Qəbul imtahanı
Səhifə 1 / 2
Dövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...
Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.
İndi görək bu kənarda qalanlar kimlərdir.
Heç kəs kənarda qalmaq istəmir. Yüz iyirmi beş nəfərin hər biri öz aləmində güman, hətta yəqin edir ki: "Mən jurnalist şöbəsinə düşəcəyəm! Kim düşməsə də, mən düşəcəyəm!"
Cavanların belə düşünməyinə, əlbəttə ki, əsası var.
Biri düşünür ki: "Mən ordudan gəlmişəm, iki-üç il təlim şəraitində əziyyət çəkmişəm, dövlət özü mənə imtiyaz verir. Dərslərdən üç al sam da, ali məktəbə düşəcəyəm." Bir başqası xəyal eləyir ki: "Jurnalist şöbəsinə hər kəsdən əvvəl həmin ixtisasa yaxın olanlar qəbul olunmalıdırlar. Mən özüm "Bakı" qəzeti redaksiyasında il yarımdır çalışıram, pis də çalışmıram, ərizə verənlər içində jurnalistliyi mənim kimi bilən hanı!? Gələnin biri çörəkçi, biri çəkməçi, aşpazdır. Nə deyib, məni qaytaracaqlar?" Üçüncü bir cavan öz yazılarının qəzetdə çap olunduğuna, dördüncüsü atasının iyirmiillik müəllimlik stajına, beşincisi orta məktəbdən yaxşı qiymətlər gətirdiyinə güvənir. Bir başqası da sinəsinə döyür ki: "Mən uşaq evindən gəlmişəm. Bura olmasa, hara gedə bilərəm?" Xülasə, bu qapıya toplaşan ağıllı, savadlı cavanların heç biri özünü qəbuldan kənarda qalmalı olan və hökmən də labüd qalmalı olan yüz nəfər cərgəsinə salmır. Ancaq hamısı özünü iyirmi beş nəfərin cərgəsinə salır. Bu cavanlar içərisində ən arxayın, şən və cəld tərpəşənlər öz biliklərinə, dərslikləri, qamusları, jurnalları vərəq-vərəq gözdən keçirib, öyrəndikləri məlumata güvənənlərdir. Bunlar hamının - komissiyaların, müəllim, professorların qarşısında gəncliyə layiq bir qürurla dayanıb dil-dil ötür, suallara bir-bir cavab verir, icazəsiz imtahan stolundan uzaqlaşmırlar. Bunlar tükənməz bir eşq, sonsuz bir həvəslə elm dalınca möhkəm addımlayan, özlərinin və öz vətənlərinin gələcəyinə iti, ayıq gözlə baxan, hər gün yeni-yeni üfüqlər fəth etmək əzmində olan, üz-gözündən müasirlik və yenilik yağan sovet gəncləridir. Bunları nə libas, nə qədd-qamət, nə nəsil, nə peşə, nə vəzifəlilərə nisbəti ilə tanımaq olar. Bunlar cəmiyyətdə ancaq gözlərində yanan qığılcım, ürəklərini dolduran atəş, zehinlərini çulğayan daimi bir tərəqqi meyli ilə seçilirlər. Bunları küçə səkilərində, tamaşa meydanlarında, konsert salonlarında, restoran və rəqs meydanlarında az görərsən. Bunları kitab sarayları, fizika-kimya laboratoriyaları, kabinetlər, cihazlar, elmi sərgilər, mühazirə və mübahisələr daha çox maraqlandırır.
Cavanlar parlaq bir həqiqəti dərk etmişlər. Dərk etmişlər ki, Leninin böyütdüyü inqilab nəsli əsrlik tilsimləri sındırmış, yeni dünyanın qapısını taybatay və həmişəlik açmışdır. Bəşəriyyət indi keçmiş dünyadan üzülüşməkdə, böyük kəşflər, icadlar, ixtiralar dövrünü, sürət və ildırım əsrini yaşamaqdadır. Göylər, planetlər fəth olunur. Hər yerə, hər işə, hər tədbirə adamlar, inqilab elmi ilə silahlı adamlar gərəkdir. İndi nin silahı nə xəncər, nə bıçaq, nə top, nə bombadır, indinin sərvəti nə var-dövlət, nə mülk-maaş, nə əsil-nəsəbdir. İndi "qılıncdan daha kəskin ulu qüvvət" - zəkadır, bilikdir, kəşflər, icadlardır. Həmin adamları lazımi səviyyədə, tərbiyədə böyüdüb bəşəriyyətə vermək əsrimizin böyük, müqəddəs borcudur.
Müqəddəs ideallar bəsləyən, böyük gələcək üçün yaşayan, vaxtından əvvəl saç ağartmaqdan, qocalmaqdan qorxmayan əsrin istedadlı gənclərinə uğurlar olsun! Onlarsız cəmiyyət və bəşəriyyət iflic, məhkum olardı.
Cavanlar! Sizə eşqlər, şərəflər, səadətlər olsun!
Ali məktəblər, elmi laboratoriyalar, zəngin kitabxanalar, abidə fondları, alimlər, imtahan otaqları... Hamısı, hamısı doğma ana kimi qollarını geniş açıb bu cavanlar nəslini gözləyir, isti ağuşuna basmaq, öpüb alqışlamaq istəyir. Ölkəmizin hər şeyi - şərəfli tarixi, nailiyyəti, şan-şöhrəti, tükənməz sərvəti, hər şeyi, hər şeyi bu gənclər üçündür, onlara ana südü kimi halaldır!
Camaat, çəkilin, yolu kəsməyin, müqəddəs yerlərin sahiblərinə yol verin!
Səliqəli, sərin, uzun dəhlizin başında və ayağında iki böyük otaq ayrılmışdır. Yüz iyirmi beş nəfərin altmış nəfəri o başdakı, qalan altmış beş nəfəri isə bu başdakı otaqda yazı imtahanı verməlidir.
Adamlar otaqlarda yerbəyer olandan sonra çeşməkli bir müəllim cavanların hamısının imtahan vərəqini alır, əvəzində möhürlənmiş iki ağ vərəq verir ki: "Buraya yazacaqsınız."
Qoca müəllim də yazı taxtasının yanında, hamının gözü qabağında bağlı bir zərfi açır, rektorluq tərəfindən qəbul və təsdiq olunmuş mövzuları səliqə ilə taxtaya yazır:
S.Vurğunun "Vaqif" əsərinin təhlili.
"Polad necə bərkidi" romanının tərbiyəvi əhəmiyyəti.
Bakı Azərbaycanın paytaxtıdır!
Mövzuları yazdıqca bir-bir ahəng və ibarə ilə oxuyub cavanlara başa salır. Hər mövzu oxunduqca cavanların arasına ani bir həmhəmə düşür. Bilmək olmur ki, onlar mövzuların çətinliyinə heyifsilənir, ya asanlığına sevinirlər. Çünki bu dəqiqə hər kəs özünün zehnində və ürəyində olanları gizlətməyə, büruzə verməməyə çalışır. Çalışır ki, onun üzünə baxanlar bilməsinlər ki, bu adam sevinir, ya məyus olur. Bu mövzunu bilir, ya bilmir. Əslində diqqətlə baxsan, əyləşənlərin çoxunda bu hisslərin hər ikisini müşahidə edə bilərsən. Bir dəqiqə çəkmir ki, cavanlar diqqət və nəzərlərini hər yerdən, hər şeydən çəkib qabaqlarmdakı möhürlü vərəqlərin üzərinə toplayırlar. Kimi qələmini yoxlayır, kimi stoluna qəzet çəkir, kimi tərini silir, kimi başında cümlələr düşünür.
Qoy cavanlar burada min bir intizar və həyəcanla oturub imtahan mövzularını düşünməkdə, yazmaqda olsunlar, biz də lap arxada əyləşən, gah sağa, gah sola boylanan qısaboy, irigöz, qara qızın məktəb işləri ilə tanış olaq.
Qara qız imtahana Bakı kəndlərindən — Maştağadan elektrik qatarı ilə gəlmişdir. O, qəssab Məşədi Rəhimin kiçik qızıdır. Jurnalist olmağı qət etmişdir. Yəni atası ilə bir yerdə qət etmişlər. Atası onu lap arxayın salmışdır: “Qorxma, Eliş (Məşədi Rəhim kiçik qızını belə çağırırdı), universitet məktəbində mənim qızım oxumayıb bəs kim oxuyacaq?"
Doğrudur, Eliş qəsəbə məktəbində on il oxumuşdur. Dərslərindən də yaxşı qiymət ala-ala keçmişdir. Ancaq bu qız on ilin haçan və necə gəlib keçdiyini heç hiss etməmişdir. Bir gün gözünü açıb görmüş ki, direktor onu və atasını buraxılış konsertinə dəvət edir.
Bayaq dedik ki, jurnalist olmağı qət edən Elişə atası da kömək etmişdir. Həqiqəti bilmək istəyirsinizsə, bu fikri Elişin başına salan qəssab olmuşdur. Əlbəttə ki, Məşədi Rəhim çox qəzet, jurnal oxuduğu və ya bu sahəni sevdiyi üçün qızma peşə seçməmişdir. Yox! Qəssabın “qazut-mazutdan" acığı gəlir. Amma neyləsin ki, insan bəzən acığı gələn işləri də görməyə məcbur olur. Bir-iki dəfə qəssabın adı qəzetlərə düşmüşdür. Hər dəfə də “yalançı müxbirə" bir tutarlı cavab yazdırmışdır, amma ha çalışmışdır, çap etdirə bilməmişdir.
O qapını döymüş, bu tanışın, o tanışın yanına getmiş, yuxarılara ərizə yazdırmış, yoxlamağı xahiş etdirmiş, ancaq bunlardan bir şey çıxmamışdır. “Yazıya pozu yox imiş." Axırda Məşədi Rəhim qət elədi ki: “Uşağın biri şofer, biri doktor, biri bağban olub. Bu dəfə qəzetçi böyüdəcəyəm. Mənim evimdə qəzetçi olandan sonra kimin cürəti var ki, mənim oturub-durduğumu zurna eləsin, şəhərbəşəhər çalsın! Yox, Eliş qəzetçi ola gərək!"
Uşaq zehni də güzgü kimi bir şeydir. Deyilən söz, illah da ata-ananın dediyi söz dərhal oraya həkk olunur, gündən-günə də möhkəmlənir. Ata dedi, ana çağırdı, qardaş şərik oldu, qəzet qalmadı ki, Eliş abunə olmasın, disput olmadı, getməsin, radio qalmadı, eşitməsin, Məşədi Rəhim bilmirdi ki, qəzetçilik - oxumaq, öyrənmək ilədir. O elə bilir ki, işçiləri yuxarıda, lap mərkəz idarələrdə bir-bir filtirdən keçirib seçirlər, sonra qəzet idarəsinə buraxırlar. Bunların gərək atası filan ola, anası bəhman ola, özü haradan ola...
Həkim oğlu bir gün söhbət zamanı atasını ayıltdı.
– Qoysaydın, mən həkim yox, jurnalist olardım, həvəsim də var idi.
– Jurnalist nədi?
– Qəzetçi!
– Qəzetçi, bəyəm, oxumaqnandı?
– Bəs nəynəndi?
– Onu təsdiq eləyirlər.
– Oxuyanı təsdiq eləyirlər də, mən oxuyandan sonra niyə təsdiq eləmirlər?
– Bəs elə isə Elişi qoy getsin, qəzetçi olsun da, dost-düşmən qabağında...
– Əlbəttə ki, gedə bilər.
– Bunu mənə deyən olsaydı, uşaqların hamısını göndərərdim. Bu zamanda qəzetdən kəsərli nə var?
Məşədi Rəhim heç bir uşağını bu həvəslə ali məktəb qapılarına göndərməmişdi ki, Elmiranı göndərib.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-qebul-imtahani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Mühazirəçi yoldaşımMüharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.
Qoltuq radiosu– Hərif gəldi!– Lap bizə tərəf gəlir.
Yaxşı nədir, pis nədirBir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!