Səhifə 2 / 2 · 50%

Möhlətov bir sutkalıq yolda bu xəyalatı o qədər çək-çövür elədi, o qədər təkrarladı ki, bunlar ona həqiqət kimi görünürdü. Səmayəni, səkkiz ildən bəri üzünü görmədiyi "sevimli qızı" qucağında gördü...

Möhlətov rayona çatan kimi, Allahsızlar İttifaqı rayon şöbəsinin katibini axtardı. Özünü nabələdliyə, tanımazlığa qoyub hər yetəndən soruşurdu: "Sizin şöbədə katib kimdir?" Heydərovun adını eşidəndə çiyinlərini çəkirdi:

– Tanımıram, - deyirdi. Sonra tez əlavə edirdi:

– Heydərov kimdir, nəçidir, bilmirəm. Amma Allahsızlar ittifaqının işi burada çox zəifdir. Bu barədə mənə bərk tapşırıq var. Belə zəif çalışmağa, daha doğrusu, tənbəllik etməyə bilmirəm nə ad verək...

Allahsızlar İttifaqı üzvlərindən biri Möhlətovun sözünə güldü:

– A yoldaş təhkimçi, siz lap baltanı dibindən vurursunuz. Hələ işlarlə tanış olmamış, Heydərovun məruzəsini eşitməmiş qiymət verirsiniz... Qəribə işdir...

Möhlətov istədi, bu güləşqabaq oğlanın sözünə soyuqqanlılıqla yanaşsın, məna verməsin, bunu edə bilmədi. Çünki o indidən öz "ağzının kəsərini göstərməli idi." Başqa üzvlər də məsələyə belə yanaşsalar, onun bütün planları pozulacaqdı. O, güləşqabaq oğlana tünd baxdı və dedi:

– Bura bax, yoldaş! Xahiş olunur bizi öyrətməyəsiniz. Hər halda, məni buraya təhkimçi göndərən məsul idarələr və məsul işçilər vardır.

Möhlətovun bu tünd baxışından və danışığından güləşqabaq oğlan pozulan kimi oldu:

– Acığınız niyə tutur, təhkimçi olanda, nə olar? Təhkimçini tənqid etmək olmaz?

Möhlətov onun sözünü kəsdi:

– Tənqid edən qoçaq oğlan idin, öz qulağının dibində olan nöqsanları tənqid edə idin. Rayonda ittifaqın işlərini bərbad edənləri tənqid edə idin. Biz də eşidib afərin deyərdik. İşlər də ki irəli düşərdi... yoxsa... - Möhlətov sözünü dəyişdi:

– Yoldaş, sənin familin nədir?

Güləşqabaq oğlan "Rəhimov" deyib, əlini tovladı və getdi.

Heydərov nə iş üçünsə kəndə getmişdi. Qayıdanda təhkimçi gəldiyini dedilər.

Sabahısı gün Möhlətov Allahsızlar İttifaqı aktiv üzvlərinin iclasını çağırdı. Heydərovun ümumi iclasda edəcəyi məruzəsinin planından, geniş özünütənqiddən və yeni heyət seçkisindən danışdı. Üzvləri danışmağa, nöqsanları göstərməyə çağırdı.

Üzvlər söz alıb danışdıqca, Möhlətov onların familiyasını və danışıqlarının lazımi yerlərini dəftərinə yazırdı. Arabir danışanlara sual da verirdi.

Qurban öz çıxışında göstərdi ki, bizdə Allahsızlar İttifaqına yeni üzvlər cəlb etmək işi zəifdir. Rayonda bir sıra aktiv çalışqan yoldaşlar vardır ki, hələ də ittifaqın üzvü deyil.

Möhlətov başını yazıdan qaldırıb soruşdu:

– Yoldaş Qurban, sənin deməyindən elə çıxır ki, rayonda hələ də Allahsızlar İttifaqına yazılmayanlar var, eləmi?

Qurban təsdiq etdi:

– Bəli, var, çoxdur!

– Çoxdur?

– Bəli, çoxdur!

Möhlətov başını buladı:

– Biabırçılıqdır, biabırçılıq!

Mərdan çıxışında dedi:

– Bizim işlərimizdəki nöqsanlardan biri də dinə qarşı mübarizə işinə qadın və qızlardan lazımi qədər cəlb etməməyimizdir!

Möhlətov müdhiş bir xəbər eşitmiş kimi, ayağa durdu.

– Qadınlar cəlb olunmayıb?

Mərdan sözünü təkrar etməyə məcbur oldu:

– Cəlb olunub, yoldaş Möhlətov, ancaq lazımi qədər yox!

Möhlətov dedi:

– Belə çıxır ki, lazımsız qədər qadın cəlb olunub?

Onun sözünə gülüşənlər oldu. O hirsləndi:

– Mən bilmirəm bu "lazımsız qədər" kimə lazımdır! Buna nə ad qoymaq olar?..

Danışıqların axırında Möhlətov üzünü Heydərova tutub soruşdu:

– Yoldaş rayon şöbəsinin katibi, de görək bu deyilən mühüm nöqsanlar və biabırçılıqlar ki eşitdik, bunları yüz prosent boynunuza alırsınız, ya necə?..

Heydərov qızarmış və hirslənmişdi:

– Məhkəmə qarşısında deyiləm, - dedi, - yoxsa cavab verərdim. Ümumi iclasda məruzəmi edərəm, boynuma alıb-almadığımı görərsiniz.

Möhlətov təslim olmaq istəmədi:

– Sən, - dedi, - yəqin bil: boynuna alsan da, almasan da ifşa oluna caqsan. Kütlənin qabağında sənin bütün biabırçılıqların açılır və açılacaqdır. Sonrasını özün bilərsən.

Üzvlər Möhlətovun sözünə və hərəkətinə təəccüb etdilər. Səs-səsə verib soruşdular:

– Yoldaş Möhlətov, hansı biabırçılıqdan danışırsınız? Biz bilmək istəyirik.

Möhlətov ayağa qalxdı, portfelini götürüb dedi:

– O biabırçılıqlardan, hansını ki, buradakı bəzi müzür ünsürlər örtbasdır etmək istəyirlər. O biabırçılıqları deyirəm, hansı ki, materialı çoxdan gəlib bizə, Bakıya çıxıb. Danmaq istəyənlər görərlər!

O, birdən bərk qışqırdı:

– Yoldaşlar, onu da bilin ki, Heydərov artıq sizin şöbədə katib qala bilməyəcək, Heydərovdan qorxmaq lazım deyil. Düzünü demək, onu ifşa etmək lazımdır.

Sədr qışqırdı:

– Yoldaş Möhlətov, sənə söz verməmişəm, yerindən danışırsan. Heydərov nə isə demək istəyirdi. Sədr mane oldu.

Ümumi iclasda sədr haqq-hesab məruzəsi üçün Heydərova söz verəndə Möhlətov qalxıb dedi:

– Vaxt təyin eləmək lazımdır. Məncə, on beş dəqiqə bəsdir.

Sədr məruzəçidən soruşdu.

Heydərov dedi:

– Bir saat danışacağam.

Möhlətov tələsirdi. Heydərovun "xoruzunu qoltuğuna verməyə" və "Səmayəni ələ gətirməyə" tələsirdi. Ona görə də qalxıb öz təklifinin səsə qoyulmasını təkid elədi. Sədr səsə qoydu. İclas məruzəçiyə bir saat vaxt verdi.

Möhlətov öz təklifinin keçmədiyini görüb hirsləndi. Xəyalında özünün bu məğlubiyyətinin hayıfıru iclasdan almağı qət etdi:

"Yoxsa Heydərov haqqında qərar çıxarılanda da barmaq qaldırmazlar. İndidən bir qara-qorxu gəlmək lazımdır."

Möhlətov söz almamış ayağa qalxdı, üzünü sədrə tutub dedi:

– Görünür ki, burada oturanların, adını Allahsızlar İttifaqının üzvü qoyanların çoxu öz vəzifələrini yaxşı başa düşmürlər. Görünür ki, o yoldaşlar bugünkü iclasın, içimizdəki dönüşün əhəmiyyətini anlamırlar! Belə məlum olur ki, onlar yenə Heydərov kimi adamın işləməkdə davam etməsini istəyirlər. Onlar heydərovçuluqdan əl çəkmək istəmirlər... Ona görə...

Sədr dedi:

– A yoldaş Möhlətov, siz lap məni şübhəyə salimsiniz: əvvəla söz almamış danışırsınız, "Başa düşmürlər, anlamırlar, qanmırlar..." Deməli, kim siz deyənə barmaq qaldırmadı, onu qanmaz hesab edirsiniz. Halbuki, əksinə, bu sözlər bunları danışanın qanacağından bir-iki kilometr uzaqda dayandığını göstərir... Bu...

Möhlətov qızdı:

– Təklif edirəm ki, mənim etirazım pratokola yazılsın.

Sədr cavab verdi:

– Yazılsın, yaxşı.

Möhlətov kirimədi:

– İşin gələcək məsuliyyəti...

Sədr dilləndi:

– Məsuliyyəti siz bildiyiniz qədər biz də bilirik. Qoy məruzəçi danışsın, vaxt keçir.

İclasda oturanların çoxu həyəcan içində idi. Möhlətovun necə adam olduğunu heç kəs təyin edə bilmirdi. Onun Heydərova qarşı belə bir cəbhə tutmağının səbəbi hamını maraqlandırırdı.

Məruzədən sonra söz alıb danışanlar rayon şöbəsinin xırda nöqsanları ilə yanaşı müvəffəqiyyətlərini də deyirdilər. Heydərovun ittifaq işlərinə can yandırmasını, antidin agitasiyanı yaxşı aparmasını, ədəbiyyat yaymasını göstərirdilər.

Möhlətov söz aldı. Hamı onu diqqətlə dinləyirdi. Sədr də, Heydərov da əllərində qələm Möhlətovun çıxışından bəzi qeydlər götürürdülər.

Möhlətov illərdən bəri Heydərova bəslədiyi nifrəti, Səmayəyə bəslədiyi məhəbbəti ifadə edən və ürəyini dəlməkdə olan intiqam hirsini soyudan bir nitq söyləmək istəyirdi. İclasın əvvəlindəki deyişmələrdən hirsləndiyinə baxmayaraq, öz vəzifəsindən, nümayəndəlik adının nüfuzundan istifadə edərək, Heydərovun rayondakı nüfuzunu bir quru qamış kimi qırmaq istəyirdi, özü dediyi kimi, "rayon şöbəsində bir dönüş" yaratmaq istəyirdi. Ona elə gəlirdi ki, Səmayə, öz ərinin "sarsılmaqda olan taleyinə" soyuqqanlılıqla baxacaq. Möhlətovun bir işarəsi ilə ərindən boşanacaq, ondan daha böyük vəzifədə olan Möhlətovun qucağına atılacaqdır.

Bütün bunları nəzərə aldığı üçün ətraflı və "təsirli" bir nitq demək istəyirdi.

Əvvəlcə ümumi işlərdən, şöbənin vəzifələrindən danışdı. Sonra özünə olan möhkəm tapşırıqlardan və şöbədəki köhnə rəhbərliyin (burada Heydərovu nəzərdə tuturdu) sürünməsindən dedi. Onu da göstərdi ki:

– Köhnə rəhbərliyi, Heydərov kimilərini hələ də müdafiə edən üzvləri tapıb aşkara çıxarmaq...

İclasda oturanların bir neçəsi dilləndi:

– Aşkardır. Heydərovun yaxşı işçi olduğunu göstərənlər aşkardadır. Mən onu tərifləmişəm, yenə onun yaxşı işçi olduğunu deyirəm. Bunun nəyi günahdır, buyur başa sal.

Sədr karandaşı stola vurdu. Möhlətov danışan oğlana baxdı, üzünü katibə çevirdi:

– Bunu yadında saxla! Materiallarını mənə verərsən! Görək bu hansı düşmənin havasını çalır! Artıq belə-belə ziyançılarla hesablaşmağın vaxtı...

Danışan oğlan yerindən qışqırdı:

– Ziyançı da özünsən, düşmən də. Danışığını bil, səni məhkəməyə çəkərəm!

Sədr yenə birtəhər sakitlik düzəltdi. Möhlətov qızardısa da dinmədi, çünki o ürəyinin əsl mətləbini "sözünün canım" hələ deməmişdi. Birtəhər özünü sakit elədi, çıxışının mabədinə keçdi.

– ...Həlbət ki, yoldaşlar, biz, ittifaqın aktiv üzvləri, Heydərovu işdən qovmaqla kifayətlənməyəcəyik. Bu barədə bizə xüsusi tapşırıq da vardır. İllər uzunu rayon şöbəsinin başında oturub bildiyini eləyən adamların yaxasından əl çəkməyəcəyik. Biz çox yaxşı bilirik ki, Heydərov kimilər öz əxlaqsız hərəkətləri ilə bəzi yoldaşları da korlamış, pozmuşlar. Mən Heydərovun arvadı olmağa məcbur olan Səmayəni deyirəm O, özü bir yaxşı ictimaiyyətçi qızdı, Heydərov onu al dillə aldadıb yoldan çıxartmışdır. Qız özü peşman olmuşdur. (Bu barədə bizdə məlumat vardır.) Bununla onu demək istəyirəm ki, yoldaşlar, biz hamıya bir ölçü ilə yanaşmamalıyıq. Sabah biz Səmayəni də günahkar edə bilmərik ki, Heydərov ilə əlaqən var... Bir işdir olub. İndi bizim vəzifəmiz onu başa salmaq, o cavan qızı tərbiyə eləməkdir. Mən şəxsən özüm Səmayənin yenidən tərbiyələnməsini boynuma alıram. Mən onunla özüm məşğul olacağam. Qaldı, yoldaşlar, yeni heyət məsələsi. Doğrudur, mənim özümü yeni heyətə keçirirsiniz, ancaq mən Bakıda olacağam. Yoldaşların bəzisi mənim sədr keçməyimi təklif edirlər. Bu təklifi əslən Bakıda mənə dedilər. Qərəz ki, gərək bundan sonra sizinlə birlikdə...

Möhlətovdan sonra üzvlər bir-bir danışdı.

Möhlətov gözləmədiyi sözlər eşidirdi.

Qəribova adlı bir qız deyirdi:

– Möhlətovun burada qurmaq istədiyi fırıldaqları teleqramma ilə mərkəzi idarəyə bildirməliyik.

Başqa bir komsomolçu deyirdi:

– Qəzetdə yazmaq lazımdır: Möhlətov burada sovet demokratiyasını pozmaq, özünün murdar karyerasını yeritmək, yaxşı işçiləri ləkələyib şəxsi intiqam almaq istəyir. Möhlətov kimi bambılılara bildirmək, hiss etdirmək lazımdır ki, rayon onun təsəvvür etdiyi rayon deyildir. Rayon indi gözüaçıq, kulturalı, təcrübəli əməkçilər vətənidir. Rayon işçiləri çox Möhlətov kimi avantüristlərin maskasını yırtmışdır... Mən təklif edirəm: onun vəsiqəsi alınsın, özü haqda da işlədiyi yerə təcili məlumat verilsin.

Səmayə çoxdan söz istəyirdi, sədr vermirdi. Qalxıb irəliyə, sədrin stolunun yanına gəldi.

Sədr ona söz verdi:

– Yoldaşlar, - dedi, - bu Möhlətov on beş ildir bizdən intiqam almaq istəyir. Bu mənim dalımca düşmüşdü. Əl çəkmirdi, mənim də bundan, doğrusu, zəhləm gedirdi. Bu istəyirdi, qoçuluqla, qara-qorxu ilə məni razı salsın. Biz Heydərovla evlənəndən bunun başına daş düşüb...

Möhlətov papiros çəkmək bahanasma iclasdan çıxdı, düz vağzala, dəmiryola qaçdı. Birtəhər bilet alıb Bakıya gəldi. İdarə müdiri ilə əl verib görüşəndə gülə-gülə dedi:

– Haqq-hesab kampaniyası mənim rəhbərliyim altında qiyamət keçdi. Məni heyətə seçirdilər, güc ilə yaxamı qurtarmışam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Naxış

Yəqin ki, siz də ikimərtəbəli daş binanın dəhlizindən ötür, izdihamlı hərəkəti görür, uca səqfin hər tərəfindən uğuldayan sərin küləyin yeknəsəq səsini eşidirsiniz.Kənarda asqıların qabağında bir əlini qartal caynağı kimi məhəccərə söykəmiş, bir əli göy xalatımn cibində hazır dayanıb adamları qarşılayan, yola salan, paltarları, papaqları ehmalca "yallah" deyib təqdim edən arıq, ortaboylu, qarayamz, nimdaş libaslı qadını tanıyırsınız.

9 dəq
Ürəkdə yazı

Bizim analar qızlarına ad verəndə gülləri, çiçəkləri unutmurlar: bənövşə, qərənfil, yasəmən, lalə, nərgiz, sünbül, süsən və habelə.Bu adları eşidəndə sevinirsən. Sahibini görməsən, tanımasan da sevinirsən, bağ-bağata, gülzara, laləzara düşmüş kimi, bahar havası duyursan.

9 dəq
Xəcalət

Ala-bəzək geyimli cavan bir oğlan əlində kağız bükümü, gilas yeyə-yeyə, ətrafına baxa-baxa şəhər bağından ötürdü. Axşamdan xeyli keçmişdi, xiyaban o qədər sakitlik idi ki, ağır, ahəngdar addımlardan, döşəməyə düşən tumların səsindən başqa heç nə eşidilmirdi, cavan oğlan hər gün buralardan keçsə də, nadir hallarda belə sükut görərdi.Səhər buradan işə gedəndə xiyabanı şüşə kimi tərtəmiz gördü. Sanki kimsə hamıdan tez durub xiyabanları silib-süpürmüşdü ki, adamlara xoş olsun.

1 dəq
Sancaq fabrikində

Direktor:– Xoş gəlmisiniz! Kitab xadimləri nə əcəb bizi yada salıblar!

1 dəq

Başqa şairlərin şeirləri