İmzasız hekayə
Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.
Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.
Aqil hekayəsini zərfə qoyub jurnala göndərmək istəyəndə Keçiyev fürsətdən istifadə etdi. Yaxınlaşıb öz yazısını göstərdi. "Acizanə" xahiş elədi:
– Yoldaş Aqil, bu hekayə də redaksiyaya çatacaq, icazə verin sizin zərfə qoyum, aparsınlar!
Aqil etiraz eləmədi.
Hər iki hekayəni jurnal redaksiyasında oxudular. Birincini bəyənib çapa layiq gördülər. İkincini kənara qoymaq istədilər. Redaksiya üzvlərindən biri, üzüyumşaq yazıçı, söz alıb zəif hekayəni də müdafiə elədi:
– A yoldaşlar, Aqil sağ olsun, gözəl hekayə yazıb, oxucular şübhəsiz sevinəcək. Mən güman edirəm, Aqil təzəhəvəsdir, yaxşı hekayənin xatirinə bir zəif hekayəni də çap eləmək olar. Cavan yazıçının, əlbəttə ki, hər yazdığı şedevr olmaz. Mənim zənnimcə ikinci hekayəni də buraxmaq olar, qoy cavan yoldaşın xatiri xoş olsun. Zəif cəhətlərini tənqidimiz qeyd edər, müəllif də bunları nəzərə alar, səhvlərini düzəldər.
Yaxşı əsərlə yanaşı ikinci hekayə də çapa getdi. Ancaq, Həpir Keçiyevin yox, Aqilin hekayəsi kimi çapa getdi.
Jurnal çıxandan sonra oxucular təəccüb edirdilər ki, belə yaxşı hekayə ilə yanaşı, zəif bir yazını çap eləmək nəyə lazım imiş? Hamı Aqili təbrik edir, həm də danlayırdı. Aqil oxucuları başa salırdı ki, "ikinci" hekayə mənim deyil, ayrı yoldaşındır. Səhv olub ki, imzasız gedib.
Zəif hekayənin müəllifi Həpir Keçiyev bir müddət sükut elədi, səsini çıxarmadı, ancaq sonra papağını qabağına qoyub fikirləşdi.
"Ey dili-qafil, sən nə durmusan?
Kişilər mənə hörmət edib, əsərimi çap eləyiblər. Tənqidçilər də məni, necə bir gənc yazıçıya kömək məqsədi ilə tənqid edirlər. Daha burada gizlənm əyin adı yoxdur. Mərd-mərdanə meydana çıxmaq, talantı büruzə vermək lazımdır..."
H əpir redaksiyaya məktub yazıb, qayğıkeş sovet mətbuatına minnətdarlığını bildirdi, hekayəsinin qüsurlarını "kommunistcəsinə boynuna aldı, tənqidçilərə göstərişlərinə görə xüsusi təşəkkürünü bildirdi.
Əlaqədar tənqidçilər də, həyatda çox az təsadüf etdikləri yazıçı etirafından ruhlanıb zəif hekayəni müasirlik mövqeyindən, elmi hökmlər, məntiqi düsturlarla dönə-dönə təzədən təhlilə başladılar.
Həpir isə qəzet, jurnalda hekayəsi haqqında söhbəti xüsusi bir sevinclə qarşılayır, işini-peşəsini buraxıb ancaq ədəbi görüşlərə, dərnəklərə, iclaslara, məclislərə gedir və hamısında da söz alır, çıxış edib ədəbi tənqidin "öz yaradıcılığına olduqca müsbət təsirindən" müfəssəl danışırdı.
Çox çəkmədi ki, məsələ böyüdü, Həpirin yaradıcılığı haqqında söhbət dərnək çərçivəsindən çıxıb ədəbi aləmə düşdü. Həpir çıxış edib öz müasirlərinə yeni əsərlər yazacağını vəd edirdi. Xüsusi səy və məharətlə çalışırdı. Tənqidə təşəkkür edir, öhdəsinə vəzifələr götürürdü. İş o yerə gəldi ki, nəsr bölməsində Həpirə yaradıcılıq ezamiyyəti verdilər.
Həpir işdən çıxdı, bir avtoruçka, bir papka ağ kağız götürdü, Mərdəkanda yazıçılar evində rahat guşə tapıb, yaradıcılığa başladı.
Birinci yazısı aşpazdan şikayət oldu. Görünür, aşpaz onun iştahasının tələblərini ödəyə bilmir, yaradıcılığına mane olurdu.
Bu gənc nasirin şikayətini nəzərə alıb aşpazın məsələsinə baxanda, yazıçının özünün aşpazlıq işindəki məharəti meydana çıxdı. Hekayələrinin müntəzəm çap olunduğu təqdirdə aşpazlığı ictimai əsaslarla öz öhdəsinə götürməyi Həpir boynuna aldı.
O gündən bəri sanatoriyanın xörəkləri Həpirin zövqündən, Həpirin hekayələri də mətbəx səliqəsindən kamilləşirdi.
Bütün bunların nəticəsində mətbəx işləri ilə ədəbiyyat işlərinin vəhdəti möhkəmləndi. Həpirin təcrübəsindən bəziləri istifadə etməyə, ədəbiyyatı zənginləşdirməyə başladılar.
Həpirin ədəbi mövqeyi müəyyənləşməyə doğru gedən günlərdə, qəzanın işinə bax, Yazıçılar İttifaqının sədri xəstələnib Mərdəkanda sanatoriyada yatmalı oldu. Həpir bu hadisəni eşidən kimi, "fürsətdir" deyib, birinci olaraq özünü xəstənin yanına saldı.
Əlindəki şirniyyat qutusunu stolun üstünə qoyub ədəblə salam verdi. Sədrin kefini soruşdu. Pəncərədən boylanıb xidmətçiyə acıqlandı ki:
– Bura niyə bir dəstə gül qoymayıbsan, təzə pərdə niyə asmayıbsan?
Həpir səhər demir, axşam demir, gündə neçə dəfə xəstənin yanına gəlir, əhvalını soruşur, dərmanlarını yoxlayır, ədəbiyyatdan söhbət salır, öz hekayəsi haqqında tənqidi mülahizələr yazanların adını çəkirdi.
Sədr belə bir adam haqqında eşitsə də, məsələdən xəbərsiz idi. Nəsr bölməsinin rəhbəri gələndə soruşdu:
– Həpir kimdir?
– Keçiyev?
– Bilmirəm, nəyevdir.
– Həpir Keçiyevdir. Yeni yazandır.
– Nə yazır?
– Bir hekayəsi çıxıb, mübahisəyə səbəb olub.
– Mübahisə nə üstündə gedir?
– Həpirdən yazan çıxar, ya yox?
– Bu çox vacib mübahisədir?
– Məncə, mübahisəni Həpir özü təşkil edir.
– Bəs siz necə?
– Biz də nəticəsini gözləyirik.
– Bundan nə nəticə çıxmalıdır?..
– Həpir ərizə verib, ittifaqa girir.
Sədr müsahibinin üzünə mənalı baxdı və dedi:
– Xahiş edirəm hekayəni də, mübahisə eləyənlərin yazılarını da sabah mənə çatdırın, oxumaq istəyirəm.
– Yoldaş sədr, xəstəsiniz, sizə oxumaq olmaz.
– Belə mübahisəni başına buraxmaq da olmaz.
– Özümüz oxuyub yekun vurarıq.
– Yox, mən də bilim, materialları mənə çatdırın!
Həpirin ətrafındakı danışıqları öyrənəndən sonra yazıçıların qəzetində sədrin bir məqaləsi çıxdı:
"Ədəbiyyatı avaralardan qorumalı!"
Həpir indi sədri də, nəsr bölməsini də, tənqidçiləri də "ifşa eləmək" üçün böyük idarələrə bir neçə surətdə, variantda, dildə ərizə yazıb. Sədrin məqaləsi çıxan günün səhəri Həmkarlar İttifaqının mədəniyyət bölməsində hesabat iclası oldu. Birinci çıxış eləyən Həpir Keçiyev idi. O, Yazıçılar İttifaqını və Həmkarlar İttifaqını təqsirləndirirdi: "Yeni yaranan talantlara qayğı göstərilmir, mənim hekayəm çıxan gündən neçə dəfə söhbət açılıb, hələ bir rəhbər işçinin təbrikini görməmişəm, heç mənə bir medal da verilməyib. Bu nəyi göstərir, yoldaşlar? Yaxşı olar ki, bizim təşkilatımız bu mühüm məsələ ilə dərindən maraqlansın, barmaqarası baxmasın!"
Camaat bunların hamısını görür və bilir. Ancaq bir şey aydın deyil ki, on səkkiz ay əvvəl işdən çıxan, heç yerdən maaş almayan Həpir nə ilə dolanır? Poçta, teleqrafa, maşına xərclədiyi bu pulları haradan alır. Bu məsələni nə yazıçılar bilir, nə oxucular. Bunu bir Həpir bilir, bir də onun Allahı.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-imzasiz-hekaye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Sən cəbhəyə nə ilə kömək etmisən?Küçə ağzında asılmış plakatda bir oğlan uşağı, qızıl qalstuklu pioner, qarovul kimi dayanıb gələnə-gedənə bu sualı verir. Bəziləri bu suala xəyalında cavab verir, bəziləri öz vəzifələrini xatırlayır, özləri də pionerdən daha başqa şeylər eşitmək istəyirmiş kimi, dayanıb onun üzünə baxır.
Yol açıqdırMəmmədrza lap qabaq cərgədə idi. Komandirin əmrini alan kimi xəlvətcə sürünə-sürünə irəlilədi.O, düşmənin atəş nöqtələrini öyrənməli, miqdarını, vəziyyətini təyin etməli idi. Zəmilərin içindən sürünərək gedir, sünbülləri belə səsləndirməkdən ehtiyat edirdi.
YollarDan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir.Böyük şəhər öz uca və əzəmətli binaları, geniş və açıq küçələri, səsli sahilləri ilə oyanır.
Şahin və SonaGəmi uzun əsrlər dalğalarla döyülmüş qaya kimi sahildən ayrıldı. Sular onu, bir daha quruya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itələyib apardı. Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı. Sanki, şəhər gəmini buraxmaq istəmirdi. Körpüdə yığılıb ayrılıq mərasiminə dayanan, yaylıq oynadan adamlar hər hansı bir qəzanın əli iləsə müsafirlərdən uzaqlaşırdılar. Gəmidəkilərin üzü şəhərdən dönmür.Sona göyərtədə bir məsumluq heykəli kimi donub qalmışdı. Gözlərindən axan yaş damlaları Xəzər sularına qarışırdı. Keçmişin mənasını gələcəyə söyləyən, doğma məhəbbətin qiymətini verən bu dürdanələr dənizin lap təkinə batırdı.
Başqa şairlərin şeirləri
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Boynuma kakilin, ey şux, kəmənd eyləmisənBoynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.