Məzmun
  1. 2
  2. 3
  3. 4

Səhifə 1 / 3

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...

Babaxan çoxdan arvadı təzələmişdir.

Əvvəllər yaxın qonşumun bu hərəkəti, vurhavur arvad alıb-boşaması mənə ağır gəlirdi. Hirslənirdim, həm də təəccüb edirdim. Öz-özümə deyirdim: "Bəs onun vicdanı yoxmu? Qızları necə aldadır. Aldıqları kimlərdir?"

Anam bu suallara məna vermirdi, deyirdi:

– Babaxan iş bacaran adamdır. Ona nə var, tapır, düzəldir, alır, buraxır, tanışı çoxdur...

Sonralar məsələni anladım, fikir elədim ki, "cavan adamdır, yəqin ömrünü kefdə keçirmək istəyir."

Lakin mən Babaxanın toylarına heyran qalmışdım. O, cürbəcür qadınlarla evlənir, ayrılırdı. Tez-tez evlənsə də, çox gurultulu toy edirdi. Bir də görərdin, lüstrü yandırıb, evi çıraqban elədi. Pilləkənlərə xalça döşədi- Limon ağacını balkona çıxartdı. Zər yazılı toy bileti payladı. Xanəndə çağırdı. Babaxanın dost-aşnası yığıldı. Saz çalındı. Qiyamət qopdu.

Səs-küydən dərsə hazırlaşmaq mümkün olmadığından dəftərlərimi qoltuğuma vurar, evdən çıxardım:

– Gözləmə, - deyərdim, - ana, qardaşlığımgildə yatacağam.

Anam da bezmişdi. Neçə kərə, Babaxanın elçi göndərdiyi qızların ailəsini öyrənib, xəbər vermək, onları yeni kürəkənin "bəzi" xasiyyətləri ilə tanış etmək istəmişdi. Ancaq məndən çəkinərdi.

– Qoymursan, bu tramvay altında qalmışın işləklərini bildirəm! Cavan-cavan qızları aldadır... Ayıb döyülmü? Bəs döyülmü?

Babaxanın balkonunda, şair mübaliğəsi olmasın, hər istirahət axşamı toydu, sazandası, xanəndəsi, plovu, içkisi, məzəsi, cehizi, başlığı öz qaydasında dəm-dəsgahlı bir toydu. Siz soruşarsınız: "Yaxşı, Babaxan bu dəm-dəsgah üçün pulu haradan alırdı?"

Babaxan mənim qapıbir qonşumdur. Mən ayda beş yüz manat alıram. Onun maaşı yüz əlli manatdır. Lakin o yalnız pəncərələrindən asılan təzə, qotazlı mahud pərdələri ilə mənim kimilərini alıb-satır. O, bir toy axşamında mənim evimin üç aylığını xərcləyir. Bunlara baxanda, mən də Babaxanın işinə heyran qalıram.

Kooperativçilər özü də onun işinə mat qalmışdı.

Babaxan kooperativlərin birində parça satardı. Mal gələndə tez yüyürüb, qapıları çəkərdi. Parçam top-top təhvil alıb, qəfəsələrə yığdıqca ruhu şad olardı. Fıştırıq çala-çala, dodaqaltı "Yetim segah" oxuya-oxuya malı sahmanlardı. Sonra qapını açıb, qonaq qarşılayanlar kimi, müştəriyə təzim edərdi:

– Di buyurun! İndi buyura bilərsiniz!

Babaxanın, arvad almaqda olduğu kimi, parça satmaqda da məharəti vardı. Əvvəlcə malı yoxlardı. İki-üç topunu piştaxtanın altına ötürərdi, "Bazarı" malı qəfəsələrə, göz qabağına yığardı.

– Bu saat almışıq, axşama bir metr də qalmayacaq. Mən məsləhət görürəm, apar. Peşman olarsan, ha...

Yuxarı küçədən gəlmiş yarımçadralı qadınlar Babaxanın sözünü yerə salmaz, vurhavur ölçdürərdilər.

Bir də görərdin, bir gödəkcəli, balaca göz, burnu biz, üzü tüklü, çiyni xurcunlu kişi alverin şirin yerində Babaxana salam verdi. Salamın dalınca əhvallaşmağa başladı:

– Nə var, nə yox?

Hamıya məlum olan bu sualın, hamıya bəlli də bir cavabı var: -Sağlığın!

Babaxan xurcunlu kişinin qabağında boynunu burub əzilərdi, üzr istəyən bir əda ilə deyərdi.

– Qadası, bir az sonra gəl!

Camaat bu danışığa fikir verməzdi, fikir versə də, bir şey hiss etməzdi.

Bir dəfə Babaxan adəti üzrə, üzü tüklü kişi ilə "əhvallaşanda" bir cavan oğlan şübhələndi:

– Yoldaş, necə yəni "bir az sonra gəl?" Nədi gizlədib, sonra gələnə saxladığın? Bu saat bəri çıxart!

Babaxan hamamdan çıxmış adamlar kimi qızardı. Dili güc ilə söz tutdu:

– Yoldaş, o mənim bacanağımdır. Xüsusi işi var...

Oğlan qələmini çıxarıb, şikayət dəftərini istədi. Babaxan özünü itirdi. O yan-bu yandan mane oldular.

Oğlanın da acığı soyudu. Xata birtəhər sovuşdu. Babaxan bir də belə hərəkət etməsinə tövbə elədi.

Sonralar xurcunlu kişi özü də ehtiyatla gələrdi. Qapıda görünəndə, Babaxan nə dinər, nə danışardı. Yalnız burnunu çəkərdi. Bir dəfə burnunu çəkdi, deməli "bir saatdan sonra gəl", iki dəfə burnunu çəkdi, "iki saatdan..."

Babaxan əlaltı işlərinin bütün sirlərini burnunu çəkməklə ifadə edərdi. Yaxşı parçaların kooperativdən qabaq meydançada satılmasının sirri, onun gurultulu toylarının sirri, evinin dəm-dəsgahının sirri bunda idi...

Babaxan onu da gözəl bilirdi ki, burun çəkmək pis adətdir. Lakin "bu pis adətin nəticəsi əlamət olduğu üçün" boyun əyərdi.

Haqdan keçmək olmaz. Babaxan arvad "çıxaranda" cehizini də qaytarar, gəlinə aldığı bər-bəzəyi də ona bağışlardı. Bu məsələdə Babaxanı məcbur edən qanun, qayda vardı. Lakin o buna "səxavət" adı verərdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xarici naxoşluq

Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.

19606 dəq
Ehtiram

Ağsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.

19618 dəq
Heykəl uçulanda

Mənəm-mənəm deyənlərin inanma çox da qovluna!*M.Ə.Sabir*

19626 dəq
Ay İsmayıl, başa sal!

Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?

19624 dəq

Başqa şairlərin şeirləri