Günah kimdədir?
Səhifə 2 / 3 · 33%
– Müəllim, şəhərdən iki cavan bir-birinə qoşulub gəlib, sizin nömrə ilə qonşudurlar. Mehmanxana müdiri başqa nömrəyə köçməyinizi xahiş edir, daha yaxşı nömrələr var. Aşağı qatda sizə rahat yer verə bilərik. Qoy cavanlar sıxılmasınlar, sərbəst olsunlar. Xüsusən sizin burada olduğunuzu biləndə çox utanıb-xəcalət çəkirlər.
Mən cavanlara mane olmaq istəmədim, razılıq verdim. Rəşidin yanına qayıtdım. Soruşmaq istəyirdim ki, burada nə işdə işləmək niyyətindədir, özü izah etdi:
– Bu rayonlarda avtomobil nəqliyyatı çoxalıb, ümumdövlət təsərrüfatı əhəmiyyəti kəsb edib. Yollar isə çox yerdə bərbaddır. Nuh əyyamından qalmadır, münasib deyil, güman edirəm ki, doğma ixtisasımdır. Bu işdə rayona, yoldaşlara köməyim dəyər.
– Rayonda belə ixtisasa böyük ehtiyac var, ispalkom özü sevinər. Səadət haqqında, onun işə düzələcəyini soruşmaq haqqında da düşündüm. Ancaq Rəşid dayanmadı, mehmanxanaya tərəf yönəldi. Axşam öz nömrəmə qayıdanda qapıda Səadətin atasına, mexanikə rast gəldim, təəccüb elədim: "Bu kişi burada nə gəzir?"
Sən demə, kişi tələm-tələsik işini buraxıb, cavanların dalınca gəlmişdi. Məni görəndə halı dəyişdi. Bu işdə mənim iştirakımı yəqin etdi, buna görə yarıhirs, yarınəzakətlə müraciət etdi:
– Müəllim, ayıb olmasın, bizim cavanların ailədən uzaq düşməyinə dil verən siz olmamısınız?
Ustanın sualı mənim üçün gözlənilməz idi:
– Siz nahaq belə fikrə düşürsünüz! Mən bu əhvalatı sizdən eşidirəm və ancaq indi eşidirəm.
– El məsəlidir, ayıb da olsa, kəndçinin sözü olmasın, güman bir yana, iman yüz yana gedər, deyiblər!
– Yaxşı olar, bu əhvalatı danışasınız, görüm cavanların işi nə yerdədir, sizə niyə belə zəhmət veriblər?
Bu sual gözlənilməz oldu. Kişinin sifətini qəm-qüssə bürüdü.
– Danışmaqdan keçib, uşaqlar çox səfeh iş tutublar, axırı xeyir olsun!
– Xeyir olar, xeyir olmamış nə olacaq. Bir qız bir oğlanındır. Barışın, qurtarsın getsin!
– Elə deməyin, anası başını yolur!
– Rəşid ağıllı, ləyaqətli oğlandır, əlində gül kimi sənəti, diplomu!
– Heç nə gözümə görünmür, rüsvay olmuşuq! Uşaqlar bizi başıaşağı elədilər!
Mən Rəşidin xeyir işinə kömək eləmək istədim:
– Ay sağolmuş, indi ayrı zəmanədir. Cavanlar valideyn məsləhətilə yox, qəlbin səmimi çağırışı, şəxsi iradələrinin hökmü ilə hərəkət edirlər. Burada bir qanunsuzluq da görmürəm...
Kişi sözümün dalısına qulaq asmadı:
– Elə deməyin, el yaxşı deyib: "Birini bilirsən, birini bilmirsən." insan, övlad sahibi min arzu-kam ilə yaşayır. El adətini ayaqlamaq olmaz!..
Kişi bunu dedi, məndən üz döndərdi.
Mən Rəşidin xeyir işini gözləyə bilmədim. Sabahısı günü Bakıya qayıtdım.
Güman edirdim ki, valideynin cəhdi, təlaşı olsa da, cavanlar arzularına çatacaqlar.
Ancaq elə olmadı. Bu müəmmalı məhəbbətin təfsilatını mənə sonradan ətraflı danışdılar. "Birini bilirsən, birini bilmirsən!" Texnik kişinin bu sözündə xüsusi məna varmış. Nə yolla olduğunu deyə bilmərəm. Xahiş yolu iləmi, təhdid, danlaq, ya vəd yolu iləmi, o cavanları razı salıb təcili Bakıya qaytara bilmişdi.
Şəhərdə bu maraqlı əhvalatı çox danışır, götür-qoy edirdilər. Əhvalat özü də adi deyil, nadir və sirli idi.
İllərdən bəri böyük bir zəhmət və səylə qorunan, gizli saxlanan bir macəra birdən-birə açılıb aşkara çıxmışdı. Həm camaatı, həm cavanları, həm də bu işlə əlaqədar olan rəsmi adamları heyran qoymuşdu.
Rəşidlə Səadət, öz düşündükləri kimi, əmioğlu-əmiqızı deyil, sən demə, doğma bacı-qardaşdırlar! Oğlan da, qız da radiotexnikin uşaqları, doğma qardaş-bacı imişlər!
Eşidənlər heyran qalır, inanmaq istəmirdilər. İşin əslini, həqiqəti ata-ana bilirdi, ancaq gizlədirdilər. Xeyirxah bir niyyət üçün gizlədirdilər.
Texnikin Mübarək adlı bir kiçik qardaşı vardı. Böyük qardaşının dalbadal ildə bir oğlu doğulur, kiçik qardaşının isə övladı olmurdu. Dörd ildi ki, ər-arvad həkimlərin müalicəsində, dava-dərmanda idilər. Əlac axtarır, adam, yer qalmırdı məsləhətə getməsinlər.
Nəhayət, texniklə Həqiqət xanım öz aralarında danışıb məsləhətləşdilər ki, oğlanlarının birini Mübarəkə versinlər, lap körpə vaxtından Rəşidin adını ev dəftərindən çıxarsınlar! Kimsəyə də bildirməsinlər.
Bu təklifə Mübarək də, arvadı da şadlıqla razı oldular. Böyük təşəkkürlə uşağı oğulluğa qəbul edib, adını ev dəftərinə saldılar. Rəşidi bacardıqları kimi, firavan, naz-nemətlə böyütməyə başladılar. Hər iki tərəfin razılığı ilə uşaq böyüyür, Miibarəkin evində qol-qanadlanır, ayaq tutub gəzirdi.
Bu hadisədən bir xeyli keçmiş dörd oğul atası radio ustasının bir qız uşağı oldu. Həqiqət xanım yeganə qızına, dörd qardaş bacısına Səadət adı qoyub, onu oğlanlarından artıq əzizləməyə, naz-nemətlə böyütməyə başladı.
Qardaşlar ərköyün bacını - Səadəti bir bacı deyə çağırır, minbir şirin dillə dindirir, əzizləyirdilər. Qızın guya, "əmisi oğlu" Rəşidin də Səadətə meyli qardaşlarından geri qalmırdı. Uşaqlar hər ikisi eyni məktəbdə oxuyur, eyni mühitdə böyüyür, eyni nəvazişlə bəslənir, gün-gündən artan ünsiyyət, məhəbbətlə bir-birinə bağlanırdılar.
Həyat, güzəran qayğısı ustanın da, Mübarəkin də başını qatmışdı. Uşaqlar ilbəil sinifdən-sinfə keçir, məktəbdə böyüyür, bir-birinin halına, xasiyyətinə, rəftarına bələd olur, ülfət bağlayırlar...
Qız on beş, oğlan on səkkiz yaşına çatanda, qız səkkizinci, oğlan onuncu sinfə keçəndə aralarındakı ünsiyyət, əmioğlu-əmiqızı ehtiramı daha da səmimiləşməyə, məhrəmliyə, ürək sirdaşlığına çevrilməyə başladı. Rəşid Səadəti, Səadət Rəşidi bir gün görməyəndə, balasını itirmiş ceyran kimi az qala mələşirdilər.
Hər iki gəncin qəlbində doğulub böyüyən, müəyyənləşməkdə olan bakir hiss və ehtiraslar səda-sədaya verməyə, çağırışmağa başladı: Səadət! Rəşid!
Rəşid! Səadət!
Məhəbbətin gözü kor, başı isti, üzü bərk olar demişlər.
Rəşiddən soruşan olsaydı ki, tanıdığın qızlardan xoşuna gələn kimdir, hansını çox sevirsən? O, bu suala çox asanlıqla, bir az da hirslə cavab verib deyərdi:
– Mənim qızlar karvanında gözüm yoxdur, əmim qızı Səadətin məhəbbəti mənim bəsimdir. Qalanlar, qoy istəyənlərə qismət olsun. Mənim heç kəsdə gözüm yoxdur. Hər adamın bir taleyi, bir ulduzu var!
Doğrudur, Rəşid bu tezliklə, ali məktəbi qurtarmamış, bir ləyaqətli ixtisas qazanmamış evlənmək qəsdində deyildi və tez evlənən cavanlardan da xoşu gəlməzdi. Amma Səadət haqqındakı, gələcək xoş niyyətləri do müəyyən idi. Nə qızın özünə, nə valideyninə, nə yoldaşlarına bu barədə bir söz deməsə, sirr açmasa da, qəlbinin ən dərin guşəsində Səadət sözünü iri, qızıl hərflərlə səliqəli yazıb vacib dərs proqramı kimi təkrarlayırdı.
Ona elə gəlirdi ki, atası da, Həqiqət xanım da Səadəti məhz onun üçün böyüdür, bu gözəl qızın tərbiyə-təhsilinə ayrı cür səy göstərirlər!
Rəşid onu da görməmiş deyildi ki, əmisi Səadəti oğlanlarının hər birindən çox istəyir, onu daha şux, daha zəngin libaslarla məktəbə yola salır, onun adını hamıdan qabaq çəkib, kefini tez-tez soruşurdu:
– Qızım Səadətin kefi necədir?
Həqiqət xanım da, texnik kişi də qızlarından kef-əhval soruşanda bəlkə də qəsdən ucadan səslənir, Rəşidin qulağına çatdırmaq üçün xüsusi ahənglə təkrar edirdilər:
– Səadət, kefin necədir, yaxşısanmı, qızım?
Bu xoş sözləri ana deyib ata təkrar edir, ata deyib ana təkrar edirdi. Bunları Rəşid həyəcansız eşidə bilmirdi. Xüsusən qız dillənəndə, ata-anasının sualına baş qaldırıb ala gözləri ilə dik baxanda, kəklik kimi nazla yeriyib cüt hörüklərini enli kürəyində tərpədəndə razılığını ifadə edib: - "Çox sağ olun!" - deyəndə sanki Rəşidi çağırırdı. Bəlkə də ürəyindən keçirdi, sükutla Rəşidə xitab edib gileylərini izhar edirdi: "Haçan görəcəyəm, haçan eşidəcəyəm ki, o igid əmioğlumun şirin dilindən bu xoş suallar çıxsın: "Səadət, əzizim, kefin necədir?"
Səadətin bunu ummağa haqqı vardı. Çünki o, bakir qəlbinin anbaan duyulan, get-gedə güclənən, sinəsini qabardan həyəcanlarını, gənc ürəyinin kaman simi kimi zərif tellərində səslənən titrəyişləri dərk edirdi. Məhəbbət onu tutmuşdu, yaman tutmuşdu.
Eyni əhval-ruhiyyəni, demək olar ki, Rəşid də keçirirdi. Doğrudur, röyalarda, xəyal aləmində keçirir, dilinə gətirmir, dəftərinə yazmır, yoldaşlarından, sirdaşlarından gizlədirdi. Ancaq özündən, qəlb aləmindən gizlədə bilmirdi.
Bir də görərdin saat ikidə, yuxarı siniflər məşğələdən çıxanda, qızlar dəstə ilə evlərinə yollananda ucaboy, enlikürək, qıvrımsaç bir oğlan funikulyor yolunun başında əfsanəvi pəhləvan Bəhramın qarşısında dayanıb sanki həsbi-hal edir. Qızlar karvanının başı açılanda, cavanların şaqraq gülüşləri eşidiləndə də məhəl qoymur, gözünün ucu ilə də baxmır, baxmaq istəmir.
Ancaq qızların biri ya qəsdən, ya sadəliklə işarə edəndə:
– Səadət! Qız, əmioğlun dayanıb, Bəhram şahla söhbət edir, deyəsən, bir bax!
Səadət adını eşidəndə Rəşid cərəyan vurmuş kimi cəld dönər, sevgilisinin həyəcanlı baxışlarını salamlardı.
Belə anları nə Rəşid, nə Səadət unuda bilirdi. Hər ikisi vurğun kimi dayanıb bir-birinə baxır, nitqdən lal olur, dilə gətirməyə nadir kəlmə axtarırdılar.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-gunah-kimdedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Dərsimi yaz!Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:– Necəsən, bala, indi ürəyin nə istəyir?
MöhürMöhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.
Uşağın taleyiÜç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:– Marat niyə yoxdur?