Səhifə 2 / 2 · 50%


Dünən biz dəstə ilə vağzala, əsgərləri qarşılamağa getmişdik. Hərə bir hədiyyə götürmüşdü. Mənim də əlimdə bir dəstə gül var idi. Bunu kimə təqdim edəcəyimi bilmirdim; çünki gələnlərin arasında nə qohumum, nə də şəxsi dostum var idi. Onların hamısına eyni hiss və münasibət bəslədiyim halda, bir dəstə gülü kimə verə idim?

Düşündüm ki, "hansının döşündə çox nişan olsa, ona verəcəyəm. Sonra dedim: "Yox! Gözləyəcəyəm, hansının adamı olmasa, hansına hədiyyə düşməsə, gülü ona verəcəyəm..." Bu da xoşuma gəlmədi. Əvvəlcədən belə şeyi kəsdirməyin lüzumsuz olduğunu zənn etdim. "Gülü mənim əlimdən alan bir zirək tapılmamış olmaz", - dedim.

Zəng çalındı, hamımız vağzal səkilərindən ötüb, yolun qırağında dayandıq. Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi, ağır və əzəmətli nəfəsi ilə aləmə səs saldı, sinə dolusu köksünü ötürüb dayandı. Pəncərədən boylananlan salamlayan musiqi və alqış səsləri bir-birinə qarışdı. Hamımız vaqon qapılarına yönəldik. Gələnlər əsgərlərin yerə enməsinə macal vermirdilər: qucaqlaşan kim, öpüşən kim, ikiqat olub var gücü ilə bir-birinin əlini sıxan kim... Dərhal əsgərlərin döşü gül dəstələri ilə doldu. Dördüncü vaqonun pəncərəsindən boylanıb gələnlərə baxan bir əsgər mənim gözümə sataşdı. Güman etdim ki, o burada düşməyəcəkdir, sadəcə tamaşa edir.

Birdən onun: "Ana!" - deyə səsləndiyini və əli ilə adamlar arasında kimə isə işarə etdiyini gördüm. Çəhrayı paltarlı, başıaçıq bir qadın: "İdris!" - deyib özünü irəli atdı. Ana-bala bir anda elə qucaqlaşıb, bir-birinə sarıldılar ki, hamının nəzəri onlara tərəf çevrildi. Uzun ayrılıq, intizar və təhlükələrdən salamat və qalib çıxıb, belə bir gündə bir-birinə qovuşan ana-balaya baxmaq hamıya xoş idi. Adama elə gəlirdi ki, bunlar, indiyəcən aralarında maneələr, məsafələr olan bu istəklilər artıq heç bir vaxt bir-birindən ayrılmayacaqlar. Mən gül dəstəsini bu oğlana, hamıdan, hər kəsdən qabaq anasını axtarıb tapan oğula verməyi kəsdirdim. Daha irəli yeridim, onların yanında müntəzir dayandım, ayrılmalarını gözlədim.

Qadın oğlunu öpüb, sevincindən ağlayırdı.

Nədənsə bu görüş və bu göz yaşı vaxtilə uşaq bağçasında gördüyüm mənzərəni yadıma saldı. Tirməli gəlin bütün sadəliyi və gözəlliyilə gəlib gözümün qabağında dayandı.

Mən gülü İdrisə təqdim edəndə, razılıq edib əlimi sıxdı. Biz izdihamla vağzal qapılarına yaxınlaşıb, yavaş-yavaş pilləkənlərdən endik. Maşına oturduq. İdris anasından soruşdu:

– Atam hanı?

– Rayondadır.

– Evdə nə var, nə yox?

– Salamatlıqdır, hamı səni gözləyir, gəldiyindən heç kəsin xəbəri yoxdur.

Sanki İdrisin yadına bir şey düşdü:

– Nazimə nənədən mənə bir xəbər!

– Salamatdır. Hər gün soruşur.

– Yenə bağçadamı olur? Onu yuxuda görmüşəm.

Qadının gözünə diqqətlə baxanda, barmağımı dişlədim: "Odur, özüdür". Mən belə bir oğlanın Naziməyə, o sonsuz qadına nənə deməsinə sevindim. İyirmi il əvvəlki ipək dəsmalla göz yaşını silən cavan gəlin, odur, təmkinli bir əsgər anasıdır. Onun saçlarına dən düşsə, gözləri bir o qədər dərinləşsə, dodaqları solsa da, gəncliyindəki məlahət itməmişdir. O zaman Nazimənin qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla oğlunu ilk dəfə ona təqdim edir. İdrisin bir dəfə nənə dediyi sonsuz qadını xoşbəxt etmək istəyir. Mən bunları xatırlayıb, açıq ana ürəyinin qapalı aləmini düşünürdüm.

– Nazimə sizin nəyinizdir? - deyə soruşdum.

İdris dedi:

– Nənəmdir!

Anası əlavə etdi:

– Uşaqlıqda buna oğul deyib.

– Yoxsa, eyvandan özünü atan uşaq...

Qadın mənim üzümə baxdı:

– Deyəsən İdrisi tanıyırsınız?

– İdrisi yox, Nazimə xalanı tanıyıram.

İdris dedi:

– Özümü danışıb sizə? Düz deyirsiniz, eyvandan özünü atan mən olmuşam.

Mən əhvalatı danışanda, İdris zarafata saldı.

– Körpəlikdən, - dedi, - mən ana yolunda canımdan keçən olmuşam. Qədrimi bilən gərək!

Bunu deyib şoferə tapşırdım:

– Qardaş oğlu, onları evə qoy, uşaq bağçasına sür, Nazimə ananı götürək.

Maşın dayanan kimi cəld düşdüm. Şoferlə bağçaya muştuluq aparmağa getdim. Nazimə xalanın saçı ağarmış, qəddi bir qədər əyilmiş, səsi də boyu kimi alçalmışdı.

– Xala, - dedim, - gəl əyləş maşına, oğlun İdris səni çağırır.

Qadın diksinmiş kimi, düzəlib şax durdu.

– Doğrumu deyirsiniz?

Şofer israr edəndə, inandı.

– Neçə ildir ondan xəbər yox idi.

– İndi özü gəlib.

Qadın az qaldı qanadlanıb uçsun.

Biz Naziməni İdrisgilə gətirdik. Bütün ailə onun ayağına qalxdı; onu yuxarı başa keçirtdilər. İdris onunla uzun-uzadı qucaqlaşdı.

Nazimə İdrisin çiyinlərindən tutub üzünə baxır, sanki vuruşmalarda keçirtdiyi macəraları onun gözündə oxumaq istəyirdi.

– O ağır günlərdə heç yadına düşürdümmü?

İdris doğma oğul kimi danışırdı:

– Bir gün də yadımdan çıxmamışsınız!

Nazimə əllərini göyə qaldırıb şükür edirdi.

– Mənim də oğlum var! Mən də əsgər böyütmüşəm...

Bunu deyib, İdrisi təkrar qucaqlayırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səksənilliyə çağırmışdılar

Son zamanlarda bizim aləmdə xeyir işlər çox olur. Ha görürsən bayramdır, yubileydir, məclisdir, mərasimdir, görüşdür. Bir yoldaşın yaxşı işindən, o birisinin ixtirasından, icadından söhbət gedir. Hamı da belə tədbirlərə, xeyir işlərə sevinir, ürəkdən sevinir, rəvac verməyə çalışır.Bu dəfə bizi dağ rayonlarından birinə, qocaman müəllim Paşa Quliyevin yubiley məclisinə dəvət etmişdilər.

19755 dəq
Əsərimin müzakirəsi

Bizlərdə adətdir, yazdığımız əsəri çapdan əvvəl müzakirəyə qoyarıq. Yoldaşlar oxuyar, məsləhətləşər, fikir deyər, müəllifə göstəriş verərlər. Doğrudur, içimizdə elə ədiblər olur ki, müzakirə istəmirlər. Əllərindən çıxan yazını dərhal tələsib çapa göndərirlər.Hətta məşhur bir ədibimiz söz düşəndə deyərdi:

4 dəq
Yoldaşlıq məhkəməsi

Məhkəmə, müdafiə, mühakimə işi çətin, məsuliyyətlidir. Hər adam bacarmaz.Gərək səriştəli hüquqşünas olasan, yüzlərlə qanun kitablarını, əsasnamələri, qərar-qətnamələri vərəqləyib nöqtəsinəcən diqqətlə öyrənəsən. Bunların hamısını bənd-bənd, yaxşıca bilməmiş adamı məhkəməyə, hüquq aləminə qoymazlar.

19754 dəq
Elçi kimi

Otuzuncu illə r- Böyük Vətən müharibəsi ərəfəsində yazıçı briqadaları bütün rayonlara, o cümlədən Gəncəyə tez-tez gedirdi... Orada mahud, çit, yağ-sabun istehsalı müəssisələrində işləyən fəhlələrin sürətlə çoxalması, şəhərin respublikada ikinci sənaye mərkəzi kimi şöhrət tapması, fəhlə sinfi milli tərkibinin mürəkkəbliyi, beynəlmiləl tərbiyə işinin güclənməsi, cavanların sosializm quruluşuna sürət və vüsətlə cəlb olunması, ziyalılar arasında aparılan mədəni-siyasi işin həm şəkil, həm məzmunca dərinləşməsi bu gözəl, yaraşıqlı şəhərin ictimai həyatını coşqun bir çay məcrasına çevirmişdi. Burada tez-tez ictimai-mədəni yığıncaqlar, tədbirlər keçirilir və ədəbiyyat-sənət məclisləri təşkil olunurdu.Hələ iyirminci - otuzuncu illərin əvvəlində ədəbiyyat, mətbuat həyatı canlanır, diqqəti cəlb edir, gənc şairlərin, Səməd Vurğunun, Əhməd Cəmilin ilk şeirləri bu şəhərin qəzet, jurnallarında, almanaxlarında çap olunub yayılırdı. Həmin illərdə Gəncədə geniş maarif-məktəb şəbəkəsi, güclü müəllim ordusu, kamil darülmüəllimin, sənaye-ziraət texnikumu, kənd təsərrüfatı, suvarma institutları kimi təhsil ocaqları fəaliyyət göstərirdi.

19766 dəq

Başqa şairlərin şeirləri