Kərpic məsələsi
Səhifə 3 / 3 · 67%
Mən çəkilib bir kənarda durdum. O, evi axtardı. Sandıq, şkaf, çamadan, bufet, siyirmə qalmadı, hamısını yoxladı. Nədənsə heç bir şeyə dəymədi.
Cinayət-axtarış idarəsinə yollandıq.
Dağdan qayıdanda intizarım bir idisə, indi yüz oldu. Bu əhvalat daha ciddi, daha qorxulu və qətiyyən gözlənilməz idi.
Heç şahid sifətilə də məhkəmə tanımadığım halda birdən-birə nə iş idi düşdüm! Məni nə üçün qurdalayırlar?
Mən uşaqlığımdan başlayıb, bu günə qədər bütün həyatımı, münəqqidlər demişkən "tənqidi surətdə" gözdən keçirdim, cinayət aradım, xatırlaya bilmədim.
Başaşağı, bənizi ağarmış, iztirabdan sarsılmış halda gedirdim. Budur, mən müstəntiqin qarşısındayam. O nə isə yazır. Başını qaldırıb, üzümə baxdı. Mən də baxdım.
Qarasaçlı, enlikürəkli, üzündə iş qayğısı hiss olunan bu oğlan mənim məktəb yoldaşımdı. İbtidai məktəbi bitirdikdən sonra ixtisas məktəblərinə getdik. Hərə bir sənət seçdi. Bir-birimizdən ayrı düşdük. İllər keçdikcə aramızda olan uşaqlıq, məktəbli səmimiyyəti də əriyib getdi. Hər kəs özünə, təbii, yeni yoldaşlar tapdı. Mən bu adamı unutmuşdum. Ancaq burada, gözüm onun təzəcə tüklənmiş üzünə sataşanda xatırladım. Bu, məktəbdə yumru, dəcəl və hazırcavab bir oğlandı. Dərsin, müəllimin, məktəbin nöqsanını hamıdan tez görərdi və deyərdi. Hətta hesab müəllimi, məsələləri taxtada həll edəndən sonra zarafatyana üzünü ona çevirər, soruşardı:
– Yaqub, necədir, etirazın yoxdur ki?
O gülər, başını aşağı salıb, məsələnin həllini dəftərinə köçürərdi.
İndi o, böyük, ciddi, məsul bir adam olmuşdur. Başqa yerdə rast gəlsəydik , tanışlıq verərdim. Bəlkə əlini də sıxardım, əhvalım da soruşardım! Lakin burada bir müqəssir sifətilə onun qarşısında dururkən tanışlıq verməzdim. Bir təmənna fikrilə tanışlıq verdiyimi, ondan kömək umduğumu zənn edə bilərdi. Qoy qanun nə tələb edirsə, onu yazsın, yoldaşıyam deyə, mənə üz görməsin. Nədənsə o da tanışlıq vermədi. Başını qaldıran kimi adımı, familiyamı soruşdu.
– Siz, - dedi, - Məmmədyarov küçəsindəmi olursunuz?
– Bəli, orada olurdum.
Ayağa qalxdı. Acıqlanmışdı. Qolumdan tutub küncə tərəf çəkdi. Güman etdim ki, qulağıma xəlvəti söz pıçıldayacaq. Küncə tökülmüş kərpic parçalarını göstərib soruşdu:
– Bu nədir?
Mən müstəntiqin üzünə baxdım. Baxdım ki, bu sualın mənasını anlayım. Lakin anlaya bilmədim. Pərişan və ümidsiz səslə cavab verdim.
– Kərpicdir!
– Fikirləş, gör bu nədir? - O, sualını daha da qətiləşdirir, şəhadət barmağını kərpiclərə uzadıb dururdu. - Fikirləş gör, bu nədir? Yaxşı fikirləş!
– Cisimdir!
– Necə yəni cisimdir?
– Həndəsi cisimdir, sülb...
O, papiros yandırıb əyləşdi. Suallarında davam etdi:
– Siz Məlikə adlı acar qızını tanıyırsınızmı?
– Bəli, tanıyıram, Babaxanın arvadı!
– Siz Məlikəni Batumiyə yola salmışsınızmı?
– Salmı...
Müstəntiq sözümü kəsdi:
– Bütün cavab ver!
– Mən Məlikəni Batumiyə yola salmışam.
– Düzdür?
– Düzdür!
Yazdı.
– Vağzala gedəndə Məlikənin çamadanını siz aparmışdınızmı?
– Apar... Bağışlayın, vağzala gedəndə Məlikənin çamadanını mən aparmışdım.
– Doğrudur?
– Doğrudur!
– Çamadan dolu idi, ağırdı, ya yox?
– Çamadan lap dolu idi, ağırdı, az qalırdı, qolum üzülə.
– Belədir?
– Belədir!
– Təsdiq edirsiniz?
– Təsdiq edirəm!
– Çox gözəl. - Başını aşağı salıb, tez-tez yazdı. Yenə soruşdu: - Çamadanı açıb, şeylərini götürüb, əvəzinə kərpic yığmışsınızmı?
– Yığmışsınızmı?
– Çamadanı açıb, şeylərini götürüb, əvəzinə kərpic yığmamışam. - Mən səsimi ucaltdım. - Yoldaş müstəntiq, bu, başdan-ayağa şər...
O, əlini qaldırdı:
– Hirslənmək lazım deyil! Cavabını bir də təkrar elə, yazım.
– Çamadanı açıb, şeylərini götürüb, əvəzinə kərpic yığmamışam.
– Aha... demək, çamadanı açıb, şeylərini götürmüşsünüz, ancaq əvəzinə kərpic yığmamışsınız, eləmi?
– Xeyr, xeyr, yoldaş! Mən demək istəyirəm ki, nə çamadanı açmışam, nə şey götürmüşəm, nə əvəzinə kərpic qoymuşam, nə də mənim bu işdən xəbərim var.
– Açığını de!
– Açığı budur.
– O lu b belə şey?
– Olmayıb elə şey.
– Siz doğrusunu deyin. Yalan cəzanızı artıra bilər. Doğruluq, günahı boynuna almaq işinizi yüngülləşdirər. Deyin görək, nə üçün qızı yola salanda çamadanından qiymətli şeyləri götürüb, yerinə, bax, bu kərpicləri doldurubsunuz? Bunları yazıq qıza yük eləyib, Batumiyə göndəribsiniz? Vicdanla danışın, bu nə hərəkətdir, hə?
Mən müstəntiqin kəskin sualları qarşısmda heyrətimdən dondum.
İndi bildim ki, Babaxan hansı səxavətlə həftədə bir toy etməyi, arvad boşamağı bacarırmış.
Müstəntiqə dedim:
– Qələmi götürün, yoldaş müstəntiq, mən hamısını deyim, siz yazın.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-kerpic-meselesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.
EhtiramAğsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.
Heykəl uçulandaMənəm-mənəm deyənlərin inanma çox da qovluna!*M.Ə.Sabir*
Ay İsmayıl, başa sal!Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?