Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 2 / 3 · 33%

2

Kağızı göndərəndən sonra narahat idim. Cavab gözləyirdim. Bilirdim, anam dönə-dönə oxudacaq, gözlərinə sürtəcək, haçandan bəri görüşmədiyi oğluna ürək dolusu kağız yazacaq, bəlkə də, əgər-əskik nə varsa, xahiş edib istəyəcək.

Səhər yenicə açılmışdı. Yağışlı bir gün idi. Elə yağırdı ki, deyərsən, göydən vedrə ilə su tökülür. Novalçalar kran kimi işləyir, küçələrdən su gedirdi. Üfüqlər elə qaralmışdı, deyərdin, bu hava daha açılmaz. Rütubətli, ağır havada hər şey bomboz və kədərli idi. Hələ sönməyən lampalar limona bənzəyirdi. Adamlar yerə baxır, yeyin ötür, bir-birini basıb tramvaylara doluşurdular. Cəld ötən çətirli qadınlar səyyar çadır kimi görünürdülər. Yer, səməni qazanı kimi, pıqqapıq qaynayırdı. Mən eyvanın pəncərələrini açmışdım. Radionun komandası altında idman edirdim. Telefon səsləndi. Dəstəyi götürdüm, bir qız səsi gəlirdi. Heç nə anlaşılmırdı. Dəstəyi yerinə asıb, idmanıma qayıtdım. Bir də zəng oldu. Zil bir qız səsi gəlirdi. Nömrəmi soruşdu:

– Danışın - dedi, - Lenin kolxozuna cavab verin!

Səs kəsildi, dəstək xışıldadı. Deyəsən, xəkə tökülürdü. Sonra dərindən, uzaqdan gələn bir səs eşitdim. Onun dalınca bir arvad dilləndi, adımı çağırdı.

Bu səsdəki hərarət bütün bədənimi mum kimi yumşaltdı. Hər şey mənə təsirli gəldi. Özümü mehriban anamın bəsləyici, ovuducu, rahat qucağında hiss etdim. Anamın sevincdən yaşarmış gözlərini, titrəyən dodaqlarını, açıq qollarını, mənə tərəf gələn qısa və yeyin addımlarını görürdüm, ürəyim quş kimi çırpınırdı. Dedim:

– Ana? Xoş gördük, ana! Kefin, əhvalın? Kağızımı aldın?

Anam tələsirdimi, telefonu ağır eşidirdimi, nəsə müxtəsər danışdı:

– Kağızını almışam, oğul. Sağ olasan, əlin var olsun. Ancaq səndən bərk incimişəm. Dayan bir!..

Mən bunları eşitdim. Lakin inanmağım gəlmədi. Anam belə deməz. Bu yəqin, özgəsidir. Dünya dağıla, anam mənim boyumu oxşamamış dindirməz. Bu nə işdir?

Bu sözlər mənə dəydi. Tutuldum, qızardım, anamın sonra nə danışdığını bilmədim. Bircə bunu eşitdim ki:

– Birisigün səhər maşın ayağına çıx. Gecikmə, yarımca saat vaxtım var. Hələlik salamat qal!

Səs kəsildi. İstər-istəməz dəstəyi yerinə qoydum. Donub qaldım. Bir müddət dəstəyə baxdım. Sanki dəstəyin bu saat təzədən səslənəcəyini, anamın gileyli sözlərini mənə açıq deyəcəyini, bayaqkı danışıqdan pozulmuş oğlunun könlünü alacağını gözləyirdim. Dəstək isə başını aşağı salıb susurdu.

Anamdan xəcalətlilik, intizar məni boğurdu. Ha fikirləşirdim ki, anama nə pislik eləmişəm, bir şey xatırlaya bilmirdim. Kağızda, görəsən, nə səhv buraxmışam. Bəlkə də, bəlkə də toy barəsində...

Kağızı sətir-sətir xəyalıma gətirməyə, yoxlamağa, anamı küsdürən səbəbləri aramağa çalışırdım. Anamın gəlməyinə də bir məna verə bilmirdim. Axı, qoca arvad tək-tənha Bakıya niyə gəlir? Bu tezliklə Bakıya gələcəkdisə, daha telefon ilə danışmağa nə ehtiyac? Yəqin mənim yanıma, gəlinini, nəvəsini görməyə, ya burada istirahət eləməyə gəlir. Telefon ilə danışmağı da xəbər vermək, qabağına çıxıb qarşılamaq üçün imiş. Yəqin belədir ki, var. Buna da inana bilmərəm. Yanıma gəlir, bəs nə üçün "gecikmə, deyir, yarımca saat vaxtım var!" Bu hansı yarım saatdır?

Mən belə fikirləşirdim, lakin bir tərəfdən də biri gün maşın ayağına çıxmaq vaxtını aramsız gözləyirdim.

3

Bu səhər hava bulaq suyu kimi dumduru, saf, sərin idi. Oktyabr günəşinin parlaq işığı qaranlıqları yox etmiş, kölgələri aydınlatmış, hamını, hər şeyi oyatmışdı.

Anamın pişvazına gedəsi idik. Geyindik, keçindik. Çıxanda küçədə böyük təntənə gördük. Sən demə, idmançıların şəhər nümayişi imiş. Yollar tərtəmiz süpürülmüşdü. Binalar bəzənmiş, tramvaylar dayanmışdı. Radio guruldayır, orkestr çalırdı. Komsomolçular gənclik, qüdrət mahnısı oxuya-oxuya addımlayırdılar. Qırmızı yaxalıqlı ağ mayka geyinmiş sağlam cavanlar dalğalanan bayraqlar altında dəstə-dəstə izdihamlı küçələrə doluşurdu. Onlar yeridikcə fərəhlənir, fərəhləndikcə daha möhkəm addımla yeriyirdilər. Musiqi susanda gənc qızların addımları asfalt döşəmədə "şib-şib" səsi verirdi.

Sürətlə uçan, fişəng kimi vıyıldayan ulduz nişanlı təyyarələr nizami dəstələrə oxşayırdı. Onlar nümayişçiləri salamlamağa gəlmişdilər. Göydən təbrik üçün gül tökdülər. Fəza çiçəklərlə doldu. Hər tərəfə dağılan çiçəklər yerə endikcə məni heyrət bürüyürdü.

Biz paraşütçülərin yerə enməsinə tamaşa edirdik. Təyyarələrdən tökülən əl boyda qırmızı kağızlar sovet şahinlərinin 20 illik bayrama necə hazırlaşdıqlarını deyirdi. Kağızlar göydə, günəşdə bərq vurur, qırmızı pilləyə oxşayırdı və aşağı endikcə dağılırdı. Yerdən minlərlə əl onları tutmağa uzanmışdı.

Həbibənin körpəsi də bu şənlik aləminə ağzmı açır, gözünü zilləyir, əl atıb kağız tutmaq istəyirdi. Mən ona bir kağız verdim. Ovcunda xışıldatdı, sevinib qışqırdı, ağzına təpmək istədi.

Həbibə komsomol forması geyinmiş paraşütçü qızlar dəstəsinə baxırdı. Mən onun yadma saldım:

– Gedək! Qaymanan gəlir axı!

Mən bufetin qarşısında vağzal səkisinə çıxıb cərgə ilə dayanan vaqonlara, qapılarda danışan adamlara, pəncərələrdən yaylıq oynadanlara diqqətlə baxır, anamı axtarırdım, lakin görə bilmirdim. Dal vaqonlardan birinin qabağında duran oğlan mənə əl elədi. Mən götürüldüm. O, məktəb yoldaşım Ümid idi:

– Tbilisiyə gedirəm, - dedi, - sözündən, sovundan?

– Bu vaqonlarda bir arvad görmədin?

– Vaqonlarda çox arvad var. Necə arvad deyirsən?

– Qoca arvad!

– Bilirsən ki, mən arvadlara, xüsusən qarılara baxmaram.

Mən anamın gələcəyini dedim. O, məni başa saldı:

– Gecikmişsən! Tbilisi qatarı ötdü. Bu, Moskva qatarıdır.

– Nə danışırsan! - deyə mən lap pozuldum. Dedim, daha anam mənim üzümə baxmayacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ata

Zəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.

19416 dəq
Qardaş qanı

Komandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.

19415 dəq
Qorxu

Aşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.

194110 dəq
Vuran əllər

– Sən cəbhəyə nə ilə kömək etmisən?Küçə ağzında asılmış plakatda bir oğlan uşağı, qızıl qalstuklu pioner, qarovul kimi dayanıb gələnə-gedənə bu sualı verir. Bəziləri bu suala xəyalında cavab verir, bəziləri öz vəzifələrini xatırlayır, özləri də pionerdən daha başqa şeylər eşitmək istəyirmiş kimi, dayanıb onun üzünə baxır.

5 dəq

Başqa şairlərin şeirləri