Gülgəz
I
Gülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.
Alı baba nəvəsinə acıqlandı:
– Tullasana çölə, çubuğu nə üçün yuxarı başa keçirirsən?
Gülgəz dedi:
– Müəllim istəyib, lazımdır.
– Neynir müəllim? İndi də köhnə zəmanə deyil ki, uşaq döyə.
– Dərs öyrədəcək.
– Çubuqdan nə dərs?
– Peyvənd eləyəcəyik!
Peyvənd adı gələndə Alı babanın baxışı və səsi dəyişdi.
– Onu mənə görüm! Peyvənd?!
O, yumşaq divandan qalxıb irəli, nəvəsinə sarı gəldi. Badam ağacından kəsilmiş çubuğu əlinə alıb diqqət etdi, sonra Gülgəzin üzünə baxdı.
– Bu peyvəndə yaramaz, bala! Bir az naziyi gərək ola. Puçurlarını da tökübsən, bunun harası göyərsin?
Alı baba bir az susdu. Sanki dediklərinin cavabını gözləyir, yaxud məsləhətinin bağışladığı təsiri yoxlayırdı. Nədənsə bir də təkrar etdi:
– Yox, bu peyvəndə yaramaz!
Gülgəz babasına nə isə demək istəyirdi. Ala və girdə gözləri ilə bir-iki dəfə altdan-yuxarı baxdı, dinməz-söyləməz çubuğu alıb sumkasının yanına, küncə qoydu ki, səhər məktəbə gedəndə yadından çıxmasın.
Gülgəz niyə dinmədi? Ona görə ki, babasının dediklərinə inanmadı.
Güman etməyin ki, Gülgəz babasına inanmırdı. Yox, Gülgəz Alı babaya inanır, ona hörmət edir, onu bərk sevirdi. Alı baba desə ki, bala, bu axşam oynamağa getmə, soyuq dəyər, Gülgəz yerində oturar. Alı babanın başı ağrıyanda Gülgəz də məyus, kefsiz olar, bir kəsə qoşulmaz, babasının yanını kəsər, həkim çağırar, aptekə qaçar, ona qulluq edər. Hərdən də balaca və sərin əllərini onun ağarmış başına qoyaraq deyər: "Baba, yaxşı olmusan, daha ayağa dura bilərsən."
Bəs Gülgəz Alı babanın sözünə niyə inanmadı? Bəlkə o, peyvənd işini babasından yaxşı bilir? Yox, bu da deyil. Gülgəzin inanmamağında, əslinə baxsan, Alı babanın özü müqəssirdir. Gülgəzin indi on bir yaşı var. Gözünü açan gündən evdə Alı babanı görüb, onun mehriban qucağında böyüyüb, onun nəsihəti, tərbiyəsi ilə, əlindən dadlı meyvələr, bahalı qəribə şirnilər yeyərək, gətirdiyi peşkəşlərdən sevinərək, fərəhlənib böyüyübdür.
Gülgəzin atası "M.F.Axundov" gəmisində çalışırdı. Həftənin çoxunu dənizdə, su üzərində səyahətdə keçirərdi. Evə gələndə də Gülgəz ona az yovuşardı. Alı baba özünü uşağa elə sevdirmişdi ki, nə ata, nə ana yada düşərdi. Uşaq babası ilə oynayar, babası da nəvəsi ilə əylənər, qocalıq günlərində, sanki uşaqlıq həyatını yenidən təkrar edərək, ləzzət alardı.
Gün olmazdı ki, Alı baba onun yanına əliboş gəlsin. İçəri girən kimi, əlini gödəkcəsinin cibinə salardı. Gülgəz zirək bir pişik balası kimi, onun üstünə dırmaşar, cibindəkini götürmək istərdi. Baba əlini möhkəm şaxlar, Gülgəzin zənnini yoxlardı:
– Tap görüm, ovcumda nə var?
Gülgəz üzünə tökülən, gözünü örtən saçlarını kənar etmək üçün başını silkər, gülə-gülə deyərdi:
– Konfet!
– Yox!
– Şokolad!
– Olmadı!
– Noğuldurmu?!
– Tapmadın!
– Fındıq?
– Deyil!
– Bu nədi axı?..
Uşağın intizarına dözməyən kişi bir də görərdin, əlini ehmalca cibindən çıxardı, ovcunda bir sığırçın balası civildədi.
Gülgəz quşu bağrına basanda, sevincindən gözləri parıldar, rəngi pul kimi qızarar, deməyə söz tapmaz, yoldaşlarını çağırar, şirin-şirin gülərdi. Alı baba uşağın başını tumarlar, ömrü boyu heç şeydən duymadığı bir nəşə alardı.
Bəs Gülgəz Alı babanın bugünkü sözünə niyə inanmasın?
Gülgəz məktəbə gedəndən bəri kitaba çox meyil bağlamışdı. Babası ilə oynayanda da kitabı əlindən qoymazdı. Barmağını kitabın vərəqlərinə qoyub soruşardı:
– Baba, bu nə hərfidir?
Alı baba məyus cavab verərdi:
– Bilmirəm, qızım!
– Baba, bu sözü oxu da!
Baba başa salardı:
– Qızım, mən savadsızam, dərsdən başım çıxmaz. Belə şeyləri sən məndən yaxşı bilirsən.
– Niyə savadsızsan, ay baba?
– Çünki bizi oxutmayıblar. Köhnə zamanın üzü qara olsun. Yaxşıca kor qoydu babanı...
Babasının bu sözlərini eşidəndə Gülgəz də qüssələnərdi. Uşaq babasının gücsüzlüyünü ilk dəfə görər, ilk dəfə duyardı. Dərs soruşduğuna, babasını qüssələndirdiyinə peşman olardı və ondan bir daha heç nə soruşmazdı. Dərsi çətinə düşəndə qonşusunu, pioner Qurbanı çağırardı.
O idi ki, babası badam çubuğundan, peyvənddən danışanda Gülgəz inanmadı. İstədi babasına cavab qaytarsın, desin, "Sən oxumamısan, nə bilirsən?" Lakin hörmətini saxladı. Heç nə demədi. Ürəyində qət etdi ki, qoy nə deyir-desin, sabah mən çubuğu müəllimə verərəm, özü baxar, görüm nə deyər.
Gülgəz elə də etdi. Sabah portfel qoltuğunda, badam çubuğu əlində birbaş müəllimlər otağına, Məhiş müəllimin yanına getdi.
– Müəllim, çubuq gətirmişəm ki, peyvənd eləyək! - dedi.
Məhiş müəllim çubuğu diqqətlə nəzərdən keçirdi, gülümsündü:
– Bunu kim kəsib?
– Özüm.
– Tum urcuqlarını kim yolub?
– Mən.
– Çox səliqə ilə təmizləmisən, amma nahaq iş görmüşsən. Qızım, bil, tum urcuqsuz qabıqdan edilən peyvənd tutmaz! Bəs o haradan göyərsin? Kəsib calasaq, bu qabıq təzədən tumurcuq gətirməz. Gərək heç olmasa, bir-iki tumurcuq qalaydı. Özü də bu canlıdır, hələ ağacı bərkiməmiş budaqlar olur, tutub belə əyirsən ha, onlardan kəsmək lazımdır.
Gülgəz gördü ki, müəllim də Alı baba deyənləri deyir. Soruşdu:
– Müəllim, babam sizinlə danışmayıb ki?
– Yox, nə barədə?
– Elə bu barədə babam nə deyib?
Müəllim bir şey duymadı:
– Yox, - dedi, - mənə bir şey deyən olmayıb. Necə bəyəm?
Gülgəz: "heç" - deyib otaqdan çıxdı, badam çubuğunu qırıb, küçəyə atdı.
II
Gülgəz düşünürdü ki, babam, bilməsə də, yəqin məktəbə getmişdir. Ona haradasa dərs veriblər.
Dərs verməsəydilər, müəllim bilənləri necə bilərdi? Anasından soruşdu:
– Babama kim dərs verib?
– Heç kəs, baban harada oxudu ki?
– Oxumayıb bəs haradan bilir?
– Nəyi bilir, ay qız, gücnən əlif-bey bilir.
– Əlif-bey yox ey, botanika!
Anası uşağın qolundan tutub, babasının yanına apardı.
– Özün cavab ver buna, gör nə soruşur?
– Baba, bəs sən deyirdin ki, savadım yoxdur.
– Yoxdu da, qızım, bəs savadım var, adımı niyə çətin yaza bilirəm?
– Yoxdu, bəs botanikanı nə bilirsən?
Alı baba duruxdu:
– Nə, botinika?
– Botinika yox ey, botanika.
– Botanika nədi?
– Peyvəndi nə bilirsən bəs?
Alı babanı gülmək tutdu. Uşağın başını tumarladı, başa saldı:
– Peyvəndin savada nə dəxli, qızım? Peyvənd mənim sənətimdir. Saçımı, saqqalımı bağ-bağça işində ağartmışam, onu da yaxşı bilməyim? Onu da mənə çox görürsən? Bu, bizim ata-baba peşəmizdir. Gözümüzü açandan bağ-bağçada böyüməmişikmi? Düzdü, kağızdan, kitabdan başım çıxmır, ancaq görürsən o uzun ağacı?
Alı baba Gülgəzi pəncərənin qabağına çağırdı, şəhadət barmağını bağçaya tərəf uzatdı:
– Görürsən o uzun ağacı? Qələmədir. Həyətdə ondan ucası yoxdur. Dörd verstlikdən görünür. Ucalığına baxma, ancaq boy-buxunu var. Uzandıqca uzanır. Çiçəyi yox, meyvəsi yox, yarpağı acı, mal yeməz, çubuğu pis, dirəyi davamsız. Di gəl onun forsuna bax! Boynunu həmişə dik tutar. Başqa ağaclara gün vermək istəməz. Amma yanındakı xırda ağacı görürsən, badam ağacıdır. Qıraqdan kola oxşayır. Altıca yaşı var. Yaz açılandan payız qovuşana qədər həmişə bar verir. Çağalasını yemisən, yetişəndə özü qabıqdan çıxır, ağacı silkən kimi badam tökülür. Qabığı da karsız deyil. Yaxşı qov hazırlamaq olur. İçindəki badam başdan-ayağa yağdır. Sındırıb iç eləyirsən, qabığını da peçdə yandırırsan, daş kömür kimi közü düşür. Badam yarpağı qoyun-quzu üçün yağ-piydir. Ətirli çiçəyindən arılar bal əmir, çubuğu zoğaldan möhkəm olur, gövdəsi yapışqan verir ki, idarələrə lazım olur. Kölgəsi də sıx, bulaq başı kimi sərin!..
III
Müəllim bar verən ağaclardan danışanda Gülgəz yerində narahat idi. O, müəllimin sözünü kəsmək, babasından öyrəndiklərini demək istəyirdi. Gülgəz bununla özünü göstərmək, biliyi ilə lovğalanmaq istəmirdi. O, xəyalında qoymuşdu ki: "Babam deyənləri danışaram, görüm müəllim təsdiqləyəcək, ya yox..."
Ancaq müəllim həvəslə danışır, uşaqların hamısı diqqətlə qulaq asırdı. Gülgəz danışa bilməyəcəkdi. Danışsa da onu dinləyən kim idi? Ürəyində çox götür-qoy elədi. Sağa baxdı, sola baxdı, danışmağa imkan tapmadı. Müəllim, sözünü gətirib badam ağacına yetirəndə Gülgəz özünü saxlaya bilmədi. Yerindən qalxdı, heyrət göstərən bir ahənglə soruşdu:
– Müəllim bunların hamısı kitabda yazılıb?
Gülgəzin bu gözlənilməz və qəribə sualını eşidən bütün uşaqlar ona tərəf döndülər. Uşaqlar ona, o, müəllimə, müəllim də ona baxırdı. Lakin müəllim sözünü dayandırmadı. Danışa-danışa, yavaş-yavaş Gülgəzin skamyasına yanaşdı. Hamının gözü müəllimdə idi. Gülgəzə nə deyəcəyini gözləyirdilər.
Müəllim dedi:
– Bəli, Gülgəz, bunların hamısı kitabda yazılıbdır. Ancaq adam dərs arasında sual verməz. Qoy mən qurtarım, sonra barmaq qaldırarsan, istədiyin sualı verərsən. Elə deyilmi?
– Bəli, elədir.
Gülgəz bir az utandısa da, müəllimin sözlərini sakitcə dinlədi. Ürəyində suallarını düzəltdi, dərsin axırını gözlədi.
Müəllim danışandan sonra kitabları açdırdı, şəkilləri göstərdi. Bir şəkil böyüdüb divara vurmağı sinifkoma tapşırdı. Sonra əllərinin təbaşirini çırpıb dayandı. Üzünü uşaqlara tutub dedi:
– İndi kimin sualı var?
Gülgəz söz alıb ayağa qalxdı:
– Müəllim, deyirsiniz kitabdadır. Bunların hamısını babam danışır.
Müəllim maraqlandı:
– Danışanda nə olar! Daha yaxşı yadında qalar.
– Yox, müəllim, babam kitab oxuya bilmir, bəs siz deyənləri haradan bilir?
– Baban kimdir?
– Alı baba.
– Alı baba nəyi bilir?
– Ağacları, gülləri. Peyvənd də eləyə bilir.
Gülgəzin sualı müəllimin xoşuna gəldi:
– Qızım, baban oxumaq bilməsə də, təcrübəlidir. Alı babanın neçə yaşı var?
– Nə bilim, müəllim, altmışdan çox.
– Altmış yaşında kişi dünyagörmüş adamdır. Bağ işində, görünür, təcrübəsi çoxdur.
Gülgəz bir də soruşdu:
– Dərs verməsələr nə biləcək?
– Qulaq as, bala, dərs göydən düşmür. Kitabı, dərsi yazan da bilikli, təcrübəli adamlardır. Bağbanların çoxu savadsız idi. Əkinçilərdən eləsi var məktəb görməyib, yazı bilmir, amma əkin işini aqronom kimi bilir. Nə üçün? Təcrübə sayəsində, öz zəhməti sayəsində, işə diqqətlə göz qoyması sayəsində. - Müəllim üzünü uşaqlara tutub dedi: - Biz zəhmətlə biliyi, elmi ayırmırıq. Çünki, biz zəhmətlə dəyişən, insan əməyilə düzələn dünyanı öyrənirik. Uşaqlar, bəzi qocalar savadsız olsalar da, uzun ömür sürüblər, təcrübə eləyiblər. Mən bir arı saxlayan tanıyıram ki, kitab yazanlar ondan öyrənirlər. Aqronomlar uzaq şəhərlərdən onun yanına gəlirlər. Amma kişinin özü oxumaq bilmir. Otuz il arılara qulluq eləyibdir. Onların xörəyini, səsini, yaşayışını, şan bağlamalarını ovucunun içi kimi bilir, uzaqdan arıların uçuşuna baxan kimi deyir: "Bunların anası naxoşdur". Nədən bilir? Təcrübədən, bir işin dalında sümük sındırmaqdan! Gülgəzin babası da elə, bağ işində çalışmaqdan botanikanı təcrübə yolu ilə bilir. Elə deyilmi?
Gülgəz razılıqla başını tərpətdi:
– Bəli, müəllim.
Bu dərsdən sonra Alı baba Gülgəzin gözündə daha da böyüdü: indiyə kimi uşaq, Alı babanı ancaq bir baba kimi tanıyırdı. Baba səhər zənbili götürüb bazara getməlidir, günaşırı həyət bağçasında, ləklərin arasında qurdalanmalıdır. Yer belləməli, tənək kəsməli, ağac gövdələrinə dərman vurmalıdır, axşam ya şəhərə çıxıb, nəvəsinə çərəzdən-zaddan almalı, ya eyvanda oturub, evə gələn qonaqları qarşılamalı, çubuq çəkməli, söhbət etməlidir, bayramda hədiyyə gətirməli, qış gecələrində nağıl danışmalıdır. Alı baba budur, bunun üçün yaranmışdır.
İndi Gülgəz babasını ayrı cür tanıyırdı.
Bu alçaqboy, ağsaqqal, qarapaltar kişiyə baxanda Gülgəzin yadına müəllim, məktəb, botanika dərsi düşürdü. Gülgəz onun zahirində dərsdən heç bir əlamət görmürdü. Ancaq onun ağacları göstərən şəhadət barmağı, bel, qayçı, mişar tutan bərk əlləri, gəlin kimi bəzənmiş həyət bağçası, babanı müəllimə, kitaba yanaşdırırdı.
Alı baba əlində bel arxın qırağında dayananda Gülgəzin gözünə qədim, qalın və qiymətli bir kitab kimi görünürdü. Bu kitabda öyrənməli, götürməli çox şeylər var. Bunları seçib çıxarmaq, yeni əlifbada – yeni və təmiz xətlə dümağ, düz cızıqlı dəftərlərə yazmaq lazımdır.
Bu məqsədlə Gülgəz babasının yanında oturanda, həmişə torpaqdan, ağacdan, bitkilərdən söhbət salardı. Alı baba isə böyük həvəslə danışardı.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-gulgez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.
Gözün aydınOğlum Arifə*1
Hikmətdən xəbər1İttifaqın sədri telefon eləyib məni çağırmışdı. İşin axırında tramvaya oturub getdim.
Anket AnketovAnketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!
Başqa şairlərin şeirləri
Gönnəzsə gözüm bir an üzünü,Ruhumu oxşayan munis gözünü,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Qəmi-fəraqın ilə dərdnak olub gedərinQəmi-fəraqın ilə dərdnak olub gedərin,Nə dərdnak ki, qəmdin həlak olub gedərin.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm