Adamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?

Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.

Yox, gərək qəzetdə elan verəm, xərc qoyam, Qulunu üstümdən götürəm.

Bunlar Əmirqulunun çoxdankı arzusu idi, amma yerinə yetirə bilmirdi. Görürdü ki, işçilərin çoxu adını tamam-kamal çağırır. Bəzisi də Əmi Qulu deyir, Qulu deməyi bu arteldə dəb saldılar, özü də tabelçi Səkinə arvad. Sonra da mərdimazar uşağı götürdü. İclas demir, konsert demir, bufet demir, hər yerdə yoldaş Qulu, yoldaş Qulu! Mən boyda adama, idarədə böyük-kiçik də Qulu?!

Qulunun daşı düşsün başıva! Necə ki düşüb!

Bəzi adamlara bu söhbətlər yüngül, bəlkə də gülünc görünər. Amma yox, Əmirquluya haqq vermək lazımdır. Bu ləqəblər ona ağır gəlir. Çünki, onun nə işinə, nə görkəminə yaraşır.

Əmirqulu rəhmətlik atasının vəfatından sonra bu ailənin ağası olub. Böyükdən-kiçiyə hamı onun qabağında müntəzir dayanıb. Sonra da boyaqçı artelində işləyəndə bir sözünü iki eləyən olmazdı.

– Yoldaş Əmirqulu!

– Əmir yoldaş!

– Əmir qağa!

Bu lap ürəyindən idi. Özü də kağıza qol çəkəndə adını bu cür yazırdı: Əmir.

Axırıncı hərfin quyruğunu bir az da uzadıb kəmər kimi hərləyirdi. Bu həm asan, həm də xoş idi. Bunu yazanda elə bilirdi vacib əmrlərə qol çəkir.

Adının ixtisarlı deyilməsini istəyirdi. Ancaq bu ixtisar başdan yox, ayaqdan olsa xoş idi.

Əmirqulu evdə zabitəli idi, həmişə sözünü yeridir, heç bir maneçilik görmürdü:

– A qız, dediyimi bişirmisən?

– Bəli, hazırdır.

– Məsmə, mən deyəni aldın?

– Bu saat, buyurun, baxın şkafın üstündədir!

– Tapşırdığım necə oldu?

– İki dəfə getmişəm, dərzi deyir sabah tezdən gətirəcəyəm.

– Dalınnan ol, sabah geyməliyəm!

Əmirqulu bu adətilə də idarəyə, boyaqçı artelinə gəlmişdi. Özü də rəis gəlmişdi. Çünki ayrı cür gəlməzdi. Ancaq rəis gələ bilərdi. Gəldi, özü də rəis kimi qarşılandı.

Otağın qapısında bu sözlər yazılmışdı: rəis. Dayanıb xeyli baxdı, katibəni yanma çağırdı:

– Qız, bizim idarə hər şeyə boyaq vurur, bəs niyə qapıdakı yazı belə sönükdür?

– Necə yəni, yoldaş rəis?

Əmirqulu keçib qapının qabağında durdu, əli ilə yazını göstərdi:

– Bu nə yazıdır, qız, karton nədir, bir tikə metalın üstündə niyə yazmırsınız. Kvadrat kəsilmiş, rəngli metala nə gəlib?

– Baş üstə, tapşırığınızı...

– Hələ baş üstə deməyin tezdir, dalısına qulaq as!

Katibə dayanıb müntəzir, qətiyyətlə rəisin üzünə baxdı. Əmirqulu sol əlinin barmaqlarını bir-bir bükə-bükə tapşırıqlarını saydı:

– Sahmanlı bir metal üstündə, özü də yaxşı rənglənsin. Sonra da ki rəis! Rəis burada çoxdur, neçə nəfərdir?

Qız gülümsəyib müsahibinin üzünə baxdı, kinayəsini anladı:

– Yoldaş Əmirqulu, bu nə sözdür, bizim bir ağamız var, o da sizsiniz.

– Yaxşı, mənim adım var, ya yox?

– Əlbəttə.

– Adımı yazdır, yaxşı xətt ilə yazdır. Yapışdır ora. Qoy gələnlər bilsinlər ki, kim ilə görüşür, kim ilə danışırlar.

– Baş üstə.

– Baş üstə olunca, qoy olsun əl üstə. Yübanmasın, yeri! Get işinin dalınca!

Əmirqulu gözləyirdi ki, bu gün olmasa da, sabah, uzağı o biri gün kabinetinin qabağından rəngli, yaraşıqlı lövhə asılacaq və yəqin ki, orada yalnız rəis sözü yox, rəis filankəs yazılacaq.

Amma, deyəsən, heç səs-səda yox idi. Nə gələn, nə gedən, nə lövhənin ölçüsünü götürən, nə eskizini gətirən var idi. Zəngi basıb katibəni çağırdı, gələn olmadı. Rəis dəhlizə çıxıb, sanki havaya sual verirdi:

– Yoldaş Əmirqulu, qız rəssam dalınca gedib, sizin qapının lövhəsini düzəldir, deyəsən rəng seçir, məsləhətləşirlər.

Rəis dinm əz-söyləm əz geri qayıdıb yerində oturdu, dəstəyi götürüb telefon eləmək istəyirdi ki, katibə gəldi. Rəisin onu soruşduğunu eşidib tövşümüş özünü kabinetə saldı:

– Bunlarla iş görmək çətindir. Yoldaş rəis, deyən gündən məşğulam, bir səhər gedirəm, bir axşam!

– Hələ hazır deyil?

– Məşğulam.

– Necə məşğul, yəni hazır deyil?

– Mane olurlar.

Rəis ayağa durdu, gözləri balacalanmış halda təəccüblə yücudunu qabağa əyib hirslə soruşdu:

– Kim? Kim mane olur, qız?

– Hesabdar.

– Necə? Hesabdarlıq nə iş var burada, canım?

– Hesabdar deyir, ad yazmaq olmaz.

– Mənim adımı yazmaq olmaz?

– Elə çıxır!

– Niyə yazmaq olmaz?

Əmirqulu hirslə qapını açdı, xidmətçi qadını səslədi:

– Xala, hesabdarı bura çağır, Qənbəri.

İki dəqiqə keçməmiş Qənbər gəldi, katibəni rəisin qabağında görüb anladı ki, bu nə məsələdir.

– Ə, Qənbər, sən bu işlərə niyə mane olursan, hesabdarsan get çötkə vur, nə işin var bu rəssam işində?

Qənbər rəisini hirsli görüb söhbəti mülayim yola salmaq istədi:

– Yoldaş Əmirqulu, mən heç rəssamı görməmişəm.

Rəis üzünü katibəyə tutdu. Katibə Qənbərə sarı döndü:

– Lövhəyə pul buraxmırsan ey, onu deyir!

– Niyə buraxmıram. Beş manatlıq lövhəni əlli manata deyəndə, əlbəttə ki, buraxmazlar.

– Rəssam böyük lövhə yazır axı, ad-familiyalı filan.

Qənbər rəisin üzünə baxdı:

– Yoldaş Əmirqulu, mən demişəm elə lövhə yazın səliqəli olsun, ayda-ildə bir dəyişməsin. Ad-famil nəyə lazımdır?

Əmirqulunu od götürdü. Gövdəsini düzəldib gözlərini hesabdarın üzünə zillədi:

– Sən mənim adıma qulp qoyursan, Qənbər?

– Xeyr, sənin adma da, familinə də hörmətim var. Dediyim odur ki, qapı lövhəsində ad olmaz.

– Niyə olmaz?

– Çünki, sabah rəis bəlkə ayrısı oldu, onda gərək bu lövhəni ataq.

– Atanda nə olar?

– Bizi dövlət pulunu göyə sovuran adlandırarlar.

– Əşi nağıl danışma, get çekə qol çək, iş gör. Dövlət pulunun dərdini mən çəkirəm, iyirmi ilin partiyaçısı! Biz olan yerdə Qənbəri dindirən olmaz. Yeri işinə!

– Yoldaş rəis, əsl vacib lövhəni unutmuşuq. İdarənin qapısında artelin adı gərək əməlli-başlı yazıla, buna nə deyirsən?

– Yazılsın da!

– Bir aləm pul istəyirlər, haradan verək. Bu kvartal idarə xərcinə cəmi əlli iki manatımız qalıb.

Əmirqulu sağ əli ilə rədd işarəsini verdi:

– Əşi, Qənbər, get mən deyən lövhəni düzəlt, sonra o birisinin dərdini çək! Ölünü bir-bir yuyarlar, canım! Yeri, yeri!

Qənbər tərpənmədi. Dayandığı yerdə elə durmuşdu, deyərsən kişini mıxlayıblar.

Rəis təəccüb elədi:

– Kişi, niyə durmursan, eşitmirsən?

– Eşidirəm, qulaqlarım, şükür ki, kar deyil! Ay yoldaş Əmirqulu, axı sən eşitməli söz demirsən. İdarə qapısında lövhə olmuya-olmuya, gəlib-gedən ünvanı axtara-axtara, mən sənin kabinetinə necə lövhə yazdırım, a başına dönüm, bunu mən hara yazım?

– Heç yerə yazma! Pulunu ver, al!

– Onu mən eləyə bilmərəm!

– Necə bilməzsən, ə, rəis əmr eləyir!

– Çox da ki, əmr eləyir!

– Əmri yerinə yetirmirsən?

– Belə əmri yox!

– Necə yox, bu saat sənin mitilini bayıra qoyaram!

– Yoldaş Əmirqulu!..

Qənbər dalısını demək istəmədi. Əmirqulu hesabdarın kəkələdiyini görüb qeyrətə gəldi:

– Adə, qulaq asmayam bir saat mən arteldə qoymaram!

Qənbər rəisinə dik-dik baxdı, cavabını verdi:

– Nə başarırsan elə!

– Deməli, qulaq asmayacaqsan?

– Qanunsuz işə yox!

– Rəisin sözü sənə qanun deyil?

– Yox!

– Deməli, mən burada ixtiyar sahibi deyiləm?

– Sən də mənim kimi bir işçisən.

– Mən rəisəm!

– Doğrudan, rəis vəzifəsindəsən?

– Özüm necə?

– Onu danışarıq!

Rəis özündən çıxdı, katibəni çağırıb əmr kitabçasını istədi:

– Bu saat əmr yaz, hesabdar Qənbər Şərif oğlunu işdən xaric edirəm. Mənə belə hesabdar lazım deyil!

Katibə dinmədi, gah rəisə, gah hesabdara baxa-baxa durdu. Rəisin hirsi soyumadı, kitabçanı alıb son vərəqində bir cümlə yazdı və altından qol çəkdi:

– Bu gündən xaric olunsun!

Üzünü Qənbərə tutdu:

– Sabah gəlib haqq-hesabım alarsan. Açar-maçarı ver katibəyə, xoş gəldin!

Sabah rəisi Həmkarlar Komitəsinə çağırdılar.

– Y o ld aş Əmirqulu, siz deyəsən, çox əsəbi adamsınız.

– Məni əsəbiləşdirirlər, yoldaş həmkarlar komitəsi!

– Yox, əsəbiləşmək lazım deyil! Qənbərlə işiniz olmasın, qoy işləsin, çoxdanın təcrübəli hesabdarıdır.

– Mən onu xaric eləmişəm!

– O işləməlidir.

– Onda mən?

– Sən də işləyə bilərsən.

– Yox, mənimki Qənbərlə tutmaz!

– Onda sənə başqa yerdə iş taparıq.

– A kişi, bəs başqa yerdə Qənbərə niyə tapmırsınız?

– Qənbər buranın köhnə işçisidir, qanun-qaydanı da yaxşı bilir.

– Elə çıxır ki, mən qanun-qaydanı pozuram?

– Səni başqa yerə keçirərik. Təcrübən-zadın artsın. Sonra baxarıq!

– Deməli, mən Əmirqulunu Qənbərin ayağına verirsiniz?

– Burada ayaq, baş məsələsi yoxdur. Qanun var, siz qanunsuz iş görmüsünüz, Qənbər də mane olub. Onun bir təqsiri yoxdur! İşdən niyə çıxsın?

– Deməli, təqsirlər hamısı məndədir?

– Elə çıxır.

– Bəs belə?!

Əmirqulunu arteldə kiçik işə, sexə keçirdilər. Adı da, mən deyən, qaldı!

– Kim idi gələn?

– Mən deyən!

– Danışan kim idi?

– Mən deyən!

Bu sözü Əmirqulu nə vaxt, harada eşitsə acığı tuturdu, amma ixtiyarsız, hamıdan tez dönüb baxırdı.

– Ay mən deyən!

– Bəli, nə buyurursunuz?

– Görmürsən gələn var, qapı ağzında nə yastılanıb qalmısan, ay mən deyən, çəkilib getsənə!

Əmirqulu heç vaxt güman etməzdi ki, işlər belə dəyişəcək, onun sözünü saya salan olmayacaq:

– Ay səni mən deyən olasan, fələk! Mənim kimi mən deyən olasan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Letun

Kupemizdə qısaboy, qarasaqqal, hörmətcil bir kişi vardı. O, Qubadan Moskvaya göndərilən alma vaqonlarının üstündə qaraul gedibmiş. Qayıdan baş üçün özünə meyvə saxlamışdı. Bizə təklif etdi:– Buyurun, qardaşoğlu, alma yeyin!

19346 dəq
Göz

1– Yəhya Kamal! Böyük məscidə yolunuz düşsə, ayələrdən çox, bu adı oxuyarsınız. Qoca çinar ağacları gövdəsində, yağ tutmuş, kirli, naxışlı qapılarda, kəci qopan divarlarda iti xətlə, səliqəsiz yazılmışdır:

193420 dəq
“Matışqə”

Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.

19344 dəq
Kartoşka məsələsi

1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.

193413 dəq

Başqa şairlərin şeirləri