Gözün aydın
Səhifə 1 / 3
Oğlum Arifə
1
Axşam istirahətindən sonra eyvana çıxmışdım. Uzaqlarda, şəhərin dənizə sallanan ətəklərinə baxırdım. Yerə ulduz səpilmişdi. Hər yan çıraqban idi. Rəngli lampaları gördükcə küçələrin daş-qaşa tutulduğunu zənn edirdim. Sahil sularından qızıl sütunlar asılmış, dəniz bəzənmişdi. Sahil xiyabanlarında camaat qaynaşırdı. Şaqqıldayıb gülən cavanların sədası, radiolardan musiqi səsi ətrafa yayılırdı. Gündüzün məhsuldar zəhmətindən sonra sanki bütün şəhər dincəlirdi.
Mən belə təsirli vaxtlarda özümü saxlaya bilmirəm, danışmaq istəyirəm. Sinəmdə alovlu bir arzu qaynayırdı: deyəsən, isti bir əl qolumdan tutdu, gətirib, yazı stolunun dalında əyləşdirdi.
Qələmi əlimə aldım.
Uç ildən bəri görüşmədiyim və həmişə xahişini təxirə saldığım anama kağız yazmağa başladım. Salamsız-kalamsız yazdım:
– "Ana, mən lap bakılı oldum, getdim. İnanma bir də qayıdam. Buraya elə bağlanmışam ki, traktor qoşasan, məni buradan üzə bilməz.
İlk günlər darıxırdım, şəhər mənə qəribə gəlirdi. Nə maşın, nə fit, nə zəng səsi qulağıma batırdı. Kəndimizin söyüdlü çəpərlərini arzulayırdım. Vaxt tapan kimi, binalardan uzaqlaşıb, kənara, açıqlığa qaçırdım. İstəyirdim, sərin külək olsun, yarpaq xışıldasın, quşlar uçsun, küçələr boyu su axsın...
Darıxmağım uzun sürmədi.
Dərs başlandı. O başlayan oldu, bilmədim həftələr, aylar, illər necə gəlib keçir. Tələbəliyin məğrur, qayğısız yoldaşlıq həyatı, dərs, yarış, kitab, mütaliə, gənclik, gəzmək... Bir də gördüm buraxılış konserti - yəhərlənmiş at kimi - budur, hazır!
Məktəbi qurtarandan sonra hökumət bizi daha çox əzizlədi. Bizə bir şadyanalıq elədilər ki, mən mat qaldım. Hərəmizə bir dəst mahud paltar tikildi. Döşümüzə qızılgül taxıldı. Böyük yerlərdən dəstə-dəstə qonaqlar gəldi. Bizi qabaq cərgədə əyləşdirdilər. Direktorumuz nitq dedi. Musiqi çalındı. Qızlar xorla oxudular. Camaat bizi dönə-dönə alqışladı. Müəllimlər əlimizi sıxıb xeyir-dua verdilər, salamatlaşdılar.
Oğluna utanmaz desən də gizlətməyəcəyəm. Ana, həmin konsert axşamı Həbibə adlı bir qız ilə görüşdüm... Mənə bənd oldu..."
– Yalansa gözündən gəlməsin! Bir ay ondan qabaq qapımızda əsiməsim əsməyin nə idi bəs?
Mən başımı qaldıranda Həbibəni yanımda gördüm. Tez əlimlə kağızı örtdüm.
– Yoldaş, - dedim, - özgənin kağızını icazəsiz oxumaq olmaz.
– Özgənin kağızını oxumuram, haqqımda uydurduğun yalam oxuyuram.
– Nəyi yalandır?
Həbibə beşiyə tərəf gedib uşağı tərpətdi və yavaşca dedi:
– Saqqız kimi suvaşan sən idin, mən? Niyə yazmırsan ki, altı ay dalınca süründüm, bir qarış dil çıxardıb mələdim?
– Sürünən sən idin, mən?
– Sürünsəydim, mən də on bir kağız yazardım.
– Nə olsun, onda avam idim! Qanmadım, yazdım.
Həbibənin daha da acığı tutdu:
– Demək,, indi ağıllanmısan, məni istəmirsən? Hə?!
Mən onun könlünü aldım:
– Səni istəməyib, kimi istəyəcəyəm, ay qız! Anamdır, küsməsin ki, niyə məsləhət eləmədin, niyə demədin, filan... Ona görə yazıram. Başa düş, özündən çıxma!
O, sakit oldu, mən yazdım:
"... Həkim qız, sənin gəlinin Həbibə bu saat uşağı rahatlayır. Gözün aydın! Girdəsifət bir nəvən olmuşdur.
Ev sakitlikdir. Pəncərənin qabağında oturmuşam, sənə kağız yazıram. Bakının aydın və ulduzlu gecəsi mənə sakit-sakit baxır. Dünən evdə vur-çatlasın idi. Bizi istəyənlər tökülüb gəlmişdilər. Nəvənə ad qoyurduq, şadyanalıq edirdik. Çalıb-oynayır, deyib-gülür, yeyib-içirdik.
Ana, bilirsən ki, bu əziz və ağ günümdə səni nə qədər arzulamışam! Mən sevincdən uçuram: hökumət bizə təzə ev tikib: mən üçüncü qatda, gümüş kimi tərtəmiz otaqlardayam. Suyu, işığı, radiosu, telefonu, mətbəxi, hamamı içində... Deyirəm, anam gələydi, evimdə oturub rahatlanaydı. Mənim xoşbəxt həyatımda iştirak edəydi. Deyəydim: "Ana, köhnə zamanda çox korluq çəkmişsən, otur, rahatlıq elə! Qara günlərin acısı tər kimi tökülsün."
Hansını yazım?
Bilirəm, 21-ci ildə qızını xəstəxanaya gətirəndə Bakını görmüşsən. Ay ana, o zaman gördüyün tozlu-torpaqlı, boz Bakıdan bircə İçərişəhər qalıb. Dənizin quruyan sahilində böyük bulvar-bağlar salınıb. Bayıl yolunda, sən gördüyün o köhnə yerlərdə xiyabanlar yamyaşıl, yollar gümüş kimi! Bu yollarda pirə gedən arvadlar əvəzinə indi neftçi mühəndis qızları, məktəbliləri, maşmlarda süzüb gedən mədən işçilərini görərsən, tez-tez dolub-boşalan tramvayları görərsən.
Təpələrin dalında yeni və geniş mədənlər salınıb, saysız-hesabsız buruqlar, yarışan adamlar kimi, şıdırğı işləyir, baltalar enib-qalxdıqca "Neft!, neft!" - deyir. Hər yana baxırsan, göyün bir qatına qalxan təptəzə binalar, bunlarda gülüb oynaşan cavanlar görünür. Nəhəng xörək fabrikini, borli-bəzokli işçi mənzillərini, mədəniyyət sarayları, kino və teatrları, İnturist mehmanxanasınımı deyim...
Bakı eninə, uzununa, həm də göylərə doğru böyüyür. Çox çəkməz Abşeron yarımadası Bakı yarımadası olar. Bu qurmaq, tikmək, yaratmaq işi ki Bakıda başlanıb, şəhəri bir neçə il sonra çətin tanımaq olar.
Ezamiyyətə getmişdim. 20-25 gün çəkdi. Qayıdanda tramvaydan düşdüm ki, "Novbahar" aşxanasında nahar eləyim, saatın altından iki addım yeridim. Bir də gördüm, azmışam, gedib güllü-çiçəkli bir bağa çıxmışam. Yan-yörəmə baxdım, çaşıb qaldım, əlacım kəsildi. Qayıdıb, bələdlədiyim küçə ilə təzədən gəldim. Saatın altından dönüb, düz "Novbahar" tərəfə yüyürdüm. Bir də gördüm ki, nə o "Novbahar" var, nə o küçə. O yerdə bağ salınıb. Musiqi çalınır, körpə uşaqlar oynaşır. Daş pilləkənlərin yanlarında çiçəklər baş-başa verib, nilufər, gülsabah, nərgiz ləkləri salınıb. Güllərin ətri aləmi götürüb, orada bir cüt qız oturmuşdu, yanaşıb soruşdum:
– Bacı, "Novbahar" haradadır?
Qız dedi:
– Elə buradır!
Mən söz tapmadım. Ötmək istəyəndə başa saldı:
– Qardaş, - dedi, - düz gəlmişsən. Gördüyün o köhnə dükanların yerində bir ay olmaz ki, bu bağ salınıb.
Mən qıza baxdım. Bağa, çiçəklərə, yaşıllanan yerlərə baxdım, işçilərin, yaradan əllərin hünərinə afərin dedim..."
– Altı ay nişanlı qaldıq, bir-birimizdən ayrı düşdük, nə olardı, mənə də belə bir kağız yazaydın?
Həbibə əlimdən çıxan vərəqləri oxuyurdu və məndən gileylənirdi.
– Nişanlı, - dedim, - tapılar, amma ana ələ düşməz!
Həbibə beşikdə yatan körpəni göstərib dedi:
– Onu bil ki, mən indi nişanlı deyiləm, mən özüm də anayam!
Mən Həbibənin könlünü alır, məktubumu davam etdirirdim.
Yazırdım, gəncliyimin bəxtiyar günlərindən, Vətənimin boy atmasından yazdıqca yazırdım:
"...Eşitmiş olarsan, ana, ölkəmizdə Staxanov adlı bir igid çıxıb, sadə, yaraşıqlı, cavan fəhlədir. Köhnə normaları, qədim adamların qoy duğu iş üsullarını vurub darmadağın edib, aləmə sübut eləyib ki, indi azadlıq və hünər ölkəsində, əl-qolu açıq, ruhla, ürəklə işləyəndə dağı dağ üstə qoymaq olar. Onun iş qaydasını indi hamı öyrənir! Minlərlə qabaqcıl adam staxanovçu olub, o qayda ilə işləyir. Ayda birə beş, birə on məhsul verən, 3000-3600 manat qazanan fəhlələr çoxdur.
Bir ucdan da şəhər bəzənir, abadlaşır, gözəlləşir.
Nə deyim, ana, yazmaqla başa gələsi deyil. Sovet hökuməti Bakının köhnə evlərinin yerində başdan-başa bəzəkli təzə üsullu, çoxqatlı binalar tikir. Hər gün yeni və nəhəng bir binanın bünövrəsi qoyulur."
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-gozun-aydin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Qardaş qanıKomandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.
QorxuAşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.
Vuran əllər– Sən cəbhəyə nə ilə kömək etmisən?Küçə ağzında asılmış plakatda bir oğlan uşağı, qızıl qalstuklu pioner, qarovul kimi dayanıb gələnə-gedənə bu sualı verir. Bəziləri bu suala xəyalında cavab verir, bəziləri öz vəzifələrini xatırlayır, özləri də pionerdən daha başqa şeylər eşitmək istəyirmiş kimi, dayanıb onun üzünə baxır.
Başqa şairlərin şeirləri
Necə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.
دوش چون دست قدر مهر از در شب بر گرفتعقد گردون بیضه ای از عنبر شب بر گرفت
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
SöyləDurnam, gedər olsan bizim ellərə,Qatıq söylə, qaymaq söylə, yağ söylə.