəqləyir, zəhmət çəkir, səy eləyir, tələbələrin marağını oyatmaq, fənni sevdirmək üçün dəridən-qabıqdan çıxır.
İndi dərsin üçündə iştirak eləyən, beşinə gəlməyən fərsiz, hərcayi bir oğlan gəlib zaçotkasını adamın qabağına atanda dözmək çətin olur.
Nə edəsən ki, dostumun xatirinə mən bu oğlanı imtahana buraxdım, suallar verdim, cavablarını isə heç eşitmək də istəmədim.
Oğlan, görünür, çox sırtıq, üzüboz bir adam idi. Sualların birini kənara qoydu, o birisinin müəyyən mətləbini danışdı, zaçotkasını təkrar qabağıma qoyub atasının adını çəkdi. Mən əlavə bir sual da verdim. Oğlan başını buladı, demək istəyirdi ki, "bu müəllim, heç atam deyənə oxşamır."
– Müəllim, hələ yenə iki imtahanım durur, tələsirəm!..
Mən ehmallıca zaçotkanı götürüb qiymət yazdım. Oğlanla salam göndərdim.
– Atana məndən salam deyərsən!
Oğlan əvvəl sevincək kitabçanı qatlayıb cibinə qoymaq istəyirdi, bir də diqqətlə baxanda, zərbə dəymiş kimi dayandı. Dayandı, mənə sual verdi:
– Müəllim, kəsdiniz?
– Bəli.
– Atam yaxşı nömrə xahiş etmişdi?
– İndiki biliyiniz üçün bu qiymət kifayətdir!
– Bir də gəlməliyəm?
– Bəli, bir də gələrsiniz, ancaq yaxşı-yaxşı hazırlaşıb, proqramın əsas bəndlərini bir də təkrarlayıb, diqqətlə öyrənib gələrsiniz!
– Bəs atam ilə danışmağınız?
– Atan bilir, ona güzəştə getmişəm!
Oğlan daha məni danışdırmadı, kitabçanı cibinə qoyub düz getdi!
Yəqin ki, heç bir yerə, nə məktəbə, nə dekanın yanına, nə kitabxanaya, düz atasının yanına qaçdı. Atasını təkrar mənim üstümə göndərməyə tələsdi.
Doğrudan da elə oldu. İki saat çəkmədi ki, dostum məni evimizin qabağında nahar yeməyinə gedəndə haqladı, salam-kalamsız sözə, giley-güzara başladı:
– A filankəs, axı mən sizə ağız açdım, uşaq üçün xahiş elədim. Əcəb əməl eləmisiniz!
– Necə bəyəm!
– Oğlana iki vermisiniz!
– Dostum, məndən çox yox, bir nömrə güzəşt etməyimi xahiş etmisiniz. Sizin oğlanın dərsdən biliyi ancaq BİR qiymətə layiq idi, mən şəxsən sizə güzəşt edib ona İKİ verdim! Daha bundan artıq güzəştə söz verməmişdim.
– Axı, bir ilə ikinin də fərqi var?
– Dostum, siz müəllim deyilsiniz, imtahan eləmirsiniz, bilmirsiniz. BİR ilə İKİnin çox böyük təfavütü var. Uşaq özü bilir!
– Uşaq bildi nə xeyri?
– Xeyri odur ki, bir ay da çalışsa, məlumatı bir nömrə artar, olar üç!
– Üç, yəni nə olsun?
– Üç o deməkdir ki, tələbə proqramın tələblərini az-çox bilir!
– A kişi, bizə az-çox yox ey, yaxşı bilmək gərəkdir! Yaxşı!
– Yaxşı bilmək də xahiş ilə yox, öyrənmək ilə olur! Nə səndən, nə məndən, nə də rektordan asılıdır! Oğlanın tək ÖZÜNDƏN, öyrənməyindən, dərsi mənimsəməyindən asılıdır. Oğlan zəhmət çəksin, dizini qatlasın, kitabları qabağına töküb tələbə kimi oxusun! Onda yaxşı bilər.
– Oxumağına oxuyar, ancaq...
– Oxusa qiymətini alacaq, oxuyana zaval yoxdur, dostum! Tələbə oxuyan, öyrənən deməkdir!..
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-xahis-teleb-meslehet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz çox uzaqda, Azərbaycandan minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq vətəndəyik. Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı nefti ilə, Donbass kömürü ilə, Ukrayna çörəyi ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçayev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xabdn-Qol döyüşləri Uzaq Şərq igidlərinin vətənə xidmətini göstərməyə kafidir. Buranın hər addımında mübarizə, qəhrəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür.Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq, əyani məktəb keçmək kimidir.
Gil-gil çaySəhərin gözü yenicə açılanda, qış günəşi qızıl saçlarını silkərək başını Xəzərin soyuq sularından qalxızanda Təzəşəhərin uca zavod boruları səslənirdi. Siqnal gözləyirmiş kimi, küçələrə tökülən adamların, maşınların səsi və hərəkəti get-gedə çoxalırdı. Papirosunu tüstülədərək işə gedən dəstə-dəstə fəhlələrin addım səsləri bir mərkəzə, istehsalat, tikinti yerlərinə doğru uzaqlaşır və sönürdü. Bir az sonra küçələr boşalır, sahələrdə isə ahəngdar zəhmət həyatı qaynayırdı.Bir-birinin dalınca gedən üç minik maşını sahələr arasından, küçələrdən baş yola çıxdı. Kənardan baxan bunların bir istiqamətə yollandığını güman edərdi. Belə olmadı, maşınlar sanki fikirləşmək üçün yol ağzında bir qədər yavaşıdılar. Qabaqdakı örtülü "Villis" yoldaşlarından aralandı, baş yolu vurub düz keçdi. Nasosnu vağzalına tərəf yol aldı, kərpic zavodu binaları arasında gözdən itdi. "Pobeda" Bakıya yollandı. Sürməyi rəngi solmuş köhnə "EM " isə Quba yolunu tutub sürətini artırdı. Bu maşında inşaat trestinin rəis müavini Munisov gedirdi.
Yeni kəndin adamları1. Kolxoz işinin mahir ustasıMən sözümü deyən kimi raykom katibi ayağa qalxdı:
Qəhrəman qızSəfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.
Başqa şairlərin şeirləri
Cəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Şəhla gözünü etsəm əgər bir də ziyarətŞəhla gözünü etsəm əgər bir də ziyarət,Qurban edərəm kəndimi, dərbari - kərəmdə.